525.Az

İran: yaxın tarix və metamorfozalara bəslənən ümid- davamı


 

İran: yaxın tarix və metamorfozalara bəslənən ümid- <b style="color:red">davamı</b>

Xomeyni də VII əsrdə təşəkkül tapmış İslama 1,3 min ildən sonra güclü impuls vermək istəyirdi, əslində XX əsrdə onun yeni enerji mənbəyinə çevrilməsinə səy göstərirdi, hələ sınaqdan çıxmamış potensialından istifadə etməyə çalışırdı.

Məhəmməd peyğəmbərin əsasını qoyduğu İslam dini Ərəbistanın kiçik bir ticarət şəhərində – Məkkədə meydana gəlsə də, ilkin hüceyrə kimi parçalanaraq, böyüyərək dünyanın bütün guşələrinə yayılmağa başladı və indi 1,5 milyard insanı əhatə edən və həyat qüvvəsi heç də tükənməyən nəhəng bir sosial orqanizmi təmsil edir. Məhəmməd peyğəmbərdən sonra, Abbasi xəlifələri tərəfindən və Kordoba xilafətindəki həyata keçirilən mədəni inqilablar istisna olmaqla, Xomeyni tarixdə ilk dəfə Şərqdə sosial xarakter daşıyan dini inqilabı həyata keçirmişdi. Ona qədər dünyada baş verən inqilablar milli azadlıq və sinfi mübarizə xarakteri daşıyırdı. Xomeyni isə tam başqa bir yol tutdu və öz inqilabının zəfərinə nail oldu. Ona görə də Xomeynini yaxşı mənada götürdükdə, Məhəmməd peyğəmbər dövründən – VII əsrdən XX əsrə gəlib düşmüş həyat verən “meteorit” hesab etmək olar. Məhəmməd peyğəmbərin həyata keçirdiyi inqilab isə sonralar bütün dünyanın sifətinin myəyyən qədər dəyişilməsinə səbəb olmuşdu.

Həm də Xomeyni müasir dünyanı çox yaxşı dərk edən adam və lider idi. O dövrün nəbzini tutmağı məharətlə bacarırdı, bu sahədə fitri istedada malik idi. O, inqilabın qələbəsinin yaxınlaşmasını hiss etdikdə, müvafiq tədbirlərə əl atmaqla, onun ləngidilməsinə yol vermədi. Səkkiz il davam edən müharibədə ölkəsinin təkbaşına vuruşması, Qərbin təzyiqlərinə davam gətirməsi onun yüksək dövlət xadimi xüsusiyyətlərinə malik olmasından xəbər verir. Müharibədə onun yarada bildiyi inqilabi və dini ruh bu müqavimətin gücləndirilməsində heç də az rol oynamadı. Döyüşdə ağır yara almış müharibə veteranları bu gün də Vətənə və Xomeyniyə xidmət göstərmələri ilə öyünür, qürur hissləri keçirirlər, onların bəziləri 2009-cu il seçkilərində prezidentliyə namizəd Musəvini dəstəklədiklərinə görə təqib olunma təhlükəsindən qorunmaq üçün, xarici ölkələrə mühacirət etməyə məcbur olmuşlar. Bu vəziyyət də onların vətənpərvərlik hissini zəiflədə bilməmişdir. Prezidentlər dəyişir və dəyişiləcəkdir, onların bəziləri İranı öz əleyhdarları üçün “ögey anaya” çevrilməyə cəhd etsə də, əksər insanlarda Vətən sevgisi və dini inanc yenə əvvəlki kimi sarsılmaz olaraq qalır.

