525.Az

Böyük yolumuza atılan daşlar


 

AVROPA PARLAMENTİNİN QƏRƏZ QƏTNAMƏSİ

Böyük yolumuza atılan daşlar<b style="color:red"></b>

Azərbaycan dövlətinə, millətimizə, müstəqilliyimizə, istiqlalımıza qarşı daha bir məkrli addım atmağa cəhd göstərilib. Dünyada siyasi ağalıq iddiasında olan müəyyən güclərin diktəsi, təhriki, təhdidi və çox yerə girə bilən araqarışdırıcı barmaqlarının vasitəsilə Avropa Parlamentində 2015-ci il sentyabrın 10-da əvvəlindən sonunacan bizə qarşı kin, qəzəb, qərəz püskürən və siyasi ayağısürüşkənlik və ləçərliyin ən murdar örnəklərindən olan qətnamə ortaya çıxarılıb.

Terror yalnız sentyabrın 11-də qoşa göydələnlərə çırpılan təyyarələr və qanları su yerinə axıdan partlayışlar, növ-növ qətllər, sui-qəsdlərlə olmur.

Avropa Parlamentinin alnındakı çoxsaylı özünüifşa damğalarından biri kimi qalacaq bu qətnamə ölkəmizə, dövlətimizə, millətimizə qarşı açıq siyasi terror nümunəsidir və onillərcə terrorizmin dəhşətlərinə məruz qalmış Azərbaycan indi mütləq səsini qaldırmalıdır.

Elə bir hadisə baş verib ki, elə bir təxribat törədilib ki, bunun cavabını yalnız dövlət təmsilçiləri, siyasətçilər, elm adamları deyil, bütün xalq verməlidir. Çünki bizim hamımız üçün ali olan dəyər Azərbaycandır, uğrunda çox mübarizələr apardığımız, çox qurbanlar verdiyimiz dövlət müstəqilliyimizdir.

Avropa Parlamentinin bu qətnaməsi dövlətimizi sarsıtmaq, nüfuzdan salmaq, hər bir vətəndaşımıza canı tək əziz və gərəkli olan istiqlalımıza zərbə vurmaq, nəticə etibarilə bizi gözüqıpıq, yarım, yaxud tam asılı duruma gətirmək, yurdumuzu müstəmləkəvari, düyməsi qıraqdan basılan psevdosuveren  ölkəyə çevirmək məqsədi güdür.

Avropa Parlamenti riyakarlığın ifrat nümunəsini nümayiş etdirərək, adətən, bu qəbil sənədləri, sən demə, ölkəyə, xalqa olan ehtiramının, qayğısının, onu daha azad, firavan görmək niyyətinin ifadəsi kimi qələmə verir.

Həqiqətsə tam əksinədir!

Bu şərnamə-qətnamə Azərbaycan dövlətini və xalqını dünyada gözdən və nüfuzdan salmağa, inkişafdan, dünya birliyi ilə daha sıx təmaslardan saxlamağa, bizi təcrid vəziyyətinə salmağa, ölkədəki sabitliyi, yekdilliyi pozmağa köklənmiş, müstəqil dövlətin və millətin heysiyyətini tapdalayan təhqiramiz bir sənəddir. Ona görə də həmin qətnaməyə etirazını bütün xalq bildirməlidir.

Bu iftira, böhtan və yalan dolu şeytan səhifələrinə qarşı Azərbaycanın dörd bucağından, hər kənddən, qəsəbədən tutmuş paytaxtadək bütün insanlarımızın qəzəb səsi ucalmalıdır.

Sizin silahınız imzanızdır, dövlətimizi, Vətənimizi və bütövlükdə millətimizi müdafiəyə yönələn məktublarınız, müraciətlərinizdir.

Mən bütün xalqımızı çağırıram ki, Avropa Parlamentinə, həmin sənədə ya bilərəkdən, ya aldadılaraq səs vermiş bütün oralı deputatlara üz tutsun! Altında yüzlərlə, minlərlə imzalar olan məktublar göndərin, rədd edin, qəhr edin o qətnaməni!

Azərbaycana qarşı belə həyasız tərpənişlərə bu cür mütəşəkkil xalq cavabları gələcəkdə onların təkrarlanmasının qabağını kəsər, hələ zəhərli dişlərini qıcayaraq pusquda dayananların, sabah bizə qarşı törədilməsi ehtimal edilən, daha ağır fəsadlar doğura biləcək quduz həmlələrin qarşısını indidən alar.

Ən mühümü isə, guya Azərbaycan xalqının mənafeyi naminə, Azərbaycan xalqını xoşbəxt etmək məqsədilə, amma düşməncəsinə yazılmış, bu ölkəni və xalqı təhqir edən o qətnaməyə yüz minlərlə soydaşımızın kütləvi etirazı Qərbin ikiüzlülüyünü ifşa edər, iç üzünü açar. Bizi çökdürmək, fəlakətlərə düçar etmək, qazandıqlarımızdan və yüksəlişlərimizdən məhrum qoymaq ehtirası ilə alışan qüvvələrə də anladar ki, bu xalq sizin fərz etdiyiniz qədər də sadəlövh deyil, bu xalq öz istiqlalının, dövlət müstəqilliyinin keşiyindədir, sizlər belə üfunətli kağız parçaları ilə Azərbaycan dövlətini, Azərbaycan xalqını haqq yolundan döndərə bilməzsiniz, bu sarsılmaz birliyi laxlatmağa, ona çat salmağa nail olmaq xülyalarınız xəbis ürəklərinizdəcə boğulacaq!

