525.Az

Prezidentlərin görüşündə əsas müzakirə mövzuları nə olacaq?


 

"TÜRKİYƏNİN CƏNUBİ QAFQAZDAKI MƏSƏLƏLƏRDƏ FƏAL İŞTİRAK ETMƏYƏ TAM HAQQI VƏ SƏLAHİYYƏTİ VAR"

Prezidentlərin görüşündə əsas müzakirə mövzuları nə olacaq?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.

10-11 sentyabr tarixlərinə planlaşdırılan səfərin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, daha da yüksəldilməsi baxımından mühüm məsələləri əhatə edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Türkiyə prezidenti sonuncu dəfə Azərbaycana iki il əvvəl, 2015-ci ilin iyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi ilə bağlı səfər etmişdisə, daha sonrakı il iki dəfə planlaşdırılan səfər konkret səbəblərə görə baş tutmamışdı. R.T.Ərdoğan 2016-cı ilin fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi üçün geniş nümayəndə heyəti ilə Gəncəyə səfər edəcəkdi. Lakin Ankarada terror aktının törədilməsi səbəbindən səfər təxirə salınmış, daha sonra martın 15-ə təyin olunmuşdu. Ancaq martın 13-də Ankara yenidən terror aktı ilə silkələndi. Bu da səfərin yenidən təxirə düşməsinə ciddi səbəb idi. Ancaq Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə terrorla mübarizədə həmrəylik nümayiş etdirərək görüşün təyin olunduğu gün Bakıda deyil, Ankara keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Nəticədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyə paytaxtında baş tutmuşdu. Ona görə də Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycana səfərini çoxdan gözlənilən görüş adlandırmaq olar.

Türkiyə-Azərbaycan prezidentləri R.T.Ərdoğanla İ.Əliyevin planlaşdırılan növbəti Bakı görüşü ilə bağlı "525"ə fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyə prezidentinin Bakı səfərinin böyük önəm kəsb etdiyini hesab edir. Onun sözlərinə görə, bu səfərin təsadüf etdiyi hazırkı dövrdə Türkiyənin qarşısında yeni perspektivlər var: "Ankaranın Qərblə münasibətləri soyuqlaşır, region və Rusiya ilə münasibətləri isə daha da istiləşir".

Politoloq qeyd edib ki, son dövrlərdə Türkiyə-Azərbaycan əlaqələrində bir sıra yeni irəliləyişlər var: "Məsələn, Ankaranın fəal dəstəyi ilə bölgədə Türkiyə-Gürcüstan-Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Bundan sonra prezidentlər səviyyəsində üçlü görüşün keçirilməsi də gündəmdədir. Digər önəmli görüş isə Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində olub. Həmin görüşdən sonra xarici işlər nazirləri qərara alıblar ki, prezidentlər səviyyəsində görüş keçirilsin".

Q.Hüseynli hesab edir ki, regionda Türkiyə və Azərbaycanın iştirakı ilə fəal siyasət həyata keçirilir: "Bu siyasət Cənubi Qafqazda həm Türkiyənin, həm də Azərbaycanın fəallığını təmin etməklə iki ölkə üçün yeni perspektivlər açır. Əlbəttə, bunun üçün Azərbaycan-Türkiyə ittifaqının daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var. Yəni, zənnimcə, bu ittifaqın möhkəmləndirilməsinin ən mühüm cəhəti iki ölkə arasında Viza sisteminin ləğv edilməsi, eyni zamanda, Azərbaycanın vəziyyətini və regionda Rusiyanın daha da aktivləşməsini nəzərə alaraq, Bakı ilə Ankara arasında hərbi saziş, hərbi ittifaq və yaxud Azərbaycanda, xüsusən Naxçıvan bölgəsində Türkiyənin hərbi bazasının yaradılması məsələsi gündəmə gətirilməlidir. Ən azından bu məsələ müsbət şəkildə həll edilməlidir. Doğrudur, bu məsələyə NATO tərəfindən müəyyən əngəllər yaradıla bilər. Ancaq hərbi saziş məsələsində NATO nizamnaməsi ilə müəyyən uyğunsuzluqların meydana çıxması mümkündür. Lakin hərbi bazanın yaradılmasının hüquqi bazası da var. Söhbət 1923-cü ilin mayın 18-də Türkiyə ilə Rusiya arasında imzalanan Qars müqaviləsindən gedir. Bu sənəd Türkiyəyə Naxçıvanın təhlükəsizliyinin təminatçısı və zəmanətçisi kimi həmin ərazidə hərbi baza yaratmaq hüququ verir".

