525.Az

Oralarda kimlər var- Publisist-tərcüməçi Teymur Xaspoladov


 

Oralarda kimlər var- <b style="color:red">Publisist-tərcüməçi Teymur Xaspoladov</b>

A-dan  Z-yə

Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, əsgərlikdən ehtiyat zabit bileti ilə qayıtmağımın yeganə xeyiri bu oldu ki, hərbi hazırlıq dərsindən azad edildim. Mayor rütbəsində olan müəllim-zabit biletimi alıb vərəqlədi və mənə bildirdi ki, hərbi dərsdən azad edilirsən. Və mənim hər həftə bir gün boş vaxtım oldu. Birinci kurs başa çatdı və mən ilin sonunda verəcəyim 5 imtahana olduqca yaxşı hazırlaşdım. Axı, hər həftə bir gün boş olmaq tələbəyə hazırlaşmaq üçün stimul verir. İmtahan sessiyası başlandı və elə ilk imtahana gələndə  dekanlıqdan mənə bildirdilər ki, imtahana buraxılmamısan, hərbi kafedrada nəsə problemin var, get onu yoluna qoy, sonra gəl, imtahana gir.

Mən bunu kiçik bir anlaşılmazlıq olduğunu və tezliklə həll edəcəyimi bildirib hərbi kafedraya yollandım. Lakin məni burada böyük bir “sürpriz” gözlədiyini öyrənəndə dünya başıma dolandı. Sən demə, mən hərbi dərsdən azadmışam, mülki-müdafiə fənnindən isə kurs keçməli və imtahan verməliymişəm. Bunu da mənə izah edən olmamışdı. Mətləbi uzatmamaq naminə qısa danışacağam: heç kəs zavallı tələbəyə yiyə durmadı. Nə hərbi hazırlıq kafedrasının rəhbəri, nə mülki müdafiə kafedrasının müdiri, nə Jurnalistika fakültəsinin dekanı. Hamı mənə belə bir məsləhət verdi: imtahanlar bitsin, gəl sənədlərini al, çıx get! Rektor mərhum Faiq Bağırzadəyə ərizə ilə müraciət etdim. Faiq müəllimdən cavabı çox gözləməli olmadım. Rektor ərizəmin üstünə belə bir dərkənar qoymuşdu: Təcili tədbir görülsün! Özü də təsadüfən o dövrdə istifadə etdiyimiz kiril əlifbası ilə təcili sözü elə yazılmışdı ki, rusdilli mütəxəssislər onu “yaxşı” sözü kimi oxudular. Bunun həqiqiliyini yoxlamaq çox da çətin iş deyil: kiril əlifbası ilə “təcili” sözünü yazın və “t” hərfinin birinci xəttinin üstünə, təsadüfən düşmüş kimi, bir kiçik nöqtə qoyun. Hərbi hazırlıq kafedrasının rus millətindən olan rəhbəri dərkənarlı ərizəyə baxıb məndən dərkənarda nə yazılmış olduğunu soruşdu. Mən dərkənarda yazılanı dəqiq oxuyub ona tərcümə etdim. Sonra o, ərizəni də götürüb mənimlə birlikdə Abbasov familiyalı mayorun yanına gəldi və dərkənarı oxumağı ondan da xahiş etdi. Yəqin ki, mənə inanmamışdı. Abbasov ona izah etdi ki, dərkənarda əmr edilir: təcili olaraq yaxşı tədbir görülsün! Abbasov “yaxşı” sözünü xüsusi vurğu ilə qeyd etdi. Mənə illik kursu öyrənmək üçün 3 gün vaxt ayırdılar. Nə qədər israr etdimsə də ki, elə bu dəqiqə “zaçot” verə bilərəm, razılaşmadılar. Dedilər ki, bu, inandırıcı görünməz. Mən imtahanlara daha 3 gün gecikməli oldum. Üç gün də ötdü. Təxminən 4 saatlıq sorğu-sualdan sonra bir illik kursdan qiymətimi yazdırıb imtahana qaçdım. Artıq 5-ci-sonuncu imtahan gedirdi. İmtahanın sonuna güclə çatdım. Həmin imtahandan “5” ilə qiymətləndirildim. Digər imtahanları da “əla” və “yaxşı” qiymətlərlə başa çatdıraraq növbəti kursa adladım.

