525.Az

Oralarda kimlər var- Publisist-tərcüməçi Teymur Xaspoladov (son)


 

Oralarda kimlər var- Publisist-tərcüməçi Teymur Xaspoladov<b style="color:red"> (son)</b>

PUBLİSİST-TƏRCÜMƏÇİ TEYMUR XASPOLADOV-4

A-dan  Z-yə 

–Bəs məqsədiniz nə idi?

–Məni tanıyanlar xasiyyətimi və vəziyyətimi yaxşı bilirdilər. Bu barədə heç bir açıqlama verməyəcəyəm. Əvvəlcə “Təfəkkür” Universitetində, sonra isə 5 il Səhmdar Cəmiyyəti sədrinin sənədlərin operativ hazırlanması üzrə köməkçisi işlədim. Azərbaycan Dövlət Teleqraf Agentliyi-AzərTAc-da işə başlayanda isə fikirləşdim ki, təcrübə keçdiyim bu kollektivə yenidən qayıtmağım da böyük Allahın mənim üçün yazdığı alın yazısıdır. Burada iki ay müxbir, təxminən bir ilədək aparıcı müxbir, 6 ilədək baş redaktor vəzifələrində çalışdım. Təxminən bir ay əvvəl, necə deyərlər, hələ canımın sulu olmasına baxmayaraq, pensiyaya göndərildim. AzərTAc sonuncu iş yerim oldu.

Yəqin ki, bu əhvalatları boş yerə nəql etmədiyimi oxucu  artıq başa düşüb.

–Böyük Allaha bağlılığınız hiss olunur. Dindar deyilsiz ki...

–Xeyr .Ancaq bilirsiz ki, Böyük Allah bəni adəmi xəlq etməzdən əvvəl onun ruzisini göndərir. Bu həqiqəti sübut etməyə ehtiyac yoxdur. Elə ətrafımıza baxsaq bunu görərik. Bu dünyada insanın rahat, dərd-sərsiz, qəmsiz-kədərsiz, şən və xoşbəxt yaşaması, istədiyini yeməsi, istədiyini geyməsi üçün hər cür imkan, şərait və ən əsası azuqə vardır. Okeanlar, dənizlər, göllər, çaylar, meşələr, tarlalar, taxıl əkmək üçün boş sahələr yer üzünün əşrəfi sayılan insanın yaşaması, qurub yaratması, yeni ixtiralar kəşf etməsi üçündür. Bununla yanaşı, insan özünü, ailəsini, xalqını və daha geniş mənada bəşəriyyəti, məhz bəşəriyyətin sağlamlığını düşünməlidir. Belə olduqda bütün dünyada insanlar xoşbəxt olar, sağlam böyüyər, cəmiyyət daha güclü inkişaf yoluna qədəm qoyar. İnsanların ömrü uzanar. Bəzi mütəxəssislərin fikrincə, Allah insana 300 ilədək ömür vermişdir. Yəni insanın bədənindəki hüceyrə ehtiyatı azı 300 ilə nəzərdə tutulmuşdur. Dəniz və okeanlardakı balıqlardan tutmuş meşələrdəki heyvanlaradək hər şey insan üçün yaradılmışdır. Bir balığın milyonlarla kürü tökməsini, bir buğdadan 70-80 dən əmələ gəlməsini, ev və çöl quşlarının çoxalma tempini, il ərzində nə qədər yumurta verməsini nəzərə alsaq, bütün bunların ilahi varlıq tərəfindən, məhz insanların gen-bol yaşaması, hər cür naz-nemətlə qidalanması üçün nəzərdə tutulduğunu necə anlamayasan? Bəs, bizə səxavətlə təqdim olunmuş bu qədər nemətdən necə istifadə edirik? Niyə bu qədər ömür ehtiyatının heç olmasa yarısını yaşaya bilmirik?

