525.Az

Millət yaddaşının keşikçisi - Fotolar


 

Millət yaddaşının keşikçisi - <b style="color:red">Fotolar </b>

Dəyərli “525”cilər!

Milli yaddaşımızın ən ardıcıl və dürüst qoruyucularından olan qiymətli alimimiz professor Şirməmməd Hüseynova qəzetinizdə çoxdan bəri hər həftə səxavətlə ayırdığınız yer, mahiyyəti ilə, vətənə xidmətdir. Vətənin daşını hər kəs qaldıra bilməz, amma belə bacarığı olana maneçilik deyil, dəstək göstərməyin özü də nəciblikdir, yurda və xalqa yararlı olmaq nümunəsidir. Uzun həftələr və aylar boyunca əziz Şirməmməd müəllimin qəzetinizin sütunlarından xalqa çatdırdığı qiymətli yazılar istiqlal tariximizin unudulmamalı səhifələridir.

Təqdim etdiyim bu yazıyla bu şənbə ustadın guşəsinə qonaq olmaq istəyirəm.

4 ay öncə Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilirdi. Həmin toplantıda mən də çıxış etmişdim. Şirməmməd müəllim ötənaykı görüşlərimizdən birində mənə həmin mərasimin videoyazısını hədiyyə etdi. Mən də qərara aldım, o gün söylədiklərimi kağıza da köçürüm ki, Şirməmməd müəllim və onun əsəri haqda düşüncələrim daha çox insana yetişsin.

Bu qədər mühüm, çətin əməklərə qatlaşan, millətəxeyir bəhrələr doğuran ustada ən azı sağolumuzu, sayğımızı, sevgimizi dilə və qələmə gətirməyi əsirgəməyək ki, şərəfli işini davam etdirmək yolunda ilhamı və eşqi bir qədər də artsın.

Hörmətlə, Rafael Hüseynov Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin 2017-ci il iyunun 8-də keçirilmiş təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun çıxışı

Əziz Şirməmməd müəllim, hörmətli dostlar, xanımlar və cənablar!

Biz bu anlarda müasir gerçəkliyimizdə, Azərbaycanın düşüncə həyatında son dərəcə əlamətdar olan, həyəcan və qürur doğuran bir hadisənin qeydetmə mərasimindəyik.

Haqlıdır Şirməmməd müəllim, Azərbaycan tarixinin elə hadisələri var ki, onları biz hər zaman anmalı, onlar barəsində daim minnətdarlıqla düşünməliyik. XX yüzilin başlanğıcındakı Azərbaycan tarixində iki oxşar məqam var ki, ikisinin də əvvəlində göz yaşı dayanır.

1918-ci il may ayının 28-də Tiflisdə sabiq Qafqaz canişinliyinin iqamətgahında Həsən bəy Ağayev Azərbaycanın İstiqlal Bəyannaməsini elan edirdi.

O, İstiqlal Bəyannaməsinin mətnini oxuyurdu, müstəqil dövlətimizin yarandığını elan edirdi və həmin yığıncağın protokolunda o qəbil sənədlər üçün çox da səciyyəvi olmayan qeydlər də əksini tapıb ki, Həsən bəy Ağayev ağlayırdı, Xəlil bəy Xasməmmədov ağlayırdı, Nəsib bəy Yusifbəyli ağlayırdı, Xudadat bəy Məlikaslanov ağlayırdı...

O insanlar ki bu istiqlalı elan edirdilər, onlar bu möhtəşəm anların fövqəladə mənasını, millət tarixindəki yerinin ali siqlətini bütövlüyü ilə anlayırdılar, bunun bir millət üçün nə qədər müstəsna bəxtiyarlıq olduğunu dərk edirdilər, ona görə kövrəlirdilər.

Və 1920-ci il aprel ayının 27-si Azərbaycan Parlamentinin - Məclis-i Məbusanın son iclası. Məhəmməd Əmin Rəsulzadə söz alaraq iclasın başlanğıcında deyir ki, biz bu yığıncağımızı qapalı keçirməyək. Qapıları açaq, millət gəlsin və görsün ki, taleyimizdə nə baş verir. Millətin müqəddəratı həll olunur və insanlarımız bundan bixəbər qalmamalıdır.

Məhəmməd Əmin Rəsulzadə qəlb ağrısı ilə belə deyirdi. Çünki Azərbaycanın müstəqilliyi əldən gedirdi, hakimiyyət, istiqlal bolşeviklərə təslim edilirdi.

