525.Az

Yeni nəsil üçün sağlam və təhlükəsiz informasiya platforması


 

Yeni nəsil üçün sağlam və təhlükəsiz informasiya platforması<b style="color:red"></b>

Bu yazımın məqsədi, əslində əksəriyyətə məlum olan bəzi məsələləri bir daha xatırlatmaqdır. İndi həyatımız elə sürətlə dəyişir  ki, beynimiz bu sürətə davam gətirmir. Hazırkı cəmiyyətin düşüncə tərzini dizayn edənlər, artıq gələcək üçün yetişdirilən nəslin beynini yenidən dizayn etməlidir. Bu iş isə peşəkar səviyyədə təşkil olunmalıdır. Bugünkü məntiq, fəlsəfə, təhsil və informasiya ilə formalaşdırılmış beyinlər gələcəkdə işə yaraya bilməyəcək. Cəmiyyətimizdə bir cox insanın beyninin iflas nöqtəsinə gəldiyini müşahidə edirik. Geniş yayılmış depressiya halları da bunun xəbərçisidir. Azərbaycanda yeni nəslin yetişdirilməsi işi təhlükə altındadır.  İnformasiya bombardmanına məruz qalmış müasir cəmiyyətimizin ən həssas üzvləri uşaqlar və yeniyetmələrdir. Bu problemləri həll etmək üçün  əvvəlcə problemi tam anlamalıyıq.

Uşaq doğulur, həyat haqqında ilk informasiyanı ailədə alır. Müasir uşağın və yeniyetmənin formalaşmasında televiziya və internet də valideynlər qədər vacib rol oynayır. Bağça, məktəb və hazırlıq kurslarında istifadə olunan dərs vəsaitlərinin tərtibi, orada yer alan yazılar – hekayələr, misallar, ayrı-ayrı “əsərlərdən” seçmələr çox ciddi nəzarətə götürülməlidir. Yeni nəslin formalaşdırması üçün sağlam ideoloji bazanın yaradılması çox vacibdir. Bu ideoloji standartları formalaşdıraraq, konkret olaraq, necə bir insan yetişdirmək istədiyimizi dəqiq bilməliyik. Həmin standartlara uyğun oyuncaqlar almalı (“istehsal etməli” demək keçir qəlbimdən), nağıl, cizgi film, kiberoyun, film qəhrəmanları yaradılmalıdır (yaratmalıyıq!). Azərbaycanda milli düşüncəyə uyğun oyuncaqların istehsal edilməməsi, milli kiber oyunların olmaması səbəbindən xarici məhsullara üz tutmamız gələcəkdə uşaqlarımızla ünsiyyətdə bizim üçün böyük problemlər yaradacaq.

Öz övladlarımızla fərqli qəhrəmanlara sahib olduğumuzdan daha onlarla anlaşa bilməyəcəyik. Bir məqama diqqət yetirmək vacibdir: xatırlayın, bizim qəhrəmanımız valideynlərimiz idi. Soruşmaq istəyirəm, dəyərli oxucu, bu gün neçə nəfərimiz uşaqlarımızın qəhrəmanı olduğumuzu deyə bilərik? Əvəzində, uşaqlarımız ekran ulduzlarına bizdən daha çox rəğbət bəsləyir, onları yamsılamağa, onlara bənzəməyə daha çox maraq göstərir. Bu, dəhşətdir! Uşaqlara ən gözəl tərbiyə onlara nümunə olmaqdır. Bizim aramızda neçə nəfər onların sevdiyi ulduzlarla rəqabət apara bilər? Bu məqamı diqqətlə düşünməliyik. Belə problemlərdən uzun-uzadı danışmaq olar. Problemlərin nəticəsinin müzakirə etməyi çox sevmədiyimiz üçün birbaşa səmərəli saydığımız bəzi təkliflərimizi diqqətə çatdırmaq istəyirik.

Əvvəla, bu yazıya, toxunduğumuz problemlərə ilk növbədə  jurnalist dostlarımızın biganə qalmamasını , öz yazıları ilə dəstək vermələrini istərdik ki, əlaqədar qurumlardan dəstək alana qədər mövzumuz gündəmdə qalsın. İkincisi, televiziyaların proqram departamentlərinin uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan verilişlər hazırlayarkən, yeni telelayihələrdə və dublyaj ediləcək xarici cizgi filmlərin seçilməsində peşəkar psixoloqları əməkdaşlığa cəlb etmələri məqsədəuyğun olardı. Digər tərəfdən, Azərbaycanda oyuncaq  satışı ilə məşğul olan şirkətlərin uşaq psixoloqları ilə işbirliyinə üstünlük vermələrinə ehtiyac var. Bununla yanaşı, Azərbaycanda uşaqlar və yeniyetmələr üçün cizgi filmləri, kiber oyunların, kino və serialların istehsalı sürətləndirilməlidir.

Müəyyən araşdırmalar aparmışıq və bilirik ki, yuxarıda sadaladığımız məsələlərlə bir çox qurum məşğul olur və yaxud olmalıdır. Ümidvarıq ki, bu yazımız mövcud problemlərin həllində maraqlı tərəfləri daha da motivə edəcək. Düşünürük ki, dostlarımızın və bu mövzuya maraq göstərənlərin, ilk növbədə isə mütəxəssislərin araşdırmaları, təklifləri işin xeyrinə olacaq. Çünki bu mövzu hamımız üçün önəmlidir. Unutmayaq ki, bu gün formalaşması zəruri olan təhlükəsiz informasiya platformasında Azərbaycanın yeni nəsli yetişəcək. Dünyanın ən dəyərli kapitalı olan insanı, millətimizin gələcəyini qorumağımız isə çox vacibdir.

 





11.09.2013    çap et  çap et