525.Az

Ürəyin danışdığı sevgi dolu şeirlər


 

Ürəyin danışdığı sevgi dolu şeirlər<b style="color:red"></b>

Əbülfət Mədətoğlunun şeirləri ilə çoxdan tanışam. Son illər dövrü mətbuatda şeirləri ən çox çap olunan şairlərimizdəndir.

Şeirlərin vəzni, üslubu, məzmunu, bədii təsviri məndə belə bir təəssürat yaratmışdı ki, onların müəllifi uzaqbaşı 30-35 yaşlı gənc şairdir. Ancaq özü ilə şəxsi tanışlıqdan sonra yetkin və təcrübəli yazı adamı, əməkdar jurnalist olduğunu bildim. Əbülfət müəllim həm də tez-tez maraqlı mövzularda publisist yazılar yazır, şeir, nəsr kitablarına rəylər çap etdirir. Sayca 30-cu kitabı olan “Ürəyim sənlə danışır” adlı şeir toplusunu avtoqrafla mənə verməsi minnətdarlıqla yanaşı, ona olan marağımı da artırmış oldu. 232 səhifəlik kitabda Əbülfətin təxminən 200 şeiri yer alıb. Kitabın başlıca özünəməxsusluğu onun içindəki bütöv şeirlərdə, bəzən isə bəndlərdə, misralardadır. Məni də bu təəssüratları yazıya çevirməyə əsas səbəb də onlardakı bənzərsizlik, bəzən “ağlı başdan çıxaran” epitetlər, metaforalar, mübaliğələrdir. Ümumiyyətlə, Əbülfətin şeirləri düşündürücüdür, onları hazırlıqsız oxucu gec başa düşər. Əbülfət müəllim sözün elə uzaq mənasına arxalanır ki, onu tapıb yerinə qoymaq elə də asan olmur. Elə götürək kitabdakı 1-ci şeiri - “Dərdim”i:

Qollarımı açmışam,
Dolan boynuma, dərdim!
Cani-dildən deyirəm:
- Bəlan boynuma, dərdim.


Birinci iki misra aydındı: dərdi can-başla qəbul edir. İkinci misra artıq həddi aşır; üstəlik dərdin bəlasını da boynuna götürür; bax bu qeyri-adidir. Sonrakı iki bənd də beləcə davam edir; dərdi çox güclü olsa, çaşar, yalan danışa bilər, dərdə icazə verir ki, yaxşını (!!) götürsün, qalanlar (ağırlar) ona qalsın:

Üzüyola uşağam,
Arx üstəyəm, başağam.
Çox qısnama, çaşaram -
Yalan boynuma, dərdim.

Min illərdi köç ötür,
Yüyrək ötür, gec ötür;
Sən yaxşını seç götür -
Qalan boynuma, dərdim.

Axırıncı bənddə bayatı məzmunu ilə qoşma formasının birləşdirilməsi güclü bədiilik yarada bilmişdir.

Bədiilikdən söz düşmüşkən, bir daha vurğulayım ki, Əbülfətin şeirlərinin ən qabarıq cəhətləri onlardakı yeni söz birləşməsi tipləri (Məsələn, konkret varlıq bildirən sözə elə epitet (təyin) qoşulur ki, buna çox az-az təsadüf edirik), adət etmədiyimiz qafiyələr, sözün içinə - məna dərinliyinə baş vurmaq kimi sənət əlamətləridir. Onları oxuyanda belə qənaətə gəlirsən ki, Əbülfətin şeirləri birnəfəsə, bədahətən deyilən, üstündə “əməliyyat” aparılmayan misralardır. Ona görə də onların ahəngi, bir-birinə qovuşuqluğu, qafiyəsi, hər şeydən əvvəl, gözlənilməz və çox vaxt yerindəliyinə görə heyrət doğuracaq qədər təbii olur:

Elə bil böyüyübdü
Ürəyim də sinəmdə
Gəzirsən addım-addım
Bu yerləri sən məndə.


... Əbülfətin əksər şeirlərində məzmundan çox forma oxucunu “tutur”, onu “baş bulamağa” vadar edir:

... Dedi: - daşıma dərdimi,
Burax başına dərdini!
Alıb başıma dərdimi,
Çıxdım dağlara, dağlara.


“Alıb başıma dərdimi”?! Qəribə qovuşuqluqdur, eləmi: “Dərdi başa almaq”?!

