525.Az

Məhəmməd Əmin Rəsulzadə- Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə-<b style="color:red"> Əsərləri</b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

IV cild

Millətlər qurultayı – 8 sentyabr 1917

Bu gün Ukraynanın paytaxtında Radanın təşəbbüsü ilə böyük bir məclis, millətlər qurultayı quruluyor.

Çarizm uçurulduqdan sonra Rusiyada çox qurultaylar qurulmuş, çox ictimailər, syezdlər əmələ gəlmişdir. İstibdadın zülm və təcavüzlərindən zarə gələn ayrı-ayrı millətlər, yersiz və ixtiyarsız qalan kəndlilər, sərmayənin həqsiz və əndazəsiz təzyiqi altında inləyən əmələlər və sair bir çox sinif, təbəqə və heyətlər toplaşıb bu böyük inqilabdakı xətti-hərəkətlərini təyin eləmişlərdir.

Böyük inqilab müstəbid Rusiya vücudindəki böyük xəstəliklər nəticəsində çıxan bir böhrandır. Bu xəstəliklərdən ən böyügü heç şübhəsiz ki, Rusiya cahangirligindəki təmsil politikası, başqa təbirlə məhkum millətləri təzyiq etmək idi.

Təbiidir ki, hər inqilab hər şeydən ziyadə kəndisini mucib olan səbəblərlə məşğul olar.

Bəzi kutəh nəzərlər, daha doğrusu, özlərini qəsdən kütah-nəzərligə vuranlar Rusiyada elani-hürriyyət olduqdan sonra millətlərin fəzlə təlaş göstərmələrini təbii görmüyorlar. Müvəqqəti hökumətin, siyasi firqələrin bir dəfə hüquqi-millət təmini xüsusindəki bəyan və elanlarını milliyyət məsələsinin həllindən ötrü kafi görüyorlar.

İnqilab, yalnız bir bəyannamə və elanlarla əsrlərdən bəri məmləkətin bədəninə müstövli olan xəstəlikləri sağaltmağa qadir öylə bir tünd təsirli əlaclara, yaxud İsa nəqli müalicələrə malik olsaydı, əlbəttə ki, iş asanlaşardı. Bir fərman kəndliləri, bir iradə əmələləri, bir sirkulyar ticarət və sənaye ərbabını, bir elan da millətləri rahət edərdi.

Fəqət əsrimiz əfsanələrdə görülən xürafə dövrəsi degildir.

Millətlərin, cəmiyyətlərin həyatına aid olan məsələlər artıq “möcüzə”lərlə degil, mübarizələrlə həll olunuyor.

Əmələ kəndi sinfi mənafeini təmin, kəndçi toprağa bulunan ehtiyacını rəf etmək üçün nə dərəcədə ittihad, ittifaq və mübarizəyə möhtac isə, millətlər də öylə bir ehtiyac qarşısındadırlar.

Rusiyadakı millətləri yalnız istibdad, yalnız Nikolay, yalnız bürokratizm əzmiyordu. Onları ən çox təzyiq edən şey müstəbid Rusiyanın mərkəziyyəti, müxtəlif mədəniyyət və xüsusiyyətləri bir nöqtəyə tabe etməsi idi.

Rusiya inqilabı millətlərin xüsusiyyətini təmin həqqindəki elan elədigi düsturları quru söz halına buraxmamalıdır və məsələyi sözlə degil, işlə həll etməlidir. Bunun üçün də lazımdır ki, Rusiya cümhuriyyəti milli və məhəlli muxtariyyətlər əsası üzrə qoşma bir cümhuriyyət halını alsın. Rusiyada yaşayan bütün millətlərin tələbi budur. Bu tələb yalnız millətlərin degil, rus millətinə mənsub olub da ən səmimi hürriyyət mübarizlərinin belə tələbidir. Kropotkin kibi mübarizi-hürriyyət Moskva dövlət şurasında elanən söylədi: Rusiya Amerika kibi qoşma cümhuriyyətlər ittifaqından ibarət olmalıdır – dedi. Bunu bugünki həyat tələb ediyor. Aləmşümul müharibə, böyük inqilab vasitəsilə hasil olan dünya sarsıntısının hökuməti dəxi bunu icab ediyor.

Millətlərinin rəngarəngliginə ikinci, gövdəsinin cəsamətinə birinci mövqe tutan Rusiya bundan başqa bir şəkli-hökumətlə daxili sülhi təmin edəməz! Böylə bir təmin olmuyunca dəxi əzəmət, mədəniyyət və tərəqqi ümidini bəsləyəməz!