Azərbaycana tolazlanan bu qəbil qara daşlar son ucda hər birimizin başına, hər birimizin taleyinə tuşlanıb. Azərbaycanımıza qarşı bu həqarət cavabsız qala bilməz. Çünki bu, milli qeyrət məsələsidir!

Əgər içərimizdən kimlərisə onlarla səs-səsə görsəniz, təəccüblənməyin. Demək, elə bunlar da onlardandır, onların qısqırtdıqları, onların buyuruq qullarıdır. O cür milli xainləri ikrahlarınızla baş-başa buraxın, onların cəzasını vaxt və həyat tədricən özü verəcək.

Böyük düşmənlər bir az uzaqdadır və heç də az deyil. Həm də düşmən təkcə erməni, onun lobbisi, erməninin arxasında duranlar deyil. Avropadan Amerikayadək çeşid-çeşid gözügötürməyənlərimiz, istəməyənlərimiz, bədxahlarımız var. Onlar - əsl düşmənlər olmasaydı, onların buralardakı sapı özümüzdən olan və əməlləri ilə, sözləri ilə ürəkbulandıran əlaltıları, yolunu azmış iradəsiz, satqın nökərləri də olmazdı.

Ona görə də Avropa Parlamentinin Azərbaycana qarşı natəmiz qətnaməsinə nifrətlərinizi ifadə edən məktubları yazmağa, imzaları toplamağa elə bugündən başlayın, əziz vətəndaşlarımız!

lll

Bilənlər bilir, bilməyənlər üçün bir qədər xırdalayaq mətləbi. Bu qətnamənin saxtakar mahiyyətini, yalan və böhtanlarını, qərəzkarlığını, hansı səbəbdən yaranıb, nə məqsədlər güddüyünü açıqlayaq.

Avropa Parlamentinin Azərbaycanla bağlı 2840 saylı "Qətnamə üçün təklif" adlı bu sənədinin qurumdakı 6 siyasi qrupun irəli sürdüyü layihələrin müştərək nəticəsi kimi ortaya çıxarıldığı bəyan edilir.

Hələ heç mətnə keçməmişdən qərəz və saxtakarlıq buradanca başlanır.

Avropa Parlamenti simasını bunca itirməsəydi, Azərbaycana növbəti çirkabı atmağa bunca hərisliklə girişərək qayda və qanunlara bu qədər saymazyana yanaşmasaydı, öz nizamnaməsinin təməl tələblərini unutmasaydı, layihəni əvvəlcə həmin 6 siyasi qrupda müzakirə etməliydi.

Yəni Avropa Parlamentinin Sosial-demokratlar, Avropa mühafizəkarlar və islahatçılar, Avropa liberal demokratlar alyansı, Avropa vahid solçular, Yaşıllar, Avropa azadlıq və birbaşa demokratiya qruplarının hər birində əvvəlcə həmin sənəd ətraflı müzakirə olunmalı, səsə qoyularaq qəbul edilməli, sonra isə Avropa Parlamentinin plenar iclasına çıxarılmalı idi.

Bu vacib şərtə əməl edilməyib, ciddi prosedur pozuntusu və saxtakarlığa yol verilib, faktiki olaraq təsdiqlənməmiş sənəd artıq partiya qruplarında, guya qəbul edilmiş qətnamə adı ilə parlamentin səsverməsinə çıxarılıb.

Nəyin bahasına olursa-olsun qətnaməni təsdiqlədib keçirmək məqsədi güdən Avropa Parlamentinin rəhbərliyi blef işlədib, kələkbazlıq yolu ilə bu oyunun bilavasitə iştirakçısı olmayan xeyli deputatı da çaşdırıb.

İş ondadır ki, iri beynəlxalq təşkilatlarda belə qayda var ki, bu qəbil sənədlər öncə maddə-maddə, sonra isə bütöv halda, adətən, komitə və partiya qruplarında müzakirə edilir, səsverməyə çıxarılır.

Artıq ümumi iclasda yenə həmin maddələr və sənəd bütövlükdə müzakirə edilərkən mübahisəli məqamlarla əlaqədar komitədə, ya partiya qrupunda rəsmən hansı mövqeyin ifadə edildiyi soruşulur. Elan ediləndə ki, komitənin, ya partiya qrupunun rəyi müsbət, yaxud mənfidir, bu, ümumi səsverməyə mütləq təsir edir. Yazılmamış bir qaydaya və ənənəyə görə, adətən, heç ilkin müzakirələrdə iştirak etməmiş, məsələnin mahiyyətini çox da dərindən bilməyən deputatlar da komitə, ya partiya qrupunun elan olunan rəyinə uyğun səs verirlər.

Komitə, ya qrup mənfi deyibsə, mənfi, müsbət deyibsə, müsbət.

