525.Az

Azərbaycanlı səyyah “Salam, Almaniya” deyəcək


 

Azərbaycanlı səyyah “Salam, Almaniya” deyəcək<b style="color:red"></b>

İyunun 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində fotoqraf-səyyah Aydın Sadıxovun “Hallo Deutschland“ adlı fotosərgisi açılacaq.

“Kapellhaus”dan AzərTAc-a bildirilib ki, Alman-Azərbaycan Mədəniyyət Birliyi tərəfindən təşkil edilən sərgidə azərbaycanlı fotoqraf-səyyah Aydın Sadıxovun Almaniyaya səyahətləri zamanı çəkdiyi ən maraqlı 30-dan çox foto nümayiş etdiriləcək.

Fotoqrafın sözlərinə görə, Almaniyanın müxtəlif bölgələri, tarixi abidələri və adətən səyyahların diqqətindən kənarda qalan kiçik şəhər və məntəqələr sərginin qonaqlarında xüsusi maraq yarada bilər. Bundan başqa, fotoqraf səyahətlər vaxtı baş vermiş macəralar, lentə aldığı abidə və tarixi yerlər haqqında geniş məlumat verəcək.

Sərgidə Bavariya kralı II Lüdviqin adı ilə bağlı “Noyşvanştayn” və “Xoenşvanqau”, Vürtemberq qrafı Vilhelm ilə bağlı “Lixtenştayn” kimi məşhur qalaların görüntüləri təqdim olunacaq. Sərgidə qonaqlar Almaniyanın məşhur “Lüftmaleray” rəsm növü, “alman qotikası” memarlıq inciləri və qədim keltlər, romalılar dövründə bünövrəsi qoyulan, Almaniyanın ən qədim şəhərlərindən biri olan Kempten şəhəri ilə tanış olacaqlar.

İki gün davam edəcək sərgiyə giriş sərbəstdir.

 





25.05.2017    çap et  çap et