Biz, məhkum millətlərə mənsub olanlar əlbəttə, istiyoruz ki, milləti-hakiməyə mənsub olanlar arasında səmimi müdafiələrimiz var. Fəqət bunu da biliyoruz ki, heç bir zaman bir sinfin və ya bir heyətin xaricdən olan müdafei onun həqqini kəndisi kibi müdafiə edəmməz!

Kəndçi sinfi, fəhlə qismi kəndi müqəddəratının müdafiəsini öz sinfinin mübarizligindən gördügü kibi, bir millət də kəndi hüququnun müdafiəsini ancaq özündən gözləyə bilər.

İştə, bu məqsədlə, bu gün ukraniyalıların təşəbbüsilə millətlər qurultayı dəvət olunuyor.

Ukrayna qurultayına o millətlər, o vilayətlər toplaşacaq ki, Rusiya cümhuriyyətini qoşma xəlq cümhuriyyəti şəklində görmək istiyorlar.

Federasyon fikrinin, muxtariyyət arzusunun, istiqlali-milli ideyasının ən şiddətlə çarpan nəbzi heç şübhəsiz ki, Kiyevdədir.

Rusiyadakı məhkum millətlər arasında ukraynalılar velikoruslara yaxın olduqları halda təmsil zəhərini kəlmələrlə içmişlərdir. Fəqət milli mənəviyyatları, milliyyətlərinə olan məhəbbətləri onları hər növ təcavüzlərə təhəmmül etdirib kəndi məfxəri-milliyyələrindən uzaqlaşdırmamışdır.

Ukrayna siyasi hüdudini qeyb eləmişsə də, məfaxiri-milliyyəsindən heç bir zaman ayrılmamışdır. Müdəqqiqlər bilərlər ki, əsl vətən haman məfaxiri-tarixiyyə və milliyyədən ibarətdir.

Hər nə qədər müstəbid Rusiya Boqdan Xmellinitskiyi bir asi kibi elan edib, Şevçenkonu oxunmaqdan mən ediyor, malorus dilini məktəblərdən qovmiyordısa da, fəqət başqalarının təqdirini cəlb edən o qəhrəmanlıq, digərlərinin zövqünü cəzb edən o dühayi-fikir və sənət ukraynalıların kəndi mənəviyyatlarını təsxir etməyə bilməzdi.

Şevçenkoların ruhi malorus səhneyi-tamaşasında gördügünüz o cazibədar zindəligilə daima ukraynalıların mənəviyyatını qızdırmış. Kəndilərini parlaq bir ümidi-istiqbal ilə yaşatmışdır. İştə, bu gün o ruhəfza Kiyev üzərində uçuşuyor və sevdigi millətilə dərdləşməgə gələn bütün millətlərə lahuti bir sövti-intibahla “ey millətlər anlaşın!” diyor!

Biz əminiz ki, Ukrayna Radasının dəvətinə icabətlə Kiyevə toplanan millətlər böylə bir nidadakı mənayı tamamilə dərk edər və bu həftə müddətindəki müzakirələri nəticəsində alacaqları qərarlarla sözləşərlər ki, Məclisi-Müəssisana bir gedilsin.

Rusiyanın qoşma xəlq cümhuriyyəti olacağı istənilsin.

Millətlərin hüququ sözlə degil, iştə təmin edilsin.

Bu tələblərin müvəffəqiyyətlə icrası üçün tarixi yolları bulmuş olan bu millətlərin hərəkətləri müvafiqət alsın.

Kiyevdəki millətlər qurultayına Zaqafqasiya daxil olduğu halda bütün türk qövmləri, islam millətləri də iştirak eləmişlərdir.

Biz türklərlə müsəlmanlar tarixi bir surətdə toplanan bu qurultaya böyük ümidlər bağlıyoruz. Burada bağlanacaq əhd və misaqlara inanıb burada içiləcək andlara əski türk “andı” qədər əhəmiyyət veriyoruz.

Rusiyadakı millətlərdən Ukrayna ilə müsəlmanlar velikoruslardan sonra ən böyük millətlərdir. Bu iki millətin səsi Daxili Rusiya siyasətini ölçəcək mizanə qoyulursa, o zaman qoşma xəlq cümhuriyyəti kaffəsinin basacağına şübhə qalmaz.

Biz müsəlmanlar Rusiya cahangirligindən çox çəkdik. Biz türklər Rusiya mərkəzindən təngə gəldik. Bir daha o cahangirligə yol vermiyəcəgiz. Bir daha o mərkəziyyətə boyun əgməyəcəgiz.

