Ədəbiyyat, onun şifahi və yazılı nümunələri, kiçik istisnalar nəzərə alınmasa, daim xalqın ənəvi zənginliyinə və əxlaqi təmizliyinə xidmət etmiş, adamların gözəllik axtarışında olan könlünü oxşamışdır. Ona görə də ədəbi əsərlər zamanın təsirinə məruz qalsa da, söz əsasən öz bəkarətini, saflığını qoruyub saxlayır, ötüb keçən vaxta tabe olmur, məhv olmur, nəsildən-nəslə keçir, öz əbədi təyinatını yerinə yetirməkdə davam edir. Məhz buna görədir ki, onların yaradıcıları daim xüsusi ehtiram sahibliyinə yiyələnirlər. İnsan şüruna və qəlbinə təsir edən sözlərin nəinki müəllifləri, hətta sadəcə onu dinləyicilərə çatdıranlar belə, xalqın məhəbbəti ilə əhatə olunurdular. Sözün qeyri-adi qüdrəti, ən kəsərli silah olması, ən güclü orduları da məğlubiyyətə uğratmaq bacarığı ilə yanaşı ona xüsusi münasibət bəslənməsinin bu da bir sübutudur. Vaxtilə xalq şənliklərində azərbaycanlı aşıqlara, qırğız manasçılarına səhərədək yorulmadan qulaq asırdılar, onlara yaradıcı sənət adamları kimi diqqət göstərilir, hər cür maddi yardım edilirdi. Əfsanəvi qədim yunan şairi Homer də aed-müğənni olmuşdu, bu dahi bəşəriyyətə “İliada” və “Odisseya” kimi ədəbi incilər bəxş etmişdi. Yazılı ədəbiyyatın nümayəndələri isə xalqın, millətin qeyri-adi ruhi qüdrətə mailk olan şəxsiyyətlərinə çevrilirdilər. Onların ətrafında bir qayda olaraq əlçatmazlıq haləsi meydana gəlirdi. Ona görə də bəzi yazıçılar, daha çox şifahi ədəbiyyat ruhunda tərbiyə almış xalqlarda isə şairlər az qala bütlərə çevrilirdi, onlara xüsusi qaydada olan pərəstiş forması yaranırdı. Dahi yazıçılar xalqın iftixar mənbəyinə, nadir milli sərvət kimi onun simvollarına çevrilirdilər.
Öz sözünün qüdrətinə və onun dünyada necə yayılmasının şahidi olduğuna güvənən bəzi yazıçılar, məsələn Lev Nikolayeviç Tolstoy özünü yeni allah hesab etməklə, xristian kilsəsinə qarşı qiyam qaldırırdı.
Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes sözdə yeni ifadə üslubuna görə dünyanın hər tərəfindəki oxucuları üçün az qala şaman təsirinə yiyələnmişdi. Bir vaxtlar Erix Mariya Remarkın, Ernest Heminqueyin əsərlərinin meydana çıxması diqqətlə izlənən kimi, Çingiz Aytmatovun da əsərləri çapdan çıxan kimi böyük bir ölkədə mühüm ədəbi hadisəyə çevrilirdi. Oxucular arasında onları oxumaq həvəsi meşə yanğınının şiddətini andırırdı, yeni yazıları dərc edən “Novıy Mir” jurnalı isə ən sevilən məcmuəyə çevrilmişdi. Şairlərin, yazıçıların kilsə və ya dövlət hakimiyyəti tərəfindən lənətləndirilməsi, autodafesi əslində əks effekt verirdi, çünki belə münasibətin özü də onların şöhrətinin daha da böyüməsinə şərait yaradırdı. Çünki xalq qələm sahiblərini birinci növbədə özünün ali hisslərinin, düşüncələrinin