İran ona qarşı olan ideoloji həmlələri heç də cavabsız qoymur, yeri gəldi-gəlmədi antiamerikan və antiİsrail təbliğatı tonqalı orada  gur alovla yandırılır. Əhali arasında bu dövlətlərə qarşı düşmənçilik əhval-ruhiyyəsinin yayılmasına xüsusi səy göstərilir. Bu dövlətlərə lənət yağdırmaq az qala İblisə nifrət səviyyəsinə qaldırılmışdır. Bunun üçün ilahiyyat mənbələrinə də əl atılır. İsrailə qarşı hədələr hədd, hüdud tanımır. Prezident Rəfsancani İsraili Yer üzündən siləcəkləri ilə hədələyirdi, xeyli müddətdən sonra yenidən prezidentlik eşqinə düşdükdə, İsraillə heç bir problemləri olmadığını dilə gətirməklə, öz əvvəlki mövqeyindən uzaqlaşdığını bildirdi. Prezident Mahmud Əhmədinecad isə İsrailə qarşı hədələrini mantra kimi, fasiləsiz olaraq səsləndirir. Yəhudilərə qarşı nifrət oyatmaq üçün hətta Holokost dəhşətlərini inkar etmək yolunu tutur. Onda gərək Auşviqə və digər ölüm düşərgələrinə görə onların milyonlarla qurbanı olan yəhudilərin özlərinin xatirələri ilə haqq-hesab çəkilsin.

Əhmədinecad fəaliyyətindən daha çox bəyanatları ilə özünə düşmən qazandırırdı. Onun çağırışları daim dünyanın böyük bir hissəsi ilə qarşıdurmanı kəskinləşdirməyə səbəb olurdu. Əgər o, XX əsrin birinci onilliyində ABŞ prezidenti olmuş Teodor Ruzveltin dediyi “səsini ucaltma, ancaq böyük çomağını hazır saxla” nəsihətindən hali olsaydı və ona əməl etsəydi, yəqin ki, təkcə xaricdə deyil, ölkəsinin daxilində də hörmətinin belə sürətlə aşağı düşməsindən qaça bilərdi. Həm də onun beynəlxalq aləmdə İrana qarşı kəskin münasibəti qızışdırması iqtisadi sanksiyaların sayının artmasına və sərtləşməsinə gətirib çıxardı və nəticədə ölkəsi ağır iqtisadi böhranla üzləşməli oldu. Uranın zənginləşməsinə göstərilən sönməz həvəs İrana qarşı  ittihamların güclənməsinə səbəb oldu.

İnqilabın qələbəsindən keçən dövr ərzində çoxlu sular axmış, dünya müxtəlif növ problemlərlə üzləşmiş, insanların düşüncə tərzində də müəyyən dəyişikliklər əmələ gəlmişdir. İran özü də heç də üç onillik bundan əvvəlki ölkə deyildir, xalq isə uğursuzluqlardan xeyli dərs almışdır. Artıq dinin siyasi alət kimi istifadə edilməsi də əvvəlki effekti vermir. Heç kəsə sirr deyildir ki, çox sayda gənc adam dinin, patriarxal həyat tərzinin təsirindən uzaqlaşır, onlar heç də əvvəlki kimi ruhanilərə qoşulub xüsusi coşğunluq nümayiş etdirmirlər. Onlar yalnız xoşbəxt gələcəyə can atırlar, öz ölkələrinin çiçəklənməsini istəyirlər. Dini təbliğat onları bu mövqedən yayındıra bilmir, zahid, guşənişin həyat meylinə boyun əymək də onlar üçün yaddır. İqtisadi böhranla birlikdə gənclərin və ziyalıların belə mövqe dəyişikliyi siyasi metamorfozaya da yol açdı. Beş mühafizəkar arasında olan mülayim xadim, nisbətən islahatçı imici qazanmış Həsən Ruhaninin prezident seçkilərində gözlənilmədən qalib gəlməsi son illərdə aparılan səriştəsiz siyasətə əhalinin ən azı yarısından çoxunun verdiyi kəskin cavab, əslində ona əks çıxması idi.. Kürsüsü ilə vidalaşan prezidentin fəaliyyətindən narazılıq böyük idi və getdikcə artırdı. Onun davranışı Ronald Reyqanın çox sevdiyi – “ingilis dilində doqquz ən dəhşətli söz: Mən hökumətdənəm, gəlmişəm ki, sizə kömək edəm” ( İ am from the government, and İ here to help) – zarafatını yada salır. Əhmədinecadın da apardığı xalqa kömək siyasəti çox hallarda yaxşı nəticə vermirdi.