Bunu nümayəndələrimiz orada söyləməgə və oradan bütün Rusiyaya eşitdirməgə vəkildirlər.

Biz də millətlərin qurultayını təbrik edərkən bunu düşünüyor və bu düşüncəmizin ifadəsini: Yaşasın qoşma xəlq cümhuriyyəti. Yaşasın milli-məhəlli muxtariyyətlər! – şüarında buluyoruz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 10 sentyabr 1917, №563

 

Kütah – qısa, gödək

 

Bir dərs daha 

Mədənlərin şəhərə bitişdirilməsi məsələsi xüsusi Zaqafqasiya komitəsi tərəfindən sosialist firqələrin istədigi kibi həll olunmuşdur. Mədənlərin şəhərə bitişdirilməsi lazım görülmüşdür.

Mədənlərlə bərabər Zığ, Bibiheybət, Sabunçu, Zabrat, Binəqazi, Suraxanı, Biləcəri, Əmirhacıyan, Digah, Bülbülə, Əhmədli, Keşlə və Balaxanı kəndləri də şəhərə qoşuluyorlar.

Bu on üç kəndin əvvəlcədən heç məsələsi yox idi. Mədənləri şəhərə bitişdirmək istəyənlər mədənlər içində bulunan bu kəndləri belə görmüyorlardı. Fəqət sonra kənd demokratiyası, müsəlman-türk külliyyəti öz sözünü söylədi. Həyati mənfəətlərinin ayaq altına alındığını bağırıb çağırmaya başladı. Buna bir güzəşt olaraq uyezd zemstvosuna əks gedənlər fövqüzzikr 13 kəndin də şəhərə bitişdirilə biləcəgini söylədilər.

Mədənlərlə bərabər bu 13 kəndin dəxi şəhərə bitişdirilməsi mübarizəyə başlayan müsəlman demokratiyasının tələbinə qarşı bir güzəştdir.

Bu demokratiya gec degil, vəqtində mənfəətini qansa, vəqtində səsini yüksəltsə, vəqtində birləşib mütəşəkkil bir qüvvət təşkil etsəydi o zaman şübhəsiz ki, əsl istədigini də ala bilərdi.

Bu məsələdə müvəffəqiyyət tamamilə müsəlman demokratiyasına üz vermədisə, bundan alınacaq bir dərs vardır. Daha ziyadə təşkilat, daha ziyadə ittihad!

Əgər bu gün səsini uyezd zemstvosu lehində yüksəldən müsəlman əmələsi ilə kənd demokratiyası bu gün degil, dünki gün danışsaydı və daha qüvvətli səslə bağırsa, daha qüvvətli təşkilat və qüvvətlə istədiklərini nümayiş etdirsəydi, o zaman şübhəsiz istədiginə nail olardı.

Daha ziyadə təşkilat, daha ziyadə ittihad!

İştə, mövzudakı keyfiyyətdən alınacaq bir dərsi-intibah!

M.Ə.

“Açıq söz”, 11 sentyabr 1917, №564

 

Məkulat böhranı 

Rusiyada ərzaq və mühimmat yoxluğu öylə bir dərəcəyə yetişmişdir ki, paytaxt qəzetələrinin dedigi kibi artıq böhran degil, fəlakət şəkli almışdır. Hazırda bütün Rusiyanın fikrini işğal edən çörək məsələsidir. Nə siyasət cəmaəti o qədər maraqlandırıyor, nə inqilab, nə də ümumun müqəddəratı; hər şeydən artıq çörəkdir. Halbuki müharibənin dəvami məmləkətin asayişi, xəlqin sakitligi həp çörək məsələsinə bağlıdır. Ac qalan cəmaət heç vəqt sakit durub ölümünü gözləməz və nəticədə qarışıqlıq, hərcü-mərc çıxar, bunun qabağında heç bir qüvvə dayanamaz. Hazırda isə Rusiyanın halı bu dərəcəyə varıyor. Paytaxt qəzetələrinin yazdığına görə paytaxtlarda və bəzi sair şəhərlərdə xəlq acından ölmüyorsa da, demək olar ki, doyunca yeyən də tapılmaz. Hamı yarımac bir halda yaşıyor. Digər tərəfdən də pozğunluq, nəqliyyat işlərinin pərişanlığı get-gedə artmaqda, kəsbi-şiddət etməkdədir. Bu uğurda imdiyə qədər görülən tədbirlər də gözlənilən nəticəyi vermiyor. Hökuməti-müvəqqətə kəndlərdən taxıl almağı asanlaşdırmaq və bu surətlə aclığın qabağını almaq qəsdilə sabit qiymətləri ikiqat artırdı. Fəqət bundan da öylə ciddi bir nəticə gözlənmiyor. “R.V.” qəzetəsi bu məsələyə təxsis etdigi bir məqaləsində diyor ki, “bəlkə ilk dəfə kəndlilər bir qədər taxıl buraxarlar, fəqət az çəkməz yenə taxıl buraxmaqdan imtina edərlər. Çünki bir tərəfdən qiymətin bir daha artırılmasını gözləyəcəklər, digər tərəfdən də kəndlilərə pul lazım degil, möhtac olduqları filiz və mənsucat verilmədikcə əllərində olan qiymətli malı kağız pula dəgişmiyəcəklərdir”.

