(1917-aprel 1918)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV
Transliterasiya redaktorları:
professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
(Əvvəli ötən şənbə sayımızda)
Federalizmin qələbəsi
Millətlər biri digəri ardından Rusiya cümhuriyyətinin federasyon üsulu üzərinə qurulması tələbində olduqlarını bildirdilər.
Yalnız millətlər degil, xüsusi şərait təhtində yaşayan vilayətlər də bu rəylə şərik olduqlarını göstərdilər.
Federasyon tərəfdarı olan millət, firqə və vilayətlər Ukrayna paytaxtında federasyon fikrinin qaynar bulağı olan Kiyevdə toplanan millətlər qurultayı dəxi son sözünü söylədi.
Rusiya binayi-cümhuriyyəti federasyon təməli üstündə qurulacaq. Millətlərə milli-məhəlli muxtariyyət veriləcək!
Bunu yalnız millətlər, firqələr və vilayətlər degil, müvəqqəti inqilab hökuməti də müvafiq görməkdə, millətlər qurultayındakı nümayəndəsi Slavinskinin dili ilə böylə deməkdədir ki:
“Rusiyada gərək milli və gərək siyasi hürriyyətləri təmin edən bir şəkli-idarə varsa, o da muxtariyyət və federasyon şəkli-idarəsidir”.
“Hökumət Məclisi-Müəssisandan əvvəl federasyon elanına kəndini həqli görmüyor. Fəqət bununla bərabər məhəllərdə bu xüsusda görülən işlərə məmaniət də etmək istəmiyor”.
Qafqasiya Rusiyanın bu xüsusda ən geri qalmış qitələrindəndir. Burada muxtariyyət fikri, federasyon idealı ta qədimdən bəri fikir və proqramları işğal etmiş və inqilabın əvvəllərində bilxassə, Gürcüstan səmtindən muxtariyyət sədası yüksəlmişsə də, hüsni-qəbul görməmiş. Gürcü federalistləri Gürcüstanda qüvvətli olan sosial-demokratlar tərəfindən təzyiq altına alınmışlardı. Həmçinin ilk dəfə Bakıda toplanan Qafqasiya müsəlman qurultayının federasyon həqqindəki qərarı da Qafqasiya sosial-demokratlarının xoşuna gəlməmişdi.
İnqilab hərəkətini davam etdirdi. Nəhayət, zaman gəldi. Məclisi-Müəssisan dəvəti yaxınlaşmaya başladı. hər tərəfdən xüruşan bir sel idrak şəklində gələn federalizmə Qafqasiyanın mərkəziyyətçi sosial-demokratları dəxi hesab vermək məcburiyyətində qaldılar. Bu hesaba daxil olub da tədiyə olunan vəkillərdən birisi heç şübhəsiz ki, keçən nömrəmizdə elan olunan beynəlfərq Gürcüstan Şurayi-Millisinin təşkilidir. Gürcüstan Şurayi-Millisinə Qafqasiya sosial-demokrat cərəyanını idarə edən gürcü sosial-demokratları, Jordaniya ilə Çxenkeli kibi pişrovlar dəxi daxil olmuşlardır.
Başda sosial-demokratlar olmaq üzrə bütün Gürcüstan firqələrini birləşdirən Gürcüstan Şurayi-Millisi köhnə sosial-demokrat ənənəsinin xatirini saxlamış, federasiya sözünü dilinə gətirməmişdir. Fəqət iş sözdə degil, mənadadır. Məna isə Gürcüstandan ötrü milli-məhəlli muxtariyyət tələbindən ibarət. Həm də bu tələblə Məclisi-Müəssisandan əvvəl belə hesablaşmaq, müvəqqəti hökumət tərəfindən millətlərin hüquqi-siyasiyyəsinə ehtiram etmək tələb olunmaqdadır.
Demək ki, Rusiya demokratiyasını incitməmək üçün gürcü federalistlərinin ağzına vuran sosial-demokratlar imdi özləri federalistlərin istədikləri təşəbbüsü Petroqraddakı demokratiya şurasından tələb ediyorlar.
İştə, federalizmin qələbəsi!
