525.Az

Kiyevdə Respublika Gününə həsr olunmuş tədbir


 

Kiyevdə Respublika Gününə həsr olunmuş tədbir <b style="color:red"></b>

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev şəhərində 28 May - Respublika Gününə həsr olunmuş təntənəli tədbir təşkil edib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, Ukraynanın dövlət və hökumət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak etdikləri tədbirdə Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı təqdim olunub.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək 1918-ci ildə müsəlman Şərqində ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açıb. Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini vurğulayıb.

Millət vəkili Elmira Axundovanın qələmə aldığı “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabinin tarixi faktlarla zəngin olduğunu diqqətə çatdıran səfir əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial-iqtisadi islahatlardan, Azərbaycanın Qərblə Şərqin multikulturalizm və tolerantlıq mərkəzinə çevrilməsindən, əsasən də xalqla dövlət başçısı arasındakı qarşılıqlı etimad və hörmətin vəhdətindən bəhs olunduğunu bildirib.

Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, iqtisadi inkişaf və ticarət nazirinin müavini Mixaylo Titarçuk və digər şəxslər tarixin bütün dönəmlərində dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycan xalqına Respublika Günü münasibətilə xoş arzularını çatdırıblar.

Natiqlər bünövrəsi dahi Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini vurğulayıblar. Onlar Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini özündə əks etdirən kitabın Ukrayna dilinə tərcümə olunmasının tarixi əhəmiyyətindən danışıb, əsərin dövlət quruculuğu ilə və siyasətlə məşğul olan hər bir kəs üçün dəyərli töhfə olduğunu bildiriblər.

Kitaba verdikləri yüksək dəyərə görə tədbirdə iştirak edənlərə minnətdarlığını bildirən Milli Məclisin deputatı Elmira Axundova qələmə aldığı əsərdə postsovet məkanında ən praqmatik siyasi xadimlərdən biri olan Prezident İlham Əliyev haqqında real faktlara söykənən təhlillərin verildiyini qeyd edib. O, kitabın Ukrayna dilinə tərcümə olunmasına verdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə və nəşrin tərcüməçisi Mehman Salmanova dərin təşəkkürünü bildirib.

Ukraynanın aparıcı kütləvi informasiya vasitələrinin işıqlandırdığı bayram tədbiri geniş konsert proqramı ilə başa çatıb.

 





25.05.2017    çap et  çap et