Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi
E.mail: mahir.hemzeyev
@post.skynet.lt
Bir zaman öncə xəbər verildiyi kimi www.youtube.com portalında bəzi ermənipərəst Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı gizli telefon danışıqlarının lent yazıları yerləşdirilib.
Litva azərbaycanlıları cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması, habelə ikibaşlı siyasət yürüdən bəzi Litva dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən panerməni təbliğat qüvvələrin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün və ictimai fikrin düzgün istiqamətdə yönəldilməsi məqsədilə bir sıra əks təbliğat işləri, maarifləndirmə aksiyaları və mətbuat tədbirləri həyata keçirilir.
Mətbuat tədbirləri çərçivəsində 5 avqust 2013-cü il tarixində Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın “Əgər diplomat Dağlıq Qarabağa “Arsax” deyirsə, biz də ona diplomat yox, korazehin deməliyik” adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ silahlı münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı hazırda yaşanan qalmaqallı olaylara, eləcə də Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın və Litva Xarici İşlər Nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının iç üzlərinin açılmasına, LR Seymində qondarma “Dağlıq Qarabağla parlament dostluq qrupunun” yaradılması təşəbbüsünü qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçinin “Arsax” toponimi və “Arsax əyaləti” barədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib.
Vilnüsdə litvaca buraxılan nüfuzlu “Lietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin 7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas Banyulisin “Profilər: peşəkarlar və yaxud naşılar?” başlıqlı məqaləsi çap olunub. Tarixi səpkidə yazılmış bu məqalə Litva diplomatlarının gizli telefon danışıqları ilə əlaqədar qalmaqallı olayların komparativistik analizinə həsr edilib. Müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə “qayçılanması”nın əsl səbəblərini araşdırır və tarixi paralellər aparır, ictimai-siyasi nəticələr çıxardır və bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir.
“Lietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litva Mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas Valançyauskasın “Barokko dövrü üslubunda əhvalat” adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara görə məhvedici satirik gülüş oxlarına tutulub və orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlər üçün ictimai qınaq obyektinə çevrilib. O, həm də bədii-publisistik ifadə vasitələri ilə obrazlı şəkildə tənə və rişxənd hədəfinə döndərilib və əsaslı olaraq ictimaiyyətin gözündə nəzərəçarpan dərəcədə dəyərsizləşdirilib. Materialın sonunda R. Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasının imicinə gətirilmiş rüsvay ləkəsinə görə onun tutduğu vəzifədən istefa verməsi tələbi vurğulanıb.
Vilnüs, 19 avqust 2013-cü il
çap et