525.Az

Atı qanadlı atlı - Fotolar


 

Atı qanadlı atlı - <b style="color:red">Fotolar </b>

Möcüzələr yaradan, özü də bir möcüzə olan insanlarla eyni zaman içərisində yaşamaq, onlarla təmas saxlamaq, qeyri-adiliklərini bilə-bilə adi insanlardan biri kimi onlarla gülüb-danışmaq, fikir bölüşmək, yol yoldaşı olmaq bəxtiyarlıqdır. Çünki onların əsərləri ilə hamıya bağışladıqları gözəlliklərdən savayı, bu ünsiyyətlər sənə əlavə bir işıq, güc verir, onlarla nəfəslərini duyacaq qədər yaxınlıqdan zənginləşirsən, hər an canlı tarixlə birgə olduğunu duyursan.

Düşünürsən ki, axı 50, 100, 200 il keçəndən sonra da bu əsərlər qalacaq və artıq bizlərin olmadığımız çağlarda da yeni-yeni insan nəsillərini məftun edəcək, düşündürəcək, onlarla da danışacaq.

Yaxud sənin bunca yaxın olduğun yaradıcı şəxsiyyət elə indinin indisində də lap çoxları üçün əlçatmazdır, sadəcə adını bilirlər, uzaqdan-uzağa tanıyırlar, sənsə, az qala, hər gün onunlasan.

Xatırlayıram, Filarmoniyada böyük dirijorumuz Niyazinin məşqlərini, çaldığı yerdə arada orkestri dayandırmasını, kiməsə əsəbiləşməsini, hansısa parçanı təzədən izah etməsini, o məqamda bəzən əmisi Üzeyir bəyli, ya dünənin hansısa digər dahi sənətkarı ilə bağlı xatirələrini danışmasını.

Məşq bitərdi, gedərdik evlərinə, şam edərdik, köhnə, nadir bir əlyazma kimi vərəq-vərəq açılaraq yenə söhbətləriylə məni heç bir kitabda oxuya bilməyəcəyim maraqlı aləmlərə, xatirələrinin əlvan dünyasına aparardı.

O və onun kimi neçə belə müstəsna şəxsiyyət ki 1970-80-ci illərdə, artıq xeyli yaşlı çağlarında məni tale onlarla həmsöhbət, simsar etmişdi, çoxdan haqq dünyasındadırlar. Lakin işıqları mənimlə qalır. Onlar olmasaydı, mən mən olmazdım, mənəviyyatca belə olmazdım. Özləri gediblər, əsərləri qalıb. Bu gün mən onların əsərlərində məhz həmin unudulmaz görüşlərimin sayəsində hər kəsə müəssər olmayan çox gözəllikləri, sirləri görə bilirəm. Əsərlərini seyr edirəm, dinləyirəm, oxuyuram, yanımdaymış kimi hənirlərini duyuram, o əsərlərlə bağlı şərhlərini, yozumlarını, hansısa tarixçələri sanki öz səslərində yenidən eşidirəm.

Çaplinin qızları xatırlayırdılar ki, atamız, dünya kinosunun həmin təkrarsız Çarlisi hələ heç kəsə görsənməmiş səssiz filmlərini böyük ekranlara çıxmazdan əvvəl evə gətirərdi, bizimçün nümayiş etdirərdi, arada danışardı, izah edərdi, bax bunu çəkəndə filan hadisə oldu deyə nağıl edərdi və biz o zaman təsəvvür etməzdik nə qədər nadir insanlarıq ki, Çarli Çaplinin səssiz filmlərinə onun öz səsinin müşayiəti ilə baxa bilirik.

Böyük heykəltəraşımız Ömər Eldarovun yaratdıqları, - bu, sadəcə ehtimal yox, qəti inamımdır ki, bizdən sonra yüzillər boyu yaşayacaq. Ən əvvəl ona görə ki, bu əsərlərin əksəri vaxtın nimdaşlaşdıra bilmədiyi, ovub, qocaldıb sıradan çıxarmaqda aciz olduğu qranitdən, tuncdan, mərmərdən düzəldilib. İkincisi və ən əsası isə o səbəbdən ki, bunların hərəsi bir qənirsiz gözəlliyin daşıyıcısıdır.

Xoşbəxtəm ki, indi meydanlarımızı bəzəyən o əsərlərin neçəsini hələ heç kimə görünmədiyi çağlarda, yaranış əsnasında heykəltəraşın emalatxanasında görmüşəm, ay-ay, gün-gün necə yarandıqlarına şahid kəsilmişəm. Hətta həmin dəqiqələrdən bəziləri tarixiləşib də. Hüseyn Cavid haqqında 1992-ci ildə çəkdiyimiz sənədli-publisistik “Qayıdış” filmində şairin qızı Turan xanımla Ömər müəllimin emalatxanasında olduğumuz anlar var. Hələ “Cavid” orada - emalatxananın divarları arasındadır. Ya həmin filmdən başqa kadrlar - oçağkı Nərimanov, indiki Cavid prospektində kamera qarşısında növbəti müsahibimlə üz-üzəyik, indi heykəlin ucaldığı yerdə isə qazılmış iri bir çuxur var ki, ora abidə üçün təməl töküləcək...

