525.Az

Bakıda beynəlxalq konfrans keçirilir


 

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

525.az saytının məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb: “28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir. Artıq Azərbaycanın Ümumdünya Turizm Təşkilatında öz yeri və nüfuzu var. Ölkəmizdə çoxsaylı beynəlxalq festivalların və tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir. Bu konfransda Azərbaycan və ona qonşu olan ölkələrin mətbəxi, turizmi və digər ənənələri nümayiş etdirilir, ölkələr arasında əməkdaşlıqlar qurulur”. Ə.Qarayev qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycanda xüsusiləşdirilmiş turizm konfransı keçiriləcək ki, bu da dünya turizminə öz töhfəsini verəcək. Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfransın əhəmiyyətindən danışaraq, bu tədbiri ölkələrin tanıdılması baxımdan önəmli sayıb.

İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının sədri Seyid Həsən Musəvi tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: “İran hər zaman turizmə xüsusi diqqət ayırıb və bizim ölkədə bu proses kifayət qədər güclü gedir. Ötən il ərzində ölkəmizə 3 milyon turist gəlibsə, bu say 2012-ci ilin sonuna qədər 7 milyon təşkil edəcək. Bu da kifayət qədər artım deməkdir və bizi sevindirir. İranda əsasən halal nemətlər satılır ki, bu da qeyd olunası bir faktdır”. Konfransda Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi, Ümumdünya Ticarət Təşkilatının məruzəçiləri, ekspertləri, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Litva və Pakistandan nazir və nazir müavinləri səviyyəsində qonaqlar, İspaniya, Koreya, Rusiya, Bolqarıstan, İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Tailand, Fransa, Almaniya və Çinin turizm təşkilatlarının nümayəndələri iştirak edir.

BƏXTİYAR

 





06.09.2012    çap et  çap et