Beş il universitet auditoriyalarında uzun illər həsrətində olduğum ixtisasa yiyələnəndən sonra bölgü məsələsi, daha doğrusu, problemi başladı. Arxayın idim ki, təcrübə keçdiyim Azərinformbüro təyinat vaxtı mənə tələbnamə verəcək. Belə arxayınçılığıma əsasım da vardı. Bütün ixtisas fənlərindən və təcrübələrdən, tərcüməçi ixtisası ilə bağlı yazdığım diplom işindən “əla” qiymətlər almışdım. İstehsalat  təcrübələrimi burada keçirmişdim. Ən əsası isə, gələcəkdə işə götürülməyimə büro rəhbərliyinin zəmanət verməsi şərti qoyulmaqla, yay tətillərində, istirahətə getmədən burada qalıb, əmək haqqı belə almadan, idarənin  məzuniyyətdə olan işçilərini əvəz etmişdim. Lap əsası isə bu idi: mənə söz vermişdilər. Bununla belə, bütün sadalananlar birlikdə təyinat məsələmə kömək etmədi. Əsgərliyə çağırış məsələsi ilə bağlı qarşılaşdığım etinasızlıqdan sonra bu hal həyatımda ikinci-daha təsirlisi oldu.

Qısa danışacağam. Təyinatımı öz rayonumuza yazdırdım. Rayonda jurnalist təhsilli kadrların  lazım gəldiyindən çox olması yeni problemlərə şərait yaratdı. Təyinat müddətindən üç ay ötəndən sonra redaksiyada mənə bir təhər korrektor yeri düzəltdilər. Üç il korrektor işlədim. Sonra müxbir işləmək imkanı yarandı və iki il də müxbir işlədim. Təsadüfi tanışlıq sayəsində Bakıda iş yeri düzəldi. Əvvəlcə çoxtirajlı qəzetdə müxbir işlədim və bir il sonra mənə Avtomobil Nəqliyyatı Nazirliyində qəzet açmaq tapşırıldı.

–Sovetlər dönəmində qəzet açmaq çətin bir işdi.Bunu necə bacardız?

–Sovetlər dönəmində hansısa bir qəzetə redaktor təyin edilməyin əsl cəhənnəm əzabı olduğunu yaşlı jurnalistlər yaxşı bilirlər. Nəsil şəcərəsindən tutmuş, ta oturub-durduqlarınadək hamı haqqında məlumat toplanılırdı. Redaktor təyin ediləcək jurnalist elə şöbədəcə oturub baş məqalə yazmalı idi. Açığını deyim ki, belə seçim üsulu mənim kimilərə sərf edirdi. İzah edim. Heç bir kəsi olmayan mənə təsadüfən bütün respublikanı əhatə edən bir sahə qəzetinin təşkili və rəhbərliyi tapşırılır. 36 yaşımda belə bir təsadüf ilə qarşılaşacağım heç yuxuma da girməzdi. O dövrlərdə mənim kimilərə 40 yaşadək deyərdilər ki, tələsmə, hələ gəncsən, sənin üçün də imkan yaranacaq, işləyəcəksən. 40 yaşdan sonra isə deyərdilər: daha hara, qocalmısan! Mənə olunan təklif isə yenə də böyük Allah tərəfindən nazil olmuşdu. Sonradan öyrəndim ki, sən demə, respublika avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərəcək qəzetə, nəinki baş redaktor, hətta adi müxbir düzəlməyi arzu edənlər həddən artıq çox imiş. Redaktor təyinatı üçün mənə qədər 11 nəfərin şəxsi işi Mərkəzi Komitəyə aparılıbmış. Heç biri də keçməyibmiş. Qəzetin yaradılma müddəti tükəndiyindən icraçılar elə mütəxəssis tapmalı idilər ki, bütün parametrləri qəlibə uyğun gəlsin. Məsələn, gənc, təmiz, adına pis söz çıxmamış olsun və s. O zaman icraçılar bütün bunları mənim şəxsimdə tapdıqları üçün, mənsə vəzifə tapdığım üçün hamımızın işi düzəlmişdi. Gənc olmağım və  avtobioqrafiyam mənim üçün yaşıl işıq yandırmışdı. Ən çətin anlarımda köməyini əsirgəməyən böyük Allah burada da öz şəfqətini məndən əsirgəməmişdi.

