525.Az

Hardasan, Suat Aydın?..


 

Hardasan, Suat Aydın?..<b style="color:red"></b>

... Harda sevgi varsa, ayrılıq da var orda.Nizaminin Xeyir və Şəri kimi. Harda zülmət varsa, işıq da uzaqda deyil demək.

Mən bu yazını haqqın qələbəsinə, işığın təntənəsinə və sevginin möcüzəsinə inanaraq yazıram.

“ Nə xoşbəxtdi  türkəm  deyən” deyirdi Atatürkümüz. O xoşbəxtlərdən biri də Nuru Paşaydı. Böyük Türkiyənin Nuru Paşası Azərbaycanın da Nuru Paşası oldu. Atillanın, Ər Tunqanın,Metenin,Toğrulun...mənəvi varisi olaraq 1918-ci ildə Bakinın üstünə qılınc sıyıranların qolunu kəsdi. 80 il keçdi. Və 80 ildən sonra bu missiyanı  davam etdirənlər sırasına albay Suat Aydın da qoşuldu.

...Düşüncələri  aydın,əqidəsi aydın,amalı aydın Suat Aydın.Müstəqil Azərbaycan Ordusunun formalaşmasında vəfa və sədaqətə  söykənmişdi bu ünlü albay. Vəzifə borcunu yerinə yetirməklə  kifayətlənmirdi. İnsani borcunu,soy- soyad  borcunu da  yerinə yetirirdi; H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müşaviri kimi. Mənəviyyatca kamil zabit hazırlanması üçün əlindən gələni edirdi.Vətənpərvərlik mövzusunda inşa yarışmasının təşkili sayın albay Suat Aydının adı ilə bağlıdır. Şeir, şeiriyyət duyğuları, duyumu incələşdirir. Suat Aydın öyrəncilərimizin duyğularını bu sayaq cilalamaq  üçün şeir yarışmalarının  təşkilinə nail  olmuşdu; yaxşı vətəndaş olmayan yaxşı zabit ola bilməz – Suat Aydın belə deyərdi.

Suat Aydın bütün tədbirlərdə cani-dildən iştirak edirdi; Azərbaycanın taleyini Türkiyənin taleyindən ayırmırdı.Çıxışlarında da, söhbətlərində də Azərbaycan deməzdi, Azərbaycanımız deyərdi. Azərbaycanı Türkiyəni sevdiyi qədər sevirdi...

“Çırpınırdı  Qara dəniz” i dinləməkdən doymazdı,heç doymazdı. Bir də  “İstiqlal marşı”nı. Ömrünü “İstiqlal marşı”nın  səyyarəsi bilirdi...

Xatirələr də ömürdü ,ömür yiyəsindən uzaqlarda yaşanılan ömür kəsimidi.Suat Aydının adına ad olan belə ömür kəsimi də dəyərlidi,çox dəyərlidi.            

...Səməd Vurğun deyirdi:

Günəşi örtsə də qara buludlar,

Yenə qiymətini özündə saxlar...

... Yazıram və gözucu göy üzünə baxıram. Yayın yay günü  göm-göy olan  göy üzünü  qara buludlar bürüyüb...  Yadıma ulu Atamız – Qazi Mustafa Kamalın dediyi  bu sözlər düşür: “Tarix yazmaq,tarix  yaratmaq  qədər önəmlidir. Yazan yaradana sadiq qalmazsa dəyişməyən gerçəklik insanlığı çaşdıran bir yanlışlığa  aparar”.  

...Günlər sürətlə axır gedir.Axıb gedən, yox olan zaman deyil, əslində ömrümüzün özüdü. Hər kəsin həqiqəti onun öz yolu və onun öz həyatıdır. Bu yolu əyilmədən, sınmadan tək və tənha qalsan da qorxmadan- qorxutmadan, başqalarının yollarını qapatmadan, ədalətdən və doğruluqdan ayrılmadan davam etmək hər kəsə nəsib olan deyil.

Göy üzünü qara buludlar bürüyər də, dağılar da...

Ünlü şairimiz Bəxtiyar Vahabzadənin  belə bir beyti var:

Vətən gözdü, biz kiprik,

Gözümüzün  keşiyini çəkirik...

Suat Aydın Türkiyəmiz üçün kiprik ömrü  yaşayanlardandır...

Və gözlərimi qara buludların köynəyinin sökülən ilmələri çəkir, içimdə qımıldanan inam ürəyimə baş qoyur...

Hardasan, aydın düşüncəli, aydın əqidəli,duyğusal türk Suat Aydın? Hardasan? .. İndi təkrar ümid etmək, güvənmək və səbr etmək zamanı!

İndi  daha əzmli,daha cəsur,daha qətiyyətli olmaq zamanı!

Həmişə, hər yerdə yerin görünür,Suat Aydın. Xoş xatirələrin səni unudulmağa qoymaz. Axı  Sən, harda türk varsa ordasan...

Bu yazı Türkiyənin Silivri  həbsxanasından Azərbaycana göndərilən bir  dost “salam”ının işığında yazıldı.Bu salamı dəyərli hocam M.Haberalın diliylə, ağabəyim Hikmət İbrahim  oğlunun vasitəsi ilə aldım. Əgər bu salam olmasaydı, mən bu gün yazdıqlarımın dəyərli olduğuna inanmaz və bu yazını yazmazdım.

Sayğılarla

Bakı  Azərbaycan,  09.09.2013. 

 





10.09.2013    çap et  çap et