ifadəçisi hesab edirdi. Məgər çar I Nikolayın A.S.Puşkini təqib etməsi, Fransa imperatoru III Napoleonun Viktor Hüqonu İngiltərəyə məxsus Gernsi və Cersi adalarına sürgünə yollanmağa məcbur etməsi, yaxud Cəlil Məmmədquluzadənin hətta öz yerliləri tərəfindən ostrakizmə məruz qoyulması, bu dahilərin populyarlığının daha da yüksəlməsinə, onların yaradıcılığında yeni, daha mühüm mərhələnin yaranmasına səbəb olmurdumu? Həqiqi qələm sahibləri, ədəbi yükü çəkənlər, əlbəttə, bura arabaya yandan qoşulmuş çox saydakı atları aid etmək olmaz, öz aləmlərində əslində qu quşu timsallıdırlar, bu gözəllik simvollarına qıymaq, onlara güllə atmaq cinayətdən də betər bir əməldir. Söz sahibi də fiziki mənada bir insan kimi başqalarından fərqlənmədiyindən, onları cəzalandırmaq, ehtiyaca, məhrumiyyətlərə məruz qoymaq olar, insanlıq baxımından bu da qəddarlıq hesab olunmalıdır, ancaq onun yaratdıqları həqiqi bədii dəyərdən, böyük təsir gücündən xəbər verirsə, onrları məhv etmək mümkün deyildir. İmadəddin Nəsimini 1417-ci ildə edam etdilərsə, fransız şairi Fransua Vionu (XV əsr) öldürdülərsə, rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskini ölüm cəzasına məhkum edib, sonra onu katorqa cəzası ilə əvəz etdilərsə, ispan şairi Fredirik Qarsia Lorkanı 1936-cı ildə faşistlər güllələdilərsə, ancaq onların ideyalarının boynunu vura bilmədilər, əsərlərini məhv etmək isə müşkül bir işə çevrildi. Ədibin yazısı, əlyazması bir qayda olaraq yanmır, hətta onu yandırmaq mümkün olduqda belə, külü, təsiri əsrlər boyu qalmaqda, yaşamaqda davam edir. İndi bəzilərinin anafema qaydasında xatırladıqları sovet hakimiyyəti dövründə yazıçılar xüsusi qayğı ilə əhatə olunurdular, təkcə şairlərə hər sətrə görə yüksək qonorar verilməsi ilə yanaşı həmçinin yaradıcı ziyalıların fəxri adlara, imtiyazlara sahib olmaları deyil, onların hətta ayrıca “kübar” silkinə mənsubluğu addımbaşı vurğulanırdı. Quruluş qarşısında daha böyük xidmət göstərənlər ali qanunvericilik orqanlarında təmsil olunmaq, yaxud da akademik təyin olunmaq qaydasında mükafatlanırdılar. Belə generallar akademik zərli paqonunu daşımaqdan savayı, elmə heç nə vermirdilər. SSRİ-də yeni konstitusiyaya görə (bu, “Stalin konstitusiyası” adlanırdı) ölkə vətəndaşları qanunvericilik hakimiyyətinə seçib, seçilmək hüququ qazandılar. Görkəmli xidmət sahibləri hesab edilən yazıçılar elə ilk gündən özlərinin fiziki ölümlərinə qədər mərkəzi və ya respublika Ali Sovetlərinin deputatı seçilmək şərəfinə yiyələndilər. Bir sözlə, yaradıcı ziyalılar süfrə üzərindəki piroqun xeyli hissəsini yeyib həzm etməklə öyünə bilərdilər. Onlara xüsusi diqqət verilirdi, hətta bəziləri təəccüblü qaydada əzizlənirdi.
