525.Az

İntiqam Mehdizadənin şeirləri


 

İntiqam Mehdizadənin <b style="color:red">şeirləri</b>

Ayrılıq nə yamandı
Yolları çən, dumandı
Kölgənizi üstümdən
Əskiltməyin amandı.

Sirat körpüsün keçdim,
Məşhədin suyun içdim
Şər toxumu səpmədim,
Cənnət güllərin biçdim.

Burda da vəfalıyam,
Dünyanızdan halıyam
Müşfiqimin anası
Leylamın qurbanıyam.

Darıxmayın gələcəm,
Sizi tək qoymayacam
Ruhum sağ-salamatdır
Sizə tez-tez dəyəcəm.

Müşfiq, dərd dən uzaq ol,
Daim şən ol, qıvraq ol.
Mən daha uzaqdayam,
Atandan muğayat ol.

Yarım haralardadı?
Yoxsa yenə ovdadı
Yurdum uzaq olsa da
Ruhum hey onunladı.

İntiqamı qoruyun,
Qəlbi qırıqdı, bilin.
Nəslin birdənəsidir,
Onu yalqız qoymayın.

Ömürdü sürüb gəldim,
Bura çatıb dincəldim.
Yar-yoldaşı baş tacım
Haqqı məramım bildim.

Əhdə vəfadar olun,
Haqqa havadar olun.
Mən çox uzaqlardayam,
Siz dünyada var olun.

lll

Ayrılıq gecə gəldi
Bilmədim necə gəldi
Mən nakam gedim deyə
Əzrayıl mərcə gəldi.
İntiqam döz, sakit ol
Sil gözünü rahat ol
Mən burdan göz qoyacam
Özündən muğayat ol.

Bağça gülüm solarsa
Can yoldaşım ölərsə
Qalxıb bir də ölərəm
Ocağımız sönərsə.

Qumrular dənə gəldi
Yarım çəmənə gəldi
Onu yola verincə
Mənimki mənə gəldi.

Yarım küsəyən oldu
Eşqin gizləyən oldu
Öldüm, son mənzilimi
Güllə bəzəyən oldu.

İntiqamı gəzərəm
Üstündə hey əsərəm
Xətrinə dəyməyin haa
Yoxsa sizdən küsərəm.

Tarixdə izin olsun
Qələmin, sözün olsun
İntiqam, Müşfiqə çox bax
Üstündə gözün olsun.

Ürəyimi yeyirdim
Qəm libasın geyirdim
Sənə son baxışımla
Elə bunu deyirdim.

Səadətim, göz yaşım
Səbirsiz can yoldaşım
Ailəmizi yola ver
Mən burda rahatlaşım.
Atamın ulduzuydum
Onun madar qızıydım
Ovqatı təlx olanda
İşvəsi, həm nazıydım.
Ar, qeyrət qanımdadı
Sədaqət canımdadı
İntiqam, arxayın ol
Doğmalar yanımdadı.

Bu nə ayrılıqdı, oy
Yuxudu, xəyaldı, oy?
Qız nəvəmiz olarsa
Adını Züleyxa qoy.

lll

Mən elə bilirdim səninlə qoşa
Hələ çox illəri vurarıq başa
Nə ki arzumuz var toxundu daşa
Məni yad əllərdə qoydun, Züleyxa.

Sən ata yurduma gəlin gələndən
Otuz yeddi il ötüşdü aradan
Nəvə həsrətiylə köçdün dünyadan
Canı candan ayrı saldın, Züleyxa.

Sənə qalaq-qalaq əzablar verdim
Səndə dözüm gördüm, etibar gördüm
Ad günündə bir güllü yaylıq verdim
Onu dünya malı sandın, Züleyxa.

Canın atəşlərdə, odda bişsə də
Dizlərin taqətdən, heydən düşsə də
Ağıllı gözlərin zəifləsə də
Sabahı görürdün aydın, Züleyxa.

Əlim gətirəndə havalanmazdın
“Onu al”, “bunu al” deyib durmazdın
Bir ucuz şalsa da məndən ummazdın
Bu nə ağ libasdı geydin, Züleyxa.

Yan ötüşdün günahımdan, suçumdan
Nələr çəkdi başın mənim ucumdan
Birdəfəlik getmədin ki, içimdən
Həmişəlik orda qaldın, Züleyxa.

11.11.2015

 





23.10.2016    çap et  çap et