Bu sənəddə də belə protokollar üçün heç də xas olmayan belə bir cümlə var. Mötərizədə yazılıb ki, “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyov ağlayır.

O əvvəlki göz yaşı - Həsən bəy Ağayevgilin 1918-ci ilin mayındakı göz yaşı - fərəhin, böyük səadətin, iftixarın gətirdiyi göz yaşı idi, ikinci göz yaşı müdhiş faciənin, millətin tarixində dərin yaralar açan bir acının doğurduğu göz yaşı.

Və Şirməmməd müəllimə bu şərəfli tarixin salnaməsi olan bir əsəri millətimizə təqdim etmək məsudluğu nəsib olub.

Əlbəttə ki, bu kitabların yaranması millət tarixinin çox önəmli bir hadisəsidir.

Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsərini yaradır. Bu, onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyar sinnində də.

Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru, təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.


Şirməmməd müəllim şərəfli ömür yaşayıb, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürüb və onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır.

Şirməmməd müəllim örnək sayılası ailə başçısı ömrü yaşayıb, Azərbaycana çox dəyərli balalar bağışlayıb.

Və ilk gəncliyindən əli qələmli olub, usanmadan işləyib, bolluca məqalələr, dissertasiyalar, kitablar yazıb. Amma Şirməmməd müəllimin ömrünün, düşünürəm ki, şah əsəri bu üç kitabdır. Hərçənd, Şirməmməd müəllimin doğurduğu və sanbalına, çəkisinə, dəyərinə görə elə bu üçcildliyə bərabər tutulası Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət cildlər də var. Amma bu üçcildliyin sanbalı, məna yükü, mahiyyəti tamam başqadır.

Uzaq 1918-20-ci illərdə “Azərbaycan” qəzetində dərc edilmiş parlament hesabatlarını günümüzə çatdıran bu cildlər sırası qiymətəsığmaz salnamədir.

Azərbaycanın tarixində iki əvəzsiz əsər var ki, tariximizdən bəhs edərkən, salnaməçiliyimizdən söz düşəndə hər zaman onları hökmən xatırlamaq zərurəti yaranır. XIII yüzildə Fəzlullah Rəşidəddin Təbrizdə Rəşidiyyə mədrəsəsini qurdu, ilk universitet təhsilimizin təməlini qoydu və “Cami ət-təvarix” adlı elmi əsaslara dayanan ilk misilsiz salnaməmizi yaratdı.

Bu “Tarixlər toplusu”ndan sonra çoxlu oxşar salnamələr, tarixi məcmuələr yaranıb, fəqət bir örnək olaraq bütün orta əsrlər içərisində ən uca mərtəbədə qərar tutan zirvə əsər “Cami ət-təvarix”dir. Və XIX yüzildə Abbasqulu Ağa Bakıxanov “Gülüstan-i İrəm”i qələmə aldı. Bu da salnamə idi, amma artıq həm də bir peşəkar tarixçi alimin əsəri idi ki, incə təhlillər, müxtəlif mənbələri tutuşdurmaq əsasında elmi tarixçiliyin yeni dövrdə şəkillənən bir sıra ümdə xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilmişdi. Bu iki əsər arasındakı altı əsrlik zaman kəsiyində, həmin iki kitabdan bir az əvvəli və bir qədər sonranı da nəzərə alsaq, 7-8 əsrlik iri tarix parçası ərzində çox salnamələr yaranıb. Amma bu iki müəllifin adı və əsəri, düşünürəm ki, hər zaman üstün tutularaq yaşayacaq və sayğılarla yad ediləcək.

Artıq bizim dövrdə - XX əsrdə və XXI yüzilin ilk onillərində Şirməmməd Hüseynov və Qulam Məmmədli salnaməçiliyin yeni tipini yaratmaq hünəri ilə ziyalı mühitimizi heyrətləndirə bildilər. Onlar salnaməçiliyin Azərbaycanda bu çağacan ortada olmayan nümunəsini yaratdılar. Qulam Məmmədli Azərbaycan teatrının salnaməsini vücuda gətirdi, “günbəgün” adlandıra biləcək janr xəlq elədi, Hüseyn Cavidin, Abbas Mirzə Şərifzadənin, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Nəriman Nərimanovun, Mirzə Cəlilin, Üzeyir bəy Hacıbəylinin ömür yollarını əks etdirən tayı-bərabəri olmayan qiymətli salnamələr yaratdı və salnaməçiliyin tamam yeni çeşidi və tərzini Azərbaycan xalqına bəxş etdi. İlk Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, adı vətənimizin adı ilə eyni olan “Azərbaycan” qəzeti bəlli idi, ictimai-siyasi gerçəkliyimizdə, mətbuat tarixində izini qoyub getmişdi.