Nikolay taxtdan düşürüldükdən bir az sonra Rusiyanın cümhuriyyətdən başqa bir üsuli-idarə ilə mümkün degil idarə oluna biləcəgi həqqində hər kəsə adətən bir qənaət gəlmiş, bütün firqələrlə qurultaylar haman bu məsələdə qətnamələr çıxarmışlar. Kadetlər belə proqramlarını o yolda təshih etmişlərdi. Nəhayət, cümhuriyyət qənaəti bir əmri-vaqe halında elan edildi. İmdi Rusiya cümhuriyyət binasının yalnız federasyon təməli üzərində qaim olacağı bəddihiyyat dərəcəsinə gəlmək üzrədir.
İmdi artıq şübhə yoxdur ki, Rusiya Məclisi-Müəssisanı, hökumət nümayəndəsinin millətlər qurultayında dedigi kibi: cümhuriyyətdən geri dönməyib pək ilərilərə gedəcəkdir. Bu “iləri” isə heç şübhəsiz ki, milli-məhəlli muxtariyyətlər üzərinə müəssəs federasyondan ibarətdir.
Fəqət bununla bərabər bir şeyi də millətlər nəzərlərindən dur tutmalıdırlar, bilməlidirlər ki, bu qədər bədihi surətə yetən hədəf muxtariyyət hazırlıqları olsun. Baxüsus ki, bu hazırlığa “hökumət məmaniət etmək niyətində degildir”.
Hazırlıq məsələsinə gəlincə, ən ziyadə biz Qafqasiya müsəlmanları kəndimizi tənqidə başlamalı, əldəki fürsətdən istifadə cəhətini düşünməliyiz. Bunu ələlxüsus hər növ milli amal və milli təşkilata zidd gedən sosial-demokratlarımız zaman və məkan düşünmədən yapdıqları saysız hərəkətlərindən zövqlənən müxalifətçilərimiz nəzərə almalıdırlar. Görməlidirlər Gürcüstan Şurayi-Millisini, anlamalıdırlar ki, sinif mübarizəsi hökmü, firqə ixtilaflarının vücudu ilə bərabər millətin hüquqi-siyasiyyəsini müdafiə üçün birləşmək nəinki mümkün, bəlkə də vacibdir.
Bu bir fürsətdir ki, zamanın hökmü: bu bir borcdur ki, məkanın iqtizasıdır.
M.Ə.
“Açıq söz”, 19 sentyabr 1917, №569
Xüruşan – gurlayıcı
Tədiyə – ödəmə, əldə etmə
Bəddihiyyat – aksioma
Müəssəs – təsis edilmiş
Dur – uzaq
Bədihi – aydın
Bakı uyezdi həqqində üç nəzər
Bunlardan ikisi əvvəldən vardı. Birisi də tazə çıxdı.
Məqsəd Bakı uyezdinin özünü idarə etməsidir. Qafqasiyaya zemstvo vermək məsələsi köhnə üsuli-idarə zamanında da vardı. Bu məsələ köhnə idarənin dəftərxanələrində müzakirə ediliyordu; ara-sıra müşavirələrə də salınıyordu. O zamanlar Bakı uyezdi bir zemstvo vahidimi olsun?. Yoxsa mədənlər kəndlərdən ayrılıb özlərinə məxsus bir idarə halınamı qoyulsun? – deyə bir mübahisə vardı.
Neft mədənlərinin idarəsini inhisara almış Sovet syezdçilər, başqa sözlə erməni burjuaları var qüvvələrilə səy ediyordular ki, mədənlərin kəndlərdən ayrı özlərinə məxsus bir idarəsi olsun. Məqsədləri də bəlli idi. İstəmiyorlardı ki, əllərinə almış olduqları işə başqaları da qarışsın. Onlar neft milyonlarına hakimi-mütləq olub qalmaq arzusunu bəsliyor; başqa heç bir mətləbə qulaq vermək istəmiyorlardı. Öz mətləblərini həqli çıxarmaq üçün diyorlardı ki: mədənlərin özünəməxsus ehtiyacı, özünəməxsus həyatı var. Halbuki kəndlər – onlarca – “hər növ mədəniyyətdən ari qara müsəlman cəmaətindən ibarətdir. Onlara idarə lazımsa zemstvo idarəsi verilməlidir”.