Müasir poeziyamızda ən çox sevgi şeirləri, məncə, Əbülfət Mədətoğluna məxsusdur. Onun sevgi şeirləri ürəyin pıçıltısı, qəlbin həyəcanı, gözün işığından yaranır, o “sevirəm”, “yanıram” demir, onlardan doğan duyğuları, hissləri həzin-həzin “oxuyur”, danışır:

Bir narın yağış yağır,
Sözlərinə bənzəyir.
Göylər yağışdan sonra
Gözlərinə bənzəyir...


Sevgilinin rəsmi onun cizgilərini sadəcə sadalamaqla diqqətə çatdırılmır, onun bənzəri ilə göz önünə gətirilir, sözlər narın yağışın səsi, gözlər yağışdan sonrakı göylərin rəngindədir. Ardınca gələn misralarda deyilir ki, meh sevdiyinin pıçıltısıdır, üzünə düşən şeh yanağını yandırır (bu, xəyali bir öpüşdür!!!):

Bir əsən meh duyuram -
Pıçıltını andırır!
Üzümdə şeh duyuram -
Yanağımı yandırır!

Son bənd aşiq sədaqətinin, aşiq səbrinin, aşiq təmənnasızlığının yüksək nümunəsidir:

Bir yarpaq xışıltısı -
Tanış addım səsidi...
“Sevirəm” pıçıltısı
Sevənlərin bəsidi!..

Sevənlər üçün bundan gərəkli hansı söz ola bilər: Sevirəm!?

“Ürəyim sənlə danışır” kitabında saf və zərif sevgi duyğularını tərənnüm edən şeirlər çoxdur:

... Hər gün ölüb - dirilmək
Bir sevgiyə bəs etmir;
İçimdən uzaqlara -
Məzardayam; səs getmir...

Daha çox sevgi şeirlərinin toplandığı bu kitabda sənətkarlıq baxımından oxucuya xoş gələn cəhətlər çoxdur. Burda elə şeirlər var ki, onlar yaddaqalan süjetli əsər təsiri bağışlayır. Məsələn, “Yolları vərəqlədim” misrası ilə başlayan bədii parçada olduğu kimi: lirik qəhrəman yolları - həyatın sərt üzünü özünəməxsus şəkildə “vərəqləməklə” bələd olur, həsrətə yol verməyən üsullarını, gözlərinə köçürdüyü tin və döngələrini, izi ilə gələn kölgələri öyrənir və yaddaşında yaxşıca saxlayaraq yolların ondan özünü gizlətməsinin qarşısını alır.

Əlbəttə, yollar şairin incə məcazlaşdırdığı həyat sınaqlarıdır... Şeirdən bəzi sətirlər:

“Yolları vərəqlədim
Düzgün dilin öyrəndim”
“Köçürdüm gözlərimə
Tinləri, döngələri”.

Nəhayət:

Yaşatdım yaddaşımda
Yolların dan üzünü...
Daha gizlədə bilməz -
Yollar məndən ö zünü.

Əbülfət Mədətoğlunun şeir yaradıcılığının müasir poeziyamızda xüsusi yeri var. Onun həm şeirlərində, həm də publisistikasında ayrıca bir “dərd”, “kədər” mövzusu hakim mövqe tutur. Bu, təkcə sevən lirik qəhrəmanın hicran, ayrılıq şikayətləri, gileyi deyil, həm də parçalanmış doğma yurd həsrətindən, köçkünlük nisgilindən doğan ümummilli kədər, ümummilli ağrıdan olan şikayətdir (Kitabda Qarabağa, Güney Azərbaycan mövzusuna, Urmiya gölünə aid şeirlər yüksək vətəndaş mövqeyini əks etdirir). Bütün bunlara görə də Əbülfətin şerlərinin xüsusi, geniş filoloji tədqiqata cəlb olunmasına ehtiyac var. Belə bir qənaətə gəlməyimə onun indiki qızğın jurnalistlik fəaliyyəti və bəzi məziyyətlərini diqqətə çatdırmaq istədiyim “Ürəyim sənlə danışır”  kitabındakı şeirlər də əyani sübutdur.

Əbülfət müəllim ömrünün və yaradıcılığının çox məhsuldar, necə deyərlər, gül-çiçəkli dövrünü yaşayır. Mən ona tezliklə illərdən bəri xiffətini çəkdiyi doğma yurda qovuşmağı, yeni-yeni yaradıcılıq uğurları, bir də möhkəm cansağlığı arzulayıram.

Akif MİRİYEV
ATU-nun Azərbaycan dili kafedrasının müdiri, dosent

 





18.04.2016    çap et  çap et