Dövlət müstəqilliyimizin bərpasından az sonra, 1998-ci ildə ilk Azərbaycan Parlamentinin iclaslarının stenoqramları çapa hazırlanaraq nəşr edildi. Sanki boşluq doldurulmuşdu, onillərcə hətta arxivlərdə belə gizli saxlanmış, yalnız xüsusi hallarda və məxsusi icazə ilə istifadəsinə icazə verilmiş bu mətnlər hamınınkılaşmışdı.

Lakin nə yaxşı ki, müdrik alim və mətbuatşünas Şirməmməd Hüseynov həmin dövrə bir də nəzər salmağı vacib hesab etdi. Onun təqdimatındakı “Azərbaycan” qəzetində dərc edilən parlament hesabatları və bu hesabatlarla bağlı yazılar, onların qovuşmasından törəyən üç sanballı cild xüsusi hadisə - məlumdan yaranan büsbütün yeni naməlum idi. O mənada ki, bu nə “Azərbaycan”  qəzetində Xalq Cümhuriyyəti dövründə buraxılmış qəzetdə çıxmış protokolların sadəcə əski əlifbadan latın qrafikasına köçürülməsi idi, nə də, 1998-ci ildəki kimi, bəlli protokolların cüzi redaktə ilə nəşri. Şirməmməd müəllim ömrü boyu topladığı təcrübə və biliklərə qəlbindəki coşqun millət və yurd sevgisini də artıraraq arxada qalmış şanlı, mübarizəli, qəmli və nigaran tarixi, əslində, yenidən canlandırdı.

Bişkin alim usta qələmi ilə bəlli protokolları zəruri izah və şərhlər, yeri düşdükcə sözə söykək duran əlavə materiallarla zənginləşdirdi.

Buradaca bir-iki önəmli cəhətə diqqət yönəltməyə ehtiyac var.

Əvvələn, “Azərbaycan” qəzetinin  nəşrindən 9 onillikdən də artıq böyük zaman sovuşmuşdu, yeni nəsillər o nüsxələrdən bixəbər idi. İkincisi isə, həmin nüsxələrlə indi kitabxanalarda, arxivlərdə açıq istifadə imkanı olsa da, yeni nəsillərçün əlifba maneəsi, ərəb-fars tərkiblərinin yaratdığı müşküllər bəlli idi. 1998-ci ildə buraxılmış parlament protokolları isə xeyli şəkildə tələsik hazırlanmışdı, yanlışlar, kobud xətalarla ləbələb idi və heç bir tutarlı şərh və izahla müşayiət edilmirdi.

Şirməmməd Hüseynov - bu böyük alimimiz, bu böyük müəllimimiz, bu böyük ziyalımız üçcildlik əsərini zahirən qısa bir zaman içərisində hazırlayıb. Bu yazıları kitablaşdıraraq xalqa təqdim edənəcən ard-arda mətbuatda dərc də elətdirib və bu minvalla cildlərin yaranma gedişatını müşahidə etmək hər birimizə nəsib olub. Amma bilənlər bilir ki, bu kitabları hazırlamaq üçün Şirməmməd müəllim 50 illik yol gəlib. Ömrü uzunu bu barədə düşünüb, ömrü boyu bu hadisələri və adları içərisində yaşadıb. Və bu, öz etirafıdır ki, ilk gənclik illərindən, Moskvadakı aspirantura dövründən, orada qapalı arxivlərdə işlədiyi çağlardan, bu qəbil materialları nəinki üzə çıxarmağa, hətta oxumağa belə yasaq qoyulduğu zamanlardan gizli bir ümid və inamla tariximizin bu dövrü ilə əlaqədar materialları toplayırmış, qeydlərini edirmiş, haçansa belə işlərin də vaxtı yetişəcəyi, bağlı qapısının açılacağı arzusu ilə usanmadan təhlillərini aparırmış.

50 ildən artıq müddətdə qəlbdə bəslənmiş, kimsəyə görünməmiş Şirməmməd müəllimin yazı masasının gözündə qalmış həmin ilkin hazırlıq yazıları indi “Azərbaycan” qəzetindəki parlament hesabatlarına qovuşaraq bizə qayıdır, unudulmamalı şərəfli keçmişimizi bizə qaytarır.

