525.Az

Üçlüyün güc birliyi


 

Üçlüyün güc birliyi<b style="color:red"></b>

fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az
 

Bu, zamanın tələbi, mövcud gerçəkliyin hökmüdür. Əksini düşünənlər yanılırlar. Onların qondarma millətçilik və şovinizm ideyaları artıq keçmişdə qalıb. Geriyə isə yol yoxdur...

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfərindən və bir sıra mühüm sazişlərin, o cümlədən energetika və nəqliyyat sahəsində ikitərəfli sənədlərin imzalanmasından sonra bu mövzu ətrafında yersiz söz-söhbətlər səngimək bilmir. Yerli kütləvi informasiya vasitələrində səfərlə bağlı ən ağlasığmaz ehtimallar, müxtəlif fərziyyələr və müəmmalı fikirlər səslənməkdədir. Bir sıra politoloq və jurnalistlər bu mövzunu şərh etməkdən ötrü dil və tarix üzrə sahib olduqları bütün bilik ehtiyatlarını ortaya qoyacaqlarına dair özlərinə söz veriblər. Mövzu ilə bağlı fikirlərini çatdırmaq üçün kvadratdan, mason üçbucağından, pentaqramdan tutmuş Rubik kubuna qədər hər cür vasitədən cidd-cəhdlə istifadə etsələr də, onlar Putinin ölkəmizə səfərinin və ikitərəfli sənədlərin imzalanmasının müsbət tərəflərini heç cür görə bilmirlər ki, bilmirlər. Elə bil tutduqları amerikanizm mövqeləri kimi, Avropaya inteqrasiyanın vacibliyi məsələsinə də bəraət qazandırmaq üçün bütün güclərini bu görüşün mənfi tərəflərini axtarıb tapmağa sərf edəcəkləri ilə bağlı öz aralarında razılığa gəliblər. Bununla belə ədalət naminə demək lazımdır ki, Amerikaya yaxınlıq və Avropaya sıx inteqrasiya prosesinin gedişatında seksual orientasiyanın qismən dəyişə biləcəyinə və ya dəyişməli olduğuna virtual da olsa, eyham vururlar.

Mövzu ətrafında yürüdülən mülahizələrin əsas məqamı iki “üçbucaq” yaratmağın mümkünlüyü idi. Söhbət Moskva-Bakı-Ankara və Moskva-Yerevan-Tehran “üçbucağı”ndan gedir. Amma nədənsə bu bəsit iddiaları irəli sürən “uzaqgörən” politoloq və jurnalistlər  vacib bir məqamı unudurlar – Türkiyə üzvü olduğu NATO-dan icazəsiz kənara bir addım belə ata bilməz. Bu cür mühüm amili nəzərə almamaq bir yana, hələ üstəlik geniş təxəyyüllərini işə salaraq, Türkiyə ilə Azərbaycan arasında vahid ordunun yaradılmasından danışanlar da tapılıb. Maraqlıdır, Avropa İttifaqının on illərdir ki, yarada bilmədiyi vahid ordu Azərbaycanla Türkiyə arasında necə formalaşacaq? Ümumiyyətlə, iki müstəqil dövlət arasında belə bir hərbi birləşmənin yaradılmasına nə lüzum var?! Tutaq ki, lap belə bir ordu yarandı, bəs onun idarəsi necə olacaq? Bu hərbi birləşmə hansı yolla idarə ediləcək? O, yalnız özünümüdafiə üçündürmü? Zənnimcə, belə fərziyyələrin əsirinə çevrilənlərin səsləndirdikləri yöndəmsiz fikirlərin tənqidinə vaxt sərf etməyin özü belə mənasızdır...

Diqqəti bu gün aktual olan başqa vacib məsələyə yönəltmək istəyirəm. Xəzərin statusu ilə bağlı mübahisəli məqamlara baxmayaraq, Bakı ilə Moskva arasında enerji resurslarının nəqli vasitələrinə aid daha mühüm, təxirəsalınmaz və həlli hər iki xalqın rifahına müsbət təsir göstərəcək xeyli vacib məsələlər var.