Lakin belə imtiyazların bölgüsü çoxlarını razı salmadığından yazıçılar arasında dedi-qodu, giley-güzar, paxıllıq, bir-birinə qarşı ittihamlar irəli sürmək heç də nadir hal hesab olunmurdu. Ancaq bunların hamısı gildiya, sex daxilində baş verirdi, ümumi ictimai müzakirəyə çıxarılmırdı, sirr dumanına bürünürdü. Ona görə də ədəbiyyat aləminin qüsurları, hətta çuğulçuluqdan xəbər verən eybəcərlikləri örtülü qalırdı, Pandora yeşiyinin qapağını açmağa heç kəsə icazə verilmirdi. Yazıçılar iclas vaxtı bir-birlərinə əl qaldırsalar da, bu, hətta faciə ilə yekunlaşsa da, belə biabırçı hadisə dövlət sirrinə çevrilib, əhalidən gizlədilirdi. Yazıçılar İttifaqı kənar gözlərdən qorunurdu, onun sərhədini heç quş da uçub keçə bilmirdi. Yazıçıların irili-xırdalı bütün münaqişələri dövlət orqanlarında (əslində partiyanın mərkəzi aparatında) müzakirə edilib, qərar qəbul edilirdi. Heç kəsin həmin qərardan şikayət hüququ olmadığından hökm qüvvəyə mindikdən sonra dəyişikliyə məruz qalmırdı. Bu gün hamının şəninə təriflər söylədiyi demokratiyanın mühüm qaydalarından biri dünənə qədər müqəddəs hesab edilən bütlərin dağıdılması, uçurulmasıdır. Buna elə bir böyük qüvvə də tətbiq etməyə ehtiyac yoxdur. Ədəbiyyat səmasında yeni pərvazlanmağa başlayanlar bu şəraitdən istifadə edib, köhnə “peyğəmbərlərə” qarşı qiyam qaldırırlar, üstündə onların qərar tutduqları pyedestalı uçurmaq üçün həmin şəxslərin tərcümeyi-hallarına, yaradıcılıqlarına yenidən, özü də mikroskop altında nəzər yetirirlər, həm də ən nizamlı yerdə belə “broun hərəkəti” tapmağa girişirlər. İstənilən böyük şəxsiyyətlərdə olduğu kimi, görkəmli qələm sahiblərinin də həyatında, yaradıcılığında bol tərif üçün əsaslar tapıldığı tək, kəskin tənqid üçün də səbəblər, qara ləkələr aşkar etmək o qədər də çətin olmur. Dövrün, mühitin, quruluşun tərənnümçüləri və onların vəsf obyektləri əsl lənət hədəflərinə çevrilirlər. Bir ədəbiyyat adamı kimi onların böyük nüfuza sahib olmalarının özü kölgə altına salınır, vaxtilə inci hesab edilən əsərlər mahiyyətləri ucbatından qamçılanmağa məruz qalır. Qədim yəhudilərdə Allah qanununa, Tövratın prinsiplərinə əməl etməyənlər öküzdən, eşşəkdən pis hesab edildiklərindən, onlar dəri qamçı ilə vurulmaqla cəzalandırılırdılar.
Bu cəza ancaq günahı olanlara tətbiq edilirdi. Gənc ədəbi qüvvələr də Molla Nəsrəddinin öz adını daşıyan jurnalın üz qabığındakı obrazının ənənələrinə müvafiq olaraq keçmişin nümayəndələrinə qarşı falaqqa sitemini bərpa etmək istəyirlər. Yeni meydana çıxan tənqidçilər – qiyamçılar heç bir cəhətə güzəştə getmədən keçmiş bütlərlə belə sərt qaydada davranırlar, onlar çox vaxt həqiqətə söykənsələr də, özlərinin belə münasibəti ilə ədəbiyyat tariximizin güclü bir seqmentinin üzərindən yoğun xətt çəkmək istəyirlər. Bu əsərlərin nöqsanlarına, qüsurlarına baxmayaraq, onların tamamilə məhv olmasını israr etməklə, bir növ amansızlıq nümayiş etdirirlər. Bu mümkün olmasa, onları oxucu kütləsinin gözündən salmaq üçün süni həyat verməklə, guya ölümünün qarşısı alınan ümidsiz xəstələr kimi koma vəziyyətində saxlamaq istəyirlər. Fəlsəfənin dialektik qanunlarına görə, hər bir yenilik köhnəni inkar etməklə, fərqli əsasda yüksəlir, buğda bitkisinin gövdəsi toxumu, sünbül isə gövdəni inkar edir. Hətta oğul da atanı inkar etməklə, yeni keyfiyyətdə böyüyür, tam başqa adama çevrilir. Ona görə də gənc ədəbi nəslin bir hissəsinin keçmişə tənqidi münasibətinə qeyri-adi bir hal kimi baxmaq da düzgün deyildir. Onlardan əvvəlki iki-üç nəsil tam başqa mühitdə formalaşmış, tərbiyə olunmuşdu, güclü ideoloji və həm də şiddətli psixoloji təsirə (oxu: qorxuya) məruz qalmışdı. Digər tərəfdən həmin nəsillər dünyadan bir qədər təcrid olunmuş şəkildə yaşamışdı, əslində öz şirəsində bişmişdi. Müasir nəsil isə qloballaşma, dünyanın böyük bir kəndə çevrilməsi, internetin hörümçək torunun Zevs qüdrətinə yiyələnməsi hesabına hər bir hadisəyə kor bucaq altında, geniş pəncərədən baxmaq imkanına malikdir. Onun müqayisə etmək, təsnifləşdirmək, dəyərlər şkalasına yenidən baxmaq xüsusiyyəti meydana gəlmişdir. Keçən əsrin 50-ci–60-cı illərindəki milli ziyalılarımızın bir çoxu dünya ədəbiyyatı nümunələri ilə yaxından tanış olmadığından, ümumi hay-küy altında miyanə bir şairi asanlıqla dahi adlandırırdı və onu dünyadakı nadir istedad sahibi kimi qiymətləndirirdi. İndi həmin şairin əsərlərini nimdaş paltar kimi lap ucuz qiymətə də, hətta alverçi qaydasında gənclərə “sırımaq” mümkün olmur.