Bunları dinlədikcə, daha doğrusu, oxuduqca heyrətə gəlməyə bilmirsən.

Bir tərəfdə heyranlıq və heyrət doğuran istiqlalçı, qurucu babalarımızın pak amal uğrunda fədakar mübarizələri, mətinliyi, mərdanəliyi, təlatümlü əyyamlarda söylədikləri köhnəlməz sözləri və çağırışlarıdırsa, digər tərəfdə ikiqat heyranlıq və ikiqat heyrət oyadan Şirməmməd müəllimin, illərcə valideynlərinə borcunu qaytarmaq üçün münasib girəvə gözləmiş fərasətli, sadiq bir övladın məhəbbəti və canıyananlığı ilə bu irsi belə ali peşəkarlıqla canlandırmasıdır. Mən yanılaraq əvvəlcə “oxuduqca” yerinə “dinlədikcə” söylədim. Əslində, elə bu, “dil çaşıb düzünü söylər” məsəlinin dürüstlüyünə əlavə sübutdur.

Şirməmməd müəllimin təqdimatındakı bu yazıları oxuduqca biixtiyar tarixə dalırıq və həmin qərib illərin axarındakı səsləri aydınlığı ilə eşidirik. Parlament iclaslarının salnaməsindən Həsən bəy Ağayevin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin, Əhməd Cavadın səsini, onlara əleyhdar olanların sədalarını eşidirik.

Əliheydər Qarayevin də səsi gəlir ordan, Məhəmməd Əmin Rəsulzadənin də.

O səsləri indi - XXI əsrdə eşidirsən və anlayırsan ki, hansı girdablardan, hansı yarğanlardan adlamışıq, ayrıntıları ilə dərk edirsən ki, millətin tarixində millətin, yurdun taleyinə münasibətdə necə tam əks qütblərdə qərar tutmuş insanlar yaşayıb, istiqlal yolumuzda hansı toqquşmalar, çarpışmalar, hansı təzadlı baxışlar olub.

Şahid kəsilirik ki, Azərbaycanın bugünkü istiqbalının, təzədən qayıtmış bu müstəqilliyinin təməlində hansı barışmaz mübarizələr dayanır, bu səadətə gələn yolun başlanğıcında hansı dramatik aylar, günlər, saatlar, dəqiqələr yaşanıb.

Və bu kitablar silsiləsinin ortaya qoyduğu mühüm bir öyüd, vacib bir dərs var.

Bu nəsihət, bu ibrət də ondan ibarətdir ki, o pak insanlara, o qurucu babalara əbədi borcluyuq, onlara hər zaman minnətdar olmalıyıq.

Onlar olmasaydı, bu dövlət olmazdı, onlar mürəkkəbdən-mürəkkəb tarix dönəmində Azərbaycan istiqlalını elan edib 23 ay yaşayacaq müstəqil dövlətimizi qurmasaydılar, sonra 70 il ömür sürəcək Sovet İttifaqının içərisində də Azərbaycan Respublikası olmayacaqdı və 1991-ci ilin 18 oktyabrında biz dövlət müstəqilliyimizi yenidən elan edə bilməyəcəkdik.

Sovet İttifaqı dağılanda onun içərisindən bizim müstəqil dövlət kimi çıxmaq imkanımız oldu. Ona görə ki, daha əvvəl cümhuriyyətimiz olmuşdu, cümhuriyyətimizdən sonra Sovet İttifaqı içərisində Azərbaycan Respublikası olmuşdu. Sovetin Konstitusiyası isə sözdə, yalandan da olsa, hər halda Əsas Qanununda məhz respublikalara İttifaqdan çıxmaq ixtiyarını rəsmən verirdi.

Bu gün müstəqil dövlətimiz varsa, buna görə biz o qurucu insanlara hər açılan səhərimizlə, müstəqil yaşadığımız hər yeni günümüzlə, başlanan hər yeni azad, asılılıqdan uzaq sabahımızla  borcluyuq.

Bu kitabların bünövrəsində, nüvəsində dayanan ən birinci amil eşqdir. Qurucu babalarımızın öz yoluna, əqidəsinə, xəttinə sonsuz inamı, imanı və sevgisi, eləcə də Şirməmməd Hüseynovun Azərbaycan tarixinə, Azərbaycan millətinə, istiqlalımıza olan məhəbbəti, o böyük şəxsiyyətlərimizin ruhuna olan sədaqəti, ehtiramı, etibarı!