Yuxarıda sadaladığım qüsurlu “üçbucaq”ları ümumiyyətlə nəzərə almıram. Həmin məsələ heç müzakirə predmeti belə ola bilməz. Bu cür kombinasiyanın gələcəyi yoxdur və düşünmürəm ki, xəyal edilən o “üçbucaq” ölkələrinin hansınınsa rəhbəri belə bir məntiqsiz addım atsın. Zənnimcə, hazırkı regional və beynəlxalq vəziyyətdə belə xam xəyallar qurmaq sadəlövhlük olardı.

Bu gün kiçikdən böyüyə hər kəsə bəllidir ki, mövcud şəraitdə ən qüdrətli dövlət belə təkbaşına müharibə edib qələbə qazana bilməz. Ölkələr arasında hərbi-siyasi blokların yaradılmasının səbəbi də elə budur. Amma bunu bildikləri halda yenə də öz ambisiyalarından vaz keçmək istəməyənlər var. Nəticə isə göz qarşısındadır – böyük maliyyə tələb edən çoxsaylı heyətli ordular ölkələrinin iqtisadi qüdrətini getdikcə zəiflədir. Hətta dünyaya meydan oxuyan əzəmətli ABŞ, Rusiya, Çin və Avropa İttifaqına üzv olan digər nüfuzlu dövlətlər də bu baxımdan istisna deyillər.

Hazırda bütün dünyanı cənginə almış maliyyə böhranı bir daha sübut edir ki, mövcud problemləri müharibə yolu ilə deyil, yalnız iqtisadi məqsədəuyğunluq prizmasından baxmaqla aradan qaldırmaq olar. Şükürlər olsun ki, münaqişələrin silah gücü ilə həlli prinsipi getdikcə öz aktuallığını itirir.

Son illərdə demək olar ki, bir çox Şərq və müsəlman dövlətlərinin məhvinə gətirib çıxaran qanlı müharibələr göstərir ki, insan həyatını onun yaşadığı ölkə qısa müddət ərzində əlindən zorla ala və dağıntıya məruz qoya bilər. İraq və Liviyadakı amansız müharibələrdən sonra Suriyada da beynəlxalq məsələlərin hərbi güc vasitəsilə həll edilməsi cəhdi perspektiv vəd verməyən vəhşilərə məxsus üsuldur. Əslində baş verən bu rəzalət beynəlxalq münasibətlərdə siyasi mədəniyyətin və incə diplomatiyanın yoxluğundan xəbər verir.

Bu gün Avropanın özündə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı əmək qabiliyyətlilərin 27 %-ni təşkil edir. Yunanıstanda gənclərin 65 %-i daimi iş yerinin olmamasından əziyyət çəkir. Çətin ki, mövcud şəraitdə bu xalqlar demokratiyanın “dilənçi” payından uzun müddət yararlana bilsinlər. Gec-tez baş verənlər öz acı nəticəsini göstərəcək. Nə qədər acınacaqlı olsa da, deməliyəm ki, bunun sonu faciədir. Bəşər tarixi dəfələrlə ac insanların təhlükəli, amansız və qəddar yırtıcıya çevrilməsinin şahidi olub. Gəlin, heç olmasa, Qədim Romada acların üsyanını yada salaq. Bir qarın çörəyə görə onların hansı vəhşiliklərə əl atdıqlarını xatırlayaq. Onların “Bizə yemək və əyləncə verilsin!” şüarı ən çox işlənənlərdən idi.

Yüksək həyat tərzi sürməyə alışmış avropalılar üçün bugünkü kasıbçılıq fəlakətdir. Baş verəcəkləri təsəvvür etmək belə onlar üçün çətindir. Heç kimə sirr deyil ki, Avropa bu gün maliyyə iflası, sosial inqilab və regional müharibələr astanasındadır. Zamanı yetişəndə heç supermüasir texnika ilə silahlanmış NATO-nun qoşunları da hakimiyyətə qarşı çıxanların qarşısını ala bilməyəcək. Yığılmış külli miqdarda kapital da bu məsələdə acizdir.