Həsən Ruhaninin yəqin özü də qələbəsinin səbəblərini təhlil etsə, paradoksal görünsə də, onu Qərb sanksiyalarının müvfəffəqiyyətinin nəticəsi kimi qiymətləndirməlidir. Sanksiyaların təsiri yerli əhalinin narazılığını artırdı və onlar xarici dünya ilə münasibətləri dəyişməyə cəhd edəcək yeganə real saydıqları namizədi onun şəxsində gördülər. Ümumiyyətlə, bu seçkinin nəticələrində paradokslar çoxdur, dini rejim ilk dəfədir ki, öz namizədlərindən hansısa birinin seçilməsinə nail ola bilmədi. Lakin bu vəziyyət rejimə də müəyyən dividendlər verir, qəribə görünsə də, onun üçün də uğur sayıla bilər. Çünki, rəhbərlik xalqın istəyini nəzərə ala bildi, ona qarşı çıxmadı. 2009- cu il seçkilərindəki acı təcrübə dövlət rəhbərliyini daha sayıq hərəkət etməyə məcbur etdi. Uzun fasilədən sonra adamlara nəfəs almaq üçün demokratiya oksigeni verildi. Bu hərəkəti ilə rejim özünə və legitimliyinə etimadı bur qədər artıra bildi.

Ən başlıcası isə, Ruhaninin qələbəsi İran xalqının uğuru sayılmalıdır, hər cür çətinliklərə, təbliğata baxmayaraq xalq demokratiyaya, müasir dünyaya inteqrasiya olunmağa öz solmayan istəyini nümayiş etdirdi. Ruhani yaxşı anlayır ki , seçkidə qalib gəlməsinə görə, birinci növbədə əhalinin xeyli hissəsinin narazılığına borcludur. Xalq namizədlər arasında yeganə islahatçı kimi ona ümid etdiklərindən, dəyişiklik naminə belə seçimə getmişlər. Heç də sirr deyildir ki, İran gənclərinin müəyyən seqmentini dini sərtliklər cana doydurmuşdur və onlar əvvəlki tək buna dözmək, loyallıq göstərmək istəmirlər. Bəziləri əldən çıxmış “qərbləşmənin” xiffətini çəkir. İslam ortodoksiyası da reallığa artıq göz yuma bilmir, iqtisadi şəraitin yaxşılaşması və sosial gərginliyin azalması naminə hətta düşmən saydığı ABŞ-la da normal münasibət qurmaqda maraqlıdır. Lakin ideoloji sahədə öz götürdüyü  yoldan dönməyərək, güzəştlərə gedə bilməyəcəkdir, çünki bu inqilabın postulatlarına xəyanət olardı.

İndi Qərb İrandakı şəraitə düzgün münasibət bəsləyib, yeni prezidentə güzəşt sayıla biləcək bir davranışa üstünlük verməlidir. Əks təqdirdə səhv baha başa gələ bilər, ümidlər puç olar. Əgər Qərb İran siyasi mənzərəsində dönüşə can atırsa, özü də buna kömək edə biləcək addımlar atmalıdır. Axı yenilik heç də Bibliya mannası deyildir ki, göydən tökülsün.

Ruhani də din xadimləri dəstəsinə aiddir, bununla yanaşı, yaxşı təhsil görmüş ziyalıdır, az-çox dövlət xidməti və diplomatik iş təcrübəsinə də malikdir. Bircə şeyə əmin olmaq olar ki, o, milli mənafeyi başlıca məqsəd kimi götürməklə yanaşı, nə ölkənin daxili həyatına çəhrayı eynəkdən baxmayacaqdır, nə də beynəlxalq məsələlərə münasibətdə dini ehkamın yaratdığı dumana məhəl qoymayacaqdır, birinci növbədə xalqının istəklərini nəzərə alacaqdır.