 Məhəbbət yoxsa, dəryaca ağlın olsa da, bəhrəndə işıq çatmaz, rənglər solğun alınar, təqdim etdiyin məhsulla ürəklərə qığılcım ötürə bilməzsən.

Bu üçcildlik tarixi nəşr ilk növbədə nadir mətnşünaslıq abidəsidir. Nəyə görə mətnşünaslıq abidəsi? Mətnşünaslıq elmin alın təri, fəhlə zəhməti tələb edən ciddi sahəsidir. Təəssüflər olsun ki, artıq bu istiqamətin yaşamalı olan bir çox ənənələrini itirmişik, ya itirməkdəyik. Azərbaycanda 1950-60-70-ci illərdə Əbdülkərim Əlizadə, Məmmədağa Sultanov, Tahir Məhərrəmov, Əbülfəz Rəhimov, Nəsrəddin Qarayev, Əziz Mirəhmədov, Turan Həsənzadə və bir sıra başqaları çox mükəmməl mətnşünaslıq məktəbi yaratmışdılar. Təəssüf ki, o insanlar getdilər, həmin üstün mətnşünaslıq məktəbi, o məktəbin iş üsulları, vərdişləri də səngiməyə başladı.

1990-cı illərin ortalarında mən Məclis-i Məbusanımızın - ilk parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin ömür yolunu araşdırırdım. Əslində, milli parlamentimizin ilk sədri Əlimərdan bəy Topçubaşov idi. Lakin Əlimərdan bəy Topçubaşov əvvəlcə İstanbulda ezamiyyətdə idi, sonra isə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getdi və iki dəfə parlament sədri seçilsə də, bir gün belə həmin kürsüdə əyləşmədi, məclisi Həsən bəy idarə etdi. Əlimərdan bəyin parlamentin sədri olaraq xaricdəki fəaliyyətlərinin başlıca hədəfi ondan ibarət idi ki, Azərbaycan dövlətinin başçısı kimi rəsmi statusa və səlahiyyətlərə malik olsun, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə rəsmən tanınmasını təmin etmək üçün orada danışıqlar aparsın.

Həsən bəy Ağayevin faciəli ömür yolunu araşdırarkən məsləkinə candan bağlı bu millət fədaisi haqqında “Yaxşıların yaxşısı” adlı kitabımı yazarkən əski parlament materiallarını da qaldırmalı olurdum və o zaman həmin protokollar nəşr edilməmişdi - hələ 1990-cı illərin başlanğıcı idi. Parlament iclaslarının əlyazmalarını oxuduqca qürur hissi keçirirdim.

Hər vərəqin arxasında tarix durur. Yəni hətta mətninə nüfuz etməzdən əvvəl bu kağızların, xətlərin özü belə ayrıca tarixdir axı! Təsəvvür edin, stenoqramları kimlər tərtib edir, kimlər qələmə alırmış - onlardan biri hələ xeyli gənc olan, az sonra Azərbaycanın ən parlaq ədibi kimi şöhrətlənəcək Cəfər Cabbarlı idi. Di gəl, protokollarla tanış oduqca, stenoqramların əlyazmalarını oxuduqca görürdüm ki, hətta Cəfər Cabbarlı kimi istedadlı, bilikli, dərin düşüncəli, yeri düşdükcə danışanların buraxdığı müəyyən üslubi səhvləri də əlüstü islah edən stenoqrafistin - tezyazarın da yazılarında yanlışlıqlar az deyil. Təbii, bu, ilk növbədə vaxt qıtlığı, tələskənlikdən yaranmış qüsurlar idi.