Məlum işdir ki, o zamanlar bu “qara müsəlman cəmaətindən” ötrü dəftərxanələrə getmək, müşavirələrdə bulunmaq imkanı yox idi. Fəqət bir dərəcəyə qədər və dəftərxanə və müşavirələrdə bulunmaq imkanında olan müsəlman ürəfası erməni neftçilərinin bu həqsiz tələblərinə laqeyd qalamazlardı. Həm qalmadılar da. Sovet Syezdin mədən idarəsi təsəvvürünə qarşı müsəlman ürəfası uyezd zemstvosu layihəsini müdafiə elədi. Mədənlər kəndlərdən ayrılmaz dedi. Çünki mədənlər Bakı kəndlərindən ayrılarsa, o zaman kəndlər qüvveyi-maliyəcə zəif düşərlər; zəif düşən bu zavallı kəndlər isə axıra qədər zavallı olub qalarlar. Hər növ mədəniyyət və abadlıqdan məhrum edilərlər.
Bakı uyezdinə, uyezddəki toprağın bərəkətsizliginə, kəndlərin nə dərəcədə sərvət və samansız olduğuna bələd olanlar bilərlər ki, müsəlman ürəfasının bu nəzəri əsas etibarilə kəndistan demokratiyasının mənafeyini müdafiədən ibarət idi.
Kəndlərin mədənlərdən ayrılmaması – iştə, müsəlman ürəfasının tələbi, iştə, müsəlman demokratiyasının eyni mənfəəti!
Mədən əmələsinin mənfəətlərini müdafiə adıyla meydana çıxanlar birinci nəzərə erməni burju nəzəri deyib, ikincisinə də müsəlman bəylərinin fikri-əzasının adını verdilər. Üçüncü bir nəzər çıxardılar: mədənlərin şəhərə bitişdirilməsi.
Köhnə idarə zamanındakı zemstvo üsullarına görə bu tənqid bəlkə də doğru idi. Çünki kəndlərə veriləcək seçki həqqi ümumi olmayacağından yəqin bu həqdən kəndlilər degil, bir takım qolu güclülər, mütəqəllibələr faidə görə biləcəklərdi. Buna görə də zənn etmək olardı ki, mədən ayrı bir idarə olursa, əmələlərin işi yalnız mədənçilərlə olacaq; halbuki kəndlər də buraya qatışsa burjualar ilə mülkdarlar əlində qalacaqlardır.
Fəqət inqilabdan sonra iş böylə olmamalıydı. Artıq dördquyruqlu seçki üsulu Rusiya idarələrinin guşə daşını təşkil etmişdi. Demək ki, mədəndə də, kənddə də ixtiyar məhdud adamların degil, çoxluğu təşkil edən fəhlə ilə rəncbərlərin əlindədir.
Buna görə dəxi əslində siyasi bir intriqa qəsdilə meydana çıxan üçüncü nəzərin müdafeləri, yəni mədənlərin kəndlərdən ayrılıb da hökmən şəhərə bitişməsini istəyənlər nahaq yerə ortaya müğalitə atıyorlar. Onların müqəllidi “Hümmət” qəzetəsi dəxi bihudə yerə hər kəsi inandırmaq istiyor ki:
“Bu gün mədən və bunlara bağlı kənd əhalisi nə zemstvoda müsəlman bəylərinin əlinə düçar olmaq və nə xüsusi mədən zemstvosunda erməni sərmayədarlarına giriftar olmaq istəməyib özü uca səs ilə şəhərə bitişmək xahişini izhar edir”.
Hər şeydən əvvəl təkzib edəlim ki, kəndlərdən heç biri şəhərə bitişməyi yüksək degil, alçaq səslə olsa belə istəməmişdir. Biləks “Hümmət” qəzetəsinin qulağı açıq olsaydı Suraxanıdan, Ramanadan, Xilədən, Keşlədən və sair kəndlərdən gələn sədaları eşidərdi. Gözləri bir az da kəndçilərin mənfəətini görə bilsəydi məzkur kəndlərin bu xüsusda aldıqları qətnamələri oxurdu. Bu qətnamələrdə mədənlərin şəhərə bitişməsi degil, uyezd zemstvosu tələb olunuyor. Bu mitinqlərdə kəndlərin şəhərə bitişməsi degil, mədənlərdən ayrılmaması tələb olunuyor. Bu iki tələb arasında bir “azca” fərq olsa gərək.