Ömər Eldarovun yaratdığı nə varsa, hərəsi özünə görə sevimlidir, vaxt ötdükcə onların dəyəri qat-qat artacaq, əsərlərinin hansısa tamamlanmamış fraqmentləri belə qiymətəsığmaz dəyər qazanacaq. Necə ki, bu gün Parisdə Rodenin muzeyində onun yalnız bəlli əsərləri deyil, hətta qaralamaları belə heyrətli cazibəsi ilə sıra-sıra insanı uzun dəqiqələr boyunca qarşısında dayanmağa, seyr edib valeh qalmağa, fikrə dalmağa sövq edir.

Amma bütün böyüklüyünü anlaya-anlaya bir məqam var ki, orada Ömər Eldarovla şərik deyiləm. Onun ən gözəl əsərlərindən biri şairə Xurşidbanu Natəvanın heykəlidir. 1960-cı ildən Bakıda, indi öz adına olan məkanda ucalan “Natəvan”ın qarşısında bir dəfə Ömər müəllimlə dayanmışdıq. Söylədi ki, bu heykəlin yeri çox gözəl olsa da, bir baxımdan ürəyimcə deyil - abidə işığa qarşıdır. Günün çox saatında onun yaxşı şəklini çəkmək, heykəli əsl görülməli olduğu kimi görə bilmək mümkün deyil.

Ustadın bu qənaətini heç vəchlə qəbul etmirəm. Mənə görə, Natəvan heykəlinin ən dəqiq, ən münasib yeri elə məhz indiki nöqtədir. Nə bir metr oyana, nə bir metr bu yana.

Mən, bəlkə də, yeganə adamam ki, hər gün Ömər Eldarovu görürəm. Yalnız əyani görüşlərimizi nəzərdə tutmuram. Əlbəttə, günlərlə görüşmədiyimiz, söhbətləşmədiyimiz də olur. Lakin hər gün işə gəlirəm və mənim Nizami muzeyindəki iş otağımın pəncərəsindən o heykəl görünür və yaratdığını seyr etmək də elə müəyyən mənada sənətkarın özünü görməyə bərabərdir.

Ömər Eldarov kimi müstəsna sənətkarlarınsa yaratdıqlarının hər birində mütləq öz surəti, öz dünyası da var. Doğrudur, heykəltəraş çox zaman sifariş yerinə yetirir, ona tapşırılan obrazı yaradır. Ancaq iş onun əlindən çıxdığından o, öz ruhunu, varlığını, daxili dünyasının özünəməxsusluqlarını da hökmən nə şəkildəsə əsərinə əlavə edir.

Ömər Eldarovun yaratdığı heykəllərin hər birində əzəmət, məğrurluq var. Bu da görkəmli heykəltəraşın yaradıcılıq fəlsəfəsidir ki, onsuz da böyük olan qəhrəmanlarını əsl həyatda olduğundan da üstün, nəhəng, daha da qəhrəmanlaşdıraraq təqdim etməyi sevir. Di gəl, bu abidələrin hər birində həm də xəfif kədərin, çəkilmiş hansısa dərdin, yaşanmış hansısa ömür müşküllərinin izi də duyulur.

Bu, bütün rəngarənglikləriylə həyatdır, elə gerçək ömürdə də hər insan, adətən, məhz belə olur. Lakin orası da var ki, bu cür yanaşmanı hər heykəltəraşın yonduğu hər abidədə görmürük. Ona görə də bolluca abidələrin əksəri elə soyuq daş, hisslərimizi tərpətməyən cansız bürünc heykəllər olaraq qalır. Ömər Eldarovun yaratdığı heykəllərin hamısı isə sanki nəfəs alır, diridir.

Ömər Eldarovun yaradıcı ömrü uzundur və heykəl yapmağa (doğrudur, hələ plastilindən) 6 yaşından başlayıb. 1933-cü ildən, Bakıda gənc istedadlar üçün rəssamlıq studiyasına gedib-gəlməyə başladığı vaxtdan indiyəcən Ömər Eldarov əsl sayını özünün də müəyyən etməkdə çətinlik çəkəcəyi qədər çoxlu əsərlər yaradıb. Əksəri də bir-birindən gözəl. Fəqət mənim gümanımca, onun sürəkli yaradıcılıq həyatı boyu doğurduqları həm mövzu, həm icra baxımından nə qədər müxtəlifsə də, hamısını qovuşduran bir cəhət var.

