525.Az

Sabir Abdinin şeirləri


 

Sabir Abdinin <b style="color:red">şeirləri</b>

Türkə yiyə - Türkiyə

(Məlum 15 iyul hadisələrinə)

"Dünya ona görə gözəldir ki,
orada türklər yaşayır".
Professor Nizaməddin Şəmsizadənin "Türkə yiyə-Türkiyə" məqaləsindən.

Türklərin ümid yeri
Türkə yiyə - Türkiyə.
Həm qibləsi, həm piri
Türkə yiyə - Türkiyə.

Milləti bir ordudu,
Ulu Dədə Qorqudu,
Qəhrəmanlar yurdudu,
Türkə yiyə - Türkiyə.
Düşmənləri boğuldu,
Neçə şəhid doğuldu,
Torpağına oğuldu,
Türkə yiyə - Türkiyə.

Bayraq qana boyandı,
Yatmış gecə oyandı,
Yer üzünə həyandı,
Türkə yiyə - Türkiyə.
 
Tarix qansız yazılmaz,
Türk elləri basılmaz,
Yad bayraqlar asılmaz,
Türkə yiyə - Türkiyə.
 
Çanaqqala, Maraşı,
Görmüş neçə savaşı,
Azərbaycan qardaşı,
Türkə yiyə - Türkiyə.

Ayaqlar altından qaçan torpağın...

Ayaqlar altından qaçan torpağın
Ən kövrək, ən məsum balasıyam mən.
Ovcumda göyərən, uçan torpağın,
Köksündə xal olan lalasıyam mən.

Vətən torpağından pay verənlərin
Bir üzü xəcalət, bir üzü qara.
Dağların qoynunda ağlayan Şuşa
Bağrımın başında sızlayan yara.

Torpaq da canlıdı, çağlayar, gülər
Taledən, Tanrıdan yanar çırağı.
Qürbətdi, Vətəndi, sevənlər bilər
Torpaqdı gözümün qarası, ağı.

Torpaq anamızdı, son sirrimizdi
Tutar əlimizdən, əl açan kimi.
Dünyadan köçəndə son yerimizdi,
Bizi bələyəcək balası kimi.
 
Ağaclar qocalır...

Ağaclar qocalır... dünya boşalır...
Nə olsun dünyada ağaclar çoxdu.
Qoca ağacların kölgəsi meşə,
Cavan ağacların kölgəsi yoxdu.

Dərin fikrə gedib dərin meşələr...
Bir ağac yıxılıb, bir bulud dolub.
Əyilən budaqlar ayrılsalar da,
Torpaqda kökləri qol-boyun olub.

Ağaclar qocalır, qocaldım mən də...
Söykənib onlara, göylərə baxdım.
Bir çiçək ömrüymüş bir şair ömrü,
İlahi, beləymiş taleyim, baxtım.

Qocalır ağaclar, heyif qocalır...
Payız yarpaqları xınası kimi.
Çılpaq qollarını göylərə açmış
Yerlərin göylərə duası kimi.

Nə xoşbəxtdi əllərim

Nə xoşbəxtdi əllərim...
Saçlarında gizlənib.
Sənsiz gözümdə dünya
Dərələnib, düzlənib.

Gözlərində bülbültək
Yuva qurub gözlərim.
Bu yuvada doğulub,
Sarıdimdik sözlərim.

Hər baxışın bir duam...
Sən ömrümə Ay oldun.
Günəş kimi hər səhər,
Mənim üçün doğuldun.
Nə göydəyik, nə yerdə
Dünya sirli evimiz.
Hər suala cavabdı,
Bizim ülvi sevgimiz.