Ən acınacaqlısı isə bir qarnı ac, bir qarnı tox zəhmətkeş kütlənin mövcud vəziyyəti düzəldə biləcək ehtiyat variantının – yeni siyasi ideyasının olmamasıdır. Bu aciz kütlənin qarşısına çıxıb onu arxasıyca apara biləcək lider yoxdur. Xalqları öz quluna çevirən KAPİTAL isə törətdiyi fitnə-fəsada son vermək, təslim olmaq niyyətində deyil. O, hələ ki, öz mövqeyini qoruyub saxlamaqda israrlıdır. 

Amma o da istisna deyil ki, bütün bunlar, sadəcə, ilk təəssüratdır. Əsl həqiqət isə bir qədər dərinlikdə gizlənib. Həmin həqiqət qulağıma pıçıldayır ki, indiyə kimi hələ bir dəfə də olsun, KAPİTAL kimsəni xalqın qəzəbindən qoruya bilməyib. Bu qəzəbin əzə bilməyəcəyi qüvvə, taxtdan endirə bilməyəcəyi şah, devirə bilməyəcəyi hökumət yoxdur. Bax həmin gün yetişəndə – Avropanın sosial, iqtisadi və siyasi məngənəsində sıxılmaqdan cana doymuş xalq ayağa qalxanda elə bir sosial partlayış baş verəcək ki, mövcud maliyyə böhranı daha da dərinləşəcək, iqtisadiyyat tənəzzülə daha da yaxınlaşacaq və həmin dövlətlər uçurumun kənarına yuvarlanacaqlar (Allah zavallıları bu bəladan hifz etsin!).

Kapitalizm iqtisadi-ictimai quruluşu artıq dərin çatlar verir. Bu sistem müsir dövrün tələblərinə cavab verə bilməsə də, onu əvəzləmək üçün yeni təklif də hələ ki, yoxdur. Saxta demokratiya, eynicinslilərin nikahı, seksual azlıqların hüquqları adı altında əxlaqsızlığın təbliği, hətta bəzən hərbi hissələrdə əmrlə yayılması az qala demokratların başlıca vəzifəsinə çevrilib. O, demokratlar ki, bəziləri uzun illər boyu öz qeyri-ənənəvi seksual orientasiyalarını geniş insan hüquqlarından bəhs edən müasir şüarların kölgəsində gizlədiblər.

Bəlkə də elə bu səbəblərdən sosializmdən üz döndərib kapitalizmin, bazar iqtisadiyyatının “ağuş”una üz tutanlara vaxtilə verilən vədlər öz məntiqi sonluğunu tapmadı. Avropa İttifaqının “Dostlar, qapını dəyişik salmayın!” mesajı onlar üçün çox gözlənilməz oldu.

Avroməkanda qısa vaxt ərzində başı tovlanıb yoldan çıxarılan Şərqi Avropa ölkələri bu günə kimi dəstəksiz, obrazlı desək, “ana nəvazişi”nə həsrət qalıb. “Demokratiyanın irəliləyişi” şüarı artıq əks təsir verir. Bu yol xalqlar və dövlətlər arasındakı əlaqələrin kəsilməsinə, bir çox dövlətlərdə mənəvi-əxlaqi dəyərlərin tənəzzülünə aparır. Azğınlıq, hərc-mərclik, əxlaqsızlığın baş alıb getdiyi ölkələrin sayı gündən-günə artmaqdadır.

