525.Az
Elmira Süleymanova "525"i təbrik etdi
“525-ci qəzet”in baş redaktoru, cənab Rəşad Məcidə
Hörmətli Rəşad müəllim!
Bu gün yaranmasının və ilk sayının çapdan çıxmasının 20 illik yubileyini bayram etdiyimiz “525-ci qəzet”i araya-ərsəyə gətirən sizlərin fərəh və qürur hissiniz tamamilə təbiidir.
Müasir milli mətbuatımızın öncüllərindən sayılan, müstəqilliyimizin müjdəçisi olan “525-ci qəzet”in yubileyi münasibətilə sevincinizə qoşulur, bu mətbu orqana bacarıqla, yüksək peşəkarlıqla rəhbərlik edən Sizi, qəzetin əməkdaşlarını və çoxsaylı oxucularını səmimi-qəlbdən təbrik edir, yeni uğurlar arzulayıram.
Qəzetiniz fəaliyyəti dövründə şərəfli bir yol keçmiş, xalqımızın yüksəlişinə və tərəqqisinə, Azərbaycan dövlətçiliyinə xidmət etmiş, istiqlaliyyətimizin tərənnümçüsünə çevrilmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynamışdır.
Əzəli yurd yerimiz Dağlıq Qarabağın işğalı nəticəsində yaranmış problemlər, doğma torpağında qaçqına və məcburi köçkünə çevrilən soydaşlarımızın ehtiyacları, onların kütləvi surətdə pozulmuş İnsan hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi həmişə qəzetinizin işıqlandırdığı mövzulardan olmuşdur.
“525-ci qəzet” öz amalına, əqidəsinə, “hamının qəzeti olmaq” missiyasına sadiq qalmış, dövlətçiliyimizin, xalqın mənafeyinin keşiyində durmuş, milli həmrəyliyə xidmət etmiş, mətbu sözün dəyərini uca tutmuşdur. Sizin formalaşdırdığınız yeni yaradıcı kollektiv maraqlı layihələr həyata keçirmiş, qəzetinizin hər sayında düşündürücü, həyati yazılarla oxucularının görüşünə gəlmişdir.
Milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən qəzetiniz ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülmüş işləri öz səhifələrində obyektiv işıqlandırır.
Sizi və qəzetin bütün kollektivini əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, səadət, böyük yaradıcılıq uğurları, kəsərli qələm arzulayıram.
Hörmətlə,
Elmira Süleymanova
19.11.2012 çap et