525.Az

Özbəkistan mediasından Azərbaycan mədəniyyətinə diqqət


 

Özbəkistan mediasından Azərbaycan mədəniyyətinə diqqət<b style="color:red"></b>

Özbəkistanın "Tasvir" jurnalında jurnalist Rimma Sabircanovanın Azərbaycan haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında danışılır, qədim tarixi abidələrlə bağlı məlumat verilir.

Yazıda İşərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Dənizkənarı Milli Parkdan bəhs edilir, bu məkanların tarixindən söhbət açılır. Bildirilir ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib, neft sektoru, eləcə də digər sahələr inkişaf edir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və bu gün onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti hesabına başa gəlib.

Özbəkistanın 1news.uz portalı isə jurnalist Dilbər Babacanovanın rus dilində "Bakı - yenidən qayıtmaq istədiyin şəhər" sərlövhəli məqaləsini yayıb. Məqalədə Azərbaycanın bayrağı, gerbi və himni haqqında danışılır, Dövlət Bayraq Meydanı ilə bağlı məlumat verilir, hündürlüyünə görə Azərbaycan bayrağının Ginnesin Rekordlar Kitabına düşdüyü bildirilir. Həmçinin Azərbaycanın inkişafı, iqtisadi imkanları haqqında da məlumat verilir.

Müəllif Bakının tarixi, qədim və müasir binaları, İşərişəhər, Dənizkənarı Milli Park, Atəşgah haqqında söhbət açır, Bakını dünyanın ən qədim və gözəl şəhərlərindən biri kimi təqdim edir.

Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən özbək jurnalistləri və yazarlar üçün "Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü" adlı layihə həyata keçirilir. Bu çərçivədə iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub, onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Layihəyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.

 





23.08.2017    çap et  çap et