525.Az

Ağdamın əşrəfi


 

Ağdamın əşrəfi<b style="color:red"></b>

Gənc yaşlarımdan tez-tez ağsaqqalların dilindən eşidirəm: “Allah adamın əvvəlin gətirincə, axırıni gətirsin”. Əvvəllər bu fikrə izah verə bilmirdim. Axı nə etməliyik ki, axırımız  xeyrə calansın.  İllər geçdi. Mən başa düşdüm ki, axırımızın yaxşı gəlməsi hər kəsin öz əlindəymiş. İnsan hərəkətiylə, xeyirxahlığı ilə ömrünü sanki uzadır və keçirdiyi günləri, illəri mənalı edə bilir...

Haqqında danışacağım insan, 45 il əvvəl dünyasını dəyişsədə,  bu gündə xatirələrdə yaşayır. Demək, hər birimiz, istər məmur olsun, istərsə də sadə birisi, daim uca tanrını başının üstündə görməli, yaxşılıq etməyi unutmamalıdır...

lll

Çox təmizkar və həmişə səliqəli geyindiyindən ilk baxışda əsilzadə bəy oğluna oxşadarmışlar. Atasının arzusu oğlunu bacarıqlı dərzi  görmək imiş.  Odur ki, xeyli vaxtda dərzi yanına gedərək sənətin incəliklərini öyrənibmiş. Ancaq dərzi olmaq qismət olmasada, o, Ağdamın sayılan-seçilən  kişilərindən oldu...

Bir gün Küçərli dördyolunda araba gözlədiyi vaxt, yoldan keçən fayton sahibi onu görüb arabanı saxlayır. Görüşüb, faytona dəvət edir. Yolda bir xeyli söhbət etdikdən sonra, fayton  sahibinin   Sultanbud yaxınlığında olan ağalığa-Mir Cabbarağagilə getdiyi məlum olur.

Sultanbud təpəsi ətrafında salınmış İmamqulubəyli kəndi Xurşud Banu Natəvanın oğlu Mir Cabbarağanın mülkiyyətində olduğundan bu kəndə ağalıq deyərmişlər. Təpənin altında isə Mir Cabbarağanın ikimərtəbəli mülkü var imiş...

Bəy cavan oğlandan hansı bəyin oğlu olmasını soruşanda, “mən bəy oğlu deyiləm, atam  rəncbərdir (azad kəndli)” deməsi, bəyi narahat edir. Üzə vurmasada on kilometrlik yolda xeyli söhbətləşirlər. Xaçın çaya çatar çatmaz  bəy faytonu saxlatdırır və müsafirinə –“burdan belə özün get, bala, səni mənimlə görsələr irad tutarlar, deyərlər rəncbər oğlunu faytona mindirmisən... Danışığınsa xoşuma gəldi...İncimə...”   Müsafir isə öz növbəsində   təşəkkürünü bildirib ayrılır. Ürəyində sevinir ki, fayton sahibinin hesabına yolu xeyli qısalmışdı...

İş elə gətirir ki, cavan oğlan inqilabi proseslərə qoşulur. İnqilabçı Mirbəşir Qasımovla tanış olur. Tərtərdə olan  “Ağ dəyirman” da fəaliyyət göstərən inqilabi dərnəyə yazılır.  Sonralar isə artıq özünü bacarıqlı kadr kimi göstərdiyindən, onu  Kəhrizli İcraiyyə Komitəsinin sədri seçirlər...

lll

XX əsrin iyirminci illəri ölkəmiz üçün gərgin günlərlə yadda qalır. Onillyin sonlarından başlayaraq Azərbaycanda mülkədarların, xüsusəndə bəylərin bir sinif kimi ləğvi məsələsi qalxır. Və bəylərin hamısının əmlakları əlindən alınaraq Sibirə, ya da Orta Asiyaya sürgün edilir. Aralarında xəbəri eşidib, ailəsi ilə birgə qonşu İrana və Türkiyəyə qaçanlar az deyildi. Vəziyyətin düzələcəyinə inanıb, ancaq  öz başını götürüb gedənlərə də təsadüf edilirdi...

Beləliklə, o vaxtlar  Kəhrizli rayonuna aid Əfətli kəndinə gedən cavan oğlan bir-bir bəy evlərinə gedərək onlara vəziyyəti anladır.  Və bu zaman bir neçə il əvvəl görüşdüyü bəylə qarşılaşır. Bir-birilərini tanıyırlar. Cavan oğlan bəyin xeyli əvvəl etdiyi yaxşılığın  əvəzini çıxmaq üçün  əlinə  düşən  fürsətdən istifadə edəcəyinə qərar verir. Bu məqsədlə də, ona bəzi tövsiyələr verməyi özünə borc bilir...

Bəy ailələri üç gün ərzində Əfətlini tərk etməli idilər. Qərar belə verilmişdi. Pozmaq olmazdı...

Şahidlərin iştirakı olmadan, ikilikdə olan söhbət zamanı edilən tövsiyənin əsas qayəsi bəyə öz sərvətinin daşımasına imkan verilməsi idi. Belə ki, bəy sərvətini köhnə mütəkkəyə yığıb kəl arabasında gizlətməklə vəziyyətdən çıxmalı idi. Əvvəlcə sərvəti barəsində heç nəyi etiraf etməsədə, amma vəziyyəti qiymətləndirib, cavan oğlanın  tövsiyəsinə baxmalı olur...

