525.Az

"Düşmən itkisinə ürək yanğısı ilə yanaşmaq vətənpərvərliyin təbliğinə kömək etmir"


 

"Düşmən itkisinə ürək yanğısı ilə yanaşmaq vətənpərvərliyin təbliğinə kömək etmir"<b style="color:red"></b>

"Avqustun 14-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində düşmən ölkənin əsgəri aldığı güllə yarasından həlak olub. Dünəndən isə bəzi Azərbaycan saytları həmin əsgərin şəklini verməklə yanaşı, sızıltı ilə onun ailənin tək oğlu olduğunu da vurğulayıblar. Düşmən əsgərinin şəklini vermək və onun ailə vəziyyətini yazmaqda məqsəd nədən ibarətdir? Bunu başa düşə bilmirəm".

Bu sözləri Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, düşmən düşməndir: "İşğal edilmiş Azərbaycan torpaqlarında ölən düşmən əsgərinin şəklini görmək və onun ailəsinin tək oğlu olduğunu bilmək Azərbaycan oxucusuna nə qədər lazımdır? Həmin əsgər düşməndir, o, mənim torpağımda işğalı davam etdirməkdən ötrü gəlib. O, hər an Azərbaycan əsgərini öldürməyə hazır olub, o, dövlətinin ondan istifadə etməsindən xəbərdar olub".

A.Mirzəzadə qeyd edib ki, iki yaşlı Zəhra Quliyevanı və onun nənəsini öldürmək üçün mərmini atan əsgərlər də ailənin tək oğlu olan cavan oğlanlar idi: "Ancaq onlar hamısı düşmən ordunun əsgərləridir. Onlar torpaqlarımızı işğalda saxlayırlar. İlin əvvəlində işğal olunmuş bir Ermənistan əsgərinin Moskvada yaşayan bacısı sosial şəbəkədə bir status paylaşmışdı. O, Qarabağda ölən qardaşının evin tək oğlu olduğu bildirərək onun qisasını Moskvada yaşayan azərbaycanlı oğlanlardan alacağını elan etmişdi. İndi biz ölən düşmən əsgəri üçün göz yaşı tökməliyikmi, onun ailəsi ilə ürəyimizdən qara qanlarmı axmalıdırmı? Onun düşmən əsgəri olmasını niyə yaddan çıxarırıq?"

Deputat hesab edir ki, düşmən əsgərinın itkisinə ürək yanğısı ilə yanaşmaq, onun şəklini və tərcümeyi-halının xırdalıqlarının verilməsi heç də hərbi-vətənpərvərlik hisslərinin təbliğinə kömək etmir: "Bu cür informasiyalar sabahkı gənc əsgərlərdə düşmənə nifrət hissini formalaşdırmır, onun sabah cəbhə xəttində mətin qulluğuna kömək etmir".

Ceyhun ABASOV

 





16.08.2017    çap et  çap et