Hər şeydən əvvəl mən bunu insanların psixologiyası ilə əlaqələndirirəm. Çoxdan belə bir qənaətə gəlmişəm ki, paxıllıq, həsəd, var-dövlət hərisliyi, yığım ehtirası, qonşuya baxıb özünü oda yaxmaq istəyi və s. insanı böyük bəlalara düçar edir. Ən əsası isə sosial bərabərliyi, hər kəsə əməyinə görə prinsipini pozur. Adi icraçı bir məmurun uşağı böyük ixtiralar etmiş alimin yanından təşəxxüslə bahalı maşında keçirsə, dolanışıq, yəni yaşamaq naminə müəllim dərs dediyi şagirdlərin, həkim müalicə etdiyi xəstələrin, mənzil-istismar sahəsinin işçisi xidmət göstərdiyi evlərin sakinlərinin əlinə baxırsa bunun sonu faciəvi qurtaracaqdır. Vay o günə ki, bu hal həyat tərzinə çevrilsin.  Belədə ədalətsiz bölgü prinsipi böyük alimin də, müəllimin də, həkimin də, məmurun da əqidəsini dəyişəcəkdir. Hamıda yığım ehtirası yaranacaqdır, cəmiyyətdə digər səmtə meyil başlanacaqdır. Nəticədə, mənfi psixoloji amillər güclənəcəkdir. Təhsil, səhiyyə və digər fəaliyyət sahələri inkişafdan qalacaqdır. İnsanlar onların həyatını, yaşayışını, dolanışığını təmin etməyən peşəsinə başqa cür yanaşacaqdır. Axı, böyüklərimiz demişlər ki, səni dolandırmayan peşədən əl çək!

Bütün bunların isə artıq ilk rüşeymləri görünməkdədir. Müəllim 45 dəqiqəlik dərs vaxtı şagirdlərinə heç nə öyrətmir: deyir ki, çatdırmıram, əlavəyə yanıma gəlin. Hətta bəzi müəllimlər əlavəyə yanına gəlməyən şagirdlərin qiymətini belə kəsir. Həkim ona müraciət edən xəstəni özündən asılı vəziyyətə salmaq üçün min hoqqadan çıxır, hətta xəstəsini müalicə etmək bir yana, onun sağlamlığına belə zərbə vurmaqdan çəkinmir. Uzun illər boyu ailəsinin boğazından kəsib pul yığıb mənzil sahibi olan on illərlə mənzilinə qeydiyyata düşə bilmir. Çünki hansısa bir dələduz adi bir arayış üçün ondan astronomik məbləğdə pul tələb edir. Bütün bunların və buna bənzər saysız-hesabsız olayların ucbatından  yaşadığımız narahat ömür qısalır, ətrafımızdakı nemətlərdən hamı istədiyi kimi istifadə edə bilmir, ətraf mühit, ekologiya pisləşir, dünyanın nizamı pozulur, cəmiyyətdə ictimai  narazılıqlar, gələcək nəslin düzgün olmayan formada tərbiyələnməsi prosesi başlanır.

Uzun zaman arzuladığımız müstəqilliyimiz, respublikada yaranmış sabitlik, azad fəaliyyət göstərmək imkanı, sadalasam siyahı uzanacaq, bütün bunlar Azərbaycanımız üçün, azərbaycanlılarımız üçün yaradılıb, qurulub. Respublika rəhbərliyi nailiyyətlərimizin sayını daha da artırmaq üçün çalışır. Bu da doğrudur ki, həyat davam edir, cəmiyyətimiz inkişafdadır. Sadaladığım çatışmazlıqlar yeni müstəqil respublikamızın əldə etdiyi müvəffəqiyyətlərin əhəmiyyətini azalda bilməz. Bütün bunlar düzdür. Ancaq hamımızun arzusudur ki, istədiyimiz, gözlədiyimiz daha yaxşı həyata tez çataq. Bundan ötrü isə bir az əvvəl söylədiyim nöqsanlar təcili aradan qaldırılmalıdır. Və bunu etmək isə məncə elə bir böyük qüvvə tələb etmir. Bəs, bundan ötrü nə etmək lazımdır?  Ən vacib şərt budur ki, vəzifə həvalə olunmuş şəxs yerində olmalıdır. Onda hərə öz işini, vəzifəsini yaxşı bilər, hər sahə bərabər səviyyədə inkişaf edər. Təhsil, səhiyyə, xidmət sahələrindəki əvvəldə sadaladığım nöqsanları kim görmür? Bəs, görürlərsə nə üçün aradan qaldırmırlar? Təcrübə göstərmişdir ki, bir nazirin digəri ilə, bir rəhbərin o birisi ilə əvəzlənməsi vəziyyəti dəyişmir. Ölkəyə, xalqa, dövlətə, dövlətçiliyə hələ bundan sonra səmərəli xidmət etmək iqtidarında olan müəllimləri, həkimləri, jurnalistləri, alimləri, incəsənət sahəsində çalışanları və s. peşə sahiblərini pensiyaya göndərməklə yeni iş yerləri təşkil etmək səmərəsiz yoldur. Əlbəttə, qoca yaşlarında böyük vəzifələri zəbt etmişlərdən söhbət getmir. İlk növbədə, onlar könüllü olaraq öz yerlərini gənclərə verməlidirlər. Peşə sahibləri isə zaman keçdikcə püxtələşdiklərindən onların təcrübəsindən həmişə istifadə etmək lazım gələcəkdir. Axı, həmişə qocaman bir müəllim, ya həkim görəndə onu öz peşəsinin dahisi adlandırmışıq.