Ona görə də gənc qələm sahiblərinin tənqidi qeydlərinin hamısına iftira, böhtan kimi baxmaq, onlara göz yummaq və ya məhəl qoymamaq mahiyyət etibarilə yeni dalğanı qəbul etməmək mövqeyindən qidalanır. Axı onlar köhnələrin malik olduğu heç bir qayğı ilə əhatə olunmamışlar, ayrılan kiçik məbləğdəki maddi yardım da heç də narazı olanlara çatmır. Onları belə bir vəziyyət hiddətləndirir ki, özləri üçün nəzərdə tutduqları ov yerlərini hələ də məhsuldarlıq barədə artıq taqətdən düşmüş qoca şirlər zəbt etməkdə davam edirlər. Deməli, narazılıq üçün başqalarının hiss etmədikləri əsaslar da vardır. Lakin ümumən gəncliyə məxsus olan bir xüsusiyyət – həssaslıq, hər bir ictimai hadisəyə kimyəvi reagent qaydasında birbaşa münasibət bildirmək heç də onların xeyrinə işləmir. Təəssüf ki, çox hallarda onların bəziləri ölçü hissini gözləmir, ifrata varır, rəngləri daha da tündləşdirməyə can atır. Bunun məntiqi nəticəsi kimi onlar keçmişi, özlərindən əvvəlki nəsli saf-çürük etmədən inkara məruz qoymaq mövqeyindən çıxış edirlər.
Qatı tənqidçilər üçün birinci hədəf, əlbəttə ki, Yazıçılar Birliyidir. Bu təşkilatı onlar sovet quruluşunun mirası hesab etməklə özlərini qızışdırmaq üçün əlverişli səbəb, bəhanə əldə edirlər. Bu mülahizəni inkar etmək də düzgün olmazdı, lakin yazıçıları birləşdirən belə qurumun tarixdə daha qədim prototipi vardır. Höte özünün “Qərb-Şərq divanı” əsərində Qəznəvi dövlətinin qüdrətli hökmdarı Mahmud Qəznəvinin dövründə (XI əsrin üç başlanğıc onilliyi) onun sarayında Ünsürinin başçılığı altında şairlərlə iş aparan institutun mövcud olduğunu qeyd edir. Ünsüri şahın adından şairlərə hansısa bir əsəri yazmaq barədə haqqı ödənilmək şərti ilə sifarişlər verirdi.
