525.Az

Qəfil ayrılığa inanmazdım heç...


 

Qəfil ayrılığa inanmazdım heç...<b style="color:red"></b>

Mən fələyin namərd olduğunu bilirdim. Doğmalarımı, dostlarımı əlimdən alıb aparanda görmüşdüm. Amma indi bir daha əmin oldum və əlimin arxasını yerə qoydum.

Öz-özlüyümdə etiraf etdim ki, heç kimin fələyə gücü çata bilməz, onun namərdliyini heç kim edə bilməz. Elə görünür namərdliyinə görə, insafı-mürvəti olmadığına görə ona FƏLƏK deyirlər. Elə mən bu sözü təkrar edəndə də içimdən bir sızıltı keçir. İstəyirəm tutam yaxasından silkələyəm. Gözlərinin içinə baxa-baxa deyəm ki, niyə bu qədər insafsızsan? Niyə seçim etmirsən? Niyə yaxşılara fürsət vermirsən? Axı, bu dünya yaxşıların çiyninin üstündədi... axı biz yaxşılara söykənib yaşayırıq...

Heyf, içimdə, dilimdə az qala qışqıra-qışqıra dediyim  sözləri fələyin üzünə baxıb deyə bilmirəm. Bəlkə hardasa eşidir, bəlkə də ətrafımda fırlanır. Növbəmin yaxınlaşdığını elə, bu dostları əlimdən almaqla deyir mənə, bilmirəm, ola bilsin bu da onun bir üslubudu. Əvvəl dostlarımı, güvənclərimi alır, təkləyir məni, sonra... Eh... Sonra tək adamı yıxmaq, tapdalamaq, canını almaq nə çətin işdi ki? Özü də fələyin əlində. Mən onun fələkliyini Vahid Əlifoğlunu, Vaqif Cəfərlini, Nüsrət Kəsəmənlini aparanda bir daha anladım. Ona görə bu insanların adını çəkirəm ki, onlar mənə candan, qəlbdən doğma idilər... ruhən qardaşlarım, əzizlərim idilər. Ən böyük namərdlik sözün şahı olan Məmməd Arazı, Bəxtiyar Vahabzadəni aparanda ortaya çıxdı. İndi isə...

Fevralın 17-də telefonuma zəng gəldi. Adı yazılmışdı. Birbaşa bəli, qağa! - dedim. Mənə başsağlığı verdi. Dünyasını dəyişmiş bir yaxınımın Beyləqandakı yas mərasiminə gələ bilmədiyi üçün üzrxahlıq etdi. Və ardınca da vurğuladı ki, mərasimi yola ver, gəl şəhərə, oturaq bir az dərdləşək, yasdan çıxaq... Həmin gün Polad müəllim mənə üç dəfə zəng etdi... üç dəfə danışdım onunla. Açığını deyim ki, bu qədər narahat olması məndə heç bir şübhə yaratmadı. Çünki onun həssaslığı mənə çox gözəl bəlli idi və məni özünə nə qədər doğma saydığını da bilirdim. "Azərbaycan" nəşriyyatında səhərimiz birlikdə açılırdı. İş başlamamışdan öncə mütləq əyləşib bir stəkan çay içib, hal-xoş edərdik - hər gün naharda birlikdə.. günün sonunda birlikdə... Bizi bir-birimizdən soruşurdular. Birimiz gözə dəyməyəndə dərhal o birmizdən sorğu-sual edirdilər ki, flankəs niyə görünmür? İndi mən o anları ağlıma sığışdıra bilmirəm. Nə qədər çalışıram sığışmır ağlıma:

- Məndən  Polad müəllimi soruşsalar nə deyəcəm?

Bax, elə beləcə tanış-bilişdən kimsə zəng vurub desə ki, Polad müəllimin telefonuna zəng çatmır və yaxud telefonunu açmır. Ona nə deyəcəm? Yenə bilmirəm. Bircə bildiyim odur ki, Polad müəllim özünü, cismini götürüb çıxıb gedib. Bax, burdaca mütləq deməliyəm, mən yaxşı adamların, halal adamların, savab sahibi olanların mütləq Tanrı dərgahına getdiyinə inanıram. Başqa inancım yoxdur. Ona görə də üzümü göy üzünə tuturam, gözümü göylərə zilləyirəm və deyirəm ki:

- Nahaq tələsdin ora, Polad müəllim! Axı biz may ayında sənin yubileyini keçirməli idik. Özü də təbiətin qoynunda... ailəvi, ən yaxın adamlarla birlikdə... Eh...

