525.Az

İl ərzində 80 tona yaxın yararsız ərzaq malları satışdan çıxarılb


 

İl ərzində 80 tona yaxın yararsız ərzaq malları satışdan çıxarılb<b style="color:red"></b> İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti maarifləndirmə tədbiri - "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans Siyəzən rayonunda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-ə yaxın istehlakçı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda, istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Araz Əliyev 2012-ci ilin yanvar-oktyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 77,9 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu il istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 150 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Hazırda da KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır. Bütün bunların nəticəsidir ki, istehlakçı hüquqlarının pozulması, ticarət və xidmət obyektlərində qanun pozuntusu hallarının sayı ildən-ilə azalır.

Tədbirdə, həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
 





08.11.2012    çap et  çap et