Təbii ki, Azərbaycana qarşı bu siyasi şounu səhnələşdirən ssenari müəllifləri, rejissorlar, okeanın o tayından uçub gələn tapşırığın canfəşan icraçıları böyük beynəlxalq təşkilatların iş üsuluna xas olan belə xüsusiyyətdən xəbərdar idilər. Ona görə də qətnaməni artıq siyasi qruplarda qəbul edilmiş bir sənəd kimi plenar iclasa çıxarmaqla deputatları həm aldatmış, həm də onlara psixoloji təsir göstərmiş olublar: yəni bu sənəd artıq siyasi qruplarda diqqətlə baxılaraq qəbul edilib, siz, sadəcə, onu təsdiqləyirsiniz.

Və plenar iclasda bunca həssas məsələnin müzakirəsi nə qədər çəksə yaxşıdır?

20 dəqiqə!

20 dəqiqəyə bu qətnaməni başdan-axıradək heç əməlli-başlı oxuyub qurtarmaq olmaz!

Həmin 20 dəqiqədə isə danışmaq fürsəti kimlərə verilib? Təbii ki, irəlicədən qurulmuş ssenari üzrə o adamlara ki, Azərbaycan əleyhinə birmənalı olaraq qərəzli mövqeyə malikdirlər və bunu da əvvəllər dəfələrlə həqiqətləri baş-ayaq çevirən, göz görə-görə ağa qara söyləyən sırtıq çıxışları ilə isbata yetiriblər. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş, erməni mənşəli italyan deputat Laura Acea kimilərin bir-birini əvəz edən və 20 dəqiqəni antiazərbaycan irini ilə dolduran çıxışlarına, hər halda, biganə qalmayan, susmamış vicdanlarının hökmü və sönməmiş ədalət hisslərinin tələbiylə cavab verənlər də tapılıb.

Baxıblar ki, belə replikalar başqalarında da tərəddüd oyada bilər, ona görə də tələm-tələsik qətnaməni səsə qoyub təsdiqləyiblər.

Əgər yenə güman eləyirsinizsə ki, ikinci növ, əskik sayaraq yuxarıdan aşağı baxdıqları ölkələri səsvermədə, seçkidə, səsləri saymada ittiham etməyə alışmış Avropa pəzəvəngləri özləri belə əməllərdən uzaqdırlar, möhkəm yanılırsınız. Lap küpünə girirlər!

Uzağa niyə gedək?! Avropa Şurasında neçə dəfə şahidi olmuşam ki, abırsız-abırsız, hamının üzünə baxa-baxa səsvermələri necə saxtalaşdırıblar, nəticələri necə dəyişiblər.

ABŞ-ın prezident seçkilərində çox da köhnə olmayan tarixlərdə nəticəni kökündən dəyişib kəlləmayallaq edən əhvalatlardan dünya agahdır.

Ancaq nə dəxli! Belə cüvəllağı gedişlər onlara mane olmur ki, dünyaya bütün bunlardan sonra da yenə demokratiya dərsi verməkdə davam etsinlər.

 İkili standartları, saxtakarlığı, beynəlxalq səviyyədə siyasi dələduzluğu özünə həyat tərzi və iş üslubu, fəaliyyət modeli seçmiş şəxslər ölkələrin və xalqların taleyi ilə bax belə lotuyana rəftar edirlər.

Avropa Parlamentinin qətnaməsini - bu şər və böhtan səhifələrini vərəqlədikcə isə bünövrəsində saxtakarlıq duran qətnamənin mətnində də yalanın yalan üstə qalandığına şahid kəsilirik. Hər kəsə hər şey aydın olsun deyə Azərbaycan boyu hamının bildiyi bir məqamın üstündə dayanım. Ona görə arxayınlıqla "hamının bildiyi" yazıram ki, bu yay baş vermiş həmin əhvalat barədə qəzetlər də, informasiya agentlikləri də, radio-televiziyalar da o qədər bəhs etdilər ki, ondan bixəbər qalan olmadı.

Hadisə heç ürəkaçan deyildi. Avqustun 8-də gənc idman jurnalisti Rasim Əliyevin ölümü hamımızı kədərləndirdi. Əksəriyyətimiz onu əvvəldən tanımasaq da, belə bir ucuz, mənasız ölümlə cavan həyatının qırılması könül ağrıdırdı.

Axı bu yas baş verməyə bilərdi!

Hər şey bir məişət narazılığından başlamış və hadisəni törədənlərin özlərinin də gözləmədiyi halda faciə ilə nəticələnmişdi.

Öz Facebook səhifəsində tanınmış futbolçu haqqında qəlbə dəyən sözlər yazan idman reportyorunu həmin futbolçunun yaxınları görüşə dəvət edir və döyürlər. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Rasim Əliyev aldığı daxili zədələrdən orada vəfat edir.

Ölkə Prezidenti İlham Əliyev də dərhal bu xoşagəlməz hadisəni nəzarətə götürdü, günahkarların hamısının cəzalandırılacağını vəd etdi, həqiqətən də, ləngimədən bir neçə nəfər isti-isti məsuliyyətə cəlb olundu.