Müstəqilliyimizin bərpasından 7 il keçərkən həmin sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən 5 kitabda nəşr edildi ki, onların 2 cildi parlament hesabatlarıdır. 1998-ci il nəşrinə materialları əlyazmalardan Bakı Dövlət Universitetinin müəllimi, çox dəyərli insan və cümhuriyyət tariximizə, bir vaxtlar dərs aldığı Cavidə, Müşfiqə coşqun məhəbbətlər bəsləyən Səfər İbrahimov hazırlamışdı. Onun əsas işi mətnləri ərəb əlifbasından kirilə köçürmək olmuşdu. Lakin o, sadəcə ərəb əlifbasını bilirdi, klassik ədəbiyyata və üsluba az-çox bələd idi, amma tarixçi, mətnşünas deyildi. Doğrudur, o zaman əslən Cənubdan olan və orta əsrlər tarixi üzrə yaxşı mütəxəssis sayılan professor Seyidağa Onullahi də redaktor kimi bu işə cəlb edilmişdi. Amma oxuduqca və orijinallarla tutuşdurduqca görürsən ki, həmin stenoqramlarda nə qədər kobud qüsurlar var. Ehtimal yaranır ki, hətta həmin materialların çoxunu heç Seyidağa Onullahi görməyib. Çünki nəşrdə elə səhvlərə təsadüf edilir ki, bunlar heç vəchlə Seyidağa müəllimin nəzərindən qaça bilməzdi.

Bəs o stenoqramlarla “Azərbaycan” qəzetində dərc edilən hesabatların fərqi nədədir?

“Azərbaycan” qəzetində dərc edilən parlament hesabatlarının mənası və dəyəri büsbütün başqadır. Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərc olunub. Yəni onlar, məlum stenoqramlardan fərqli olaraq, ağızdan çıxan hər sözü əks etdirməyiblər, yalnız ictimai məna kəsb edənləri saxlayıblar, müəyyən ixtisarlar aparıblar, bəzi parçaların məzmununu veriblər.

Və Şirməmməd Hüseynovun məharəti, materiallara yetərincə hündürdən, gen miqyasda, panoramda baxa bilməsinin nəticəsi bundan ibarətdir ki, o, qəzetdə dərc edilən ayrı-ayrı iclaslar barədə hesabatları verir, amma bunun yanında bəzən əvvəldə, hərdən sonda həmin mətləblərə dayaq duran, elə o qəzetdəcə yer almış başqa yazıları da gətirir. Qəfildən qarşımıza bu məsələlər və mətləblərlə həmahəng gələn, heç parlamentdə olmayan Fərhad Ağazadənin məqaləsi çıxır və sanki həqiqətlərə əlavə bir pəncərə taybatay açılır. Ya Məhəmməd Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy Hacıbəylinin parlament divarları arasında səslənməmiş, müstəqil məqalə kimi işıq üzü görmüş yazıları parlament hesabatları kontekstinə qovuşur, həmin andaca mətnin ahəngi, ritmi dəyişir, yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq suallara aydınlıq gəlir.

Bunları edə bilməkçünsə, bu kompozisiyanı qura bilməkdən ötrüsə gərək o dövrün hadisələrinə, həmin dövrün ayrı-ayrı şəxsiyyətlərinin əqidəsinə, qələminə, düşüncə tərzinə dərindən vaqif olasan.

Şirməmməd Hüseynov kimi!

Bu yazılar silsiləsinin göstərdiyi parlament mənzərəsi, istiqlal uğrunda gedən mübarizəmizin gerçəkçi və dolğun fonu, ayrıca vurğulayıram ki, yalnız və yalnız Şirməmməd Hüseynov kimi həmin tarix kəsiyindən incəlikləri ilə agah olan müstəsna bələdçinin əməkləri ilə yaradıla bilərdi.

Hər halda bu gün həmin işi o cür səriştə və vurğunluqla yerinə yetirə biləcək ikinci şəxsi mən tanımıram.

Mən bayaq bu hesabatlara yanılaraq “dinləyirkən” dedim, bu dəfə isə artıq çaşaraq yox, elə qəsdən yanılaraq “oxuyuruq” əvəzinə “görürük” demək istəyirəm.

Şirməmməd müəllimin “Parlament hesabatları”nın cildlərini vərəq-vərəq çevirdikcə hadisələri yalnız oxumuruq, dinləmirik, həm də bütün əyaniliyi ilə görürük.

Hesabatları ibtidasından son səhifəsinəcən mütaliə edəndə belə qənaətə gəlirsən ki, bu, nəhəng bir film kimidir, bir epopeya timsallıdır və oxuya-oxuya olmuşları sanki ilk kadrından son kadrınacan seyr edirsən.

Bu kitab həm də bir ülgüdür. 3 cild olsa da, onları bir bütöv sayaraq “kitablar” yox,  sadəcə “kitab” deyirəm.

Birincisi, bu kitab bir daha əyan edir, nəşrindən bir əsr keçəndən sonra da nümunə göstərir ki,  yaxşı qəzeti necə çıxararlar.

