Kino və Media cəmiyyətə təsir etmək, onun düşüncəsində istənilən fikri formalaşdırmaq ücün çox güclu təbliğat silahıdır. Hər hansı bir dövlət digər ölkələrin “mədəni işğalının” və informasiya hücumların qarşısını sadəcə kino və media ilə ala bilər. Bu gün dünyanın super dövlətləri Kinodan və Mediadan cox böyük təbliğat texnologiyası kimi yararlanaraq, insanların beynində öz dövlətlərinin obrazını yaratmaqla məşğuldur və hər gün planetin hər yerində yüzminlərlə icraçı ictimai fikri öz dövlətlərinin xeyrinə istədikləri kimi formalaşdırır.
Azərbaycanın milli kinosu və mediası əslində heç vaxt olmayıb demək keçir könlümdən, amma onu da bilirəm ki, bu problemin bütün ağrılarını bilənlər də, bu işlə heç əlaqəsi olmayıb yalançı vətənpərvərlik eləyənlər də məni qınayacaq ki, sən nə danışırsan, Azərbaycan kinosunun 100 illik tarixinin üstündən qara xətt çəkməyə sənin nə haqqın var?!
Mən razı! Amma qoyun bir sual da mən verim: A qardaş, bu Sovet Azərbaycanının Kino və Media tarixini qatlayıb bir tərəfə qoysaq, yerdə nə qalacaq?
Azərbaycan müstəqil dövlət kimi formalaşmağa başlayandan ta bu günə kimi çəkilmiş filmlərə və hazırlanmış TV proqramlarına nəzər salsaq görərik ki, hamısında sovetlər dövrünün nəfəsi duyulur, bu film və verilişlərin təsir gücü, keyfiyyət göstəricisi isə heç də qənaətbəxş deyil!
Biz heç kimi qınamaq, günahlandırmaq istəmirik. Bunu hər kəs edə bilər, mütəxəssislər də, kinoşünaslar da, adicə tamaşaçılar da. Axı, günahkar axtarmaqdan, bəhanə gətirməkdən asan iş yoxdur, biz isə asan olan hec bir işə girişmirik.
Problemin nəticəsini yox, onun səbəblərini aradan qaldırmaq lazımdır. Bizcə Azərbaycanda xalqın mənəvi təhlükəsizliyini qoruyan yeni bir qurum yaranmalıdır. Bunun üçünsə, bu gün mədəniyyətimizin və incəsənətimizin, təhsilimizin və idmanımızın müxtəlif sahələrinin inkişafına ciddi diqqət yetirən və dəstək verən ölkəmiz kinomuzu da nəhayət ölü nöqtədən hərəkətə gətirmək naminə xüsusi Dövlət Proqramı qəbul etməlidir.
Heç kəs inkar edə biməz ki, bu gün müstəqil Azərbaycan bir vaxtlar SSRİ-nin tərkibindən qopan digər taledaşlarından fərqli olaraq daha sürətlə inkşaf edir, siyasi müstəvidə var olduğunu təsdiqləməyə can atır, qlobal proyektlərdə, beynəlxalq əhəmiyyətli layihələrdə etibarlı partnyor kimi çıxış edir. Elə bu səbəbdən də bu gün dünyada gedən informasiya və mədəniyyət savaşında kino və televiziyaların da fəaliyyətini gücləndirib, xalqın mənəvi təhlükəsizliyini təmin etmək dövlətimizin mühüm vəzifələrindən birinə çevrilməlidir. Əks təqdirdə, siyasi, iqtisadi, mədəni sahələrdə illərdən bəri zərrə-zərrə qazanılanlar o qədər də təsirli və keçərli olmaz!
Bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti milli kino və televiziyalarımızın istehsal etdiyi keyfiyyətsiz mənəvi qidalarla qane olmadığından Amerika, Qərbi Avropa ölkələri, Çin, Rusiya kimi super dövlətlərin kino və televiziya məhsullarına üz tutur, son nəticədə isə Azərbaycanın milli kimliyi məhv olur və beyin dizaynı, düşüncə tərzi, həyata baxış bucağı dəyişir. Müxtəlif kultlar, fəlsəfi düşüncə tərzi, ideologiya mexanizmi beyinləri işğal edir və xalqın milli kimliyi tədricən yoxa çıxır, Azərbaycan tamaşaçısı da amerikan, çin, rus, italyan, fransız kimi düşünməyə başlayır. Əgər bu proses bir neçə il belə davam etsə, milli kimliyimiz barədə daha ciddi düşünmək zorunda qalacağıq və o vaxt geriyə dönüş yəqin ki ya mümkünsüz, ya da çox ağrılı olacaq!