Uyezd zemstvosu olursa, yəni mədənlərlə kəndlər bir idarəyə tapşırılırsa, erməni sərmayədarları ilə müsəlman bəyləri əmələlərlə rəncbərləri sıxacaqlarmış. Buna görə də həm mədənlər, həm də onlara bağlı olan kəndlər şəhərə bitişmək istiyorlarmış. Onlar bu bitişməklə əcəba, düşmənləri burjua ilə bəyə qarşı hanki qüvvəyi qazanmaq istiyorlar? Şəhər demokratiyasınımı?
Anlaşılmıyor. Mürşidləri Şaumyan mədənləri şəhərə bitişdiriyor ki, burada şəhər burjualarını, “bəhimi mübarizə” ilə məşğul olan “əhalini” (obıvatel) əqlləndirsin; buraya sinfi mübarizə köçürsün. Fəqət müridlərin sözündən çıxır ki, hayır, mədən əmələsi ilə onlara bağlı olan rəncbərləri ağaların əlindən qurtarmaq üçün mədənləri şəhərə bitişdiriyorlar.
Mürşidmi mötəbərdir, yoxsa mürid? Onu artıq siz özünüz ayırd ediniz!
Uyezd zemstvosu müsəlman bəylərinin nəzəriyyəsi imiş, “Açıq söz” ilə “Müsavat” da bu nəzəriyyəyi müdafiə edərkən bəylərlə müsəlman sərmayədarlarının mətləbinə rəvac veriyorlarmış. “Hümmət”in əvam firibligi (demaqogiyası) böylə iqtiza ediyor. Fəqət bu nəzəriyyənin bəy nəzəriyyəsi degil, bitərəf və biqərəz bir mühakimə nəticəsi olduğunu bəndən degil, keçən mart intihalarında müvəqqəti inqilab hökumətinin təşəbbüsilə daxiliyyə vəzarətində vəzir müavininin riyasəti altında cəmaət müəssisələrinin, siyasi firqələrin, milli nümayəndələrin iştirakilə ictima edən xüsusi məhəll və zemstvo islahatı komitəsindən eşitdiniz. Bu komissiyanın Zaqafqasiya zemstvosu həqqində aldığı qərarlardan 11-ci maddəsi diyor ki:
“Bakı mədən dairəsi nə xüsusi bir idarə halına qoyulsun, nə də Bakı şəhərinə bitişdirilsin. Çünki mədənlər şəhərə bitişməli olseydi, o zaman şəhər qərardadı bilatəxir onlara da şamil olmalıydı ki, bu da Zaqafqasiyada zemstvo işini gecikdirər. Digər tərəfdən də mədən dairəsinin daimi və müəyyən sərhəddi olmamaq və bu dairədəki ərazinin zemstvo ərazisi ilə arındırmamaq surətdə qarışıq olduğu, həmçinin mədənsiz uyezdin maliyyəcə zəifligi mədənlərin xüsusi bir idarə halına qoyulması əleyhindədir”.
Yoxsa inqilab hökuməti tərəfindən təşkil olunan Petroqrad komisyonu Bakı bəylərinin mənafeyini müdafiə ediyor?
Hər bitərəf bir adam üçün məsələ aşkardır; bir takım firqə mülahizələrindən ötrü 80 minlik kəndistanı həyat sərçeşməsindən məhrum etmək, əti sümükdən ayırmaq olmaz. Petroqrad komisyonu da böylə düşünmüş, yalnız “Hümmət”dəki füqərayi-kasibə tərəfdarı bunu qanmaq istəmiyorlar. Kəndlilərin degil, mədəndəki müsəlman əmələlərin səsini belə eşitməyib məsələni bütün mənasilə müğalitəyə salıyorlar. Qövlü degil, qaili (sözü degil, söyləyəni) çürütmək məqsədinə düşüyorlar. “Müsavat”çı Rəsulzadə həqiqətən də kəndçi tərəfdarı isə, neçün toprağını müftə olaraq əkinçilərə vermək istəmiyor da mənsub olduğu firqənin topraq həqqində “yerlər adilanə bir qiymətlə kəndçilərə veriləcək” maddəsinə iştirak ediyor, deyə səmimiyyətimizi şübhələndirmək istiyorlar. Fəqət hafizəsizlikdənmi, yoxsa diqqətsizlikdənmi, nədən isə, Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” proqramının başına yazılan ixtarı oxumuyorlar. Bu ixtarda deniliyor ki: “Müsavat toprağın bilaəvəz alınıb toprağı işlədənlərə verilməsi rəyindədir”.