Ömər Eldarovun ilk böyük əsəri 1951-ci ildə indiki Sankt-Peterburqda, ovaxtkı Leninqradda İ.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirərkən düzəltdiyi “Gənc qvardiyaçılar” adlı çoxfiqurlu kompozisiyadan ibarət diplom işidir. Ömər Eldarov 1941-1945 müharibəsi əyyamlarının məhrumiyyətlər dadmış uşaqlarından idi. Və üstəlik, həmin davanın müdhiş günlərini bütün dəhşətiylə yaşamış Leninqradda 1945-51-ci illərdə təhsil almışdı. Həmin vaxtın gəncliyinə isə vətənpərvərlik duyğuları çox xas idi. Ona görə də faşizmə qarşı mübarizədə ad çıxarmış, 100-ə yaxın üzvü olmuş gizli təşkilat haqqında gənc Ömərin əsər yaratmaq istəyi təbii idi. Yəni ən kiçiyinin 14 yaşı olmuş bu qəhrəmanlara o vaxt da, ondan sonra da xeyli sənət əsəri həsr edildi. Gənc qvardiyaçılar, bir növ, mübarizliyin, yenilməzliyin, düşmən qarşısında əyilməzliyin rəmzinə çevrilmişdilər. Ömər Eldarovun tuncdan olan bu qorelyefində həmin sınmaz gənclərdən səkkizi təsvir olunmuşdu. Qəhrəman ruhu, düşmənlə barışmazlığı, son qanınadək mübarizəyə hazır olmaq təəssüratını bu əsəri görən elə ilk baxışdanca hiss edirdi. Lakin sovet ideolojisinin qəhrəmanlar anlayışına baxışı bir qədər fərqli idi. Sovet realizmi öz qəhrəmanlarının ütülü, qüsursuz, əyər-əskiksiz olmasını tələb edirdi. Diplomçu Ömər Eldarovun əsərindəsə gənc qəhrəmanların qüruru, igid duruşu ilə yanaşı, çəkdikləri əzablar, məruz qaldıqları ağrı, aldıqları yaralar da qabarıq tərzdə gözə çarpırdı. Hər halda, müəllimləri özləri də püxtə sənətkarlar, dərin bilicilər olduqlarından bu işi çox bəyənmişdilər. Ömərgil İ.Repin institutunun müharibədən sonrakı ilk buraxılışı idilər və ona görə də xeyli dərəcədə təbliğat məqsədi ilə, mətbuatda bu barədə qələbədən sonrakı daha bir təhsil, sənət uğuru kimi söz açmaq niyyəti ilə diplomçuların işlərindən ibarət sərgi təşkil edilir, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri, Büro üzvləri - yəni o dövrün ən ali hakimiyyət pilləsinin yüksək təmsilçiləri həmin işlərə baxmaqçün instituta təşrif gətirirlər.

Nisbətən cavan və vəzifəcə aşağı olanlardan biri Ömərin “Gənc qvardiyaçılar”ını görən kimi çımxırır: “Bu nədir? Siz neyləmisiniz, belə də qəhrəmanlar olar?! Bunlar ki cır-cındır içindədirlər!”

Əsərinin yanında dayanmış bəstəboy Ömər sanki bir az da balacalaşır, zəif səslə nəyisə izah etməyə, əsaslandırmağa, özünə bəraət qazandırmağa ürkək bir cəhd edir.

Partiya işçisi kobud şəkildə onun sözünü kəsir: “Nədir, fikrimizlə razılaşmaq istəmirsən?”

Əslində, zahirən o məmurun dediyində gerçək vardı. Belə olmağına, həqiqətən, belə idi. Təsvir olunan gənclərdə hansınınsa yaxası cırılmışdı, hansısa yaralı idi, yıxılmasın deyə dostlarına dirsəklənmişdi, hansınınsa heç əynində köynəyi yox idi, bir başqasının yorğun sifətinə o anlarda çəkdiyi ağrının kölgəsi qonmuşdu. Lakin bu, bir müharibə səhnəsi idi, onlar bəzənib-düzənib teatra tamaşaya gəlməmişdilər. Ancaq sovet dövrünün adətlərinə görə, bu səviyyəli partiya və dövlət adamlarının sözünü həqiqətin ən ali ifadəsi sayar, müzakirəsiz qəbul edərdilər, etirazdan-filandan söhbət gedə bilməzdi.

İndi təsəvvür edin ki, həmin məmurun sözü keçir və Ömərin diplom işi qəbul edilmir, adı düşür sovet gerçəkliyini təhrif edənlərin “qara siyahı”sına, hətta diplom alıb-almayacağı da qalır sual altında.

Bircə anda bütün gələcəyi həll oluna bilərdi.

Lakin işin avandlığından gələn rəsmi qonaqlardan daha təcrübəli olan bir başqası əslində bayram kimi düşünülmüş bu baxış mərasimini xırdaca bir qanıqaralığın poza biləcəyini sezərək dərhal həmkarına etiraz edir: “Niyə, hər halda fikir aydındır, pis deyil”.

Və təhlükə sovuşur.

Sonra Ömər Eldarov çox əsərlər yaradacaq, gün gələcək, Sovet İttifaqı da dağılacaq, gənc qvardiyaçılar mövzusu da cəlbediciliyini itirəcək, tarixin arxivinə çökəcək, “Gənc qvardiyaçılar” Ömər Eldarovun möhtəşəm əsərləri sırasında çox zaman heç yada düşməyəcək.

Həmin dövrün, həmin ideologiyanın diktəsi ilə Bakıda və Azərbaycandan kənarlarda Ömər Eldarovun inqilab və müharibə mövzusunda yaratdığı başqa əsərlər də olub ki, sənət baxımından nə qədər dəyərli idilərsə də, onları doğurmuş ideologiyanın süquta uğraması ilə əsərlər də ölüb. Sözün birbaşa mənasında!

Bakıda Ömər Eldarovun düzəltdiyi A.Caparidzenin abidəsi vardı. Hanı? Heç izi də qalmayıb! Yaxud Sevastopolda “Qırmızı bayraqlı Azərbaycan atıcı diviziyasının həlak olmuş döyüşçülərinə ucaldılmış monument”.

Və ya sıra-sıra Lenin heykəlləri, sovet mövzularında Ömər Eldarov və digər məşhur heykəltəraşların yaratdıqları, çox zaman sənət baxımından yetərincə uğurlu abidələr.

