525.Az

Dünyanın zərrəsi olmaq istəyi...


 

Dünyanın zərrəsi olmaq istəyi...<b style="color:red"></b>

Müstəqillik illərində yazıb-yaradan sənətkarların əsərlərinə diqqət etsək, görərik ki, onlar bu illərdə düşüncələrini, dərdlərini, tələblərini, arzularını bacardıqca aydın, aşkar ifadə edə biliblər.

Müstəqillik illərinin yetirdiyi və bu illər ərzində 13 kitabın müəllifi olan şairlərdən biri də Siyəzən rayonunda yaşayıb-yaradan Nəcməddin Mürvətovdur. Onun imzası mətbuatdan, ekrandan-efirdən mənə tanış olsa da, şəxsən özünü tanımıram, son vaxtlara qədər kitablarından da xəbərim yox idi. Qələm dostlarım və həmkarlarımdan professor Məmməd Əliyev, dosent Rasim Nəbioğlu onun "Dünyanın zərrəsiyəm" şeirlər kitabını ( Bakı, "Şur", 2016, 192 s.) mənə təqdim edib bir şeirşünas kimi tanış olmağımı istədilər. Oxudum, oxuduqca maraq doğurdu...

Kitabın redaktoru və naşiri tanınmış şair Musa Ələkbərlidir. Elə buradaca qeyd edim ki, Musa Ələkbərli onun son səkkiz kitabının naşiri və redaktorudur. Kitaba digər tanınmış qələm dostumuz, şair-publisist, "Kredo" qəzetinin baş redaktoru Əlirza Xələfli "Hər zərrənin öz işığı" adında geniş ön söz yazmışdır. Kitabın cildində müəllif oxuculara belə təqdim edilir: "Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim Nəcməddin Tacı oğlu Mürvətov 1953-cü ildə Dəvəçi (indiki Siyəzən, keçmiş Xızı) rayonunun  Yuxarı Ələz kəndində anadan olmuşdur. "İlk sözüm" (1997), "Etiraf" (2001), "Varım, dövlətim" (2003) , "Dünyamıza sözüm var" (2005), "Həqiqət axtarıram" (2006),  "Yaxşılar azalmasın" (2008), "İnam zəfərə aparır" (2009), "Ömür adlı payım varmış" (2011, "Ürəklərin sifarişi sözümdə" (2012), "Bircə söz de, şeir yazım" (2014) , "Nə verdim ki, dünyaya..." (2014), "Səsim, ünüm, harayım..." (2015) kitablarının müəllifidir.

Məlumdur ki, şeirə, əsərə, yazıya və eləcə də kitaba qoyulan adlar haradasa həmin əsərlərin ədəbi-estetik məzmununu ehtiva edərək, müəllifinin qayəsi, məramı, istəyi barədə öncədən informasiya verir. Nəcməddinin kitablarının adlarından da göründüyü kimi, o ilk sözündən həyat həqiqətlərinin etirafında bulunub, sözü özünün varı, dövləti sanıb, dünyamıza sözüm var iddiası ilə həqiqət axtarışına çıxıb, ürəyinin və ürəklərin sifarişi ilə qələmə əl atıb, tək bircə, amma mənalı sözü də, şeirə çevirməyə cəhd edərək,  bu dünyaya -  səsim, ünüm, harayım deyə,  şeirlərdən ibarət söz boğçası bəxş edib, başqa sözlə, qələmə sığına-sığına dünyamızın zərrəsinə çevrilmək istəyi ilə yaşayıb... 

Məni məndən xəbər alma, sorma yox,
Haralıyam, kiməm, nəyəm, nəçiyəm?
Dünyamızdan yox iddiam, deyil çox,
Onun xırda zərrəsiyəm, "heçiyəm". 

Müəllifin yeni kitabı son illər qələmə alınmış  "Şeirlər", "Qəzəllər" və lirik esse-miniatürlərdən ibarət "Düşüncələr" bölmələrindən ibarətdir.

Onun şeirləri tərənnüm və vəsf lirikası deyil. Hərəsi gerçəkliyin bir qəlpəsi, bir zərrəsidir - Xəzər dənizinin sahillərindəki balıqqulağılar təki sərt, amma zərif, kövrək, hərəsi bir biçimdə, hərəsi bir naxışda... Əksəriyyəti də, nüvəsində bir vətəndaş yanğısı, istisi, hərarəti qorumaq şərti ilə... Bu hiss və duyğular Nəcməddinin şeirlərində bir az satirik fonda, didaktik məzmunda, nöqsan və çatışmayan cəhətlərdən yan ötmədən əksini tapır. Bütün bunlar isə ciddi mənəvi narahatlıqdan, ətraf mühitə və cəmiyyətə məhəbbətdən, sevgidən, qayğıdan mayalanır...