Bəs problemin həlli yollarını biz nədə görürük və nə təklif edirik?
Dövlət Azərbaycanın mənəvi təhlükəsizliyi təmin etmək üçün təxirəsalmadan xüsusi Dövlət Proqramı qəbul etməlidir. Bu qanunla ölkədə:
1. Azərbaycanda piratlıq qadağan olunmalı, müəllif hüquqları ilə məşgul olan qurumlar öz fəaliyyətlərini gücləndirməlidirlər. Video və Audio portallar bağlanmalı, televiziyalarda yayımlanan proqramlardakı ideya oğurluğuna son qoyulmalı, plagiat musiqilərin istifadəsi qadağan edilməlidir.
2. Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən kinoteatrlar açılmalıdır.
3.Azərbaycan milli kinosunu formalaşdırmaq üçün xarici ölkələrdən, o cümlədən də Türkiyədən kino və televiziya mütəxəssisləri dəvət olunmalı, Azərbaycan dövlətinin daxili siyasətinə uyğun kino və televiziya layihələri həyata keçirilməlidir. Bu layihələri icra edən xarici mütəxəssislərin yanında milli təfəkkürlu kadrlar yerləşdirilməli və onlara həm də bu layihə çərçivəsində praktiki dərslər keçirilərək kadrlar ixtisaslaşdırılmalıdır.
4. Dövlət kino, televiziya və digər incəsənət sahələrində işləyən şəxslərlə ardıcıl olaraq iş aparmalı, onlar lisenziya ilə təmin edilməli və vaxtaşırı sertifikatlaşdırılmalıdır.
5. KİV-də reklam qiymətləri tənzimlənməlidir.
6. Azərbaycanda reytinq ölçən şirkətlərin fəaliyyətinə nəzarət olunmalı, texniki bazaları gücləndirilməli və reytinqlər hər kəs tərəfindən rahatlıqla izlənməlidir.
Yuxarıda sadaladıqlarımız , bu həlli vacib və təxirəsalınmadan görülməli işlərin çox cüzi bir qismidir. Çox təəssüf ki, bu gün biz və bizim kimi düşünənlər bu problemləri görə-görə nədənsə susmağa üstünlük verirlər.
Bu yazını sizinlə paylaşmamızın məqsədi bu sahədə çalışan bir insan kimi artıq susmaqdan bezdiyimizdəndir.
Bu dünyada heç kəs əbədi deyil, biz də bu gün varıq, sabah yoxuq! Amma gələcəkdə bu dövlətdə yaşayacaq uşaqlarımız gündən- günə aşılanan, milli kimliyi yox olan bir cəmiyyətdə yaşamalıdır. Bu yazını özümüz üçün yox, uşaqlarımız üçün yazdıq.
Qaldırdığım problemləri isə həm biz və həm də bizim fikirlərimizi dəstəkləyənlər öz övladlarımızın və gələcək nəsillərin rahat yaşaması ücün həll etməyə borcluyuq.
Siz indi bizə deyəcəksiz ki, hə, bu yazını oxuduq, bəyəndik və yaxud bəyənmədik, bəs sonra? Bu yazı sadəcə, bu problemləri bizdən çox anlayan və bizdən daha yaxşı və daha peşəkar həll edə biləcək insanları motivə etmək üçündür. İnanırıq ki, bu yazı problemi bilən və susan insanları da hərəkətə gətirəcək.
Əminik ki, içində Vətən, millət, dövlət sevgisi olan, qüvvə və bacarığını, təcrübə və istedadını bu problemin həllinə sərf etmək istəyən peşəkarlarımız çoxdur və onlar işləmək, yaratmaq, millətin milli-mənəvi varlığını qorumağa qadirdilər.
Artıq konkret addımlar atmağın vaxtı gəlib çatıb. Bu dövlət də, bu millət də bizimdir və qarşılaşdığımız problemləri həll etmək də bizə düşər. Dövlətimizin gündən-günə güclənməsi üçün həyata keçirdiyimiz hər bir işin bəhrəsini sabah bizim övladlarımız görəcək. Gəlin övladlarımızın, Azərbaycanımızın sabahı naminə əl-ələ verək!
Eltən QƏDİMBƏYLİ
çap et