Əlbəttə, mən arzu edərdim ki, onların hamısı yerləşdiyi məkanlardan yığışdırılsa da, ayrıca bir ərazidə, açıq səma altındakı muzeydə saxlanılsın, sovet onilləri içərisində həyatımızın mənzərəsini göstərən, yaşanmış tarixin mərhələlərini əks etdirən səhifələr kimi, ibrət dərs kimi sabaha da çatsın. Heyhat, 1990-cı illərdə bu qəbil abidələrin əksərini bizdə də, digər sabiq sovet respublikalarında da, sosialist blokuna daxil bəzi Avropa ölkələrində də məhv ediblər. Lakin bu təfərrüatlara varmaqda məqsədim ayrıdır. Həmin “Gənc qvardiyaçılar”a qayıdıram. Mənim fikrimcə, o ilk böyük əsəri Ömər Eldarovu yaradıcı ömrü boyu izləyib və elə indi də onunladır. O ilk əsərdə Ömər Eldarovun bir sənətkar olaraq başlıca fəlsəfəsi - zahiri əzəməti və batini incəliyi qovuşdura bilmək ustalığı əks olunmuşdu və həmin keyfiyyət daim onunla qaldı, yaradıcılıq üslubuna, özlüyünə çevrildi. Mahiyyəti ilə bir leytmotivə dönən həmin ilk böyük əsərin notları Ömər Eldarovun yaratdığı sonrakı irili-xırdalı hər əsərindən “eşidilməkdədir”.

Gəlişi ilə heykəltəraşlığı yasaq etmiş İslamiyyətdən əvvəl Azərbaycanda mükəmməl heykəltəraşlığın da, rəssamlığın da olmasına şübhə yoxdur. Yaşı minillərlə ölçülən və Azərbaycan boyu olan daş heykəllərimiz, qayaüstü rəsmlərimiz bunun əyani sübutudur. Ancaq bu da tariximizin həqiqətidir ki, yeni dövrdə Bakıda ilk şair heykəli 1922-ci ildə ucaldılıb. Yakov Keylixisin düzəltdiyi həmin Sabir abidəsi ilə bugün arasında məsafə tarixin arşını ilə ölçüləndə bir an qədər qısadır. O heykəlin elə indi Cəlal Qaryağdının yaratdığı qat-qat gözəl Sabir abidəsinin yerində qoyulduğu ildən 5 il sonra gələcəyin böyük heykəltəraşı Ömər Eldarov doğulub. Görün bunca gödək zaman ərzində Azərbaycan heykəltəraşlığı, o sıradan elə rəssamlığımız, teatrımız, musiqi sənətimiz, bütövlükdə mədəniyyətimiz necə xariqüladə, sıçrayışlı tərəqqi yolu keçib, dünya səviyyəsinə qalxan və etiraf edilən sənətkarlar və inciləryetirib.

Ömər Eldarovun cavankən, hələ uzaq 1954-cü ildə yaratdığı və Fəxri xiyabanda Üzeyir bəyin məzarı üstündə ucalan abidə indiyədək musiqimizin peyğəmbərini canlandıran əsərlərin ən canayatanlarındandır.

Üzeyir bəy ilk milli operamızı 1907-ci ildə bəstələmişdi və dünya opera sənətinin tələbləri və qəlibləri baxımından hələ bu böyük operaya doğru gedən yolda birinci addım sayıla bilərdi. 1937-ci ildə isə Üzeyir bəyin həm öz yaradıcılığının, həm də Azərbaycan opera sənətinin zirvəsi sayılan “Koroğlu” səhnəyə gəldi. “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər olan yol Azərbaycan operasının, həm də elə müasir musiqi mədəniyyətinin sadədən mürəkkəbə doğru keçdiyi yol deməkdir. Üzeyir bəy təsdiqləyirdi ki, Avropanın 300 ilə qət ediyi həmin yolu Azərbaycan 30 ilə adladı. Eynən heykəltəraşlığımızda da Avropanın əsrlərcə yol aşaraq yetdiyi nailiyyətlərə Azərbaycan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Mirələsgər Mirqasımov, Münəvvər Rzayeva, Akif Əsgərov, Natiq Əliyev və digər onlarla istedadlı sənətkarımızın sayəsində qat-qat qısa zaman kəsiyində çata bildi.

Hər yaratdığı ilə bu millətə və insanlığa yeni bayram bağışlayan Ömər Eldarov təqvimin sıradan olmayan, təməlindən bayram sayılan bir günündə doğulub. Dekabrın 21-də 1927-ci ildə, Dəmirqapı Dərbənddə. Dekabrın 21-i ilin ən uzun gecəsidir, payızın bitib qışın girdiyi gecə. Həmin gün böyük çillə başlanır və ilin ən uzun - 14 saat 43 dəqiqə sürən o gecəsindən etibarən yaza aparan yol başlanır, hər gün gecələr qısalmağa, gündüzlər uzanmağa üz qoyur. Ona görə də qədim zərdüştilər o gecəni işığın zəfəri günü, günəş tanrısı Mitranın doğum günü sayaraq bayram tutmuşlar. Dekabrın 21-i həm də gecələrin ən şairanəsi sayılır. Şəbi-yeldanı klassik şeir dönə-dönə tərənnüm edib, onu gözəllərin uzun, qapqara saçlarına bənzədib.

İnsanın taleyi ilə ulduzlar dünyası arasında bağlantı birbaşadır və Azərbaycan sənətinin ən parlaq ulduzlarından olan, işığın zülmət üzərindəki qələbəsi günündə dünyaya gəlmiş Ömər Eldarovun hər əsərində diqqəti çəkən ən əvvəl onlardakı işıq və şairanəlikdir.