Bu surətlə yemək məsələsi böhranı keçmiş, fəlakətə üz qoymuşdur. Səlahiyyətli dairələrdən verilən məlumata görə nəqliyyat vəsilələri də get-gedə zəifləşiyorlar, xarab olmuş vaqon və parovozların miqdarı artıyor. Su yoluyla da taxıl az aparılıyor; böylə ki, rəqəmlərlə göstərildiginə görə bu il su yoluyla daşınan taxılın miqdarı keçən ildəkindən on qat azdır. Halbuki keçən il də lazımi miqdarda taxıl çox az daşınmışdı. Digər tərəfdən də bu yaxınlarda çaylar donub su yolları kəsiləcəkdir.

“R.V.” mühərrirlərindən “N.Ay.” ərzaq və mühimmat məsələsinin nə dərəcə fəna bir halda olduğunu təsvirlə yazıyor ki: ac əhali ancaq çörək fikrilə yaşıyor. Hər yer böyük təhlükədədir. Əhaliyə yaxın olanlar, onun əhvalını bilənlər yaxın zamanda böyük fəlakət gözlüyorlar. Müstəhlik quberniyalarda ancaq bir neçə günlük çörək var. Gətirilən taxılın da miqdarı lazım olandan neçə qat əksikdir. Getdikcə də əksiliyor. Şəhərlər, kəndlər, mədən, zavod, fabrika dairələri çörəksizdirlər. Şəhərlər hər gün aclıq gözlüyorlar, fabrika, zavodlar dəxi təmin edilməmişlərdir.

Ərzaq idarə və komitələri və müdirləri köməksiz bir haldadırlar. Komitə və idarələrdəki adamlar təcrübəsiz, biliksiz şəxslər olub işdən ziyadə siyasət və firqə mübarizəsilə məşğuldurlar. İclaslar quruluyor, nitqlər söyləniyor, pullar sərf olunur, amma bir iş edə bilmiyorlar. Heç kəs danmıyor ki, məkulat almaq çətin, araba ilə daşımaq müşkül, bir yerdən başqasına şey aparmaq məmnu olduğundan qeyri-mümkün, dəmir yollarında nəqliyyat işləri pozğun, vaqon naryadı almaq üçün uzun müddət çalışmaq, çapalamaq lazımdır. Bunların da həpsi ərzaq və mühimmat işlərini müşkülə salıyor. Amma yeni ərzaq təşkilatının da nöqsanı çoxdur. Fəqət bunca fəlakət səbəbini yalnız idarə və komitə heyətində degil, bütün şəraiti-siyasiyyə və iqtisadiyyədə aramalıdır. Daxildə siyasi mübarizələri rəf etməli, cəmaəti qorxudan qurtarmalı, inandırmalıdır ki, məmləkət hərcü-mərclik olmayacaq, həyat adi qaidəsinə düşəcəkdir. Böylə edərlərsə, ərzaq məsələsi bir qədər asanlaşar.

İləri cəmaət hər şeydə istibdadı müqəssir gördügü kibi, imdi də yeni üsulu, iş başında duranları və dövlətliləri müqəssir görüyorlar. Bunun üzərinə də bir çox narazılıqlar, iğtişaş və təcavüzlər çıxıyor. Bu isə müdhiş, təxribedici bir hərəkətə mübəddəl ola biləcək əksinqilab zəmini hazırlıyor. Binaənileyh hökuməti-müvəqqətə hər şeydən ziyadə bu məsələyə diqqət verib onu həll etməlidir.

“Açıq söz”, 12 sentyabr 1917, №565

 

 Çörək yoxdur

Axır günlərdə çörək yoxluğu şəhərimizdə şiddətlə hiss olunmaya başlamışdır. Kooperativlərin qarşısı əli kisəli arvadlar, kişilərlə doluşuyor. Səhərdən axşama, bəzən də axşamdan səhərə qədər növbəyə durub, nəhayət evlərinə kisələri boş qayıdıyorlar.