Bu toplantıda mətbuat nümayəndələri iştirak edir. “Azərbaycan” adlı qəzet bu gün də var, digər dövlət qəzetlərimiz də çıxır, müstəqil mətbuatımız da fəaliyyətdədir. XX əsrin əvvəlindəki “Azərbaycan” qəzetinin nümunəsi işarə edir ki, millətin ola biləcək yaxşı qəzeti necə çıxarmaq lazımdır ki, üstündən zamanlar keçəndən sonra da salnamə sayılsın, tarixin bərpa olunması üçün mənbəyə çevrilsin, saralıb-solsa da, mahiyyətcə köhnəlməsin, yeni zamanla da ünsiyyətə girə bilsin. Və nəşr üçün istənilən məqaləni yazanda da düşünməlisən ki, 50 il ötəcək, mənim haqqımda bu yazıya görə nə deyəcəklər, 100 il sovuşacaq, mənə bu yazıma görə necə qiymət verəcəklər. Qələmi götürəndə, qəzet-jurnal buraxanda bir an belə vaxtı yetişincə hər suala cavab tələb edən tarix qarşısında məsuliyyətini unutmamalısan!

Kim bilir, bəlkə də o qüdrətli şəxsiyyətlər o zaman bütün bunlar barədə fikrə dalıblar. Məhəmməd Əmin Rəsulzadə də, Üzeyir bəy Hacıbəyli də, Şəfi bəy Rüstəmbəyli də, Ceyhun bəy Hacıbəyli də, ola bilsin, bu barədə ən azı təhtəlşüur düşünüblər, ona görə o təhər köhnəlməz, dəyərini itirməz qəzet yaradıblar. Həmin səbəbdəndir ki, “Azərbaycan” qəzetinin səhifələri vətən işığı ilə, millət atəşi ilə doludur.

Vətən işığı, millət atəşi elə əziz Şirməmməd müəllimin də bütün varlığında olduğundandır ki, bu cür mükəmməl bir əsəri ortaya çıxarmağa müvəffəq olub.

Bu cildləri yaratmaq əsnasında Şirməmməd Hüseynov dünənin dumanlarında əriyib-itmiş, bu günün insanlarına pünhan qalan bir sıra adları da aşkarlayıb, onlara təzədən həyat bağışlayıb. “Azərbaycan” qəzetində yazıları çıxan Əhməd Həmdi adlı şəxs diqqətini çəkib. Azərbaycanda çox soraqlaşsa, arxivlərə baş vursa da, bir məlumat əldə edə bilməyib. Amma ruhdan, həvəsdən düşməyib, ona cavanlığından xas olan inadkarlığı ilə yenə arayıb, yenə axtarıb, yenə soraqlaşıb və suallarına cavabı Türkiyə arxivlərində bulub. Və bu hərəkəti ilə də Şirməmməd müəllim növbəti dərsini, növbəti öyüdünü verib. Yəni istiqlal, müstəqillik bizim elə müqəddəs sərvətimizdir, səcdəyə layiq elə mirasdır ki, onun yolunda azacıq belə zəhməti olmuş hər insanı biz həmişə qədirbilənliklə, dualarımızla, sağollarımız, rəhmətlərimizlə anmalıyıq.

Şirməmməd müəllimin hər çıxışı, hər yazısı, hər kitabı və o sıradan bu cildlər abidələrdir.

Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi nadir insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinər, qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin.

Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür. Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bu gün arasındakı körpü.

Milləti tarix sınaqlarından zədəsiz çıxaran, həmişə ayaq üstə saxlayan, güclü edənsə həmişə məhz tarixi yaddaş, belə sarsılmaz körpülər olub.

Azərbaycan bayrağı bu gün yenə yüksəklərdədirsə, Azərbaycan himni səslənəndə yenə biz iftixar qəhəriylə doluruqsa, bunun ümdə səbəbi odur ki, 70 ilin sovet qadağaları boyunca ayrı-ayrı insanlar bu sevdaya dönük çıxmadı, bu eşqi ürəyində yaşatdı, ziyalılarımız, düşüncə və duyğu adamlarımız sətirlərinin altında olsa da, həmin hissləri yurddaşlarımıza çatdırdı və qoymadı ki, istiqlal yanğısı sozalsın. Qürbətlərdə, mühacirətlərdə, zillətlərdə yaşaya-yaşaya bu hissiyyatı diri saxladılar və ən qəddar maneələrə rəğmən vətənlərinə bunu çatdırmağa səy elədilər, nail də oldular ki, vətəndaşlarımızın içərisində istiqlal ruhu, müstəqillik istəyi şölələnməkdə davam etsin.