Ən kədərli, lap faciəvi mövzudakı əsərində belə o işıq qabarıqdır. Ömər Eldarov yaradıcılığının bir mühüm qanadı da memorial heykəltəraşlıqdır. Onun bir sıra abidələri var ki, məzarlıqdadır. Bakıda və Azərbaycanın müxtəlif guşələrində. Hətta o əbədi sükut məskənlərinə belə həmin abidələr sanki işıq qatır, gözəlliyin əbədiliyi hekayətini söyləyir, işıqlı dünyadan biryolluq ayrılmış əzizlərinin xatirəsi ilə görüşə gələnlərdə həyat eşqi və ümidi artırır. Dirijor Niyazinin, bəstəkarlar Fikrət Əmirovun, Tofiq Quliyevin, pianoçu Vaqif Mustafazadənin, yazıçı Yusif Səmədoğlunun, elm adamları Zərifə Əliyevanın, Həsən Əliyevin, Aida İmanquliyevanın, Ziya Bünyadovun qəbirüstü abidələrini göz önünə gətirin. Bu əsərlər yerləşdikləri məkanların kədər ovqatını, bütövlükdə o yerin estetikasını dəyişmək gücündə olan gözəllik örnəkləridir. Yəni əslində, bu, Ömər Eldarovun millətimizə daha bir yaxşılığı haqqında söz deməyə ipucu verən mətləbdir. O çoxsaylı əsərləri ki, Ömər Eldarov yaradıb, onların arasında dəzgah heykəltəraşlığının nümunəsi olan, adətən muzeylərdə, hansısa daimi sərgilərdə saxlanılan, ya sənətkarın öz evində, emalatxanasında qalan, hərdən-hərdən fotoları kitablarda, kataloqlarda nəşr edilən və beləliklə də az adama görünənləri də az deyil. Lakin bağlarda, meydanlarda, küçələrdə yüksələn Ömər Eldarov əsərləri daha çoxdur ki, onları hər kəs hər günmü, günaşırımı, həftəaşırımı istər-istəməz seyr edir. Hətta bəzən heç müəllifin kim olduğunu bilmədən çoxları bu abidələrin yanından keçib gedir və onları hər halda görür. Görürlərsə, demək, həmin andan o abidələr başlayır işləməyə. İnsanların zövqünü, ruhunu tərbiyə eləməyə, yaxşının, gözəlin məhz bu cür olduğu anlayışını şüurlara həkk etməyə. Gözü, qəlbi bu gözəlliyə alışanlara sonralar ortababı bəyəndirmək olmur. Beləcə, Ömər Eldarov hiss olunmadan böyük bir Azərbaycan auditoriyasına öz zövq müəllimliyi dərslərini verməkdə davam edir.

Doğulduğu gecənin şairanə ovqatı Ömər Eldarovun varlığına ilk uşaqlıq çağlarından, dünyanı duyduğu, dərk etdiyi əvvəlinci anlardan qaynayıb-qarışıb. Həmin şairanəlik sənətkarın hər əsərində özünü büruzə verir, bu, öz yerində. Amma artıq ahıl çağlarında keçmişlərə dalan, dünənləri xatırlayan Ömər Eldarov qulaq asın görün nə deyir: “Uşaq vaxtı böyük ölkənin bu şəhərindən o biri şəhərinə tez-tez köçərdik. Yollarda rahatlıq olmasa da, hər yer maraqlı idi. Bakı, Dərbənd, Gəncə, Şamaxı, Azərbaycan və Dağıstanın müxtəlif qəsəbələri və kəndləri, yay vaxtları Moskva ətrafı, Saltıkovka və ya Belarusun məşhur olan Mstislavl şəhəri.

Dərbənd! Dünyanın heç bir yerində belə üzüm bağları, ucsuz-bucaqsız qəbiristanlıqlar və belə möhtəşəm qalalar yoxdur.

...Ömrüm boyu bunları xatırlayıram və onlar məndə təəccüb və qürur hissi oyadır”.

Ömrün ixtiyar çağında böyük sənətkar onun duyğularını, düşüncələrini, həyata baxışlarını şəkilləndirən cizgiləri yada salmağa çalışır və hansısa qeyri-adi hadisələri anmır. Dan üzü həyətlərdən inəkləri səsləyən naxırçının harayını, balıqçıların daş sobasını, qoyun dərisi ilə örtülmüş o sobanın üstünə uzananda canına yayılan xoş istiliyi, evlərinin damından baxanda qədim qalanın nəhayətsiz kimi görünən ululuğunu, hər səhər gün qalxan kimi tay-tuşları ilə baş vurduğu dənizin və yalın ayaqları ilə usanmadan gəzib-dolaşdığı qumlu sahilin ilıqlığını... xatırlayır. Üzdən baxanda adidən-adi anlardır. Amma o dəmlər olmasaydı, Ömər Eldarov bu cür yaratmazdı, yaratdıqlarında bu qədər hiss, həyəcan, sevgi, mərhəmət, ilıqlıq, mehribanlıq, ürək döyüntüsü olmazdı.

Şairanəlik heykəl dilinə çevriləndə məzmundan əlavə həm də plastika deməkdir və Ömər Eldarov da Azərbaycanın bu baxımdan bütün dövrlər üçün ən seçkin heykəltəraşlarındandır. Hər heykəltəraşlıq əsərinin nə şəkildə işlənməsinə müvafiq olaraq umduğu bir material var. Elə heykəl var ki, son olaraq o, mütləq tuncdan tökülməlidir, hansısa kompozisiya qranit istəyir, hansısa əsər gərək mərmərdən ola. Yəni gözəllik naminə, tutalım, bürüncdə yerinə yetirilməli olanı mərmərə köçürə bilərsən, amma davamsız alınar, tez zədələnər, hansı hissələrisə sınar, sıradan çıxar. Ancaq bütün bunları bilə-bilə, nədirsə, mən Ömər Eldarov üslubuna və ruhuna ən doğma materialın, onun plastikasını bütün zərifliyi ilə ifadə edə bilməkçün ən münasibgələnin bəmbəyaz mərmərin olduğunu zənn edirəm. Hətta hərdən xəyalən onun başqa materiallarda olan əsərlərini də təsəvvürümdə mərmər kimi canlandırmağa çalışıram.