Gözlərimdən tökülən yuxu

Gözlərimdən tökülən yuxu...
mənim olmadın.
Nə fərqi var kiminsən,
lap elə hər kiminsən...
Töküldün yollara,
yiyəsiz göz yaşı kimi.
Sonra da çəkildin
o uzaq göylərə.
Və göylərdən mənim
şəklimi çəkdin.
Yağışdan ayrı, buluddan ayrı
orda da sən tək idin...
Göy üzündə od tutub yananda,
sönüb yenə alovlananda,
nə yaxşı ki mənim olmağını
gec də olsa biləcəkdin.
Sonra gözlərimdə öləcəkdin
və yenidən diriləcəkdin...

Bu gecə qərib bir adam kimidi

Bu gecə qərib bir adam kimidi...
istədi sığınsın mənə,
gözlərimə yığışsın.
Daha bilmədi ki,
ondan da qərib olan
elə mən özüməm.
Üzümə üz tutub,
sözümə söz tutub,
gözümə köz çatıb
hər ikimiz oyaq qaldıq,
bu dünyaya qonaq olduq,
və ağaclarla qocaldıq...
Asılmışam özümdən...

Özümdən qaçıram, tapım özümü,
Neyləyim, özümə çata bilmirəm.
Qayıdıb görürəm özüm deyiləm,
Özümü özümdən ata bilmirəm.

Gözümdən itirəm, azıb gedirəm...
Gedirəm dünyanın sonuna qədər.
Sonu görünməyən yenə özüməm...
İtkin gözlərimə yüklənir kədər.

Ayaqlarım kardır, əllərim də kor
Qaçıram gecədən gündüzə sarı.
Axtardığım nədir, hələ bilmirəm
Mən tapa bilmirəm, özümü barı.

Yollar yorğan oldu, çəkdim üstümə,
Qarışıb yağışa yağıram mən də.
Asılmışam özümdən, qovuşum kimə
Ümid tanrıyadır, çağırım mən də...

Ömrüm

Özümdən özümə çəkilən yolam,
Qəlbimdən dünyaya uzanan qolam,
Həmişə gözləri yol çəkən yolam,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.

Özüm öz gözümdə azıb gəlirəm,
Sözümü daşlara yazıb gəlirəm,
Durna sözlərimi düzüb gəlirəm,
Bahar ünvanlısan, yağ gedək, ömrüm.

Dünya bir pəncərə... qapısı hanı?
Yağıdan uzaq ol, dostları tanı,
Günəşi doğacaq sökülən danın,
Gecə-gündüzünə bax gedək, ömrüm.
Qızıl saçlarını səpəcək Günəş,
Nəğmənin üzündən öpəcək Günəş,
Sanma məhvərindən qopacaq Günəş,
Nəğmətək qəlbimə ax gedək, ömrüm.

Bu gecə ürəyim Aşıq Qəribdi

Gecədən o yana bir gecə də var...
Adın bitən yerdə "Ah" heca da var,
Dalandan ayrılan ağ küçə də var,
Bu gecə ürəyim Aşıq Qəribdi.

Sözü də sənindi, musiqisi də
Qəlbimə süzülən şirin səsi də,
Vallah, bu qəriblik mənim bəsimdi
Bu gecə ürəyim Aşıq Qəribdi.

Göylərin şamına "Ay"mı deməzdik,
Telləri tərsinə saymı deməzdik,
Biz toymu qurmuşduq, vaymı deməzdik
Bu gecə ürəyim Aşıq Qəribdi.

Qayıt, şirin yuxum, gözümə qayıt...

Gözümdən yuxu da qaçaq düşübdü,
Yaxınlar qəlbimdən uzaq düşübdü,
Yadıma  duyğulu o çağ düşübdü,
Qayıt, şirin yuxum, gözümə qayıt.

Gözdən göz yaşı da heç perikərmi?
Qəlbimdə əriyən qar görükərmi?
Gözlərin arxamca leysan tökərmi?
Qayıt, şirin yuxum, gözümə qayıt.

Göz-ürək arası bir tənha  yolam,
O titrək bənövşə ən kövrək balam,
Uçmaz sevgimizə tikdiyim qala,
Qayıt, şirin yuxum, gözümə qayıt.

 

 





16.08.2017    çap et  çap et