İndi görün qətnamə bu hadisəni necə təqdim edir və dünya ictimaiyyətini aldadaraq, Azərbaycana nə təhər qara yaxır. Avropa Parlamenti qətnaməsinin "G" bəndini olduğu kimi köçürürəm: "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri jurnalist Rasim Əliyev sosial mediada Prezident Əliyevi tənqid etdiyinə görə məruz qaldığı davamlı təhdidlərdən sonra vəhşicəsinə döyülərək Bakıda xəstəxanada vəfat etmişdir".

Mərhum Rasim Əliyev heç vaxt siyasi jurnalistika ilə məşğul olmayıb və onun nə siyasi mövzularda hər hansı yazısı var, nə də haçansa ölkə Prezidenti haqqında müsbət, ya mənfi bir fikir ifadə edib. Yerli-dibli olmayıb bu!

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu İctimai Birliyinin də sədri tamam ayrı şəxs olub ki, bu da başqa bir yalandır.

Və qətnamə həqiqətləri büsbütün təhrif edən belə cəfəngiyyatlarla ləbələbdir.

O qüvvələr ki qətnamə adlı bu paskvili qoşub-düzüblər, onlar böhtançılığın, demaqogiyanın, şəratmanın, faktları tərs-avand etməyin hər çeşidinə bələd iblislərdir.

Şərçilərin sınanmış qəlibi budur ki, təmiz adamın üstünə çirkab at, qoy o başlasın bunun düz olmadığına sübutlar gətirməyə, özünü təmizə çıxarmağa, yalanı təkzib etməyə.

Nə qədər haqlı olsa da, ən azı bir neçəsində şübhə yaranacaq ki, yanmayan yerdən tüstü çıxmaz, demək, burada nəsə həqiqət də olmamış deyil.

Qətnamədə idman reportyoru Rasim Əliyevlə bağlı yazılmış bu qızıl-qırmızı yalanın yalan olduğunu biz bilirik, amma Avropa Parlamentində kimdir əsl həqiqəti bilən?!

5-6 belə yalanı sırala, sırı avropalı deputatlara, həm də əlavə et ki, biz bunları əvvəlcə partiya qruplarında müzakirə edib səsə qoymuşuq, zavallıların  inanmaqdan savayı çarəsi olmayacaq. Əlbəttə ki, o cür yozumlardan sonra deputatların ölkəmizdə insan haqları və demokratiyanın bərbad vəziyyətdə olmasına da şübhələri qalmayacaq.

Qələm öz əllərində, düymə barmaqlarının altında, dediklərinin, yazdıqlarının əleyhinə də o məqamda hadisələrin doğrusunu bilərək cəsarətlə, canıyananlıqla, qətiyyətlə çıxış edəcək kimsə yox.

Təbii ki, sənədi çığırda-çığırda qəbul edəcəklər.

Lap o anda mən, ya bir başqa vətənpərvər olsun orada, lap ən gur səslə ən sərt etirazımızı bildirək, yalanlarının hamısını darmadağın edək, nə dəyişəcək ki!

Buna pambıqla baş kəsən Avropa deyərlər. Sənə qulaq asacaq, yenə dediyini deyəcək, qərarında qalacaq, istədiyi mətləbi də öz istədiyi, öz döşünə yatan, özünə sərf edən kimi sənədləşdirəcək.

Bütün bunlar Qərbin Azərbaycana qarşı çoxdan başlanmış çoxistiqamətli təzyiq siyasətinin adətkərdə olduğumuz görsənişləridir.

Avropa Şurası Parlament Assambleyasının 2015-ci il yay sessiyasında Azərbaycanda demokratik təsisatların vəziyyəti ilə bağlı məruzə müzakirə edilirdi. Bu həmin Avropa Şurasıdır ki, 2005-ci ildə 1416 saylı qətnamə də qəbul edib və o sənədin ilk bəndlərindəcə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, tarixən Ermənistanda yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu təsbit edib, bu qətnamənin icrasına nəzarət üçün ayrıca yardımçı komitə yaradıb.

Çox da yaradıb, çox da o qətnaməni qəbul edib! Düz 10 il sonra, 2015-ci ilin iyununda nə qədər desək də, yazsaq da, etiraz etsək də, elə bu Assambleyada vaxtilə qəbul edilmiş qətnaməni başımız üzərinə qaldırsaq da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi cümləsini mətndən çıxardılar.

Elə tragikomik bir mənzərə yaranmışdı ki, hətta Azərbaycana qarşı həmişə kəskin tənqidi münasibəti və çıxışları ilə yadda qalmış polşalı deputat Tadeuş İvinski bu aşkar haqsızlıq və saxtakarlığa heyrətini gizlədə bilmədi, kinayə ilə dilləndi ki, nədir, məgər Azərbaycan torpaqlarını yaponlar gəlib tutub?

Amerika Birləşmiş Ştatlarının, bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanları son illərdə özünün xarici dövlətlərdə, o sıradan Azərbaycanda yerli xainlər hesabına formalaşdırdığı agentura şəbəkəsini maliyyələşdirməyin, onların casus əməyini ödəməyin rahat üsulunu tapmışlar.

Qrant papağı altında bu pul mükafatları maneəsiz ötürülürdü və xarici kəşfiyyat pulları kimə ödədiyini yaxşı bildiyindən müəyyən ictimai təşkilatlara göndərilən həmin vəsaitin niyə kağızda yazıldığı kimi ictimai ehtiyaclara deyil, bir neçə nəfərin cibinə axdığı sualına cavab axtarmağa xüsusi maraq göstərmirdi.