Az bir zamanda qəzet təşkil olundu. 17 il qəzetə rəhbərlik etdim. Redaksiyamız ali məktəb auditoriyası arxasından yenicə qalxmış onlarla məzun üçün məktəb və ilk iş yeri oldu. Onların əksəriyyəti bu gün də ölkənin tanınmış  kütləvi informasiya vasitələrində, mətbuat xidmətlərində çalışır. Fəaliyyət göstərdiyi illər ərzində qəzet və redaksiya əməkdaşları respublikanın ən nüfuzlu təşkilatlarının təşkil etdiyi  müsabiqələrdə hər dəfə müxtəlif mükafatlara layiq görülmüşlər.Burada mən də çox şey öyrəndim. Bir ifadə ilə bu barədəki fikrimi tamamlamaq istəyirəm: daha məni nə iləsə nə təəccübləndirmək olardı, nə də inandırmaq... İnandırmaq ifadəsini bir qədər hissə qapılıb dedim... buna görə oxucu qoy məni bağışlasın. Məni tanıyanlar bunun belə olmadığını özləri başa düşəcəklər. Həm qəzetin təşkili, həm də fəaliyyəti dövründə baş vermiş çoxsaylı olaylardan yalnız birini xatırlamaqla ön cümlədə söylədiyim fikri təsdiqləmək istəyirəm.

–Bəli,maraqlı olardı...

–Qəzetimizin fəaliyyətinə həm köməklik etmək, həm də bütün məsrəfləri ödəmək o vaxtkı şəhər sərnişindaşıma nəqliyyatı baş idarəsinə həvalə olunmuşdu. Buna görə də nazirlikdən məsləhət gördülər ki, əvvəlcə elə həmin təşkilatın rəhbəri ilə görüşüm. İdarə rəisi məni hörmətlə qarşıladı. Üç müavinini və baş mühəndisi yanına dəvət etdi. Boyca müdirdən xeyli uca, ətli-canlı olan müavinlər cərgə ilə ayaq üstündə dayandılar. Rəis qəzetin təşkilinə necə kömək etməyin yolları və üsulları barədə tapşırıq verdi. Söhbət təbii ki, rusca gedirdi. Ən ucaboylu müavin isə rəis danışdıqca qələmlə bloknotuna tələsik nəsə yazır və eyni ifadəni ardıcıl olaraq təkrar edirdi: yest, filankəs filankəsoviç! Mən oturduğum üçün onun nə yazdığını görə bilmirdim. Sonra rəis üzünü qeydlər aparan müavinə tutub göstəriş verdi ki, indi hamınız gedin kabinetinizə, bütün bu deyilənlərin planını tutun və sonra qayıdın, birlikdə müzakirə edək.Otağa girər-girməz qeydlər aparan müavin məndən soruşdu:

–Nə məsələdir, söhbət nədən gedir?

Təəccüblə soruşdum ki, bəs, indicə rəisin kabinetində dəqiqəbaşı “yest” deyərək nə qeyd edirdiniz?