Yadıma bir söhbətin düşür. Ümumiyyətlə, biz səninlə evimizdən, ailəmizdən, uşaqlarımızdan, həyatımızın hər məqamından danışırdıq. Mənim sirrimin, sözümün ünvanı, güvəncim sən idin bu nəşriyyatda. Ona görə də şəxsi həyatımızdan tutmuş ədəbiyyata qədər, jurnalistikaya qədər hər şeydən danışırdıq. Bir-birimizə kitablarımızı bağışlayırdıq, yazılarıma, şeirlərimə münasibətini bildirirdin. Və mən də sənin şeir yazdığından xəbərdar idim. Ovqatımızın xoş məqamlarında gənclik illərində yazdığın bir şeiri söylədin. Bir-iki misrası yadımda qalmışdı. Səni son mənzilə yola salıb qayıdanda eloğlun, dəyərli şairimiz Musa Ələkbərli söhbət əsnasında həmin şeiri söylədi və bildirdi ki, Polad müəllim bunu 16 yaşında Gədəbəyin rayon qəzetində çap etdirmişdi. Şeir yaddaşımda təzələndi. Onu indi hamı üçün kağıza köçürürəm. 

Dilim quruyaydı, a nazlı ceyran,
Mən sənə "get" dedim, sən niyə getdin?!
Küskün baxışınla o gündən inan,
Bu vurğun könlümü taru-mar etdin. 

Dilim "get" desə də ancaq ürəyim,
Bu dərdə, hicrana dözüm demədi.
Sən niyə gedirdin, mənim çiçəyim,
Axı "get" sözünü gözüm demədi! 

Hə, Polad müəllim, bu şeiri 16 yaşında yazmısan, bəlkə də ondan qabaq. İndi xatırlatmağımın səbəbi var. Axı, bizim bir-birimizə nə dilimiz, nə gözümüz GET! - deməyibdi. Bəs sən niyə getdin? Özü də problemlərimin, qayğılarımın başımdan aşdığı bir vaxtda... dərdimin-sərimin boy artımı fontan vurduğu vaxtda... Axı, sən qardaş kimi, dost kimi mənə qarşı həmişə diqqətli olmusan. Qarabağ üçün darıxanda əlimdən tutub Gədəbəyə aparmısan... Heç inanmazdım ki, Qarabağa gedə bilməyən indi Gədəbəyə də gedə bilməyəcək. Orda sən var idin. İndi kimim var ki, orda? Eh, Polad müəllim! Övladların toylarında, ad günlərində, hətta bizim nəvələrimizin doğum günlərində də sənin fərqli diqqətin həmişə məni heyrətə salırdı. Bir dəfə də olsun dükan-bazarda, lap elə çayxanının özündə əlimi cibimə salmağa imkan vermirdin. Xəlvətcə durub içdiyim çayın pulunu verəndə əsəbləşirdin. Mütləq pulun geri götürülməsini tələb edirdin. Hər dəfə də vurğulayırdın ki, mən uşaqlarımın əlini çörəyə çatdırmışam, üçündən də arxayınam. Sənə kömək lazımdı, min dərdin-sərin var... Bu ürəyin sahibi idin sən. Səxavətin, diqqətin, ildə ən azı üç dəfə Gədəbəydən mənim üçün gətirtdiyin dağ otlarından dəmlənən çayın dadını, ətrini mən indi hardan alacam? Və hər dəfə də "bunu  bacın sənin üçün göndərib" deyə ömür-gün yoldaşın Göyçək xanımın bizim ailəyə olan sevgisini, diqqətini ürəyimdə, yaddaşımda təzələyirdin. Biz bu qədər yaxın ikən niyə ayrı düşdük? Namərd fələk, namərd fələk...

Bəli, Azərbaycan mətbuatında, Azərbaycan jurnalistikasında öz dəsti-xətti, öz yolu, öz sözü olan, rayon qəzetində müxbirlikdən başlayıb baş redaktorluğa qədər bütün vəzifələrdə çalışmış, öz sözünü öz vicdanı ilə yazmış və "Kirpi" kimi satirik bir jurnalın yaşamasına canıyla, puluyla çalışmış bir dəyərli qələm adamı bizi tərk etdi. Bu gediş bir yaxşı insanın da, bir xeyirxah adamın da aramızdan azalması deməkdi. Mən inanıram ki, Tanrı dərgahında da o, burda gördüyü gözəl işlərin mükafatını alacaqdır. Dövlətimiz ona "Əməkdar mədəniyyət işçisi" adı vermişdi. Amma o, bundan da yüksək bir ada, böyük hərflərlə yazılacaq, DƏYƏRLİ DOST, DƏYƏRLİ KİŞİ, DƏYƏRLİ İNSAN, DƏYƏRLİ ZİYALI adını qazanmışdı. Özü də bunu ona xalq - ətrafı, onu tanıyanlar vermişdi.

Ruhun şad olsun, Polad müəllim! Darıxma, sən o məkanda rahat ol! Bizim də yolumuz üzü o tərəfədi. Amma Tanrı dərgahına qovuşa biləcəm, yoxsa yox, onu deyə bilmərəm. Çünki Tanrı dərgahı sənin kimi kişilər üçündü. Amma mən harda olsam, ruhum sənə baş çəkəcək, buna inanıram. Bu həyatda necə mehriban olmuşuqsa, sənin olduğun yerə də ruhum ziyarətə gələcək!

 





23.02.2017    çap et  çap et