Politoloq bildirib ki, hazırda həm Türkiyə, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın diqqət yetirdiyi əsas məsələlərdən biri Avropanın mavi yanacaqla təminatıdır: "Bu məsələdə Qərb ölkələri Azərbaycana xüsusi önəm verir. Bu layihə hələ ki TANAP layihəsi şəklində özünü göstərir. Əvvəllər isə NABUCCO layihəsi var idi. Bu layihə hələ gündəmdə olmasa da, Avropanın böyük hissəsinə Azərbaycan qazının çatdırılması məsələsini özündə ehtiva edirdi. Həmin layihədə Azərbaycanla yanaşı, Türkmənistan və bəzən də İran qazının ötürülməsi ideyası irəli sürülürdü. Lakin bu gün gündəmdə olan məsələ Azərbaycan və Türkmənistan qazının Avropa bazarlarına çıxarılmasıdır. Azərbaycan artıq Avropa bazarındadır. Avropa İttifaqının üzvü olan Yunanıstan və İtaliya Azərbaycan qazından istifadə edir. "Şahdəniz" qaz layihələrinin birinci və ikinci fazası işə düşəndən sonra Avropanın daha çox ölkələrinə - bütünlükdə İtaliya, İspaniya, Serbiya, Albaniya və digər dövlətlərə Azərbaycan qazı gedib çıxacaq. TANAP və TAP layihəsinə Türkmənistan qazı da qoşulsa, Xəzər dənizinin dibi ilə qaz kəməri çəkildə, o zaman, NABUCCO-ya bənzər layihə ortaya çıxacaq. Yəni, Avropanın böyük hissəsinin mavi yanacaqla təminatı məsələsi öz həllini tapacaq. Doğrudur, Türkmənistan buna hazırdır. Sadəcə olaraq bu layihənin gerçəkləşdirilməsinə mane olan Rusiya amili var. Şimal qonşumuz çox da populyar olmayan bir bəhanəylə - guya Xəzər dənizinin ekoloji vəziyyətini nəzərə alaraq "Trans Xəzər" qaz kəməri layihəsinə etiraz edir. Amma Rusiya özü Qara və Baltik dənizlərinin dibi ilə ikinci qaz kəmərlərini çəkməyə hazırlaşır. Halbuki, hazırda texnologiya o səviyyədə inkişaf edir ki, qaz, hətta neft kəmərləri dənizin ekologiyasına zərər vermədən reallaşdırıla bilər".

Q.Hüseynli deyib ki, Türkmənistanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi onu deməyə əsas verir ki, TANAP Avropanı mavi yanacaqla təmin edə biləcək daha iri, real qaz kəməri layihəsinə çevrilə bilər: "Yəqin ki, bu məsələ Türkiyə prezidentinin Bakıya səfərində əsas müzakirə mövzularından biri olaraq".

Politoloqun fikrincə, Türkiyənin Qafqaz ölkəsi kimi (oxu: Türkiyənin ərazisinin bir hissəsi Qafqazdadır)  Cənubi Qafqazdakı məsələlərdə fəal iştirak etməyə tam haqqı və səlahiyyəti var: "Bu baxımdan Türkiyənin Cənubi Qafqazda fəallaşması hiss olunur. Bu fəallaşmanın daha yüksək səviyyəyə qaldırılması üçün Azərbaycanla Türkiyənin birgə çalışması xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu fəaliyyət müəyyən hüquqi müstəviyə oturdulacaq və iki dövlət arasında strateji ittifaq yeni cəhətləri ilə seçiləcək".

Ceyhun ABASOV

 





23.08.2017    çap et  çap et