Dövlətlər, biri elə Azərbaycan bunu rəsmən soruşanda, təhqiqata başlayanda, pulları necə alıb hara sərf etmək məsələlərində şəffaflıq tələb edəndə və maliyyə fırıldaqlarına görə QHT pərdəsi altında casusluqla məşğul olanların bir neçəsi tutulduqda Qərb başladı yaxasını cırmağa, öz qulbeçələrinə qahmar durmağa.

Dil boğaza qoymurlar ki, onların maliyyə cinayətlərinə görə tutulması bəhanədir, əsas səbəb siyasi fəaliyyətləridir.

Biz heç Sem dayıdan pis bilmirik ki, həmin maliyyə fırıldaqlarına, vəzifə səlahiyyətlərindən sui-istifadəyə və digər bu qəbil cinayətlərə görə həbs edilmişlərin qat-qat dəhşətli olan casusluq, vətənə xəyanət kimi cinayətləri də var.

Hələlik elan edilən bu biri cinayətləridir.

Digər cinayətlərinin yerli-yataqlı faş ediləcəyi vaxt da yetişəcək.

Tələsməyin!

Bəzən dövlətlərarası münasibətlərin müəyyən incə özəllikləri və həssas məqamları nəzərə alınaraq bu qəbil ifşaedici siyasi təfərrüatların hansısa vaxt kəsiyində qabardılmaması dünya praktikasından bəlli olan həll üsuludur. Məgər bizə və dövlətin bu işlə bilavasitə məşğul olan qurumlarına saysız sübut və dəlilləri ilə məlum deyil ki, həmin Avropa Parlamentinin qətnaməsində siyasi məhbus kimi xatırlanan Leyla Yunus və digər onun kimilər, əslində, hansı yuvanın quşudurlar, dövlət və millət maraqlarımıza zidd olan hansı xəyanətlərin müəllifidirlər, hansı bağışlanmaz satqınlıq cinayətlərini törədiblər?! Gərək insan adicə məntiqi təfəkkürdən, yüz dəfə gün kimi aydın gördüyünü təhlil edərək nəticə çıxarmaq hissindən məhrum ola ki, Qərbin niyə 3-5 nəfəri belə inadla, ardıcıl olaraq, bütün diplomatik, siyasi vasitələri, hökumət kanallarını işə salaraq müdafiə etməsinin əsl səbəbini dərk etməsin.

Bilirik, casuslarınızdır, xidmətçilərinizdir, onları qorumaq da sizin borcunuzdur!

Lakin icazə verin biz də dövlətimizi qoruyaq, onillərcə həsrətlərdən və məşəqqətlərdən sonra yenidən qovuşduğumuz müstəqilliyimizi hifz edək!

Həmin o "siyasi məhbus" deyə təqdim etdiyi, tamam müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxsləri həqiqətlərdən xəbərsizlərin diqqətini yayındırmaq, naşıları asanca yanıltmaq məqsədilə bir sıraya düzən Avropa Parlamenti qətnaməsi tələb edir - hamısını dərhal və qeyd-şərtsiz azad edin.

Həmin məhbusların arasında maliyyə fırıldaqlarına görə tutulan da var, xuliqanlıq üstündə həbs edilən də, narkotik qaçaqmalçılığında ittiham olunan da və digərləri də. Hamısı da məhkəmənin hökmü ilə müvafiq cəzaya layiq görülüb.

Bu yerdə Avropa Parlamenti qanunun aliliyi prinsiplərini unudaraq özünü ən ali qanun səviyyəsinə dikəldir. Bütün məhkəmələrdən ali məhkəmə!

Əmr edir, bozarır ki, aç burax!

Axı necə?

Bəs o biri tərəfdən də deyirsiniz məhkəmənin işinə müdaxilə edilməməlidir, onun qərarına hörmətlə yanaşılmalıdır. Belə çıxır, sizin adamlara gəlib çatanda istənilən məhkəmə qərarını da müzakirəsiz-filansız, ixtiyari şəkildə ləğv etmək, pozub təzədən yazmaq olarmış!

Qətnamə bir tərəfdən etiraf edir ki, Azərbaycanla sahəvi əməkdaşlıq ələlxüsus enerji sektorunda qarşılıqlı faydalıdır, təsdiqləyir ki, Azərbaycan Avropa Birliyinin başlıca ticarət tərəfdaşlarından birinə çevrilmək potensialına malikdir, digər tərəfdən də üstümüzə əsassız ittihamları, qondarma iradları, hər löyün siyasi hərzə-hədyanları yağdırır.