Bundan keçəndən sonra anlamaq istiyoruz görək ki, bəy və xəzinə yerlərini kəndçilərə müftə vermək surətilə kəndistan zemstvosunun halı necə düzələcəkdir?
Əgər yerin altındakı sərvət qəsd edilərsə, bu sosial-demokrat nəzəriyyəsi ilə kəndçilərə degil, dövlətə mal ola bilər.
Mürşidləri Şaumyan “Tiflis komisyonu” hüzurunda bəni bu qəziyyə ilə cərh etmək istiyordu. Toprağın üstündən əkib-biçmək vasitəsilə istifadəyə gəlincə, yel aparmış dağlar, bitkisiz şoranlardan ibarət, təbiətdən yoxsul yaranmış topraq istər kəndçi əlində olsun, istərsə mülkədar, zemstvo kassasının halına heç bir faidə etməz. Ələlxüsus ki, Bakı uyezdində təsəvvür olunan böyük mülkdarlar da, böyük mülklər də yox.
Qəribədir, mədənlərin kəndlərdən ayrılması ilə Bakı uyezdinin nə kibi səfil bir hala düşdügünü söylədigimiz zaman sosial-demokrat Roxlinlər mətləbi anlıyor, heç olmasa kəndçilərə təzminat vermək fikrini düşünüyorlar. Gözləməlidir ki, bu dərd aşinalığını “aşinalar” edəydi. Fəqət onlar həqiqəti görməmək və ya daha doğrusu kəndi vəziyyətlərindən ötrü sərfəsiz olan həqiqəti göstərməmək üçün göz örtüyor, örtünüyorlar.
Varsın kəndlər səfil qalsın; varsın uyezd viran olsun, onlar başqa rəydə olamaz. Mürşidlərindən ayrılamazlar: aman demokratlıqlarına şübhə gələr!
İştə, məntiq, iştə, ruh!
Kimdə bu məntiq yoxsa – sərmayədar, kimdə bu ruh yoxsa – bəydir!...
Görüyorum o günü ki, dünyaları sərvətə tutan neft mədənləri, yanındakı Bakı kəndçiləri yoxsul zemstvo daxilində səfil qalaraq:
Mən əz bikaran hərgez nə naləm,
Ke, bər mən hərçe kərd an aşna kərd!* – kilayəsini virdi-zəban ediyorlar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 19 sentyabr 1917, №569
Bəhimi – sərt
Təqid – anlaşılmazlıq
Mütəqəllibə – aferist, dələduz
Cərh – yaralama, qəlb sındırma, sancma, təhqir etmə
Virdi-zəban – dilin(in) əzbəri
Böyük bir itik
Təvatürlə aldığımız müəssif xəbərlərə görə türk şairi Tofiq Fikrət bəy ölmüşdür. İştə, tarixi-qədim”in bir cilvəyi-dühası daha!
Türk ədəbiyyatının Osmanlı şivəsi ilə aşina olanlar bu gün sənət naminə duyduğumuz böyük bir təsirlə vəfatını xəbər verdigimiz Tofiqin “tarixi-qədim”ini bilməz degildirlər.
“Tarixi-qədim”i, bu dövri-Həmididə degil, əsri-hürriyyətdə belə Türkiyə həqayiqinə sığmayan dəhşətli mənzuməyi görməyən, bilməyən varsa – qanlı müharibəyi görsün.
