525.Az

Dəyişməz reallıq: güclü iqtidara qarşı gülünc müxalifət


 

Dəyişməz reallıq: güclü iqtidara qarşı gülünc müxalifət<b style="color:red"></b>

politoloq

Oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycanın siyasi həyatında olduqca maraqlı, eyni zamanda hadisələrin məntiqinə tamamilə uyğun hadisələr cərəyan etməkdədir. Bu maraqlılığı və məntiqəuyğunluğu aşkara çıxarıb izah etmək üçün təkcə son iki həftənin hadisələrini nəzərdən keçirmək də kifayətdir. Gəlin görək bu müddətdə ölkəmizin siyasi mühitində nələr baş verdi?

Əvvəlcə müxalifət düşərgəsinə nəzər salaq. İlk baxışda maraq doğura biləcək cəhət bu idi ki, müxalifətin aqressiv, radikal qanadı son bir neçə ildən bəri 2013-cü ilin prezident seçkisini özünün taleyüklü işi, “ölüm-qalım” məsələsi elan etmişdi. Düşərgənin ayrı-ayrı təmsilçilərinin çıxışlarında bu fikir dönə-dönə səslənmişdi. Bu səbəbdən də belə görünürdü ki, radikal müxalifətə rəhbərlik edənlər bu seçki ərəfəsində ölkədə cəmiyyətin guya narazı hissəsinin mümkün qədər geniş birliyinə nail olmağa çalışacaqdılar. Onlar bununla bağlı hələ aylar öncədən müəyyən cəhdlər göstərməyə başlamışdılar. Xüsusən yazıçı və kinossenariçi Rüstəm İbrahimbəyovla bağlı proseslər radikal müxalifətdə az-çox canlanma yarada bilmişdi. Adıçəkilən şəxsin ətrafında toparlanmağa can atan, bundan ötrü dəridən-qabıqdan çıxan müxalif başçılar ona özlərinin xilaskarı, Milli Şura kimi ölü doğulmuş ideyaya isə nicat yeri kimi baxırdılar. Ancaq əslində baş verənlərin geniş, əhatəli təhlili lap əvvəldən də göstərirdi ki, bütün bunlar həmişəki kimi radikal müxalifətin özünü aldatmasından və cəmiyyəti çaşqınlıq yaratmaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan siyasi mühitinin yaxın keçmişini, günümüzün reallığını və müxalifətin dəyişməz xarakterini diqqətə alanda bu cəhdlərin uğursuzluğa məhkum olduğu labüd görünürdü. Belə də oldu. Səbatsızlıq, mənfəətpərəstlik, siyasi səriştəsizlik, avantürizmə meyllilik bu dəfə də radikal düşərgəni öncədən məğlubiyyətə məhkum duruma saldı. Vahid namizəd məsələsi ətrafında gedən çəkişmələr, formal razılıq əldə olunsa da, gündən-günə dərinləşən ziddiyyətlər Milli Şuranı iflasa, uçurumun kənarına aparıb çıxartdı. Məkrli niyyətlər, siyasi hərislik üzündən bir kino adamını özünün vahid namizədinə çevirən müxaliflər sonda onun başabəla pasportundan asılı qalıb çıxılmaz vəziyyətə düşdülər. Verdiyi vədlərə baxmayaraq, Rusiya vətəndaşlığından imtina problemini həll edə bilməyən R.İbrahimbəyov bu işi uzatdıqca uzatdı, sonda isə ümumiyyətlə başlı-başına buraxdı. Məsələ ilə əlaqədar zəng vurub açıqlama almaq istəyən jurnalistlərə “başının qarışıq olduğunu, film montaj etdiyini” deməsi onun prosesə nə qədər qeyri-ciddi yanaşdığının açıq ifadəsi oldu. İbrahimbəyovun üzündən dalana dirənmələri gözünü ona dikmiş müxalif siyasilərin uzaqgörənlikdən tamamilə məhrum olduqlarını bir daha isbatladı. Hadisələrin məntiqəuyğun şəkildə cərəyan etdiyini deməyə də məhz onların bu xüsusiyyəti əsas verir. Çünki məlum düşərgəni yönəldənlər son 20 ildə daima bu cür hərəkətlər edib, nəticədə siyasi uğursuzluqdan yaxa qurtara bilməyiblər.

Üstəlik, hər zaman “milli-demokratik mövqe”dən çıxış etdikləri barədə car çəkən radikal düşərgənin aparıcı şəxsləri bu proses zamanı həmin yöndən də ifşa olundular. Onların siyasi üstünlük qazanmaq naminə antimilli addımlar atmağa, demokratiyadan vaz keçməyə, xarici dövlətlərin maraqlarına cavab verməyə hazır olduqları bütün çılpaqlığıyla üzə çıxdı.