Güman edirsinizsə ki, belə təpinmələrdən, hərbə-zorbalardan, sıxma-boğmalardan sonra Azərbaycan boynunu qısıb qarşınızda müti olacaq, hər iqtisadi tələbinizin, siyasi umacağınızın icrasına müntəzir dayanacaq, bu, xam xəyaldır!

lll

Qətnamə bir-birini rədd edən ziddiyyətli fikirlərlə doludur. Oxuduqca hiss edirsən ki, burada bir neçə qələmin, bir neçə maraqlı tərəfin ləpiri, izi var. Elə absurdlar da buradan törəyir. Hətta bu qətnaməni ümumi bir redaktədən keçirməyə ya tənbəllik ediblər, ya da dərrakələri çatmayıb. Çünki bir-biri ilə daban-dabana əks olan elə müddəalar və fikirlər yan-yanadır ki, eyni zamanda həm onu, həm bunu tələb etmək, həm də bunlara əməl ediləcəyinə inanmaq səfehlik olardı.

Bir yandan qətnamə Azərbaycanla iqtisadi əməkdaşlığın sərfəliliyindən və perspektivlərindən bəhs edir, digər tərəfdən Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Bir yandan qətnamədə Azərbaycana qarşı qatı düşmən baxışlar əks olunur, sırf erməniçi mövqe nümayiş etdirilir - Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il iyunun 16-da azərbaycanlı Çıraqovun Ermənistana qarşı iddiasını təmin etmiş qərarın adı belə çəkilmədiyi halda, eyni məhkəmədə həmin gün qəbul edilmiş "Sarqsyan Azərbaycana qarşı" qərarın yerinə yetirilməsinə riayət etmək tələb olunur.

Budur bunların əsl siması, budur bunların mələk maskasının altındakı qotur erməni sifəti.

Avropa Parlamentinə fitva verən güclərin və bütün onlara bənzərlərin guya Azərbaycan xalqının qeydinə qalmaq haqda nağıllarına gəlincə, bunlar qara qəpiyə dəyməyən boş sözlərdir.

Guya iqtidarı, hakimiyyəti islah etməyə can atırlar ki, xalq üçün daha uyğun, daha ləyaqətli, daha sərbəst və təminatlı həyat, yaşayış mühiti yaransın.

Sizin səmimiyyətinizə necə inanmaq olar ki, burdan-bura bu millətin ən yaralı yerinə köz basırsınız, qətnamənizin içindəcə Azərbaycanı ən qaba və ədalətsiz şəkildə Ermənistanın ayağına verirsiniz?!

Üstəlik, həmin qətnamədə utanmazcasına və yəqin, bizi özləri kimi sərsəm yerinə qoyaraq təklif irəli sürürlər - Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı danışıqlar aparmaqdan ötrü Avropa Parlamentinin nümayəndə heyətinin ölkəmizə göndərilməsi, müzakirələrin başlanmasının əhəmiyyətini vurğulayırlar.

Quzunu qurdamı tapşıraq, belə cılxa erməniçi sifətinizi qətnamənizdə aşkarca görəndən sonra sizi bu məsələdə münsifmi edək?

ATƏT-dən çəkdiklərimiz bəs deyilmi?

Baxın görün Avropa Parlamentinin erməniçi qətnaməsi nəyə təəssüflənir.

 

Qətnamənin 10-cu bəndi 20 ildən artıq bir müddətdə 1 milyon Azərbaycan insanını məcburi köçkünə və qaçqına çevirərək olmazın zillətlərə düçar etmiş, minlərlə həyata son qoymuş, saysız ailələri bədbəxt etmiş Ermənistanla fərdi qaydada və çox zaman məxfi şəkildə əlaqə quran milli satqınlarımıza qarşı yaradılan rəsmi məhdudiyyətlərə qarşı çıxır: "Ermənistan və Azərbaycan arasında uzun düşmənçilikdən sonra mühüm əhəmiyyət kəsb edən vətəndaş cəmiyyəti qrupları, gənc fəallar və ziyalılar arasında əlaqələrin məhdudlaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlardan Avropa Parlamenti təəssüf hissi keçirir".

Nədir bu təəssüfün altında yatan istək?

Avropa Parlamenti bizi təhrik eləyir ki, yumşaqlıq göstərək, Ermənistan xüsusi xidmət orqanları bizlərdən kimlərinsə saqqızını oğurlasa, mane olmayaq, imkan verək ki, gedib arxayınca casusluqlarını eləsinlər, Vətənimizin, xalqımızın əleyhinə işləsinlər, adı da olsun düşmən tərəflər arasında etibar mühiti yaratmaq nəcibliyi.

Avropa Parlamentinin qətnaməsi Azərbaycan dövlətini daha nədə ittiham edir, daha hansı qüsurlara görə şiddətlə qınayır?!

Qətnamənin 12-ci maddəsini yaxşı oxusun millətimiz, görün bunlar bizi hara çəkir, bu dövlətdən, bu xalqdan nə istəyir: "Azərbaycanda lezbian, homoseksual, biseksual, transseksual insanların durumundan Avropa Parlamenti olduqca narahatdır".

Fikir verin, sadəcə narahat deyil, olduqca narahatdır.

Haqqı da var!

Axı Avropa Parlamentinin rəhbərinin özü də onlardandır.

Və qətnamə hər halda bu məsələni də, digər hallarda olduğu kimi, siyasiləşdirmək fürsətini fövtə vermir, yeri gəlmişkən Azərbaycan hökumətinə daha bir neştər sancmaq girəvəsini də boş buraxmır: "Ən yüksək səviyyədən gələn çıxışlar daxil olmaqla lezbianlar, homoseksuallar, biseksuallar, transseksuallara qarşı Azərbaycandakı siyasi nifrəti Avropa Parlamenti kəskin şəkildə pisləyir".

