Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü, tarixçi
Təxminən on gün əvvəl kütləvi məlumat vasitələri xəbərlər yayımladı ki, www.Youtube.com portalında Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı gizli telefon danışıqlarının lent yazıları yerləşdirilib. Qara dəniz hövzəsi və Qafqaz ölkələrinin tarixi, mədəniyyəti və siyasəti ilə yaxından maraqlandığım üçün bilmək istədim ki, bu regionun vacib məsələləri barədə məhz bizim, yəni Litva xarici siyasət “profiləri” necə düşünürlər və nə danışırlar.
Həmin danışıqların birində Litvanın Macarıstandakı səfiri Renatas Yuşka izah edir ki, o, Qarabağ münaqişəsində erməni tərəfini dəstəkləyir. Çünki... ermənilər xristiandırlar. Bununla yanaşı o, təsdiqləyir ki, guya Ermənistan da Litva kimi Stalin rejimindən zərər çəkib. Belə ki, İosif Stalin Litva sərhədlərini dəyişdiyi formada Ermənistan sərhədlərini də dəyişib.
Cənab R.Yuşkanın filtrdən keçirmədiyi və diplomatiya normalarından kənara çıxan bu cür “düşüncələri” ictimai məkanda birinci dəfə səslənmədiyi üçün həmin lent yazılarının autentik olmasına heç bir şübhəm yoxdur və həmçinin fikirləşmirəm ki, guya hansısa məxfi düşmən qüvvələr o danışıqları xüsusi olaraq quraşdırıb. Aydın məsələdir ki, həmin danışıqların hansı qüvvələr tərəfindən lentə alındığını və hansı məqsədlə yayımlandığını yəqin ki, çoxumuz başa düşürük. Amma bu anlam olayların dürüst çözələnməsi baxımından belə bir nəticənin çıxarılmasına heç cür təsir edə bilməz ki, boşboğaz adamlar da dedikləri sözlər üçün məsuliyyət daşımağa borcludurlar. R.Yuşka münaqişə tərəflərindən birinə öz simpatiyasını beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normaları ilə yox, sanki, orta əsrlərdə müdhiş səlib yürüşləri zamanında olduğu kimi, həmin tərəfin konfessial mənsubiyyətinə görə əsaslandırır. Bu isə artıq adi bir anlaşılmazlıq yox, əsl beynəlxalq qalmaqal deməkdir.
Konfessial mənsubiyyətə görə seçim etməklə bağlı sadə bir sual ortaya çıxır: əgər ermənilər də müsəlman olsaydılar onda bəs bambılı səfir hansı tərəfi dəstəkləyərdi? Və yaxud əksinə, əgər azərbaycanlılar xristian olsaydılar bəs necə olardı? (Qeyd edək ki, azərbaycanlıların ulu babaları dörd əsrdən artıq bir zaman ərzində xristian olublar və onların böyük qismi yalnız VIII yüzilliyin əvvəllərində İslam dinini qəbul ediblər). Belə fərz olunan halda, R.Yuşka təcavüzkar dövlətə bəslədiyi rəğbət hisslərinin əsl səbəbini dinlə bağladığı psevdo prioritetlər pərdəsi arxasında gizlətmədən və əzilib-büzülmədən açıqlamaq məcburiyyəti qarşısında qalsaydı nə edərdi? Bəs Kosovo necə olsun? Bəlkə R.Yuşka o dövrdə Vyanada beynəlxalq təşkilatların yanındakı Litva nümayəndəliyinin 1-ci katibi olaraq fəaliyyət göstərəndə, həmin illərdə şovinist Belqrad rejimi tərəfindən bu ölkədə qırılıb məhv edilən albanlara yox (axı, onlar da müsəlmandırlar!), məhz etnik təmizləmələr aparmış Slobodan Miloşeviçin „xristian“ ordusuna rəğbət bəsləyirdi?
R.Yuşka telefon danışığında litvalı diplomat həmsöhbətinə təsdiq edir ki, Dağlıq Qarabağ vilayəti guya Stalinin qəlyanla cızdığı yeni sərhədlər nəticəsində Azərbaycana verilib. Çox təəssüf ki, R.Yuşkanın fəaliyyətini sezərkən və onun belə sözlərinə qulaq asarkən etiraf etməli olursan ki, bizim diplomatların bəziləri “profidirlər”. Amma “professional” mənada yox, “profan” anlamında “profidirlər”. Yəni, tamamilə naşı və korazehindirlər. Belə olmasaydı, onlar tarixi və siyasi məsələlərin heç məğzinə belə varmadan və əsaslı surətdə mövzuya bələd olmadan cəfəngiyyat danışmazdılar. Və bilərdilər ki, bolşeviklərin hakimiyyətdə olduqları Sovet dövründə Litvanın və Ermənistanın əraziləri azalmayıbdır, əksinə, genişlənibdir (lakin həmin ərazi genişlənmələri bu ölkələrin xalqlarına “böyük qardaş” tərəfindən bəslənilən səmimi dostluq hisslərinin təzahürü kimi qəbul oluna bilərmi? Bu, artıq başqa sualdır).
Məsələn, Sovet Rusiyası Belarusda tərk etdiyi böyük əraziləri – Qrodno, Şuçin, Mostı, Lida, Oşmyanı, Smorqon, Postavı, Braslav və digər yaşayış məntəqələrini 12 iyul 1920-ci il tarixində imzalanmış Rusiya-Litva dövlətlərarası sülh müqaviləsinə əsasən Litvaya “bağışladı”. Həmin ərazilərdə litvalılar ümumi əhalinin yalnız on faizini təşkil edirdilər və müstəqillik yolunda ilk addımlarını atan Litva dövləti bu torpaqlardan istifadə etmək, burada təsərrüfatlar qurmaq və iqtisadi cəhətdən onları istismar etmək gücündə deyildi. Buna baxmayaraq bolşeviklər Rusiyası həmin torpaqları Litvaya “hədiyyə” etdi. Niyə? Çünki Sovet Rusiyası yaxşı bilirdi ki, tezliklə Litva tarix boyu müttəfiqi olmuş Polşa ilə bu torpaqlar uğrunda tutaşmalı olacaq və nəticədə o ərazilərin hamısını itirəcək...