Belə bir şəraitdə kapitalizm və sosializmin əvəzinə nə təklif oluna bilər? Bəlkə inkişafın bizə məlum olmayan üçüncü yolu var? Əgər belədirsə, o zaman niyə heç bir hərbi-siyasi bloka qoşulmayan dövlətlər dünyada cərəyan edən proseslərin tamhüquqlu subyektinə çevrilə bilmədilər?! Deməli, inkişafın yeni – dördüncü yolunun axtarılıb tapılması qaçılmazdır. Amma bu, sadəcə, arzu olaraq qalır. Çünki sözügedən dördüncü yolun hələ heç toxumu belə tapılmayıb. Onun nə olduğunu, necə göründüyünü, hansı keyfiyyətlərə malik olduğunu və meyvəsinin növünü belə bilmirik. Bu yol “əjdahanın quyruğu”ndan – KAPİTALDAN bərk-bərk yapışmış dünya kapitalizminin uzaqgörən “müdrik”lərinə də bəlli deyil. Sözügedən məsələdə Rusiya, Çin kimi hegemon dövlətlər də acizdirlər.

Bəzi analitiklər əsassız olaraq avropalıların XVIII-XIX əsr Fransa burjua inqilabına bənzər inqilab edə biləcəklərinə ümid bəsləyirlər. Axı bir halda ki, bu gün Fransanın özü maliyyə böhranının məngənəsində çabalayır, o zaman həmin inqilabın Avropa üçün nə faydası ola bilər? “Keçəl dərman bilsə, öz başına çəkər” deyiblər.

Bataqlıqdan necə çıxmağın yolunu kimsə bilmir. Hamı başını aşağı salıb zülmətə gedən yolla elə hey addımlayır. Elm aləminə məlum nəzəri üsulların hamısı mövcud situasiya qarşısında acizdir. Özünü demokratiyanın beşiyi hesab edən, “mənəm-mənəm” deyən Avropa dərin iqtisadi, sosial və maliyyə quyusundan çıxmağa cəhd etdikcə daha da onun dibinə yuvarlanır...

Deyilənləri nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, bu gün Türkiyə, Rusiya və İranın (əlbəttə ki, Azərbaycan, Gürcüstan və bəlkə də Ermənistanın da qoşulmasını nəzərə almaqla) öz güclərini birləşdirməsi bu dövlətləri daxili və xarici siyasi problemlərin yeni həll səviyyəsinə gətirib çıxaracaq. Bu isə ən azından siyasi gərginliyi azaldacaq və Qafqaz meqaregionu və onun ətrafında uzunmüddətli sabitliyin təməlini qoyacaq. Sözügedən proses həmin alyans ölkələrinin xalqlarını sevindirməyə bilməz.

Zənnimcə, Rusiya, Türkiyə və İran üçün böyük maraq kəsb edən Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi sabitlik mövcud olacağı təqdirdə Qarabağ problemi də tədricən sülh yolu ilə həll ediləcək. Qoy “patriot”lar mənim bu fikrimi dərhal top atəşinə tutmasınlar. Çünki mən heç bir zaman dövlətimizin qüdrətini, eləcə də iqtisadiyyatımızı zəiflədəcək nəticəsiz qanlı müharibənin tərəfdarı olmamışam. Əminəm ki, sülh sazişinin imzalanması tezliklə Yerevan üçün alternativsiz variant olacaq. Həmin gün gəlib yetişəndə Ermənistanın müqavilənin şərtlərini qəbul etməkdən başqa çarəsi qalmayacaq. Yuxarıda apardığım təhlil kimsənin köməyi olmadan Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, Qarabağ problemini gündəmdən çıxaracaq.

Alyansdan söz düşmüşkən, başqa bir vacib məqama diqqət yetirək: ABŞ və İsrail sadiq və itaətkar müttəfiqlər olmadan İrana qarşı heç bir hərbi əməliyyat həyata keçirə bilməzlər. Onlar özləri də artıq bu reallıqla barışıblar. Belə görünür ki, İrana qarşı hərbi əməliyyatların taleyi Türkiyə və Azərbaycandan, bir o qədər də Rusiyadan asılıdır. Bir məqamı unutmayaq ki, müharibəni başlamaq onu bitirməkdən çox-çox asandır. Belə biabırçı savaşın elan edilməsi, nə qədər qəribə səslənsə də, regiondakı dövlətləri vahid ideya ətrafında birləşdirə bilər. ABŞ ordusunun indiki vəziyyətdə Əfqanıstandan çıxarılması əfqanlara da müsbət heç nə qazandırmayacaq. Xarici qəsbkarların əkdikləri çoxillik müharibə toxumları asanlıqla əfqan torpağını tərk etməyəcək. Çox güman ki, ölkədə vətəndaş müharibəsi başlayacaq, qardaş qanı axıdılacaq. Amma bu ayrı söhbətin mövzusudur. Başkəsənlərin, müstəmləkəçilərin “irsi” həmişə belə olub.