Fikrət dünyanın yaradılışından bəri keçirdigi dəhşəti, vəhşəti kəndisinə məxsus bir qüvveyi-təsvir ilə qələmə almış:
“Din şəhid istər, asiman qurban
Hər zəman, hər məkanda qan, qan, qan!” – deyə, Adəm oğlunun daima qan içində qan içib, qan qusduğunu bildirmişdir.
Bir şair üçün təsaviri-xəyaliyyəsini həqayiqi-həyatda görmək; kəndisinə daldığı zəman kəndi hissiyyatını oxşamaq üçün yazdığı nəşidələri görmədigi, bilmədigi ağızlardan eşitmək nə böyük bir hədiyyə, nə böyük bir zövqdür!
“Tarixi-qədim” bütün dəhşətlərilə təkərrür etdi. Şair xəyalında təcəssüm etdirdigi əlvahi-fəcayei bizzat tamaşa elədi. Nə dəhşətli, nə mənfur, nə üryan bir həqiqət təsvir etmiş olduğunu bütün şairligilə dərk etdi. Dərk etdi də dayanamadı. Haman gözlərini qapadı, bütün dünyayı boğan qanları, məmurələri yakan vulkanları, gözləri qapayan sisləri görmək istəmədi.
Tofiq Fikrət öldü!
Qəribədir ki, aldığımız xəbərlərdən bir qismi Tofiqin çıldırdığını, digər qismi isə vərəmlədigini bildiriyorlar.
Fikrət çıldırmış!.. Çıldıra bilər; çünki insani duyğularla həssas olan bu qəlbi-rəqiq bəşəriyyətin min dürlü vəhşətlərlə cilvələnən çılğın simasını görüncə çıldırmaya bilməzdi!
Tofiq vərəmləmiş!..
Bütün bəşəriyyətin dərdi ilə dərdmənd, bütün dünyanın fərəhi ilə fərəhmənd olan bu qəlbi-müşfiq afaqı çulğayan səfaləti görüncə əlbəttə ki, vərəmlənər!
lll
Şairləri çıldırtan, böyük qəlbləri vərəmlədən bu qanlı illər millətlərə yalnız maddi degil, mənəvi bir çox xəsarətlər dəxi toxundurmuşdur. Millətlər yalnız məmləkətlər, şəhərlər, qələlər itirməmişlərdir. Bu itiklər nə qədər ağır olsa da qaytarılır, əvəzi bulunur şeylərdir. Halbuki dühayi-hərb millətlərdən qaytarılmaz qurbanlar almışdır. Bəşəriyyətin ən böyük faciəsi də buradadır.
Belçikalılar yalnız Liej, Mubij, Namyur, Anvers və Brüssellərini degil, Emillərini Verxarnlarını da ğaib etdilər.
Fransızlar yalnız zəngin Şimal quberniyalarını degil; müharibənin ta ibtidasında ikən Joreslərini itirdilər.
Avstriyanın xəsarəti yalnız Qaliçiyadan ibarət degildir. Adleri itirmək Avstriya demokratiyasından ötrü daha böyük itikdir.
Romaniya yalnız xarabəzara dönən şəhərlərini degil, Karmen Silvasını da ağlayır.
İngiltərə zahirdə heç bir şeyi itirməmişdir, deniliyor. Halbuki Kiçnerini itirmiş.
Almaniya yalnız koloniyalarını degil, “Milləti-müsəlləhə” müəllifi Fon Der Qoviç Paşasını da ğaib etmişdir.
Rusiyanın bu xüsusdakı itgisi dəxi digər mühariblərdən daha fəci, daha ağırdır. Rusiya Meçnikovunu itirmişdir.
Türkiyənin itirdigi dəxi yalnız Ərzurum, Bağdad, Trabzon degildir. Tofiq Fikrət də getmişdir!
Belçika təkrar istiqlalını qaytara bilər, fəqət Verxarn dirilməz! Fransa bəlkə Elzas-Lotaringiyanı da qaytarar, fəqət Jores qayıtmaz! Rusiya düşdügü böhranı keçirər, özünü düzəldər, fəqət vətənindən uzaqda keçinən Meçnikovu artıq görə bilməz!
Türkiyə çox ümidvar ki, Ərzurum, Bağdad, Trabzonu qaytarsın. Fəqət Tofiq Fikrət bir daha dönməz!