Onun tuncdan olan Natəvanı da var, amma daha əvvəl 1953-də yonduğu mərmər Natəvan da. Həmin mərmər Natəvandan Xan qızının misralarının kövrəkliyi, axıcılığı, həzin musiqisi eşidilir elə bil. Geyiminin, saçlarının, üstündəki zinətlərin ən xırda naxışları, dalğaları, xətləri elə heyrətli plastikada ifadə edilib ki, sanki bu, heç sərt mərmərdən yonulmayıb, incə uclu bir qələmlə, fırçayla nəqş edilib. Ya maestro Niyazinin artistizmlə dolu ifasını, uçan əllərini, dünyanın ən məşhur orkestr şeflərinin belə həsəd apardığı plastikasını, Vaqif Mustafazadənin muğamla cazın vəhdətindən törəyən, insanı riqqətə gətirən ideal improvizələrini elə özü də öz sahəsində həmin dünyaduyumu və qabilliyin sahibi olan Ömər Eldarov kimi sənətkar belə görümlü, belə musiqi kimi axıcı bir tərzdə vücuda gətirə bilərdi. Həmin plastikanı Ömər Eldarov elə mərmərdəki kimi, amma ondan da bir az isti təsir təsir oyadan ağacdan hazırladığı abidələrdə ifadə edə bilər. Bir tərəfdən bu istilik elə ağacın mərmərə nisbətən daha məhrəm olan təbiətindən gəlirsə, digər tərəfdən sənətkarın ağacı həssaslıqla duymasına, ağac üzərinə atdığı çökmə və qabartmalara elə hərəkətdə olan yaşıl ağacdakı sayaq canlılıq verə bilməsinə bağlıdır.

Torpağı, yurdu körpə vaxtlarından bütün rayihələri, rəngləri, dadları, isti-soyuğu, yalın ayaqları ilə duymasındandır ki, təbiət onun əsərlərində, adətən, əsas qəhrəmanı ilə birgədir.

Əmircanda Səttar Bəhlulzadənin abidəsi. Səttar ləpələri qırçınlanan gölün, yaşıllanan təpənin tuşunda, həmişə sonsuz ustalıq və məhəbbətlə fırçaya aldığı təbiətin qoynundadır. Əlində artıq çəkib tamamladığı iki rəsm əsəri. Tamamlanmış ona görə ki, hər ikisində təbiətin bir parçasının təsviri aydınca görünür. Lakin bu, heykəltəraşın kəşfidir. Əslində, bunlar sadəcə boş çərçivələrdir. Lakin həmin boş çərçivəni arxadan görünən mənzərə doldurur. Bürünc Səttar özü tərpənməz halda yerindədir. Lakin səhər olur, günorta gəlir, axşam düşür, gecə çökür. Təbii ki, dəyişən işıqla o çərçivədəki mənzərə də başqa cür görünməyə başlayır. Beləcə, Ömər Eldarovun Səttar Bəhlulzadəsi hər gün, həm də gün ərzində bir neçə dəfə sanki eyni mənzərəni tamam başqa rənglərdə, çalarda fırçaya alır...

Ya görkəmli coğrafiyaşünas alim, Azərbaycan təbiətini qəlbən sevən, daim onun qorunması üçün həyəcan təbili çalan akademik Həsən Əliyevin qəbirüstü abidəsi. Əlində fotoaparatı rəhmətlik Həsən müəllim Azərbaycanı qarış-qarış gəzərdi. Və Ömər Eldarov da onu torpaqdan ayırmayıb. Elə həyatda olduğu kimi sadə görkəmi, mehribanlıq yağan çöhrəsi ilə təsvir edib - pyedestalsız, elə torpaq üstündə addımlayarkən...

Heykəltəraşlığın digər sənətlərdən bir mühüm fərqi onun xeyli dərəcədə asılı olmasıdır. Heykəltəraş ədib, ya musiqiçi kimi hüdudsuz sərbəstliyə malik deyil. O, sifarişə riayət etməyə məhkumdur. Xüsusən monumental heykəltəraşlıq mütləq dövlətin iradəsinə tabedir. Heykəlin hansı ölçüdə olmasını, harada qoyulacağını, bəzənsə hətta hansı materialdan hazırlanacağını da hökumət müəyyənləşdirir. Bu baxımdan da Ömər Eldarov ən çox bəxti gətirmiş sənətkarlardandır. Həm tale onu elə dövrdə dünyaya gətirərək elə onillərdə yaşatdı ki, heykəltəraşlığa dövlətin xüsusi həssas münasibəti ortadaydı, digər tərəfdən də ikiqat şanslıymış ona görə ki, tale onu sənəti həm dərindən duyan və bilən, həm də sənətkara qayğıkeş, nəvazişkar münasibətilə seçilən unudulmaz Heydər Əliyevlə rastlaşdırdı. Məhz Heydər Əliyevin Ömər Eldarov şəxsiyyəti və yaradıcılığına rəğbətləri səbəb oldu ki, Ömər Eldarov zəngin yaradıcılıq imkanlarını dolğunluğu ilə göstərmək fürsəti qazandı, bir sıra mühüm dövlət sifarişlərini bir başqasına deyil, məhz ona etibar etdilər. Yaxşı heykəltəraşlarımız az deyildi və Cavid abidəsini hazırlamağı bir başqa tanınmışa da həvalə edə bilərdilər. Yüksək peşəkarlar olduqlarından onlardan hər biri məqbul əsər də yaradardı. Hətta belə təşəbbüslər də vardı, mənə şəxsən bir neçəsinin ilkin cizgiləri də bəllidir. Amma onlarda Ömər Eldarovun doğurduğu bu cavidanəlik olmayacaqdı, qətiyyən olmayacaqdı.