İlk təklifi kimin irəli sürəcəyindən asılı olmayaraq, Rusiya, Türkiyə və İranın bir araya gəlib öz güclərini birləşdirməsi artıq zamanın tələbinə, günümüzün reallığına çevrilib. Bu birlik bir çox düyünləri aça, qaranlıq mətləblərə aydınlıq gətirə bilər. Belə olacağı halda təbii ki, həmin üç dövlətdən heç biri heç nə itirməyəcək. Hətta İrana qarşı virtual, iqtisadi müharibə aparanlar da qazanacaq. Onlar nüfuzlarının sarsılmasının qarşısını alacaq, minlərlə hərbçisinin həyatını qoruyacaq və ən əsası maliyyə vəziyyətini düzəldəcək. Axı bir dövlət üçün bundan böyük qazanc nə ola bilər?!

Rusiya ilə Türkiyə yaxınlaşmasını regionda son 20 ilin ən mühüm siyasi hadisəsi kimi qiymətləndirmək olar. Bu iki dövlət arasındakı əməkdaşlıq və qarşılıqlı etimad nəinki onların daxilində, hətta Avropanın özündə də siyasi-iqtisadi axtarışları müsbət məcraya yönəldəcək və ABŞ-ın regiondakı rolunun pozitiv istiqamətdə dəyişməsinə səbəb olacaq. Çətin ki, uzaqgörən siyasətçi və ekspertlər arasında bu fikirlə razılaşmayan tapılsın.

Son beş ildə Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə soyuqluq hiss olunmaqdadır. Rəsmi Ankaranın Liviyadakı müharibəyə tənqidi münasibəti, ABŞ-ın qondarma erməni soyqırımı məsələsilə manipulyasiya etməsi və Yerevanla danışıqlara getməsi üçün Türkiyəyə təzyiq göstərməsi zəminində yaranan narazılıqlar bunun sübutudur. Amma münasibətlərdəki gərginlik özünü bundan artıq biruzə vermir. Əvəzində Rusiya ilə ABŞ arasında soyuq müharibə başlayır. ABŞ-ın liderlik uğrunda mübarizəsi və Rusiyanın buna kəskinliklə etiraz etməsi bu iki dövlətin səmərəli əməkdaşlığını və səmimi dostluğunu mümkünsüz edir. Ekspertlərin fikrincə, ən azından Barak Obamanın prezidentlik müddəti başa çatmayanadək Rusiya ilə ABŞ arasında heç bir isti münasibətlərdən söhbət gedə bilməz.

Bu iki hegemon dövlət arasında liderlik uğrunda gedən “marafon yarışı”nı nəzərə alsaq, dünyanın geosiyasi vəziyyətinin dəyişmək ehtimalının yüksək olduğunu deyə bilərik. NATO siyasi-hərbi alyansı bu gedişlə hərbi, siyasi və hələ qismən də olsa, iqtisadi baxımdan gücü olan Türkiyə kimi üzvünü itirə bilər ki, bu da sonda uzunömürlü alyansın süqutu ilə nəticələnər. Lakin Rusiya, Türkiyə və İranın regional ittifaq ideyası ətrafında birləşmək niyyəti NATO və Avropa İttifaqı dövlətlərini onlara qarşı münasibəti dəyişməyə və təhdidə bənzər siyasi-hərbi atmacalarını yumşaltmağa məcbur edə bilər.