Firdovsiyə də “Şahnamə”ni yazmaq barədə belə sifarişi məhz o vermişdi. Sovet İttifaqında isə mərkəzi və yerli Yazıçılar İttifaqları, digər yaradıcılıq ittifaqları kimi himayəsində olan ədəbiyyat aləminin işlərini idarə edən dövlət orqanı kimi fəaliyyət göstərirdi. Baxmayaraq ki, formal olaraq o ictimai təşkilat hesab olunurdu. Yazıçıların əsərlərinin nəşri, bundan asılı olaraq maddi vəziyyətləri, təltiflərlə, fəxri adlarla mükafatlandırılması çox hallarda Yazıçılar İttifaqının öz üzvünə göstərdiyi münasibətdən asılı olurdu. Təltiflər, fəxri adlar isə böyük tirajla nəşrlərə yol açırdı. İndiki Yazıçılar Birliyini öz çox imkanlı sələfi ilə müqayisə etmək də ədalətsizlikdir. Yazıçılar Birliyi öz valideyninin səlahiyyətlərinin çox hissəsini itirmişdir. Ona görə də varlı atanın yoxsullaşmış oğlunu xatırladır. Gənc qələm sahibləri və onlara qoşulan bəzi yazıçılar Birliyə çox sayda, lakin nəticəsi hiss olunmayan həmlələr edirlər. Ən başlıcası isə öz mətbuat orqanında onları biabır edən yazılar dərc edir, diffamasiyadan geniş istifadə edirlər. Lakin bir məsəlini unudurlar ki, indiki Birlik keçmiş İttifaqla müqayisədə kabusa bənzər mövcudluğa malikdir. Onların yaradıcılıq prosesinə, ən başlıcası isə yaradıcı insanların taleyinə təsir göstərmək imkanları çox hallarda sıfıra bərabərdir. Bunun nəticəsidir ki, son üç onillikdə milli iftixar mənbəyi hesab edilə bilən ədəbi əsərlər meydana gəlməmişdir, əslində bunu müəyyən etmək üçün dəqiq meyar da mövcud deyildir. Həmin dövrdə isə Türkiyədə Orxan Pamuk fenomeni, ilk Nobel mükafatı laueratı meydana gəlmişdir. Bəzi tarixi məsələlərə münasibətdə tutduğu mövqeyə görə Orxan Pamuka Vətənində birmənalı yanaşılmasa da, onun romanları dünya oxucusu tərəfindən dəbdəbəli ziyafətə dəvət kimi qəbul edilir. Bizim ölkəmizdə isə ədəbiyyat sadəcə olaraq əvvəllər malik olduğu təsir gücünü itirmişdir. Bu halı bütövlükdə durğunluq, staqnasiya adlandırmaq da düzgün olmazdı, ədəbiyyat yaşayır, bəhrə verir, ədəbi istehsal keyfiyyət göstəricisindən asılı olmayaraq öz fəaliyyətini heç də dayandırmır.
Narazı qrup sakit bir limanda sığınacaq tapmadığından, dalğaların ixtiyarına buraxılmış “uçan hollandları” yada salırlar. Onlar isə rahat üzən gəmilər üçün ciddi təhlükə mənbəyi hesab edilir. Həmin qrup alternativ bir qurum da yaratdı, lakin hökumətin himayəsindən uzaq olan bu institut gur fəaliyyəti ilə özünü təqdim etməyi bacarmadı. Qrupun üzvləri Birliyin tənqidi ilə kifayətlənməyib, öz hücumlarını şəxsiyyətlər üzərinə keçirmək yolundan da imtina etmirlər və öz raketlərini əsasən Yazıçılar Birliyinin sədri Anarın üzərinə tuşlayırlar, onun bu vəzifədəki fəaliyyəti ilə yanaşı, yaradıcılığına da kölgə salmağa çalışırlar. Yazıçılar Birliyi əvvəlki qüdrətinə və gücünə malik olmadığına görə onun sədri də hətta ətalət qaydasında belə öz “əzələlərini” nümayiş etdirmək iqtidarında deyildir. Bir ittiham isə həqiqətə uyğundur ki, son illərdə bu birliyin tərkibinə az sayda istedadlı adamlarla yanaşı, yüzlərlə həmin təşkilatın üzvlüyü üçün vacib sayılan xüsusiyyətdən tam xali olan adamlar daxil olmuşlar. Görünür, yazıçı adlanmağın “dadı” hələ də ağızlardan getməmişdir. Digər tərəfdən, Birlik əslində vəzifə ahıllarının inhisarında qalmaqda davam edir. Onlar qədim yunan miflərindəki allahlar kimi görünür əbədi gəncliyə yiyələnmişlər.
