525.Az

Qaxda dini regional konfrans


 

Qaxda dini regional konfrans <b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçirilib.

Komitədən verilən məlumata görə, konfransda rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturunun nümayəndələri, rayonun təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan "İslam Həmrəyliyi ili"nin önəminə toxunub. O qeyd edib ki, İslam həmrəyliyi dedikdə prezidentin bu ideyaya daxil etdiyi həssas və dərin mətləbləri nəzərə almalıyıq. İ.Abbasov bildirib ki, bu, son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Natiq, eyni zamanda "İslam Həmrəyliyi İli" çərçivəsində rayonda həyata keçirilən konfrans, seminar, maarifləndirmə tədbirləri, eləcə də islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin effektinin daha da artırılmasıdır.

Zərərli dini cərəyanlara qarşı mübarizədə dini maarifləndirmənin önəminə toxunan G.İsmayılov bildirib ki, insanları yalnız inzibati tədbirlər yolu ilə zərərli dini cərəyanların təsirindən qorumaq qeyri-mümkündür: "Buna görə də hər kəs minimum dini biliklərə sahib olmaqla yanaşı, zərərli dini cərəyanlar və qeyri-ənənəvi təriqətlər barədə məlumatlı olmalıdır. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir".

Sədr müavini deyib ki, təəssüf ki, bu gün dünyada İslamı terrorizmlə eyniləşdirməyə çalışan qüvvələr var: "Onların yaratdığı bu mənzərə İslamın daxilindəki parçalanmadan, maarifçilikdən uzaq düşməkdən qaynaqlanır".

Azərbaycanın artıq İslam dünyasının sabit ölkəsinə çevrildiyini, təriqətlərarası sülh və etimad mühitinin ölkəmizdə etibarlı şəkildə qorunduğunu diqqətə çatdıran G.İsmayılov məhz  bu ilin ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilməsinin təsadüfi olmadığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov isə dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Ceyhun ABASOV

 





16.08.2017    çap et  çap et