525.Az
Kamal Abdullanın "525"ə təbriki
“525-ci qəzet”in redaksiyasına
Hörmətli Rəşad müəllim!
Sizi və bütün həmkarlarınızı “525-ci qəzet”in 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çətin dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzet” şərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.
Yüksək peşəkarların çalışdığı qəzetinizin əsas xüsusiyyətləri, fikrimcə, obyektivlik, millilik və müasirlikdir. Məhz bu keyfiyyətlər bütün bu illər ərzində “525-ci qəzet”ə oxucularının dərin inamını yaratmışdır – əqidəsindən, ictimai mövqeyindən asılı olmayaraq oxucular qəzetinizə etimad və ciddiyyətlə yanaşır. Səhifələrində həyatımızın çox müxtəlif sahələri – ictimai, siyasi, iqtisadi, mədəni məsələləri eyni peşəkarlıqla şərh edən “525-ci qəzet” müxtəlif ixtisas sahibləri, yaşlı, orta və gənc nəsil tərəfindən eyni maraqla oxunur.
Qəzetinizin mədəniyyət və ədəbiyyat səhifələrini xüsusi qeyd etmək istərdim. “525-ci qəzet” müasir ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif cərəyanlarını, fərqli yazarların və sənət adamlarının yaradıcılığını dolğun əks etdirir. İnamla deyə bilərəm ki, “525-ci qəzet” ədəbi materiallarının dəyərinə, əhatəsinə və aktuallığına görə də respublikamızın mətbu orqanları sırasında öncüllərdən biridir. Bir filoloq və yazar kimi, ədəbiyyat və mədəniyyətimizə göstərdikləri diqqətə görə “525-ci qəzet”in əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim.
Əziz “525”! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram.
Hörmətlə,
Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,
Humanitar və ictimai elmlər bölməsinin akademik katibi v.i.e.,
prof. Kamal Abdulla
16.11.2012 çap et