Bütövlükdə götürüldükdə isə tənqid bəzi hallarda çevrəsindən çıxıb, alçaldıcı ifadələrlə, həqarətli sözlərlə əvəz olunur. Bu təsadüfi hal xarakteri daşısaydı, onu insanlığa xas olan sadəlövhlüyün əlaməti saymaq və buna görə belə “şıltaqlığı” bağışlamaq da olardı. Böyük çex alimi və din islahatçısı Yan Hus 1415-ci ildə katolik kilsəsi məclisinin qərarı ilə ölüm hökmünə məhkum edilib, Konstansada yandırılarkən, onun ayağının altında alovlanan tonqala beli bükülmüş bir qarının çırpı gətirib atdığını gördükdə hiddətlənmədən, ancaq təəccüb içərisində demişdi: “O, sancta simplicitas!” – “Ey müqəddəs sadəlövhlük!” İndi də bəziləri bəlkə də bu tənqid dalğasına öz sadəlövhlüyünə görə qoşulmuşdur, başqa səhv fikirlərə şərik çıxmışdır.
Bu hərəkatın həqiqi generatorları isə bəzən öz qəzəblərini o qədər də məqbul sayılmayan vasitələrlə söndürmək yolunu tuturlar. Axı onların başqa təsir vasitələri də yoxldur, əlacsızlıq daha sərt üsulları seçməyə vadar edir. Qəzəb, hiddət, kin hədd tanımayanda isə loyallıq, insana rəğbət hissləri də bütünlüklə sıradan çıxır. Ən təəssüf doğuran cəhət isə orasındadır ki, Anarın öz vəzifə səlahiyyətlərini necə yerinə yetirməsi çox vaxt kənara atılaraq, yaradıcılığı üzərinə qara bulud yayılmsına cəhdlər göstərilir. Əlbəttə, Anar özünün etiraf etdiyi kimi, dünyanın dahi yazıçılarının seçmə siyahısına daxil olmaq fikrindən çox uzaqdır. Digər tərəfdən, onun yaradıcılığı ümumən ümumbəşəri dəyərlərə həsr olunmuş mühüm mövzular arealından bir qədər kənardadır. Anarın nəsri əsasən məişət mövzularına həsr olunmuşdur və bu formatda onun yüksək zirvələr fəth etməsini də inkar etmək mümkün deyildir. Ümumiyyətlə, inkar, aqnostitizm dərin təhlilə əsaslanmır. Buna əl atanlar öz mülahizələrini axırıncı mərhələnin həqiqəti kimi qələmə verməyə can atırlar. Təəssüf ki, özünəvurğunluq, “dahilik” eşqinə düşmək, çox vaxt başqalarının uğuruna qərəzli şəkildə göz yummağa gətirib çıxarır. Anarın əsərlərini bəyənməyənlər ola bilər, lakin bu qəbul etməmənin özü heç də nifrət səviyyəsinə gəlib çıxmamalıdır. Nifrət həmişə kor olur. Bu fikri irəli sürən Oskar Uayld əks hiss haqqında hiperbola qaydasında onu da əlavə etmişdi ki, “Məhəbbət isə ən uzaq ulduzlarda yazılanları da oxuya bilir”. Kimlərəsə hansısa əsərə və ya yazıçıya məhəbbət bəsləməyi aşılamağın özü də ağılsızlıqdır. Lakin həmin adamlara bircə şeyi məsləhət görərdim ki, yalnız nifrətin şiddətini azaltsınlar. Dənizi durğun sulu gölməçə kimi qələmə vermək cəhdinə heç də meyl etməsinlər. Axı əsərlərin ədalətsizcəsinə aşağılanması, həm də onların çoxsaylı oxucularının, bu adamların zövqünün aşağılanmasına gətirib çıxarır. Anarın iri həcmli əsərləri olmasaydı belə, “Mən, sən, o və telefon”, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Otel otağı” kimi çox maraqlı hekayələri ilə o, milli ədəbiyyatımızda özünəməxsus yer tutardı və onu bu taxçadan qoparıb çıxarmaq istəkləri uğursuzluğa uğrayardı. Anar həm də nəsrə yeni mövzular, üslublar gətirməklə də fərqlənir. Orta əsrlərdə Provans əyalətindən olan fransız trubadurları poeziyaya güclü ehtirası, həyat sevinclərini gətirməklə şeirin xeyli populyarlaşmasına səbəb olmuşdular. Azərbaycan