Beləcə, bəy ailəsi ilə birlikdə Orta Asiyaya üz tutur...

Məhz həmin qızılın hesabına xeyli müddət ailə dolana bilir və ataları bir oğul və qızını  oxudaraq, əllərini çörəyə çatdırır. Cavan oğlanın verdiyi tövsiyəyə  uyğun övladlarının biri həkim, o biri isə mühəndis olur...

İllər keçir. Bəyin qızının həyat yoldaşı nazir vəzifəsinədək yüksəlir...

lll

“Mərdanov qardaşları”nın  Azərbaycanın mədəniyyət tarixində xüsusi rolu və yeri var.   Mustafa  və Səməd Mərdanovların Azərbaycanın tanınmış  mədəniyyət  xadimləri olduğunu bilirdim. Ancaq onların üçüncü qardaşlarının olması haqqında məlumatım yox idi. Öyrəndim ki, üçüncü qardaş olan Mərdan Mərdanov yerli sənaye naziri kimi yüksək vəzifə sahibi olmuşdu.  Yoldaşı Bəşarət xanım isə bəy qızı idi...  

lll

Günlərin birində nazir evdə illik hesabatlara baxarkən xanımı “indi  hansı rayonun hesabatına baxırsan” sualına –Ağdam adını eşidir. Bir anlıq diksinən xanım – bəs hesabatı kim hazırlayıb”-sualını verir. Hesabatın  Əşrəf Əliyev tərəfindən yazıldığını  eşidən xanım susur və xəyalları onu bir anlıq, 30 il əvvələ, Əfətli kəndinə aparır. Kino lenti kimi ailəsinin keçirdiyi çətin günlər, daim “kulak” uşaqları sözlərinin eşitməsi yadına düşür. Məktəbdə oxuduğu vaxt isə rus qızlarından birinin onu kobud şəkildə təhqir etməsini isə heç vaxt yaddaşından silə bilmir...

Kövrək səslə xanımı Əşrəf kişinin onlara dəvət etməsini ərindən xahiş edir. Sonradan isə  indiyədək danışmadığı xatirələrini həyat yoldaşı ilə bölüşür. Və  ailəsinin yaşamalarının əsas səbəbkarı kimi məhz Əşrəf kişinin olduğunu  deyir...

lll

Bəzən elə olur ki, yaxşılıq etdiyin kəslər adama asi düşür. Sanki ətrafda  elə fikir  yaranır ki, yaxşılığı sən yox, sənə ediblər. Ancaq bu dəfə belə olmur...

Həm də, saf niyyətlə edilən yaxşılıqlar yaddaşdan silinmir  axı...

Haqqında danışdığım insanlar indi həyatda yoxdur. Lakin onların etdiyi və gördüyü yaxşı işlər barəsində bu gündə ürəkaçıqlığı ilə danışırlar.

Görünür, bizlər məhz bəzən bu məqamı  unuduruq...

lll

Ağdamı digər rayonlardan seçdirən məqamlardan biri şəhərin küçələrinin xeyli hissəsinə məhz yerli ziyalıların adının verilməsi idi. İşğaldan əvvəl şəhərin küçələrindən biri Əşrəf Əliyevin adını daşıyırdı. “Raypo” tərəfdə və Rəcəb Gözəlov küçəsinə paralel olan küçənin sakinləri Əşrəf Əliyevin  kimliyi barəsində xeyli məlumatlı idilər. Uzun müddət Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xeyirxahlığı, səmimiyyəti  və düzlüyü ilə seçilərdi Əşrəf kişi. Ə.Əliyev əslən Quzanlı kəndindən idi. Atası Həmid kişi azad kəndli idi. Ailənin  ilki olan oğlu 1891-ci ilin mayında anadan olmuşdu. Təhsilini dörd il ərzində Qaraməryəmdə dayısı Mir Səməddən almış, ərəb və fars dilini mükəmməl şəklidə öyrənmişdi. Mir Səməd Qədirov Qaraməryəm kəndində tanınmış seyid nəslindən olub, Tehranda ali dini təhsil almış və ömrünün on yeddi ilini   Tehranda təhsil almağa sərf etmişdi...

1968-ci ildə dünyasını dəyişən Əşrəf kişinin həyatda ən böyük arzusu anası seyid Bəyim xanımın  ona verdiyi adın mənasını doğrultmaq idi...

Qeyd edək ki,  “əşrəf” ərəb sözü olub ən şərafətli, əziz və çox hörmətli mənasını verir...

lll

Bu gündə ənənəni pozmayan ağdamlılar hörmətli həmyerlilərinin adını yaşadırlar. Ötən il Quzanlı qəsəbəsindəki küçələrdən birinə Ağdam RİH-in sərəncamı ilə Əşrəf Əliyevin adını veriblər...

Xeyirxahlığı unutmayanların işləri avand olur həmişə...

 





26.08.2013    çap et  çap et