Müavin şaqqanaq çəkib güldü və bloknotun vərəqini mənə göstərdi: vərəqdə heç nə yazılmamışdı...

Mən elə ilk görüşdə fikirləşdim ki, mənim üçün burada işləmək çətin olacaq! Bununla belə, öndə dediyim kimi, uzun müddət belə şəraitdə, belə yerdə işlədim.

Ağır vaxtlarda, jurnalistlərin əməkhaqqı almadan işlədikləri dövrdə mətbuatdan uzaqlaşdım. Xeyr, bu fərarilik deyildi.

ONLAR NƏ DEDİLƏR:
Akif Qəhrəmanlı
tərcüməçi-jurnalist,
Həsənbəy Zərdabi adına mükafatın laureatı

FƏRDA MÜƏLLİMİN ATMACASI İŞƏ YARADI                                                         

Dostum,həmkarım Teymurşah Xaspoladov haqqında bir neçə söz

Teymur haqqında müqəddiməsiz, girişsiz,istinadsız-filansız yazmalı idim.Amma mətbuatda gec-gec çıxış etdiyimə görə bu fürsətdən istifadə edib bir qədər ürəyimi boşaltmağı da qərara aldım.Düşünürəm ki,dostum bundan inciməz.Axı toxunacağım məsələlər barəsində onunla da bir neçə dəfə fikir mübadiləmiz olub və mənim dediklərimə etirazını bildirməyib.Demək istədiyim isə odur ki, xoşbəxtlikdən,son vaxtlar Azərbaycan mediasında,Azərbaycanın ziyalılar mühitində şəxsən mənim uzun illər boyu həsrətini çəkdiyim müsbət bir ab-hava yaranmağa başlayıb: jurnalistika sahəsində yetərincə sanbalı,möhkəm mövqeyi,dərin biliyi və mükəmməl savadı, geniş,sağlam dünyagörüşü,yetkin ağlı,saf niyyəti və xalqın gələcəyinə yönəlik  xoş məramı olan bir neçə (hələlik) nəfərin səyləri ilə sənət,peşə yoldaşları,xüsusən bəzi (bəlkə də məlum) səbəblərdən cəmiyyətin diqqətindən kənarda qalan,yaxud dünyasını dəyişmiş  şəxslər  barədə həmin insanların ailə üzvlərinin təşnəsini söndürən, böyük sosial-tərbiyəvi(geniş mənada hətta tarixi) əhəmiyyət daşıyan çox müsbət, qərəzsiz və  gərəkli informativ məqalələr yazılır.

Bilirəm:bu fikrə etiraz edənlər,”Məgər əvvəllər görkəmli adamlarımız haqqında,sənət yoldaşları haqqında məqalələr yazılmırdı?”-sualını verənlər tapılacaq.Fəqət eyni sənət sahəsində çalışanların öz yoldaşları barədə bəzən necə qərəzli mövqe tutduqlarını,hansı fəndgirliklərə əl atdıqlarını bilməyən,görməyən az olar.Belə atmosfer çox uzun sürmüş və gözəl sənət adamlarımızın çoxunun həyatına zəhər qatmışdır.Mən də məhz ona görə indiki sevindirici vəziyyətdən söz açıram və fikrimi bildirmək üçün fürsət yaradanlara təşəkkür edirəm.

Elektron informasiya vasitələrinin insanların həyatına hakim kəsildiyi bu zəmanədə qəzet oxuyanların sayının getdikcə daha sürətlə azaldığını hamı kimi mən də bilirəm.Lakin o da məlumdur ki,kompüterdən oxunan informasiya ilə qəzetdən oxunan informasiyanın verdikləri zövqlər başqa-başqadır.İzahı çox uzun çəkəcək digər çalarlar da var.Bunlar olmasaydı,kimlər haqqında isə qəzetdə material dərc etdirməyin nə mənası vardı?!

(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)

[email protected]

tofigabdin.com

 





15.07.2013    çap et  çap et