“Antikvariant” silsiləsindən
1. Metamorfoz
Ovidiyə
Dayanar yol kənarında
hər gün bir uşaq.
Bir uşaq dayanar hər gün
yol kənarında,
çəkər yolların tozunu kirpiklərinə,
yollardan soruşar atasını.
Atasının ayaqqabısını
geyinib qaçan uşaq
elə bilər ki, maşınları da ötüb keçər...
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına, yıxılar üzü üstə.
Hərif hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə,
göndərər bütün parabüzənləri
atasının dalınca:
“Uç, uç, qarı nənə, mənə atamı gətir”...
Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə –
barmaqlarının ucuna!!!
Amma yenə toxuna bilməz Ona...
Və bir gün...
Bir gün hürkər –
görəndə çiynindən çıxan
ağappaq, ağappaq lələkləri!
“Ata! Ata!”, – qışqırar!
Qışqırar,
pərən salar çiynindəki mələkləri.
Atar özünü
lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü görən olar, nə dirisini –
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar...
2. Üçü birində
Müqəddəs Avqustinə
Bir qadın gedir –
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri.
O qədər sınıxıb ki,
bir sümükdür, bir dəri.
Bəlkə, qiyamətdir?
Yox, bu, qadın işi deyil!
İlahi bir komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir!
Baxmayın yaşımın azlığına,
yaxşı tanıyıram o qadını.
Kürəyindəki Kişini,
bətnindəki balanı:
içində arzularını,
çölündə ümidsiz ümidlərini daşıyan
Məryəm xalanı.
Milli Teatrda yox,
milli teatrda görürəm hər gün,
yəni məhəlləmizdə:
Dante qəsəbəsi, Balzak küçəsi,
ev 66, mənzil 1-də.
Sol əlini sıxıb bətninə,
nəsə anlatmağa çalışır şeytan körpəsinə.
Sağ əlini ərinin əlində unudub,
Allahı unutduğu kimi...
Kişi utanır olmayan ayaqlarından,
hönkürtüsü yayılır içinə,
ağlayır için-için,
islanır qadın,
islanır uşaq,
islanır küçə,
islanır gündüz,
islanır gecə...
Qadın
getdi... getdi... getdi...
gedir... gedir... gedir...
gedəcək.... gedəcək... gedəcək...
Və...
sonra o qadın,
bətnindəki uşaq,
kürəyindəki kişi
gecənin qaranlığına qarışacaq...
–Əlahəzrət Tarix müəllim,
üçadamlıq yer varmı
tozlu bir küncünüzə tolazlanacaq?
–Var, əlbəttə, var,
amma sizin Məryəminiz
bu dəfə İsanı yox,
İudanı doğacaq!
Müharibədən sonra
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub
qaçardıq həmişə...
Hərdən yuxuma girirdi
Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün
nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini
qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş
cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş
bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan
dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi...
Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...
Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı çünki...
Metrobohema
Əvvəlcə dostluq:
birlikdə kinoya getmək,
ikilikdə şam etmək,
İçərişəhərin antik kafesində
təzə eşqin şərəfinə badə qaldırmaq.
Gecə zəngləri,
mesajlar,
telefonda açılan sabahlar...
Ehtiyatlı olun!
Ağlın qapıları bağlanır –
növbəti stansiya xətayidir.
Siz sevgiyə doğru gedirsiniz,
ürəyə doğru...
Tuk...tak...tuk...tak...
Sonra ayrılıq,
hicran,
açılmayan sabahlar,
bitməyən axşamlar,
şəkilləri qayçılamaq,
mesajları silmək,
siqarı siqara calamaq,
sağlıqsız içmək
ucuz kafelərin birində
tostsuz,
dostsuz
və sevgisiz,
bir sözlə, bohema.
Rembo, Mayakovski, Yesenin –
məlum tema...
...ağacdan asılan
naməlum meyit...
Ehtiyatlı olmaya bilərsiniz:
ürəyin qapıları bağlandı...
..............................
Kasıb komalarından
qalxan tüstülər
Kasıb komalarından qalxan tüstülər,
sevinclə küləyə qoşulub
qaçmağa başlayırlar
sağa-sola, sola-sağa...
Kasıb komalarından
hər səhər işsizliyə tələsən kişilərsə,
xoşbəxtliyin heç bir halını
tapa bilmir:
nə adlıq, nə yiyəlik,
nə qaz, nə maye, nə bərk halını...
Sevgi elə bahalı ki,
kasıb uşaqların
onu almağa ürəyi yetməz...
Kasıb komaların qadınlarının
xəyalları yoxluqlarda,
arzuları heçliklərdə,
ümidləri olmazlarda var-gəl edir...
Külək adamı sorğu-suala tutur,
nimdaş paltonun deşiklərindən...
Yağış qeyri-romantik tərzdə
birbaşa yağır ayaqqabının içinə...
Soyuq deyir:
– Olarmı əllərinizi,
ayaqlarınızı qucaqlayım?
– Üşüyürəm, bədəninizdə
isinsəm olar?
Kasıb komaların
qadınları, kişiləri, uşaqları
yola verirlər:
saniyələri,
dəqiqələri,
saatları,
günləri,
ayları,
illəri,
ömrü...
“Yaşamaq” – sadəcə fel kimi maraqlı...
Tanrının şeirləri
Qadına şeir yazmaq nəyə lazım –
bütün qadınlar şeir deyilmi?
Tanrının şeirləri...
Bax, elə götürək bu qızı,
xatırladır əruzu:
xəfif danışığı,
rəcəz sükutu,
kamil geyimi,
həzəc saçları,
rəməl yerişi,
İbn Əhməd demişkən:
“Əruzluqdur hər işi...”
Bu qızsa hecadadır,
milli vəzndə yəni...
yerişi heca-heca,
gülüşü heca-heca,
saçı cığalı təcnis,
gözləri gəraylı,
qaşları qoşma,
Molla Pənahın sözü olmasın:
“İndi oğulsan,
gəl, buna şeir qoşma,
Ay Allah, şeir qoşma!”
Saçları dağınıq,
saqqızını şar kimi şişirdən,
qulağında qulaqcıqlar,
mahnının ritminə uyğun hərəkətlər edən
o qızınsa vəzni yüngüldür,
yəni sərbəstdi.
Nazim Hikmət də yoxdu ki, desin:
“Qırma bu oğlanları,
ay evi tikilənin qızı, bəsdi!”
Oğluna nəsihət verən ana – ustadnamə,
ərini acılayan qadın – həcv,
qırmızı köynəkli,
ucaboy,
sarışın,
uzaqdan gələn o qadın ...
Ramil, bəsdir çıxardın
filoloji qaşıqla
gözəlləmənin dadın!
çap et