Sadəcə pisləmir, kəskin şəkildə pisləyir.

Haqqı da var!

Çünki artıq tədricən özlərində həyat normasına çevrilmiş bu anormallıqları Azərbaycana ixrac etməklə mənəviyyatı, milli əxlaqı həmin virusa yoluxdurmaq, özləri rəngdə olanları buralarda da artırmaq onların xəbis niyyətləri cərgəsindədir.

Bəs bu istiqamətdə səliqə-sahman yaratmaqdan ötrü nə tələb edir Avropa Parlamenti: "Azərbaycan hökumətini lezbianlar, homoseksuallar, biseksuallar, transseksualların hüquqları ilə məşğul olan hüquq müdafiəçilərinə əngəllər yaratmamağa və onları təhdid etməyə son qoymağa çağırırıq".

Dəyərli vətəndaşlarımız, oxuyub feyziyab olun Avropa Parlamentinin qətnaməsini.

Onlar bizi bu yollarla xoşbəxt etmək istəyirlər.

Kimi görsəniz ki həmin qətnaməni çox tərifləyir, çox təqdir edir, onlara bu axırıncı maddənin işığında sınayıcı nəzər salın.

Avropa Parlamentinin digər bir məkri də bizi haqqımızda söylənən iftiralara cavab vermək, yalançıları, saxtakarları rüsvay etmək imkanından məhrum qoymaq təşəbbüsüdür.

Çalışırlar elə məhdudiyyətlər yaradılsın ki, bizə viza verilməsin, xaricdə keçirilən siyasi tədbirlərdə iştirak edə bilməyək.

Ortada onlar özləri olsun, yanlarında ermənilər və digər özlərikimilər, birtərəfli qaydada nə qədər istəyirlər döşəsinlər, nə qədər arzulayırlar bu cür qətnamələr hazırlasınlar.

Buyurun, qətnamənin 19-cu maddəsində bu istəkləri elə müstəqim şəkildə izhar edilib: "Avropa Parlamenti Avropa Şurasını Şərq Tərəfdaşlığı ölkələrinə qarşı ikili standartlardan çəkinməyə çağırır və bu halda sanksiyaların, viza qaydalarının siyasi tədbirlərdə iştirak edən bütün siyasətçilərə, rəsmilərə və hakimlərə yönəldilməsinə çağırır".

Baxın ha, üçünə, beşinə, onuna, yüzünə, hansısa konkret günahı olanlara qarşı yox, hamısına qarşı!

Bəli, Avropa Parlamenti bu qətnaməsi ilə Azərbaycanı miskinləşdirərək hansı biçimdə görmək istədiyi haqda ürəyindən keçən nə varsa hamısını açıb-töküb - Azərbaycanın siyasi tədbirlərə, beynəlxalq təşkilatlara yolları kilidlənsin, bir sayılıb-seçilən adamımıza ölkədən qırağa çıxmağa icazə verilməsin, Avropa Parlamentinin nümayəndələri arzulayanda gəlib məsləhətləşmələr aparsınlar, ermənidən resept alıb bizə Dağlıq Qarabağ düyününü necə çözməyi öyrətsinlər, şadlıq saraylarımızda kişilərin kişilərlə, qadınların qadınlarla toy-düyünü ənənəyə dönsün, bütün bu "yaxşılıqların" müqabilində Avropa ilə sıx iqtisadi əlaqələr quraq, enerji ehtiyatlarımızdan onların ehtiyaclarını təmin edək.

Avropa Parlamenti ilə əməkdaşlıqlarımız belə çıraqban, belə ürəkaçan perspektivlər vəd edir.

Davam etdirməyə dəyərmi onlarla əməkdaşlığı, ya artıq yetər, bu qəbil işbirliyinə xitam verməyin zamanıdır?!

Avropa Parlamentinin həmin qətnaməsinin lehinə 365 deputat olub. Əleyhinə 202 nəfər səs verib. 72 nəfər bitərəf qalıb.

Dağlıq Qarabağa, işğal altındakı ərazilərimizə Ermənistan vasitəsilə qanunsuz səfər edən əcnəbiləri Azərbaycan Xarici İşlər Nazirliyi arzuolunmaz şəxslər siyahısına daxil edir və belə sərhəd pozucularının ölkəmizə gəlişinə viza maneəsi yaradılır.

Azərbaycana nifrət və düşmənçilik yağdıran həmin Avropa Parlamenti qətnaməsinin lehinə səs vermiş 365 deputat işğal altındakı ərazilərimizə qanunsuz səfər edənlərdən daha ağır xətaya rəvac verənlər, daha ciddi suça sahib olanlardır.

Eyni yasaq, eyni məhdudiyyət onlara qarşı tətbiq edilsə, necə olar?

Hansı qələti elədiyini, yanıldığını, aldadıldığını boynuna alsa, yazsa, söyləsə, bunlar Azərbaycan cəmiyyətinə də çatdırılsın və sonra yasağın götürülməsi məsələsinə baxılsın.

