525.Az

"Sağlam Azərbaycan" Festivalı keçiriləcək


 

"Sağlam Azərbaycan" Festivalı keçiriləcək<b style="color:red"></b>

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və Bulvar İdarəsinin birgə dəstəyi ilə ölkədə ilk dəfə "Sağlam Azərbaycan" Festivalı keçiriləcək. Tədbir Dövlət Bayraq Meydanı və Su İdman Sarayı arasında yerləşən ərazidə baş tutacaq.
 
Bu barədə festivalının təşkilatçısı Nigar Məmmədova dünən keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, festivalın açılış mərasimi üçün bu ərazinin seçilməsi təsadüfi deyil: "Biz qərara gəldik ki, ölkədə ilk dəfə keçiriləcək "Sağlam Azərbaycan" Festivalı daha çox insana açıq olsun. Buna görə də Dövlət Bayraq Meydanı və Su İdman Sarayı arasında yerləşən ərazi seçildi ki, bu ərazi ölkəmizi gəzməyə gələn qonaqlara, turistlərə daha yaxşı tanışdır. Festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat tərzinə çağıran vegan mədəniyyəti də təqdim olunacaq. Məqsədimiz yerli əhali və turistlərə sağlam həyat tərzini aşılamaqdır. Festival iştirakçıları təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər".

Mətbuat konfransında "Sağlam Azərbaycan Fsetivalı"nın da proqramı açıqlanıb. Bildirilib ki, məhz bu festival üçün Azərbaycana Ukraynadan aşpaz Konstantin Stolyarov dəvət olunub. O, festival iştirakçıları üçün dadlı vegeterian yeməkləri bişirib təqdim edəcək. Əcnəbi şirniyyatçı qızlar da festivala öz təamları ilə rəng qatacaq.

Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı, ana və uşaq üçün özünü müdafiə dərsləri, "Happy starts", gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street boll və "Lektoriy" maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.

Festivalda böyüklərlə yanaşı, balacalar üçün də zəngin və əyləncəli proqram nəzərdə tutulub. Balacalar üçün rəqs, yoqa, kapoeyra dərsləri, Face art və karikatura master klassları, maarifləndirici oyunlar keçiriləcək. Uşaqları şar bağlayan və sehrbazla yanaşı animatorlar əyləndirəcək.

"Sağlam Azərbaycan" Festivalının maraqlı məqamlarından biri də insanlar üçün təşkil olunan pulsuz həkim müayinələridir. Festivala qatılanlar müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək, məsləhət almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Dövlət Bayraq Meydanının və Su İdman Sarayı arasında yerləşən ərazində gerçəkləşəcək "Sağlam Azərbaycan" Festivalının açılış mərasimi avqustun 25-də, saat 11:00-da baş tutacaq. 3 gün davam edəcək festivala giriş pulsuzdur.

Ceyhun ABASOV

 





23.08.2017    çap et  çap et