Təbiətdə boşluq yoxdur. Bütün gününü sərf edib də axşam ac uşaqlarının yanına əliboş qayıdan zavallı atanın, hamisiz və çarəsiz ananın bu “boşluğu” da əvəzsiz qalmayır. Əli undan, çörəkdən boş qayıdanların sinəsi kin və nifrətlərlə doluyor.

Xeyriyyədə un veriyorlarmı? – deyə varid olan bir suala kisəsi qoltuğunda boş gedən qadının bütün kainata nifrətlər yağdıran dilindən:

Ey, xeyriyyə də xərabə qalsın! sözünü eşitdim və bu sözdəki dəhşəti haman hiss edərək tüklərim ürpəşdi.

Xeyriyyə də xərabə qalsın!

İştə, ac cəmaətin əhvali-ruhiyyəsini hekayə edən dəhşətli bir cümlə!

Bu cümlə yalnız Bakıda söylənmiyor. Bu nifrət yalnız “xeyriyyə”yə yağdırılmıyor, bu nifrət və nifrəti yağdıranlar yalnız müsəlman acizləri, Verxni-Naqornı vətəndaşları degil, hər yan böylədir.

Böylədir, – dedik: yanıldıq. Doğrusunu etiraf etmək lazım gəlirsə, Bakının halı bir çox yerlərdən yaxşıdır.

Əvət, yaxşısı buradır – denilir. İmdi artıq özünüz təsəvvür ediniz.

Təsəvvür ediniz quraqlıq çəkmiş kəndləri, təsəvvür ediniz unun putu 10 manatlara qədər vuran yerləri.

Əvət, çörək yoxdur. Bütün dünyanı öz çörəgi ilə doyuran Rusiya acdır, aclıqdan həlak oluyor. Aclıqdan məğlub, acından pərişan oluyor.

Çörək yoxdur. Çünki çöllər əkilməmiş qalmış, çünki məmləkətin ən çalışqan və işlək qismi yerindən, yurdundan ayrılmış, çünki gündən-günə artan və gündə 40 milyona qədər varan dövlət məsarifini ödəmək üçün müttəsil işləməkdə və bütün məmləkəti nəqd pullarla dolandırmaqda olan zərbxana pulun yarısını düşürməkdədir, çünki pulun miqdarı, dərəceyi-etibarı qalmamışdır, çünki fabrikalar, zavodlar istehsallarını əksiltmişlər, lazım olan məvadi xəlqə yetirə bilmiyorlar. Buna görə də kəndlilər var-yox buğdalarını şəhərlərə buraxmaq istəmiyorlar. Çünki bizə etibarı yox kağız lazım degildir, çünki kağız pula heç bir şey alamıyoruz diyorlar.

Həqq də diyorlar. Buğda verəriz, bəşərte-inke bizə çit veriniz geyək, dəmir veriniz kotan yapaq, atımızı nallayaq – deyə, mətləblərini izah ediyorlar. Çit, nal, dəmir və sair mayəhtac hazırlayan zavodlar, fabrikalar kəndlilərin bütün bu həqli tələblərini yerinə yetirməkdən acizdirlər. Çünki dedik əvvəla, əmələləri yox, sonra xam materialları yoxdur. Olan əmələ ilə material da kafi dərəcə və yararınca degildir. İstehsal azalmışdır.

Bütün bunlara əlavə ediniz dəmir yollarının tərtibsizligini. Əvvəla, yollar ləvazimi-hərbiyyə daşımaqla məşğul. Müharibənin namüsaidligi ilə nə qədər vaqonlar düşmənə qənimət olmuşdur.

Daxildəki pozğunluqlar vaqonların, vaqondakı əmələlərin də fəaliyyətini əksiltmişdir.

Bütün bunların bir səbəbi var.

Hərb!

Hərbdir bu bəlalara səbəb olan; hərb olmasa bunlar da olmazdı.

Çörək yoxdur, çünki hərb vardır.

İştə, bütün bu əhvalı nəzəri-diqqət və tamla aldıqda insan iki qəziyyədən birini qəbul etmək məcburiyyətində qalıyor:

Ya hərb, ya çörək!

Bunların hankisi qəbul olunursa-olunsun; ancaq bir şey xatirdən çıxarılmasın ki, bu iki qəziyyədən hər hanki birisi olsa da, qəbul etmək üçün qüvvətli bir idarə, bir hökumət lazımdır.