Ömər Eldarovadək bizdə heç o biçimdə, o ruhda, o təqdimatda ayrı bir şair obrazı da yaradılmamışdı. Bəzi ayrıntıları ilə Füzuli abidəsi haradasa azacıq da olsa Ömər Eldarovun Cavidi ilə səsləşir. Ancaq “Füzuli”nin də müəlliflərindən biri Tokay Məmmədovla yanaşı, elə Ömər Eldarovun özüdür.

Və müdrik heykəltəraş Cavidin sinli vaxtlarının, hafizələrdə qalan son yaradıcı illərinin deyil, məhz poeziyasının romantik ruhunu daha sərrast ifadə edən 25-30 yaşları arasındakı görüntüsünü əsas götürməkdə necə də haqlıdır. Cavidi qəhrəmanlarının dünyasında, misralarının arasında, xeyirlə şərin, nurla qaranlığın çarpışdığı mühitdə təsvir etməklə, əslində, Ömər Eldarov bir abidə içərisində həm Cavidin özünü, həm də sözünü təsvir etməyi bacarıb. Elə bir əsər yaradıb ki, onun qarşısından ayaq saxlamadan, dayanıb düşünmədən ötüb keçmək mümkün deyil. Lakin bu abidədə həm də Cavidin öz taleyi, öz həyatı, vaxt qasırğalarının ondan ayırdığı doğmalarının, istəklilərinin çəkmiş olduqları müsibətlərin də əks-sədası var.

1980-ci illərin ortalarında Cavid yadigarı Turan xanımla Ömər müəllimin emalatxanasına tez-tez gedər, hələ yaranmaqda olan bu əsərin dünyaya gəlişi gedişatını izləyər, saatlarla söhbət edərdik. Bir dəfə Ömər müəllimin emalatxanasından çıxıb qayıdarkən yolda Turan xanım atasının iki misrasını yada saldı:

Hey fələk, keçdi həyat dalğa kibi,
Elə bir dalğa ki, qorxunc, əsəbi. 

Bu sətirləri söyləyəndən sonra Turan xanım fikirli-fikirli əlavə etdi ki, sanki Ömər müəllim bu misraların obrazını yaradıb. Cavan Cavid artıq olmadığı gələcəkdən bütün məhrumiyyət və fərəhləri ilə xeyli arxada qalmış ömrünü düşünür...

Ömər Eldarov geridə qalan uzun ömür yolu haqda düşünərkən bir dəfə belə yazıb: “Uşağın gözləri dünyaya geniş açılır, onu əhatə edən aləmə valeh olur, hər şeyi sevinclə mənimsəyir, ona elə gəlir ki, həmişə yaşayıb, həyat ondan başlayıb, bu həyat son dərəcə maraqlı, sevindiricidir. Və o əmindir ki, səadət üçün doğulmuşdur”.

Ömər Eldarovun qəhrəmanı Cavidin misraları var: 

Bəxtiyarsan, əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək. 

Hər insan dünyaya xoşbəxt olmaq üçün gəlir və əslində, ömür o qədər qısadır ki, hər biri Allahın yaratdığı təkrarsız əsər olan hər insanın məsud yaşamağa haqqı var.

Ömər Eldarov hadisələrlə, insanlarla, sənət zəfərləri və sevincləriylə ləbələb sağlam, əsasən rahat, təmin olunmuş bir həyat yaşayıb. Ona nəsib olmuş istedada heç vaxt dönük çıxmayıb, müdam zəhmətkeş olub, işləməkdən doymayıb, həyatı boyu çalışıb ki, yaxşı adam olsun, kimsəyə pisliyi dəyməsin. Nümunəvi ailəsi, qabiliyyətli balaları da ona taleyin bir ayrı töhfəsinə çevrilib. Şöhrətin bütün şirinliyini də dadıb, alına biləcək ən yüksək təltiflərin, mükafatların da, az qala, hamısına layiq görülüb. Həm dövlət, həm xalq tərəfindən daim əzizlənib, sayğısı uca tutulub. Lakin xoşbəxt olubmu, ümumən hansısa böyük sənətkar tam xoşbəxt ola bilərmi?! Axı həmişə ruhu yüksək, dilindən incə yumoru, şux zarafatı əskik olmayan həyatsevər Ömər müəllimin gözlərinin dərinliyində bir kədər də var. Həm də qüssə izi onun baxışlarına yalnız istedadlı balası, unudulmaz dostumuz Müslümü cavan yaşında itirməsindən sonra hopmayıb, elə gəncliyindən bəri bu dalğınlıq, daxilən məhzunluq həmişə onunla olub. Səbəb bircədir: dünyaya və insanlara çox ucalardan baxa bilmək, başqalarının yanından ötüb-keçdiyi çox mətləblərə biganə qalmamaq, gördüklərinin hamısını ürəyindən də keçirmək. Bu cür hissiyyat, bu təhər görə, düşünə bilmək qabiliyyəti Üzeyir bəydə də olub, Natəvanda da, Füzulidə də, Mahatma Qandidə də, Rabindranat Taqorda da, Səttar Bəhlulzadədə də, Caviddə də... Elə həmin səbəbdən Ömər Eldarovun yaratdığı bu surətlərin hər birinin çöhrəsində, baxışlarında həmin dünya qəmindən bir əlamət var...