Nəcməddin bir şair, bir ziyalı kimi öz missiyasını aydın dərk edir, "sözü sərvət" hesab edərək, "söz mülkündə" yaradıcılıq axtarışlarına çıxır. Onun yaradıcılığında bir maarifçilik, təlim və tərbiyə işinə meyl müşahidə etdim ki, bu da onun müəllimliyindən nəşət edir, peşə stixiyasından təbii şəkildə irəli gəlir. Ətraf mühitə, baş verən hadisələrə əvvəl müəllim gözü ilə baxır, müəllim gözü ilə qiymətləndirərək şeirə, bədii mətnə çevirir.

Bu bədii təfəkkür nümunələri  əslində gəncliyə, gələcək nəslə yönəlikdir, onlara ünvanlanır, baş verən hadisələr haqqında poetik informasiyalar verilir, onların diqqəti dünyanın dərkinə, düzgün, qanunauyğun yaşayış tərzinin qurulmasına yönəldilir. Bir şair kimi o, halalı haramdan ayırmağa, yanlışları, səhvləri düzəltməyə, eybəcərlikləri islaha çağırır:

Yanlışını görə-görə laqeyd durub baxım necə?
Oda atırsan özünü almayımmı bunu vecə?
Anlasam ki, düşəcəksən lap nahaqdan zora, gücə,
Toxunmasın ürəyinə hirs, hikkənlə hər nə desəm,
Düşmən kimi baxma mənə, səhvlərini deyən kəsəm. 

Nəcməddinin şeirlərində həyata tənqidi baxış fikirdə rasionallığı şərtləndirir, emosionallıq ləngiyir, arxa plandan boylanır. Lirizmi yaradan nüanslar - nəşə, həzz, zövq, vəcd, sığallı, cilalı bənzətmələr, təşbehlər, lətif hallar, sırf lirik əhvallar şeirlərin alt qatında qalır. Əvəzində sərt realizm, sadə, el düşüncəsindəki  perifrazlar, həyatilik, səmimi, birbaşa, üzə deyiləcək sərt fikirlər üst qata çıxarılır ki, bütün bunlar onun özünəməxsus üslubunu yaradır.

Nəcməddin təkcə insanın könül, ruh aləminə deyil, yaşam, mənəviyyat, əxlaq, rəftar, gündəlik insani münasibətlər dünyasına ədəbi-didaktik ekskurslar edir. O, bir şeirində dediyi kimi, ən çox,  "Mübariz ol, məbada əymə boyun ruzigara" fikrini əsas tutur, özünün xarakterinə uyğun estetik prinsiplə çıxış edir.

Müəllifin müraciət etdiyi mövzular  ümumbəşəri yük daşıyır.  Burda  insan başlıca amildir. Günah da, günahkar da insan özüdür... Tanrı təbiəti insandan  milyon illər əvvəl yaradıb. İnsan - Adəm oğlu gəldi təbiəti dünya elədi, təbiətdən dünya yapdı... Bütün bu həyati-fəlsəfi təkamül poetik tərzdə onun "Dünya hamımızındır", "Gələcəyik qəzəbinə dünyanın", "Dünyamızda yaşayan...", "Vay, dünya",  "Dünya yalan deyil" kimi şeirlərində əksini tapıb. Mənə elə gəlir ki, bu şeirlərin ruhu Xızı dağlarının müqəddəs mehrablarından burularaq qalxan, Beşbarmaq ziyarətgahının zirvəsində cunalanan xəfif bir duman kimi onun bütün yaradıcılığına hopubdur:

Tanrı qurub əzəldən bir ilahi nizamı,
Yaranan torpaqdandır, torpağa dönür hamı...
Əzəl mənbədən gəlir hey sonrası, davamı,
Bir adətdir onunçün, dünya - boşalıb dolan,
Yalançılar bizik, biz, dünya deyil ki yalan!

Nəcməddinin şeirlərində müəllif mövqeyi, istəyi, tendensiyası aydındır, birbaşadır, örtülü, məcazlar silsiləsi, sözçülük pərdəsi arxasında gizlədilmir. Onun Cəfər Cabbarlıya, Mikayıl Müşfiqə, Zəlimxan Yaquba və digər şəxsiyyətlərə ithaf şeirlərindəki sənətə, sənətkara yüksək münasibət, dərin hörməti, məhəbbət də beləcə dəqiq, aydın ifadə edilib.

Öz mühitində gördüyü, tanıdığı insanın xarakteri, psixologiyası, düşüncə tərzi, nitq koloriti Nəcməddinin misralarında dürüst təqdim olunur. Və görünür, ümumən  yaradıcılıq həm də ona görə qiymətlidir ki, ağır bir elin mentalitetini ədəbiyyata gətirmək işi məhz bu sayədə gerçəkləşir. Şair Nəcməddin bu işi yalnız istedadla yox, eyni zamanda, vicdanla, məsuliyyətlə yerinə yetirir.

Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas 

 





10.03.2017    çap et  çap et