Cəmaətə az-çox təsiri olan dairə və təşkilatlara lazımdır ki, burasını dərk edib müvəqqəti inqilab hökumətinin etibar və qüvvətini artırmaq üçün nə lazımsa etsinlər. Bunun üçün də hər şeydən əvvəl və hər növlə olsa da aclıq böhranını çözətilmədə olsa belə rəf etmək lazım!

Yoxsa Rusiya cümhuriyyətində aclıq padşah təxtinə çıxar ki, nəticəsi hərcü-mərc, daha sonrasını Allah bilir nədir!

M.Ə.

“Açıq söz”, 13 sentyabr 1917, №566

 

 Müttəsil – daimi

 Qəziyyə – məsələ, hadisə

 

Qurban bayramı 

Dördüncü ildir ki, qurbanlarımızı aləmşümul müharibənin dəhşətləri içində kəsiyoruz. Dördüncü ildir ki, qurbanlarımızı könül şadlığı ilə degil, kədər və ənduhlar içində zəbh ediyoruz. Dördüncü ildir ki, “Allahummə təqabbəl minnə” deyə boğazladığımız qoyunları kəsirkən minlərlə boğazlanan insanlar, xarabə qalan evlər xəyalımızı çulğalıyor. Bu müdhiş xəyali-niyyətimizi təzyiq ediyoruz.

Əvət, dördüncü ildir ki, bəşəriyyət qurban veriyor. Dördüncü ildir ki, insanlar qurbanlıq qoyun kibi boğazlanıyorlar.

Əcəba, neçün? Milli amallar, vətən müdafiələri, insani məqsədlər üçün – diyorlar.

Həzrəti İbrahim Lahuti bir xülusla dini idealına irmək üçün nuri-didəsi, cigər parəsi İsmayılı boğazlamaq istədi. Qurbanı qəbul olundu. Əl saxlanıldı.

Mədəniyyət aləmi dörd ildir ki, amalına irmək üçün qurban veriyor, fəqət hala qəbul edildigi yox. Qəbul olunmuyor, çünki insanları qurbangahlara sövq edən şüarlar parlaq olsa da, niyyətlər düz degildir.

Hürriyyət, müsavatdan bəhs olunuyor. İşə gəlincə, zülm və cəbrdən başqa bir şey görülmüyor. Amali-bəşər söyləniliyor. Halbuki bəşərin degil, bəşərdən bir qisminin amalı üçün ölünüb, öldürülüyor.

Millətlərin hüququ deniliyor. Xırda millətlər ayaq altında qalıb, kimsə onlarla hesablaşmaq istəmiyor. Avropadakı xırda millətlərə istiqlal istəniliyor. Şərqdəki böyük millətlərin istiqlalına etina edilmiyor.

Niyyət başqa, iş başqa, elm vardır, əməl yox!

Məqsəd cahangirlik, imperializm, şüarı demokratizm, sülhpərvərlik. İştə, dörd ildən bəri verilən qurbanların qəbul edilmədigini mucib olan səbəb:

Böyük yalan, Avropa yalanı!

Bütün elmi, fənni, mədəniyyəti, ürfan və idrakı ilə bərabər Avropa cəmaəti bu böyük yalana inanacaq qədər cahil və qafil çıxdı. Qəflətinin cəzasını çəkdi. Bihudə qurbanlar verdi, veriyor. Odur ki, göydən qoyun da enmiyor.

Əvət, dörd ildir Avropa böyük bir səhneyi-məzalim təşkil etmiş, hərbin haman ilk ilində sülh intizar edilməkdə ikən bu gün belə “İsmayıl” qurbanını top gurultuları içində kəsiyoruz.

Heç şübhə yoxdur ki, bu dilsiz, ağızsız heyvanları kəsərkən hər kəsin ürəyindən:

– İlahi, bu nahaq qanları qurtar! – duası keçiyor və dördüncü ildir ki, bu dua qəbul olunmuyor.

Fəqət builki dualar qabaqkılara bənzəməz. Çünki artıq aliheyi-hərb hüzuruna götürülən demokratiya ona degil, alihei-hürriyyətə fəda olmaq, bütpərəstlərə degil, İbrahimə təbəiyyət etmək istiyor. Xəlqdəki böylə bir intibah şübhəsiz ki, sülhü yakınlaşdırıyor. Bu gün “İsmayıl” bayramında sizi çoxdan bəri gözlənən sülh xəbəri ilə təbrik edə bilməsək də, sülh əlamətlərindən xəbər verməklə şadlandıra biləriz.