Bütün bunlardan əlavə, Osmanlı İmperiyasının varisi olan Türkiyə ilə Azərbaycan Səfəvilər dövlətinin davamçılarından biri kimi İran tarix boyu dəfələrlə yaxınlaşmağa cəhd ediblər. Lakin Böyük Britaniya və Fransa kimi “səmimi” dostlar hər dəfə onlara mane olublar.

Türkiyə – Rusiya – İran. Belə bir ittifaq bu üç dövlətin nəinki Yaxın Şərqdə, Avroməkanda, İran körfəzi ərazisində, hətta bütün Xəzəryanı, bir az da irəliyə getsək, Xəzər dənizi – Qara dəniz – Aralıq dənizi regionunda təsirini artıra bilər. Bu güclü alyans istənilən təhlükənin qarşısını almağa, dünya tarixində yeni səhifə açmağa qadirdir. İttifaqa Şanxay Əməkdaşlıq Təşkilatının siyasi dəstəyini də əlavə etsək, gözümüzün önündə daha aydın mənzərə canlanar.

Məsələ burasındadır ki, Çin, Rusiya, Hindistan və Mərkəzi Asiya dövlətlərinin ortaq maraqları regionda sülhün və sabitliyin bərqərar olmasını tələb edir. Cənub-Şərqi Asiya, Yaxın Şərq və Cənubi Qafqazdakı mövcud iqtisadi və maliyyə imkanları isə yuxarıda sadaladığımız dövlətlərin əsas maraq nöqtəsi olan iqtisadi münasibətlərin müsbət məcraya yönəldilməsinə imkan verir.

Zənnimcə, maliyyə virusuna düçar olmuş Avropanın müayinəsi və müalicəsi adlarını sadaladığımız dövlət və xalqların regionda sülh və sabitliyin bərpası naminə birləşmək bacarıqlarından asılıdır. Mənim şərti olaraq “Üçlük” adlandırdığım bu üç dövlətin hərbi-siyasi və iqtisadi yaxınlığı (birliyi) artıq yüz illərdir ki, Qərbi Avropanı qorxutmaqda davam edir.

Bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kars vilayətindəki izdihamlı mitinqdə çıxışı zamanı “Onlar artıq öz simalarını itiriblər” deyərək, açıq-aydın BMT və Avropa İttifaqını tənqid hədəfinə aldı. “Qərbə güclü Türkiyə lazım deyil” fikrini R. T. Ərdoğan yenə də israrla təkrar etdi. Bu məzmunlu fikirləri Rusiya və İran liderləri də dəfələrlə yüksək tribunalardan deyiblər və deyirlər. Qərbin hədəfində olan üç güclü dövlətin cəhdlərinin birləşməsi üçün daha nələr lazımdır?! Bu artıq vaxtı çatmış addım ola bilər. Yaşamaq üçün birləşmək!

Avropa İttifaqı daxilində hüquq bərabərliyinə ümid bəsləmək yersizdir. Bu hibridli avroamerikan ağacının daha nə əvvəlki kölgəsi qalıb, nə də yaşıl yarpaqları. Ona bəslənilən ümidlər gündən-günə azalır. Əvəzində bizim yaşadığımız meqaregionda yeni güclü sülh və sabitlik alyansının yaranması üçün münbit və əlverişli şərait artıq formalaşıbdır. Bu, tarixi bir şansdır.

P.S. Belə bir variantın mümkünlüyü ideyasını ilk dəfə 2003-cü ildə irəli sürmüşdüm. 2008-ci ildə isə mövzu ilə bağlı geniş məqalə dərc edərək, adıçəkilən “üçbucağ”ın məqsədəuyğunluğunu və vacibliyini faktlarla əsaslandırmağa çalışmışdım. İllər sonra bu ideyamın siyasətçi və ekspertlərin fikirlərində öz əksini tapdığını eşidəndə çox sevindim. Həmin məlumatları müxtəlif informasiya saytlarından siz də əldə edə bilərsiniz.

 





26.08.2013    çap et  çap et