Yoxsa bizə o cür bəd münasibət bəsləyənlərin burada nə ölümü!

lll

Bir yandan qətnamə 2015-ci il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri nəzərdə tutaraq görməzə-bilməzə elə qarasına yazır ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün zəmin mövcud deyildir, digər tərəfdən, doğrudan da belə bir mühitin mövcud olub-olmamasını yoxlamaq üçün yaradılmış real imkandan istifadə etmir, Avropa Parlamenti Azərbaycana seçki müşahidə missiyasını göndərməkdən imtina edir.

Absurd deyilmi?

Demirsiniz seçki mühiti yoxdur, qapıları açırlar sizinçün, gəlin, baxın, araşdırın, hansı nöqsanı görsəniz, gedin yazın, söyləyin.

Yox, onlara bu lazım deyil.

Arzuladıqları yeganə şey işə pəl vurmaq, ziyankarlıq etmək, hələ ocaq alovlanmamış üstünə su calamaq, duru suları isə bulandırmaqdır.

Biz düşmən, bədxah, qərəzkar qüvvələrin eyni tərzdə hərəkətlərini əvvəllər də seyr etmişik. Bakıda keçiriləcək "Eurovizion" mahnı müsabiqəsində də yarışlar başlanmamışdan mərdimazarlıq etmək, ümumən Bakıda bu sənət müsabiqəsinin keçirilməməsinə nail olmaqçün dəridən-qabıqdan çıxırdılar.

Alınmadı! Azərbaycan müsabiqəni ən yüksək səviyyədə gerçəkləşdirdi, dünyanı heyran qoydu, ölkəmizə pərəstiş edənlərin sayı milyonlarca artdı, gəlib buraları görəndən sonra çoxlarının da haqqımızda qənaətləri müsbətə doğru kökündən dəyişdi.

Eyni şəkildə I Avropa Oyunları ərəfəsində ölkələrə üz tutaraq boykot çağırışları edirdilər, "Azərbaycana səfər etməyin" deyirdilər, "Azərbaycan belə möhtəşəm beynəlxalq tədbiri keçirə bilməz" bağırırdılar, "lap keçirməyə hazır olsa belə, yenə getməyin, çünki orada demokratiya yoxdur, insan haqları müdhiş surətdə pozulmaqdadır, ora getmək təhlükəlidir", - donquldanırdılar.

Bütün badalaqvurmalara rəğmən ilk Avropa Oyunları da müvəffəqiyyətlə baş tutdu, təşrif gətirənlər ölkəmizə də, dövlətimizə də, insanlarımıza da valeh oldular, Azərbaycan daha bir zəfərini çaldı.

Avropa Parlamentində həmin qətnaməni meydana çıxaranların və Azərbaycana qarşı qısma-boğma xətti yürüdənlərin də qəsdi odur ki, bizə özümüzü göstərmək, nəyə qadir olduğumuzu əyani şəkildə ortaya qoymaq üçün imkan verilməsin.

Çünki görməyənə qədər haqqımızda onların uydurduğu yalanlara kimlərsə inana bilər, görəndən sonra isə bütün yalanlar sabun köpüyü kimi dağılıb gedir, puça çıxır.

 Azərbaycanın üstün zəkalı, böyük dövlətçi gücə malik, uzaqgörən, müstəqil siyasət aparan, öz dövlətinin və millətinin maraqlarından heç bir şəraitdə heç vəchlə bir qədəm belə geri qoymayan və qoymayacaq, elə buna görə də həzm edə bilmədiyiniz, qısqanclıqla yanaşdığınız, ünvanına hətta bu qətnamənizdə belə böhtanlar atdığınız qüdrətli lideri var.

Prezident İlham Əliyevi, onun başçılıq etdiyi dövləti, rəhbərinə səmimi məhəbbət bəsləyən xalqı dürüst məramından, saf ideallarından  ilk cümləsindən son sətrinə qədər qəlp olan bu sayaq ölü doğulmuş, yararsız kağız tullantıları, belə üzdəniraq şərnamə-qətnamələrlə büdrətmək və döndərmək olmaz!

Müstəqilliyimizin hələ ki 24 yaşı var. Hələ xeyli gəncik. Hələ qarşıda çox aşırımlar, çox sınaqlar durur. Bununla bitmir ki!

Gərək hər an əl-ələ, ürək-ürəyə, kürək-kürəyə olaq ki, nəfəsimiz təngiməsin, yorulmayaq, yenilməyək, yeni-yeni uğurlara çata bilək!

Prezident İlham Əliyev və Azərbaycan indikindən də qat-qat zəfərli və parlaq Gələcəyə aparan Böyük Yolumuzla vüqar və inamla irəliləyir.

Xarici və yerli riya fabriklərinin çürük istehsalı olan hər cildə girməyə qadir buqələmunlar, yan-yörəmizdən, ardımızdan belə nəhs səslər çıxaran cürbəcür bayquşlar, qarğalar, çalağanlar, çeşid-çeşid çaqqallar, tülkülər olub, var, bəlkə hələ bir müddət yenə olacaq.

Dayanmağa, onlara baş qoşmağa, böyük məqsədlərimizdən və amallarımızdan aralanmağa haqqımız yoxdur.

Karvanımız keçib gedir!..

 





15.09.2015    çap et  çap et