Həyatda qazandıqların və itirdiklərin...

Həyatda nəyi və nələri itirdiyimi deməyəcəyəm. Qazandıqlarımı isə izah etməyə çalışacağam-qoy, oxucu özü vərəvurd eləsin. Şin Zavodundan tutmuş, əsgərlik və təhsil illəri də daxil olmaqla, düz 49 il fasiləsiz iş stajına malikəm. Heç bir dövlət təltifim yoxdur,Respublika Jurnalistlər İttifaqının verdiyi Qızıl Qələm və H.B.Zərdabi adına mükafatlardan başqa,dövlətdən nə ev, nə avtomaşın, nə də digər nəsə almışam. Heç vaxt heç kəsdən heç nə istəməmişəm, çalışdığım müəssisələrdə, hətta dəftərxana ləvazimatı da daxil olmaqla, heç nə almamışam. Həyatım boyu sadə dolanmışam, ailəmin üzvlərini də buna alışdırmışam. Bütün bunlara görə özümün də, ailəmin də xoşbəxt olduğunu düşünürəm.

Çətinliklərlə keçən həyatımın başqa cür ola biləcəyi anlamını heç vaxt düşünməmişəm. Bu tale mənimkidir və təkcə mənə məxsusdur. Yaşadığım ömür böyük Allahın lap əvvəldən mənim adıma yazmış olduğu taleyimdir. Mən onu olduğu kimi sevir və qoruyuram.

ONLAR NƏ DEDİLƏR: Akif Qəhrəmanlı
 tərcüməçi-jurnalist,
Həsənbəy Zərdabi adına mükafatın laureatı
    
FƏRDA MÜƏLLİMİN ATMACASI İŞƏ YARADI
                                                         

Dostum,həmkarım Teymurşah Xaspoladov haqqında bir neçə söz

Onu uzun illərdir tanıyıram.Ötən əsrin yetmişinci illərinin əvvəllərindən. O vaxtlar Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tərcüməçilik qrupunda təhsil alanlar təcrübə üçün Azərinforma(Azərbaycan Dövlət İnformasiya Agentliyi) göndərilirdilər.Teymur da belələrindən biri idi.Qeyd etməsəm olmaz!Agentlikdə gələcəyin tərcüməçilərinə böyük qayğı və rəğbət vardı,amma son dərəcə gərgin iş rejimi gənclərə lazımi diqqət yetirilməsinə mane olurdu.Moskvadan ardı-arası kəsilmədən göndərilən materiallar az imiş kimi Azərbaycanda  da respublika əhəmiyyətli tədbirlərin hamısı rus dilində keçirilirdi və təbii ki,hamısı da yerli qəzetlərin ertəsi gün nömrələrində Azərbaycan dilində çapdan çıxmalı idi.Bəzən tərcüməni səhərə yaxın başa çatdırırdıq.Belə bir şəraitdə təcrübəçi tələbə ilə məşğul olmağa nə imkan qalırdı,nə də həvəs. Agentliyin ən cavan tərcüməçisi olduğumdan  məni  “məsul” materialların tərcüməsindən kənar saxlayırdılar(hərçənd həyat bu yanaşmanın tam əsassız olduğunu sübut etdi). Əvəzində tərcüməçilik sənətini seçmiş gəncləri hamıdan çox mənim yanıma yönəldirdilər.Onlar bir qayda olaraq  mənim necə tərcümə etdiyimi izləyir,bütün  suallarını da  mənə verirdilər.Yaşca yaxınlığım onları bir az da ürəkləndirdiyindən mənimlə tez ünsiyyət qurur,mülahizələrini açıqca söyləyirdilər.

Müdiriyyət mənim davranışımı xoşlamır,tez-tez ciddi olmağımı tələb edirdi.Bu səbəbdən, təbiətimə zidd olaraq, özümü mümkün qədər  ciddi göstərməyə çalışırdım.Teymur Xaspoladov da məni qaraqabaq adam kimi səciyyələndiribmiş.Sonralar aramızda möhkəm dostluq yarandı və indi hər dəfə  vaxtı ilə mənim haqqımda nə düşündüyünü  etiraf edəndə özünü gülməkdən saxlaya bilmir.