ədəbiyyatına isə erotikanı ilk dəfə Məmməd Səid Ordubadi özünün “Qılınc və qələm” romanının səhifələrində gətirmişdi. İsa Hüseynov bu ənənəni davam etdirərək daha uzağa gedib, fiziki hissiyyat səhnələrinin təsvirinə keçmişdi. Anarın yaradıcılığında isə erotika çox hallarda alluziya xarakteri daşıyır, könülün, ürəyin əlçatmaz xüsusiyyəti kimi təsvir edilir. Onun erotikası fiziki hissiyyata aludəçilikdən daha çox könülə, ürəyə, ən ülvi hisslərə məlhəm qoymaq məqsədini güdür. Həm də Anar ədəbiyyat vurğunu kimi sələfləri ilə müqayisədə də olduqca geniş fəaliyyət göstərir. O, mübaliğəsiz olaraq güclü ədəbiyyatşünasdır. Təkcə onun Cəlil Məmmədquluzadə haqqında yazdığı “Anlamaq dərdi” essesi ədəbiyyatşünaslığa verilən sanballı töhfədir. Çox sayda müntəxəbatların və almanaxların tərtibçisi və naşiridir. Gənclik dövründə redaktorluk etdiyi “Qobustan” jurnalı mənəvi əhatə dairəsinə görə respublika mətbuatında novatorluq rəmzinə çevrilmişdi. Onun dünya ədəbiyyatı, keçmiş sovet xalqlarının, türk xalqlarının ədəbiyyatı ilə dərindən tanışlığına yəqin ki, əleyhdarları da həsəd aparmamış deyillər. Anar milli mədəniyyətimizin yorulmaz fədailərindən biri kimi tanınır. Onun ssenariləri əsasında çox sayda uğurlu filmlər çəkilmiş, özü isə Üzeyir Hacıbəyov haqqında çəkilmiş “Uzun ömrün akkordları” filminin həm ssenari müəllifi, həm də baş rejissoru kimi çıxış etmişdir. Məgər bunlar mədəniyyətimizə var-gücü ilə xidmət nümunəsi hesab edilməməlidirmi?
Yazıçılar Birliyinin və onun sədrinin tənqidçiləri güman etməsinlər ki, onların ədalətli tənqidindən kimisə qorumaq tək səmərəsiz bir işə girişirəm. Ümumiyyətlə, ədalətli tənqidi xalqa, onun mənafelərinə xidmətin bir növu saymaq düzgün olardı və ondan bu gün hər hansı nəticəyə nail olunmursa, bu heç də həmin tənqidin qiymətinə, obyektivliyinə xələl gətirmir. Ədalət ölçüsü meyara çevrildikdə, hansısa bir tənqidə etiraz etmək də lüzumsuz görünür. Yazıçı, qələm əhli kövrək məxluqdur, onu bolluca saxta təriflərlə azdırmaq mümkün olduğu kimi, haqsız tənqidlə, bəzən cavabı verilməyən təhqirlə ölçüyə sığmayan bir şəkildə incitmək, əzmək olar. Anar bir Birlik sədri kimi bəlkə də güman edilən kimi bəzən korporativ maraqlara üstünlük verir, mumun əhval-ruhiyyəsini lazımınca nəzərə almır, ona qarşı çıxanları yad, marginal cəbhənin üzvləri kimi qəbul edir. Kamil bir insan kimi o, belə kompleksdən xilas olmaq iqtidarındadır, güzəştə, kompromissə getməyi də bacarmalıdır. Müxaliflərindən fərqli olaraq, o, müəyyən ölçüdə də olsa, səlahiyyət sahibidir, kollektiv rəhbəridir. Belə hərəkət etsə, onun bu münasibəti yalnız böyüklüyünə xidmət edərdi, heç də zəiflik nümunəsi sayılmazdı. Yaxşı məlumdur ki, vəzifə ömrü nə vaxtsa başa çatır, yaradıcı hesab edilən insanlara xas olan ruhi ömür isə fiziki ölçülərə tabe olmur. Anar bir yazıçı, milli ədəbiyyatımızın sıravi olmayan nümayəndələrindən biri kimi hələ uzun bir mənəvi ömür sürməyə məhkumdur və yaradıcılığı üzərinə indi atılan çamurlar ədalət günəşinin hərarətinin təsiri ilə quruyub töküləcək, onun, qədim Roma şairi Horatsinin dediyi kimi, “öz əli ilə yaratdığı abidə” Alp dağlarının qarı kimi öz təmizliyini qoruyub saxlayacaqdır.
çap et