İştə, bəşəriyyətin ən böyük faciəsi burada!
lll
Bu faciədə yalnız bir cəhət vardır ki, mucibi-təsəllidir. Ölən, itən nə Verxarndır, nə Meçnikov, nə də Fikrət.
Gözdən yox olan şey başqa qaliblərə bənzəyən bədənlərdir ki, bu kibi böyük ruhların məhfəzəsi olmaq şərəfini qazanmışlardır. Yoxsa nə Belçika şairinin mənəviyyəti, nə Rusiya elminin şəxsiyyəti-aliyyəsi, nə də türk sənətkarının o təqlidedilməz xüsusiyyəti ölməz. Çünki bunlar layəmutdur. Çünki bunlar nə zəmanın, nə də məkanındır. Zəman keçər, məkanlar alt-üst olar; fəqət onlar yaşar, daima yaşarlar!...
Heç kimdən ötrü olmasa da, bu gün mərsiyəsini yazdığımız böyük Tofiq üçün bütün səmimiyyətlə söyləyə bilərəm ki:
Yalandır, Tofiq ölməmiş. Tofiq nə çıldırar, nə də vərəmlər! Çıldıran bir nərəsə varsa, bu ruh Fikrətin fəvəranına təhəmmül etməyən şüur; vərəmləyən bir vücud varsa, bu Tofiqin təəssüratına tab etməyən ürəkdir!
Yoxsa Tofiq əyarındakı şairlər ölməz, məhv olmazlar. Onlar fərdanın, fərda onlarındır!
Əvət, ey ustad, ey gözəl türk sənətkarı, ey aşiqi-nalani-hürriyyət, ey nəvazəndeyi-alami-bəşəriyyət, ey ruhi-fəyyazi-şairiyyət, əmin ol ki, sən:
“Uğraş, dedin, çalış, ara, bul, qoş, atıl, bağır, durmaq zəmanı keçdi, çalışmaq zəmanıdır!”
Dedinsə, bu xitabın boşa getmədi. Türk gəncligi çalışdı, çalışmağa əzm etdi; bu əzmi heç şübhəsiz ki, “ümid olunan feyzi” verəcək!
Əvət, ey şanlı şair, səndən aldığı imani-fərda ilə ruhlanan türk gəncligi ruhi-pürfütuhinə qarşı təzim edər və hərimi-səmimiyyətindən çıxan bir sədayi-şükranla der ki:
“Fərda sənin, sənin bu təcəddüd, bu inqilab!”.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 20 sentyabr 1917, №570
Təvatür – ağızdan ağıza yayılma, rəvayət
Nəşidə – məsəl yerinə keçmiş məşhur beyt və ya misra
Fəcaye – faciələr
Məmurə – aləm, kainat
Rəqiq – incə, nazik; həssas
Müşfiq – şəfqətli, mərhəmətli; mehriban
Fərda – gələcək zaman
Nəvazəndə – oxşayan, mehribanlıq edən
Pürfütuh – fateh, fəth edən
Məhfəzə – qab, mücrü
Layəmut – ölməz, əbədi
Fəvəran – fəvvarə vurma, qaynayan
Əyar – meyar
Müəssif – təəssüfli
Cilvə – işıqlı
Təsavir – təsvirlər
Təkərrüz – təkrarlama
Mədənlərdə zabastovka
Bakı dairəsində, neft mədənləri daxilində zəhmət ilə sərmayə arasında ta inqilabın əvvəlindən bəri başlanan mübarizə nəhayət, zabastovkaya müncər oldu. Əmələlər səbr kasalarının dolub-daşdığını söyləyərək bu vəqtə qədər kəndilərinə rəhbərlik edən firqələrin məsləhətini belə dinləməlidilər. Hər növ müşavirə və danışığı artıq görərək tətil etməyə qərar verdilər. Əmələ “konferensiya”sının qərarına görə dünəndən etibarən mədənlər zabastovka halındadır. Əmələlər tərəfindən təklif olunan kollektivnı doqovor (müştərək müqavilə) şərtlərindən əmələlərin qəbul edilməsi ilə çıxarılması və sair bir çox iqtisadi şərtlər həqqində olan maddələri mədən sahibləri hiddətlə rədd ediyor. Əmələlər isə bu xüsusda israr ediyorlar. Əlbəttə, hər iki tərəfin israrı üzərinə bu gün Bakı həyatı olduqca mühüm günlər keçirməgə başlıyor. Zabastovka adi vəqtlərdə, hər şey öz yerində durduğu zamanlarda belə – məlum olduğu üzrə – ağır və məsuliyyətli bir işdir. İmdi isə məsələnin nə dərəcədə müşkül olduğu özlügündən məlum. Onsuz da həyəcanlı, sıxıntılı, ehtiyaclı – buna görə də – hər növ təhriklərə müstəid olan mühitimizə tazə amillər daxil oluyor.