Teymurun tələbəlik illərindən başlanan dostluğumuz qırx ilə yaxındır davam edir.Bu illər ərzində keçdiyi həyat yolunun hər mərhələsindən xəbərdaram.Ədəbi işçi də olub,müxbir də, məsul katib vəzifəsində də işləyib,qəzet redaktoru kimi jurnalistlər kollektivinə rəhbərlik də edib.Qulluq sahəsində də,ailə vəziyyətində də çox dəyişikliklər olub.Dəyişməyən bircə Teymurun həyata baxışı,mənəvi saflığı,peşəyə bağlılığı, dostlara sədaqəti,Vətənə,xalqa sevgisidir.Teymur Xaspoladovun ən başlıca,ən dəyərli xüsusiyyəti bugünkü cəmiyyətdə az qala itməkdə olan məsuliyyət hissidir.İstər ailədə,istər iş yerində,istərsə də ictimai yerlərdə,dost-aşna arasında Teymur həmişə hər məsələyə məsuliyyətlə yanaşır.Lap etibarsız adam olduğunu bildiyi şəxsin də sözünü ciddiyyətlə,məsuliyyətlə götür-qoy edir ki,nəticədə özü pis vəziyyətdə qalmasın.O, bir də borclu qalmağı sevmir.Pisliyə pisliklə cavab verməyə bilər,yaxşılığa isə mütləq yaxşılıqla cavab verməyə çalışır,imkan tapmayanda bir borcluluq hissi daşıyır. Həyatının başlıca qayələrindən biri də haram tikədən,zəhmətsiz gəlirdən qaçmasıdır.Bizi məslək dostuna çevirən ən başlıca xüsusiyyət,məncə,elə budur.

Adını sərlövhəyə çıxardığım Fərda müəllimin Teymurla heç bir əlaqəsi yoxdur,sadəcə, təqribən  iyirmi il bundan əvvəl respublikamızın şimal zonası rayonlarının birində rast gəldiyim o insanın dilindən eşitdiyim bir fikrin yanlış olduğunu dostum Teymurun timsalında sübut etmək istəyirəm.Fərda müəllim  coğrafiya müəllimi idi(ona görə keçmiş zamanda deyirəm ki,yaşlı idi.Əgər haqq dünyasına qovuşubsa, Allah rəhmət eləsin!).Adı işlədiyi rayon üçün spesifik olmadığına görə doğum yerini soruşanda demişdi ki,İmişli rayonunda dünyaya gəlib,amma İran əsillidir.Bax, həmin Fərda müəllimin belə bir qəribəliyindən danışırdılar ki, nabələd adamla rastlaşanda ona  rayon haqqında heç yerli camaatın da bilmədiyi ən müfəssəl məlumatı çatdırır.Onunla  çayxanada rastlaşmışdım. Bir neçə nəfərlə oturmuşdu. Danışdıqlarından belə başa düşdüm ki, hansısa jurnalisti gözləyirlər.Söhbətin qızğın yerində Fərda müəllim səsini ucaldıb hökmlə dedi:”Ağzınıza gələni danışmayın, o kişi jurnalist də olsa etibarlı və sədaqətli adamdır”. Elə çıxırdı ki,jurnalistlər etibarsız, vədə xilaf adamlardır.Söz məni çox pərt etsə də özgə söhbətinə qarışmadım.Görünür,həmkarlarımızdan hansı birininsə yaramaz nümunəsi adamlarda jurnalist haqqında mənfi rəy formalaşdırıbmış.Bugünədək yaddaşımdan silinməyən həmin epizodu indi, Teymur Xaspoladov haqqında yazı yazanda, ona görə xatırladım deyəm ki, dostum Teymur nəinki təkcə gözəl jurnalistdir,həm də etibarlı və sədaqətli insandır.

Vaxtı ilə ona çox demişəm ki,mənim yerimə olsan, nə çəkdiyimi bilərsən!İndi ona daha bu sözləri deyə bilmərəm,çünki Bakı Şin Zavodunda mən də işləmişəm,o da.AzərTAc-da mən də işləmişəm, o da.Dövlət qulluğunun nə demək olduğunu mən də görmüşəm, o da.Təkcə dövr və miqyas fərqi var ki,bu da yaş fərqimizdən irəli gəlir.

Yaşa, dostum,yarat!Pensiyaya çıxmısansa da hələ zehnin iti,canın suludur..Pensiyaçı həyatının sirrlərini isə mən sənə öyrədəcəyəm.

(Son)

[email protected]

tofigabdin.com

 





22.07.2013    çap et  çap et