Bu sülh şübhəsiz ki, qurbanlarımızın qəbulu surətilə mətlubdur. Bu qəbul isə məqsədin səlamət və tamamiyyətindən ibarət!

Məqsəd bəlli: hürriyyətin ibqası, millətlərin təmini-amalı!

lll

Hürriyyətin ibqası, millətlərin təmini-amalı! Əvət, bu iki əsasın bəqasilədir ki, bu günü bayram tutan 25 milyonluq Rusiya müsəlmanlığı, bu böyük türk milləti özünü məsud hesab edə bilər. Bu məsudiyyətin ən böyük dəlili bu gün Kazanda icra olunan şənliklər; əski türk və müsəlman abideyi-mədəniyyətini təşkil edən Sevim Bikə minarəsi üzərinə qonmuş “Aryol” yerinə “Hilal”ın qonmasıdır!

Kazanlı qardaşlarımız bu gün millətlərinin bəqası və əski mədəniyyətlərinin əhyası yolunda götürdükləri qədəmlərini tarixi bir təntənə ilə təqdis ediyorlar. Bilməlidirlər ki, bu gün yalnız Kazan degil, bütün Rusiya türklügü, türk mədəniyyət və milliyyəti bayram ediyor; əməlpərvər könülləri qabardan bu əmri-əzim qarşısında hamısı pürümid:

Bayramlar mübarək! – diyor.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 14 sentyabr 1917, №567

 

Ənduh – qəm, qüssə, kədər 

Alihə – Allahlar

İbqa – daimiləşdirmə, əbədiləşdirmə

Zəbh – boğazlamaq, kəsmək

Pürümid – ümid dolu

 

Peterburq demokrat şurası 

Məmləkətə üz vermiş böhran münasibətilə Peterburqda ayın 14-dən bəri mütəşəkkil demokratiya nümayəndələrinin şurası iclas etməkdədir.

Petroqrad şurasından əvvəl Moskva şurası yığılmışdı; ondan əvvəl dəxi bir neçə şuralar olmuşdu. Bu şuralar hər zaman üz vermiş böhrana çarəsaz olmaq üçün toplanmışsalar da, hər dəfə haman gözlənən müvəffəqiyyətə nail olmayıb quru bir göstərişdən ibarət olmuşlardır. Bilxassə bundan bir ay əvvəl toplanan Moskva şurası Rusiya cəmaətini, inqilabçı demokratiyayı, məmləkətin zihəyat bütün siyasi və ictimai qüvvətlərini birləşdirmək, birgələşdirmək qəsdilə toplanmışdısa da, tamami-milləti birləşdirmək o yanda, demokratiyanın özünü belə qane edə bilməmişdi. Bu şurada qüvvətli sözlər denilmiş, vətənpərvərlik həmiyyəti tərvic olunmuş, vətən, hürriyyət və inqilab naminə fədakarlıq istənilmişdi. Sosyalist Sereteli ilə burjua Bublikov əl-ələ vermişlərdi. Kerenski bütün məharətini, iqtidarını, şiddətini, hiddətini, cahu-cəlalını, hamısını işə vermiş, ürəkləri atəşə yakacaq böyük bir düha (jeni) kibi görünmüş, dəmir yeyib göyə püfkürmüş, möcüzələr yaratmaq istəmişdi. Fəqət bunlarla bərabər Moskva şurası ecaz göstərməkdən aciz qalmış, Rusiya siniflərini birləşdirə bilməmişdi.

Moskva şurasından sonra inqilab hökuməti kəndi əleyhində sui-qəsdlər hazırlandığını kəşf elədi. Bir az sonra daha Kornilov vəqəəsi meydanə çıxdı. Bütün demokratiya kornilovçuluq əleyhinə qalxmaqda ikən kadetlik Kornilova nisbət müdafe bir vəziyyət aldı.

Bublikovlara əl uzatmaqla inqilabı müdafiə etmək istəyən seretelilərin dili qısalıb Petroqrad, Moskva əmələləri başda olmaq üzrə inqilabçı demokratiya aşkar burjualarla etilaf tərəfdarı olan sərkərdələrdən eraz etdi. Leninlərin kursu qalxdı. Bolşeviklər su üzünə çıxdılar. İmdiki demokratik şura dəvəti lazım görüldü.

Demokratiya şurası artıq müzakiratə başlamış. Müvəffəqiyyəti bulacaqmı, yoxmu? İştə, bir sual. Keçən şuraların müvəffəqiyyəti olmamış idisə, səbəbi o idi ki, bu şuralarda böyük sözlər söylənmişsə də, əfkari-ammənin dediginə, xəlqin istədiginə yanaşılmamışdı. Əhvalın canlı nöqtəsinə əl atılmamış, əsl dərddən danışılmamışdı.

