525.Az

Ali məktəblər üçün dərslik: “Azərbaycan multikulturalizmi”


 

Ali məktəblər üçün dərslik: “Azərbaycan multikulturalizmi”<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi üç il ərzində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxlu sayda regional və beynəlxalq layihələrə imza atıb.

BBMM-dən 525.az-a verilən məlumata görə, bu layihələrə hazırda iyirmi xarici ölkə universitetində, ölkəmizin isə qırx ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən, onlarla xarici ölkəni təmsil edən yüzlərlə gəncin platforması olan “Azərbaycanın Gənc Dostları Klubu”, Yay və Qış Multikulturalizm məktəbləri, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması da daxildir. Mərkəzin Türkiyə, Rusiya, Almaniya, İndoneziya, Portuqaliya, Bolqarısan, İtaliya, Belarus, Litva, Gürcüstan, Ukrayna, Çexiya və başqa ölkələrin nüfuzlu universitetlərində və ölkəmizdəki ali təhsil ocaqlarında tədris fəaliyyətini elmi ədəbiyyatla təchiz etmək üçün 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində ilk dəfə Azərbaycan multikulturalizminin qaynaqları seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəşr olunub. Tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən BBMM-in növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi olub. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu dərslik ADU-nun elmi şurasının tövsiyəsi ilə nəşr edilib. Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiya daşıyan belə bir dərsliyin ilk dəfə nəşri əlamətdar hadisədir.

Belə ki, qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları dərslik təkcə Azərbaycan multikulturalizminin ayrı-ayrı istiqamətlərinin, dərin tarixi, mədəni, fəlsəfi, sosial qaynaqlarını, ölkəmizin multikultural təhlükəsizlik konsepsiyasını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin formalaşmasına verdiyi əvəzsiz töhfələrin fərqli aspektlərdən təqdimatını deyil, həm də dünyadakı mütərəqqi multikulturalizm modellərini müqayisəli əsasda tələbələrə təqdim edir. Dərsliyin elmi redaktoru, akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik Portuqaliyadan İndoneziyayadək müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu baxımdan dərsliyin qisa vaxtda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdəndir. Dərsliyin müxtəlif dillərə tərcüməsi Azərbaycan multikulturalizmi fənninin arealının genişlənməsini daha da sürətləndirəcək. Nəfis tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda təbliği və təşviqində öz töhfəsini verəcək.

 





27.06.2017    çap et  çap et