İndi Şirməmməd müəllim də yeni əsrimizin, təzə minilliyimizin başlanğıcından bu üç kitabla elə bir ocaq qalayır ki, bu ocağın istisi və işığı Azərbaycanın çox uzaq gələcəklərinə səmt götürüb və söz yox, gələcəkdəki yurddaşlarımıza böyük faydalar da verəcək.

Bu gün, bu mübarək əsərin bayramına qatıldığımız anlarda Azərbaycan istiqlalının artıq başlanmış olan və 2018-ci ilin 28 mayında təntənəsini yaşayacağımız 100-cü yaşının 10-cu günüdür. O ülvi bayrama düz 355 gün qalır. Gərək biz hamımız dövlət müstəqilliyimizin 100 illiyinə qədər olan hər günün hər saatında o şərəfli tarixə xidmət üçün hansısa yeni, əhəmiyyətli, qalıcı işlər görməyə köklənək.

Sözlərimə son verməzdən öncə müstəqilliyimiz, parlament tariximiz, istiqlal yolumuz və elə cazibə dalğasında olduğumuz, haqqında düşüncələr bölüşdüyümüz cildlərlə birbaşa bağlantısı olan bir diləyimi ifadə etmək istərdim. 1918-ci ilin 7 dekabrında yaradılmış Məclis-i Məbusan bütün tariximizçün fəxr qaynağı olan milli hadisə idi.

Mən Azərbaycanın ilk parlamentinin həyatını əks etdirən akademik nəşri görməyi çox istərdim.

Necə təsəvvür edirəm o kitabı?

Xatırlatdığım kimi, 1998-ci ildə Məclis-i Məbusanın stenoqramları həm Azərbaycan, həm rus dillərində, qüsurlu da olsa, nəşr edilib. Düşüncəmə görə, oradakı əsas nöqsan yalnız mətnin bərpası əsnasında buraxılmış ayrı-ayrı səhvlər deyil, həm də tərtib prinsiplərindəki xətalardır. Həmin nəşrdə azərbaycanca cilddə yalnız ana dilində olan çıxışlar verilib, rusca nəşrdə isə rus dilində edilən çıxışlar yer alıb. Demək, o da, bu da natamamdır. Mənsə akademik nəşrdə ana dilində olan mətnlərin arasında rusca olan mətnlərin də dilimizə çevrilərək verilməsini, amma orijinaldakının da cildlərin sonunda, şərhlərlə göstərilməsini məqbul sayıram. Eləcə də həmin akademik nəşrin şərhlər və izahlar, lüğət bölməsi Şirməmməd Hüseynovun kitablarındakı qəzet hesabatları, müxtəlif tamamlayıcı başqa “Azərbaycan” dərcləri, eləcə də ustadın o yazılara verdiyi yozumlar, dəqiqləşdirmələr, aydınlatmalarını artırmaqla mükəmməlləşdirilə, daha artıq elmiləşdirilə bilər. Beləcə, biz, nəhayət ki, ilk dəfə olaraq ilk milli parlamentimizin keçdiyi enişli-yoxuşlu, mübarizəli yolun qənaətbəxş  mənzərəsini aydınlığı ilə izləmək, öyrənmək fürsəti əldə edirik.

Şirməmməd müəllim qiymətli bir insandır və Allah da bizdən daha əvvəl və daha yaxşı bilir nə qədər qiymətlidir o!

Allah Şirməmməd müəllimin millət üçün gərəkliyini, tarix üçün faydalığını dəqiq bildiyindən, ona millət körpüsü olmaq vəzifəsini həvalə etdiyindən bu millət üçün onu yaşadır.

Sağlam yaşadır, gümrah yaşadır, düşüncəsini aydın, ruhunu təmiz yaşadır. Elə yaşadır ki, bu gün də - doxsanını arxada qoyandan sonra da əli qələmlidir, bu gün də iş başındadır, universitetə gedərək dərsini deyir, bu gün də masasının üstündə yeni tədqiqlər var, millətə təqdim eləyəcəyi yeni işlər sıra gözləyir.

Tarix, tale və Tanrı Şirməmməd Hüseynov kimi sərvəti millətimizə çox görməsin! 

 





06.11.2017    çap et  çap et