Ömər Eldarovun bu xalqa və Azərbaycana öz misilsiz yaradıcılığından savayı bir ərməğanı da budur ki, Rəssamlıq Akademiyası kimi vacibdən-vacib təhsil ocağının yaranmasına nail olub və illərdir ki, ora rəhbərlik edir. Çünki heykəltəraşlıq, rəssamlıq bizim XX əsrdə qazandığımız elə sərvətlərdir ki, onları biz həmişə qoruyub inkişaf etdirməliyik, nəsillər arasında rabitələrin qırılmasına imkan verməməliyik. Bu akademiya xeyli dərəcədə məhz Ömər Eldarovun nüfuzu, dövlətin onun şəxsiyyətinə bəslədiyi ehtiram və inamın bünövrəsində yaradılıb, bu gün də nə xoşdur ki, o, nəvəsi, nəticəsi yaşlı gənclərlə yanaşıdır, onlara həm rektor, həm müəllim, həm də davam edən yaradıcılığı ilə örnək olmağı bacaran həmkardır.

Ömər Eldarov xasiyyətcə yumşaq, qılıqlı, mədəni bir insandır və sanki ondan sərtlik gözləmək mümkün deyil. Lakin sənət və insanlığın yüksək dəyərlərindən söz gedəndə bu mülayim insan qədərincə sərt, kəskin olmağa da qadir bir şəxsiyyətdir. Onun prinsipiallığına, insani dürüstlüyünə dəlalət edən və qəlbimə yaxın olan bir əhvalatı xatırlatmasam, bəlkə də, onun portreti tam dolğun çıxmaz. Elə həmin akademiyada çalışan ən istedadlı, tanınmış heykəltəraşlardan birinə qarşı son dərəcə namərd hərəkətlər etmiş və özü də miyana sənətkarlardan olan birisi günlərin birində həm də sənətşünas olmağı qət edir və dissertasiyasını akademiyadakı Elmi Şuraya təqdim edir. Ömər Eldarov həmin şuranın sədri, mənəviyyatca çürük iddiaçının incitdiyi, təbiətcə çox üzüyola, ona qarşı törədilmiş namərdliyi bağışlamağa hazır olan sənətkar da akademiyanın professorlarından biri. Ömər müəllim müzakirədən qabaq soruşur ki, bu adama, bu işə münasibətiniz necədir?

Görəndə ki, mövqe yetərincə yumşaqdır, dözmür, nadir hallarda üzə çıxan həmin sərt sifətini göstərir: “Siz öz sənət yoldaşına qarşı belə xəbislik törədənin, mənəviyyatı belə şikəst olanın alimlərin mötəbər cərgəsinə qoşulmasını necə rəva görürsünüz?”

Mən Ömər müəllimi həm də istər insani davranışlarda, istərsə də sənətdə zərurət anında belə güzəştsizliyinə görə çox istəyirəm!

Ömər Eldarovgilin nəslinə “Atlı” deyərmişlər. Bir köhnə el bayatısı dolanır yaddaşımda:

Burdan bir atlı keçdi,
Atı qanadlı keçdi.
Gün kimi şəfəq saçdı,
Könlü muradlı keçdi. 

Böyük Azərbaycan heykəltəraşı, xalq rəssamı, akademik Ömər Eldarov yaratdığı gözəllik dünyası ilə həmin Atlı sülaləsinə də, xalqımıza da, yurdumuza da şöhrətlər gətirdi. Onun imzası Azərbaycanın ən mötəbər imzalarından birinə çevrildi. Bu gün Türkiyədə təhsil qurucusu, nurlu insan, əslən kərküklü soydaşımız İhsan Doğramacının heykəli dikilirsə, Orta Asiyada Şərqin böyük mütəfəkkiri İbn Sinanın onun zəka nəhəngliyinə yaraşan abidəsi ucalırsa, XI əsrin mütəfəkkiri Nasir Xosrov heykələ çevrilərək yenə insanlar arasındadırsa, tacik ədəbiyyatının klassiki Sədrəddin Ayni özü və qəhrəmanları ilə birgə yenə hər gün Düşənbədə tunc abidəsindən insanlara salam verirsə, bu, o yerlərdə Ömər Eldarovla yanaşı, həm də Azərbaycanın imzası deməkdir.

Bayatı düppədüz deyir: Ömər Eldarov, sənətimizin bu atı qanadlı qüdrətli yaradıcısı Azərbaycana və dünyaya günəş kimi şəfəqlər saçıb.

Könlü muradlı, ürəyi yeni-yeni yaradıcı arzularla, sabah gözlərimizi sevindirəcək bir-birindən sevimli təzə surətlərlə aşıb-daşan Ömər Ustad bu an da ilhamla, güclə, yaratmaq eşqi və həvəsiylə doludur.

Atlı hələ yoldadır!..

Atı həmişə qanadlı olsun!..

 





25.12.2017    çap et  çap et