Qəsdən danışılmamış və əmdən görülməmiş olan bu dərd, dərdini gizlədən hər məriz kibi, Rusiyaya bəhayə oturdu; Riqanın getməsinə, Kornilovun xürucuna, ordunun tamamilə işdən düşməsinə, “millət həlak oluyor!” nidasının çəkilməsinə səbəb oldu.

Əgər demokratiya şurası dəxi keçmiş şuralar kibi həqiqətdən degil, mücərrədatdan bəhs edəcək və əsl dərdi kənarda buraxacaq olursa, məmləkətin zavalını tezləşdirəcək, yeni xətalarda bulunmaqla yeni fəlakətlərə meydan verəcəkdir.

Bu xəta heç şübhəsiz ki, Rusiyanın artıq müharibəyi dəvam etdirmək iqtidarında olmadığını cəsarətlə etiraf etməməkdən ibarətdir; bu etiraf zəif qəlbdən, məmləkət mənafeinə göz örtməkdən degil, inqilabın, cümhuriyyətin, vətənin, demokratiyanın ən həqiqi mənfəətlərindən çıxan bir etirafdır. Dəhşətlidir, vəhşətlidir, acıdır, fəcidir – fəqət həqiqətdir. Rusiya əfkari-amməsi bunu çoxdan etiraf etmişdir. Əgər əfkari-ammənin bu etirafına inqilabın əvvəllərində qulaq asılsaydı, bəlkə də işlər bu raddəyə gəlməzdi. İnqilabçı demokratiya ta ibtidada ikən bu istiqaməti tutmaq istəmiş, “yer və xərc almamaq və millətlərə həqqi-istiqlal vermək surətilə sülh bağlamaq” şüarını ortaya atmışdı. Əgər imperializm ideoloqlarının İstanbul və Ayasofya başındakı xaç röyası ilə oynadıqları intriqalarını vəqtində görə bilsəydi, inqilabçı demokratiya bu gün “qırılmış tabaq” qarşısında bulunmazdı.

Artıq nəşeyi-inqilabla sərməsti-xəsar olmaq bəlasından qurtarıb, açıq gözlə təhlükəyi görmək zamanı gəlmişdir. Təhlükəli zamanlarda qəhrəmanlıq, cəsarət yalnız mütəhviranə bir surətdə təhlükəyə atılmaqdan ibarət degildir. Vəqt vardır ki, ürəyini dişinə tutub da barışmaq, başını itirib də vuruşmaqdan daha cəsuranə və daha fəzilətkaranədir. İmdi biz öylə bir zamandayız. Peterburq şurası zamanın bu nöqteyi-nəzərdən əhəmiyyətini dərk etdisə demokratiya qazandı. Yoxsa daha böyük imtahanlara, daha böyük fədakarlıqlara hazır olmalıyız!

Bununla bərabər şura məmləkətdə yeni bir ruh yüksəkligi, yeni bir həyəcan, yeni bir coşqunluq doğurmalıdır. Demokratiya sinfi inqilabdan əməli faidələr görməli ki, idrakı artsın, qeyrətə gəlsin. Millətlərin hüququ, hüquqi-siyasiyyə və milliyyələri sabiqki inqilab hökuməti kibi barmaq arasından görülməyib haman qövldən-felə gətirilməli; milli tələblərə hesab verməli, Rusiya kibi böyük və müxtəlif millətlər yatağı olan məmləkətin federasiyadan başqa bir üsuli-idarə ilə idarəsi mümkün olmayacağı həqqində hər kəsə bir qənaət gəlməli; bu qənaətə Petroqrad şurası dəxi borcunu verməlidir.

Bu borc verilərsə o zaman Rusiya millətlərində yeni bir ümid doğacaq, bu ümid məmləkətdə mövcud müxtəlif heyətlərin fəaliyyət və xəllaqiyyətini təhrik edəcək; bu isə qeyrət və təşəbbüslərə möhtac zəif məmləkət bədəninə yeni bir qüvvət, yeni bir ruh verəcəkdir!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 18 sentyabr 1917, №568

 

Eraz – ərz etmə, böyüklərə demə

Raddə – dərəcə, mərtəbə

Mötəhəvvər – cəsarət

Əmdən – qəsdən, bilərəkdən

(Ardı var)

 





15.07.2013    çap et  çap et