Əgər biz birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə Litva Respublikasının yurisdiksiyası altında olmuş bəzi ərazilərə nəzər salsaq (həmin dövrdə Litvanın bu ərazilər üzərindəki suverenliyi real xarakter daşıyırdı) görərik ki, həmin torpaqların dövlətimizin ərazisinə birləşdirilməsi baxımından İ. Stalin əsl “xeyirxah və covmərd” insan olubdur. Belə ki, o, 1939-cu ilin payızında Vilnüs diyarını Litvaya qaytardı (düzdür, əməlli-başlı kəsilib kiçildilmiş halda). 1940-cı ilin iyun-iyul aylarında müstəqil Litva Respublikası SSRİ dövləti tərəfindən anneksiya olundu və onun yerinə “Litva SSR” adlanan vassal qurum yaradıldı. Həmin ilin noyabrında isə İ.Stalin Belorusiya SSR Ali Sovetini məcbur etdi ki, Druskininkay, Devyanişkes, Şvyançyonis və Adutişkis yaşayış məntəqələrindən “Litva SSR-nin” xeyrinə etiraz edilsin. Nəhayət, o, 1945-ci ildə müharibədən sonra boş qalmış və demək olar ki, əhalinin yaşamadığı Klaypeda diyarını da “Litva SSR-nin” tərkibinə qatdı. Ancaq qatmaya da bilərdi. Necə ki, Keniqsberq vilayətini Sovet Rusiyasına birləşdirdi...
Stalin qanlı rejiminin təkcə Litvaya qarşı yox, bütün insanlıq əleyhinə törətdiyi müdhiş cinayətlər barədə minlərlə faktların və digər geniş bilgilərin olmasına baxmayaraq, bizim diplomatın Dağlıq Qarabağın guya Azərbaycana “hədiyyə” edilməsi ilə əlaqədar çəkdiyi “misala” mat qalırsan. Bu “misal” Litvada bəzilərinə ittiham olunmalı tarixi fakt kimi yox, əksinə, “ermənilərin xilas edilməsi” ilə bağlı ehtiram hisslərini oyadan valehedici nümunə kimi görünə bilər. Eləcə də xristian Ermənistan ölkəsi ərazilərinin qonşu xalqların torpaqları hesabına genişləndirilməsi faktları da bir sıra litvalılarda məftunluq duyğularını oyada bilər. Belə ki, bolşevik Rusiyası müstəqil Cənubi Qafqaz dövlətlərini zəbt etdikdən dərhal sonra Azərbaycana məxsus olan Zəngəzur mahalını və Göyçə (Sevan) gölünün şərq sahillərindəki torpaqları Ermənistana verdi. Azərbaycanın daxilində isə Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan „2-ci Ermənistan“ yaratdı. 1947-1952-ci illərdə isə İ. Stalinin göstərişi ilə Ermənistan SSR-nin Azərbaycan rayonlarından 140 min azərbaycanlı zorla çıxardılaraq köçməyə məcbur edildi və bu yolla xarici ölkələrdən guya “sovet cənnətinə” gəlməyə can atan ermənilər üçün “erməni lebensraumu” siyasəti həyata keçirildi. Bu faktları nəzərdə tutaraq cənab R. Yuşkadan soruşmaq istəyirəm:
– Belə olan halda, Stalinin ermənilərə qarşı etdiyi ərazi haqsızlıqlarını harada görürsünüz? O, hansı erməni torpaqlarını başqa xalqlara verərək erməniləri “incidibdir”, onların “könlünü qırıbdır”? Əksinə, Stalinin o cür addımlarını Ermənistana Sovet dövləti tərəfindən verilmiş real dəstək və ermənilərə göstərilmiş „proteksionizm“ adlandırsaq daha doğru olardı.
Unutmaq olmaz ki, mərkəzi hakimiyyət tərəfindən o cür “proteksionizm” hallarını reallaşdırmaqda məqsəd həmişə eyni olubdur – Sovet imperiyasının əsarəti altında olan xalqları bir-birinin üstünə salmaq və savaşdırmaq! Odur ki, gedin özünümaarifləndirmə ilə məşğul olun, cənab səfir (hələ ki, səfir).
Bir sıra litvalı müəlliflər sözügedən gizli telefon danışıqlarının aşkara çıxarılmasını Litvaya qarşı törədilmiş təxribat sayırlar və bu məsələni qabartmamağı məsləhət görürlər. Virtual internet məkanda ünsiyyət saxlayan və yazışmalar aparan bəzi şərhçilər isə korazehin Litva diplomatlarının zəvzək-zəvzək danışmasını onların “şəxsi fikirlərinin” və yaxud “personal rəylərinin” izharı kimi təqdim etməyə çalışırlar. Lakin zənnimizcə bu, olaylara bitərəfli yanaşmadır.
Düşünürük ki, əslində bu qalmaqallı olaylar Litva diplomatiyasının imicinə vurulmuş zərbədir və mundirinə gətirilmiş rüsvay ləkəsidir. Odur ki, həmin ləkəni mümkün qədər tez bir zaman ərzində təmizləmək Litva üçün olduqca vacibdir.
P.S: Məqalə “Lietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin 7 avqust 2013-cü il tarixli sayında dərc olunub.
çap et