Bu amilləri nəzərə alaraq əmələlərə vacibdir ki, bir dəfə başlanmış işi peşimançılıqsız başa apara bilmək üçün bütün imkanlarını, bacarıqlarını sərf eləsinlər. Hər növ fitnə və fəsada yol verməsinlər.
Bilsinlər ki, böylə həyəcanlı dəqiqələrdə, siyasət havasının elektrikə döndügü böylə bir zamanda cüzi bir səhvdən, kiçicik bir xətadan böyük fəsadlar törəyə bilər. Bu fəsadlara yer qalmamaq, müfsidləri sevindirməmək üçün lazımdır ki, fəhlələr hər növ həyəcandan, hər növ düşüncəsiz hərəkətdən saxlansınlar.
Cəmaəti təcavüzə, tərtibsiz çıxışlara çağıran məchul adamlara göz olsunlar. Onlara qulaq verməsinlər. Bunun üçün də lazımdır ki, zabastovka komitəsi ilə (stateçni komitet) birlikdə hərəkət edib onun göstərməsi ilə iş görsünlər. Hər yanda, hər tərəfdə bir hadisə bulundumu, dərhal mənsub olduqları firqələrə bildirib nə cür hərəkət etmək lazım gəldigini ögrənsinlər.
Xülasə, sərvəqt olsunlar, fitnə və fəsad törətmək istəyən şübhəli fikirli, iblis niyətli adamlara ara qarışdırmaq imkanı verməsinlər.
Zabastovka əmələlərin son çarəsidir. Onlar bu son çarəyə əl atmışlar. İmdi böylə bir çarəni işlətmənin vəqtimi idi, degilmi idi? Artıq iş orasını müzakirə etməkdən keçmiş. İmdi bütün imkanlar, bütün səylər burasına münhəsir olmalıdır ki, zabastovka rahətliklə, sakitliklə keçsin.
Fəhlələrin qalibiyyəti ancaq bu tədbirdə, zabastovkanın sakitliklə keçməsindədir.
Başqa cür olursa fəsad çıxar. Fəsada bilxassə müsəlman zəhmətkeşləri, türk əmələləri yol verməməlidirlər. Çünki çıxacaq fəsaddan ən çox zərər görən yerli əhali olmaları hesabilə heç şübhəsiz ki, müsəlmanlar olacaq!
Bütün əmələ firqələrinin rəyi bu xüsusda budur. Bütün Bakı mütəşəkkil demokratiyası ilə bərabər müsəlman təşkilatlarının əzcümlə türk və müsəlman demokratiyasının mütəşəkkil firqəsi olan “Müsavat” firqəsinin də rəyi budur.
Dün nəşr elədigi bəyannaməsi ilə “Müsavat” bütün firqə əzalarını haman bizim dəvət elədigimiz ətalət və sükunətə dəvət ediyor. Hamımıza lazımdır ki, vaqe olan bu dəvətləri eşidək. Səlamətimiz, mənfəətimiz bu məqul dəvətlərə qulaq asmaqdadır!
Əvət, millətdaşlar, həyəcana tutulmayalım, mətanətimizi, iqtidarımızı itirməyəlim, bütün qüvvətlərimizi, bacarıq və səylərimizi sakitliklə səbr və mətanətə həsr edəlim, qardaşlar.
M.Ə.
“Açıq söz”, 28 sentyabr 1917, №576
* Mən bu işsizlərin əlindən heç vəqt gileylənmirəm,
Mənə nə etdisə, o tan?? etdi.
(Ardı var)
çap et