Avqust ayında prezidentliyə başlayacaq Ruhaniyə öz sələfindən, heç də sirr deyildir ki, olduqca ağır irs qalmışdır. İran sanksiyaların fasilə vermədən davam etməsindən və şiddətlənməsindən, daha çox uşaqlara məxsus bir xəstəlikdən – asfiksiyadan əziyyət çəkir. Sanksiyalar kəndiri ölkənin həyatını öz ilməyi ilə daha sərt şəkildə boğur. İş o yerə gəlib çatmışdır ki, özünün böyük sərvəti hesab etdiyi və ən güclü maliyyə mənbəyi olan neftini dünya bazarında sərbəst surətdə sata bilmir və bunu etmək üçün müxtəlif priyomlara əl atır. İran cəmiyyətini, balıq üçün tora bərabər olan sanksiyaların yaratdığı iqtsadi böhran boğaza yığmışdır.

Ölkədə iqtisadi vəziyyətin ağırlığı sosial şəraitin də pisləşməsinə səbəb olmuşdur. İnflyasiya artıq ərəb atlarına xas olan bir sürətlə, dördnala çapır. Əsas ərzaq məhsulları ilə fasiləsiz təchizat da pozulmuşdur. Müharibə dövrü istisna olmaqla, İran, belə vəziyyətlə ilk dəfədir ki, üzləşir. İş o yerə gəlib çatmışdır ki, ət məhsulunun təklifi tələbatdan çox geri qalır, televiziya ilə toyuq ətinin göstərilməsinə məhdudiyyətlər qoyulur. Bu ölkə isə öz qonşularına ucuz qiymətə bir çox ərzaq malları ixrac edirdi, iri bir aqrar ölkənin potensialının belə zəifləməsinə heç cür inanmaq istəmirsən.

Tətbiq edilən ağır sanksiyalar istehsala da öz təsirini göstərməkdə davam edir. İran bunun hesabına sənayenin bir çox sahələrində özünün rəqabət qabiliyyətini itirməsi ilə üz-üzə gəlmişdir və daha çox sayda əmtəəni idxal etməli olur.Qonşuları Türkiyə və Pakistan isə regionda tikiş mallarının güclü ixracçılarına çevrilmişlər.

Bir qayda olaraq siyasət ölkəyə, xalqa fayda vermədikdə, ən azı impotent xarakteri daşıyır. Səlahiyyət müddəti başa çatan prezident ordunun güclənməsi, militaristləşmənin uğurları ilə sevinə bilər, o, hətta uranın zənginləşməsində də hər cür müqavimətlərə baxmayaraq, istədiyinə də nisbətən çata bildi.

Onun nəyə nail olduğu ilə qənaətləndiyini ya qənaətlənmədiyini yalnız özü bilir, ancaq kürsüsünü tərk edəndə Ernest Heminqueyin məşhur romanının adını yada salıb, heç olmasa öz ürəyində deyəcəkdir: “Əlvida, silah!” Çünki, tərxis olunan əsgər kimi, onun da artıq öyündüyü silahla vidalaşmaq vaxtı gəlib çatmışdır.

