525.Az

Binalar özlərini enerji ilə təmin edəcək


 

Binalar özlərini enerji ilə təmin edəcək<b style="color:red"></b>

Azərbaycanda alternativ energetikanın inkişafı üzrə işlər çərçivəsində «1000 ev - 1000 elektrik stansiyası» layihəsinə başlanılıb.

 Bu barədə «APA-Economics»ə məlumat verən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov bildirib ki, layihə ayrı-ayrı binaların və komplekslərin enerjiyə olan tələbatının onların özündə quraşdırılmış alternativ enerji mənbələri vasitəsilə təmin olunması, artıq qalan enerjinin isə elektrik şəbəkəsinə satılmasını nəzərdə tutur.
 
Bu layihə təkcə fərdi evləri deyil, müəssisə, xəstəxana, məktəb və s. binaları da əhatə edir. Hər bir binada elektron stansiya qurulacaq və onların idarə olunması üçün yerlərdə şəbəkələr yaradılacaq: «Söhbət ondan gedir ki, hər hansı məktəbdə quraşdırılmış alternativ enerji stansiyası onun ehtiyaclarını ödəyəndən sonra artıq qalan enerji ümumi şəbəkəyə satılacaq. Məsələn, məktəbdə 50 kVt-lıq günəş enerjisi stansiyası qurulubsa və məktəb bunun 20-25 kVt/saatını istifadə edirsə, enerjinin qalan hissəsi itməməlidir, o ümumi şəbəkəyə buraxılmalıdır. Bu o deməkdir ki, məktəbin özü həm də elektrik stansiyasına çevrilir və öz enerjisini satır. Sonra isə bu binaların, müəssisələrin və evlərin özlərinin idarəçiliyi yaranmalıdır. Bu isə artıq yeni şəbəkə deməkdir».
 
«1000 ev - 1000 stansiya» layihəsinin reallaşdırılmasına Beyləqan, Biləsuvar, İmişli və Masallı rayonlarından başlanılıb. Bu rayonlarda tikilən 6 məktəb, 6 bağça və 2 idman kompleksinin enerjiyə olan tələbatı tamamilə alternativ mənbələr hesabına təmin olunacaq: «Bu tikililərin və Qobustanda tikilmiş öz elektron stansiyası olan 10 kottecin təcrübəsində biz statistikanı öyrənib, bu metodu dəqiqləşdirəcəyik. Sonradan bu təcrübə Azərbaycanın bütün məntəqələrində tətbiq ediləcək».
 
Gələn il isə bu layihənin əhatə dairəsi daha da genişləndiriləcək. Belə ki, Samux rayonu ərazisində tikilən iri aqroenergetika kompleksi, buradakı tikililərin və yaşayış binalarının enerjiyə tələbatı tamamilə alternativ enerji mənbələri hesabına təmin ediləcək: «Bu kompleksdə çalışan işçilərin mənzillə təmin olunması üçün kompleksin ərazisində 1000 yaşayış evi tikiləcək. Bundan başqa, kompleksdə tikilən bütün müəssisələr, heyvandarlıq, quşçuluq obyektləri və istixanaların hamısının elektrik stansiyası olacaq. Yəni, artıq 2013-2014-cü illərdə proqramın ilk mərhələsini, yəni «1000 ev - 1000 stansiya» proqramını başa çatdıracağıq».
 
Ümumilikdə, A.Bədəlovun sözlərinə görə, 2020-ci ilədək Azərbaycanda «100 min ev  -100 min elektrik stansiyası» layihəsi reallaşacaq. Yəni, 100 min bina alternativ enerji mənbələri hesabına özünü tamamilə enerji ilə təmin edəcək.

 





21.11.2012    çap et  çap et