Mövcud reallıq bundan ibarətdir ki, bu günlərdə, yəni prezident seçkisi kimi mühüm siyasi kampaniya dövründə radikal müxalifət həddindən artıq gülünc durumdadır. Sanki azsaylı tərəfdarlarını ruhlandırmaq, cəmiyyətə fəaliyyətdəymiş kimi görünmək üçün 18 avqustda keçirmək istədikləri mitinq onların gülünclüyünü daha da qətiləşdirdi. “Birləşmişik” deyə-deyə, meydana cəmi bir piketin iştirakçıları qədər insan toplamaları isə təkcə Milli Şuranın yox, ümumilikdə bu düşərgənin açıq-aşkar iflası demək idi. Təbii ki, illər ərzində bir addım irəliləməyən, dünyagörüşünü, taktikasını, şüarlarını heç cür dəyişə bilməyən, xalqın dəstəyindən məhrum olduqları halda özlərini aldadan radikalların aqibəti belə də olmalı idi.

Müxalifətin radikal hissəsi gülünc vəziyyətə düşüb problemlər, ziddiyyətlər içərisində çırpınmaqda olduğu belə bir dönəmdə Azərbaycan iqtidarı bunun tam əksinə olaraq həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz gücünü, siyasi nüfuzunu günbəgün artırmaqdadır. Sözügedən müddətdə iqtidarın Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, inkişafı və dünyada imicinin yüksəldilməsi naminə atdığı addımlara diqqət yönəltmək kifayət edər ki, onun hazırkı dövrdə və ən azı yaxın perspektivdə alternativsizliyi sübut olunsun. Öz monolitliyini, sabit mövqeyini əzmlə qoruyan, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi kursu inamla davam etdirən iqtidar komandası artıq növbəti parlaq müvəffəqiyyətini təmin etmək üzrədir.

Ötən iki həftə ərzində Azərbaycanda istər daxili, istərsə də xarici siyasətlə bağlı bir sıra çox mühüm tədbirlər gerçəkləşdi və bunlar iqtidarın, ümumiyyətlə dövlətimizin yeni nailiyyətləri kimi tarixə düşdü. Şübhəsiz ki, ilk növbədə dünyadakı güc mərkəzlərindən biri sayılan Rusiya ilə əlaqələrin daha da möhkəmləndirilməsi yolunda atılan önəmli addım qeyd edilməlidir. Rusiya rəhbəri Vladimir Putinin Bakıya səfəri, burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb danışıqlar aparması, dövlətlərarası münasibətlərlə əlaqədar sazişlər imzalanması bütün dünyanın diqqətini çəkdi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixinin daha bir mühüm səhifəsi oldu.

Bunun ardınca Azərbaycan liderinin dərhal ölkənin Şimal-Qərb regionuna səfər etməsi, bölgələrin sosial-iqtisadi inkişafıyla yerindəcə tanış olması daha bir əhəmiyyətli addım kimi yadda qaldı. Əslində prezident həmin ərəfədə bu regiona növbəti vacib tədbirə – Türdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə Toplantısına ev sahibliyi etmək üçün gəlmişdi. Ancaq yenə də bölgələrin sosial-iqtisadi inkişaf mənzərəsini bilavasitə izləmək, bu işə nəzarəti şəxsən həyata keçirmək üçün vaxt ayırmışdı. Şübhəsiz, səfər öz önəmli nəticələrini verdi, həm sözügedən sammit yüksək səviyyədə keçirildi, həm də region əhalisi ölkə rəhbərinin birbaşa diqqət və qayğısını öz üzərində hiss etdi. Bir neçə bölgədə aparılan işlərin sürətləndirilməsi üçün yeni vəsaitlərin ayrılması bu istiqamətdə daha bir inkişaf dalğasından xəbər verdi.

Azərbaycan iqtidarı dövlətimizin regionda və dünyadakı mövqeyini qorumaq və durmadan gücləndirmək üçün xarici siyasət sahəsində davamlı addımlar atmaqdadır. Bu yaxınlarda Azərbaycanın müdafiə nazirinin ABŞ-da səfərdə olması, orada vacib görüşlər keçirməsi rəsmi Bakının hərbi-siyasi arenada növbəti uğurlu gedişi kimi diqqəti cəlb etdi. Nazirin ABŞ səfəri təkcə iqtidarın daxildəki opponentlərini məyusluğa uğratmaqla qalmadı, həm də beynəlxalq aləmdə Azərbaycanın güclənməsini əngəlləməyə çalışanların mövqeyinə tutarlı zərbə oldu.

Beləliklə, son iki həftənin hadisələrinin hətta ən yığcam təhlilindən də bu nəticəyə gəlinir ki, hazırda ölkənin siyasət arenasında bir tərəfdə öz üstün mövqeyini get-gedə möhkəmləndirən güclü iqtidar, digər tərəfdə isə iflas həddində olan gülünc müxalifət var. Azərbaycan siyasi mühiti çox az vaxt qalmış olan 2013-cü ilin prezident seçkilərinə belə bir aşkar reallıqla gedir.

 





22.08.2013    çap et  çap et