Bəs əhalinin maddi rifahının hansı bir arzuolunmayan hala düşməsi onu görən maraqlandırmırdımı, yaxud bu siyasətdə zəif olduğundan heç onlara girişmək də istəmirdi. Din xadimi insanın bu dünyadakı yerindən daha çox axirət dünyasındakı yeri barədə düşünür, bu dünyanın problemləri barədə fikirləşməyi artıq sayır. Onu daha çox o dünya maraqlandırır. Əhmədinecad isə özünü dini ideoloq adlandıra bilməzdi və o, reallığın gözünə dik baxmalı  və nəzərə almalı idi ki, daxili siyasət üçün birinci cavabdeh şəxs odur və istənilən vaxt ona hər cür ittihamlar yağdırıla bilər. Öz ölkəsini sarsılmaz qala hesab etsə də,  iqtisadi zəiflik bu qalaya heç də şöhrət gətirmir. Həyatda hər şeyin haqqını ödəmək tələb olunur. Xəyalı göylərdə dolanan adam ayağını yerdən üzə bilmədiyinə görə, öz səhvlərinin bəlalarına dözməli olur. Ambisiyalar  – bəlkə də şöhrətə xidmət edir, lakin nəticəsi çox ağır olur. Başqalarını hədələməkdən heç kəs yox, yalnız öz xalqı əziyyət çəkirsə, bunu edən dövlət xadimi, deməli, yalnız öz ölkəsi üzərində gücünü sınamağa çalışır,  kiməsə sözdə ünvanladığı zərbəni nəticə etibarilə real qaydada öz xalqına vurur. Hətta, baletdə rəqqas daim özünə nəzarət edir, fikrini cəmləşdirməli olur. Onun səhvi yalnız özünə, bəlkə də truppaya, ya da tamaşaya ziyan vurur. Dövlət xadimi isə büdrədikdə, onun səhvindən bütün ölkə əziyyət çəkir.

Qərb, xüsusən İsrail mətbuatı və bu ölkənin dövlət xadimləri həyəcan təbili çalmaqdan yorulmurlar ki, artıq İran nüvə silahına malik olmağın astanasındadır. İrandakı tədqiqatları dayandırmaq üçün bəlkə bu da bir metoddur. Ancaq iti duşuncə ilə təhlil etdikdə görünür ki, İran nüvə silahı barədə öz istəyinə nail olmaqdan hələ çox uzaqdır. Buşer atom elektrik stansiyası o qədər uzun müddətə tikildi ki, hələ də onun real enerji istehsal etməsi müəmmalı bir iş olaraq qalır. Axı təkcə sentrefuqalar quraşdırmaq heç də atom silahını hazır vəziyyətə gətirmək demək deyildir. Digər tərəfdən, belə istəyin reallaşması əlavə, daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Qonşuları, xüsusilə nəhəng maliyyə ehtiyatlarına malik olanlar buna biganə qalacaqlarmı?

Əgər İran atom bombasına malik olsa, bir neçə tərəfdən belə silahı özünə mühafizəçi kimi istifadə edəcək dövlətlərin əhatəsində olmayacaqdırmı, arzuolunmaz anklava çevrilməyəcəkdirmi? Səudiyyə Ərəbistanı Yaxın Şərqdə hegemonluq iddiasına görə İranla rəqabət aparmaqla, özünü əliyalın kimi göstərmək istəməyəcəkdir. Belə silaha yiyələnmək ona heç də hansısa bir maddi çətinlik hesabına başa gəlməyəcəkdir. Bu ölkə, hələ az qala dörd onillik bundan əvvəl Pakistana belə silaha yiyələnməkdə maliyyə yardımı etmişdi. Həmin ölkə iqtisadi cəhətdən zəif idi, ancaq onun lideri Zülfüqar Əli Bhutto, hətta ot yeməyə məcbur olsalar belə, hökmən atom bombasına malik olacaqları qətiyyətini dilə gətirmişdi. Hələ o vaxtlar kreditor rolunu oynayan Səudiyyə Ərəbistanında isə onsuz da kasad olan otları dəvələrin yeməsi yaxşıdır, dünya banklarında yatan ehtiyatlarından cüzi miqdarda xərcləsə, oyadılan ambitsiyasını ödəməkdə çətinlik çəkməyəcəkdir. Nə qədər gülməli görünsə də, əgər belə silah bazarda satılsaydı, bu ölkə topdansatış qaydasında onu almaqdan da çəkinməzdi.

(Ardı var)

 





22.07.2013    çap et  çap et