525.Az

“Özümü tək sanardım...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ


 

PƏRVİNin təqdimatında

“Özümü tək sanardım...”- <b style="color:red">YÜZ GÖZƏL SEVGİ  ŞEİRİ</b>

Məktəb illərini unudan, məktəbli vaxtlarını xatırlayıb nostalji keçirməyən adam varmı?!

...Həyətdəki qollu-budaqlı  zeytun ağacı, sınıq-salxaq pilləkənlər, sinif otağının divarından asılmış əzik-üzük dünya xəritəsi, sərt, yaman sərt filankəs müəllimə, tənbəlliyindənmi, ya paxıllığındamı, heç nə öyrətmək istəməyən, amma arada bir maraqlı hadisələr danışan tarixçi, saçları da təbaşirə bulaşmış, qəribə gülüşüylə hamını çaşdıran riyaziyyat müəllimi, hay-küylü, mübahisəli ədəbiyyat dərsləri, “Nizaminin yoxsa Füzulinin Leylisi yaxşıdı?” sualının 10 il sürən müzakirəsi, “Vaqif” pyesinin məşqləri, tədbir ssenariləri, gözüyaşlı son zənglər... “İnsafın olsun, əlin qurusun çalma bu zəngi...” misrasının həm gülməli, həm də ağlamalı təsiri...  Çeçələ barmaqları bir-birinə calayıb sağa-sola ləngər vuraraq “Əlvida məktəb” oxuma... Bu gün kövrəlib, az qala hönkürüb məktəblə vidalaşma, sabah isə “Urrra! Yaşasın azadlıq!” şüarı ilə yuxudan ayılma! Hələ məktəb yoldaşların... Arabir görüşüb “ehhh, yaxşı günlər idi!” deyə o illərdə olub keçənləri xatırlamağınız.

Amma məktəb illərinin şirin xatirələri yalnız həyət, sinif, pilləkən, lövhə, dəftər, kitab, imtahanlarla bağlıdımı?! Əlbəttə yox! Bu xatirələrin bir hissəsi beynindən, başından gəlirsə, digər hissəsi də  ürəyindən gəlir! Hə-hə... Ürəyindən! Çünki o hiss qəlbinə ilk dəfə məhz məktəbdə düşüb.

...Vallah, heç  özün də bilmirsən necə baş verdi bu! Deyəsən, axı Nizaminin Leyli və Məcnununu keçirdiz?! Müəllimə  dedi ki, Leyli Məcnunu məktəbdə tanımışdı, məktəbdə  aşiq olmuşdular bir-birinə... Dinlədikcə xəyala dalırdın! Məcnuna paxıllığın da tuturdu... Sadəlövh uşaq suallarıyla dolurdu başın, hamısı da cavabsız... Ən gülməlisi də “Görən kimi sevə bilərəm?!” İndi özün də xatırlayanda gülürsən... “Uşaqlıq idi də!” – deyib əlini yellədirsən.

Hərdən heç  yadına da sala bilmirsən, məktəbdə necə oldu vuruldun?! Hə, elə həmin mövzuda inşa yazmalıydız deyəsən, qabaqdakı  qızı çağırıb kömək istəmişdin... Birdən müəllimə  (sərt idi, yaman sərt) “ay qız, qabağa bax!” deyəndə  qız cəld hərəkətlə çevrildi... Saçının dalğasına... Dəniz təki ləpələnməsinə, təzə çalınmış otun qoxusu kimi təravətli ətrinə vuruldun! Bundan sonra səhərlər yuxudan sevincək ayılmağın, üzünü yuyub sudan nurlandığını hiss eləməyin də, köynəyinin yaxasını ütüləməyin, atanın saatını oğurlayıb taxmağın da, ayaqqabılarını parıldayana qədər silməyin, dərsə hamıdan tez gəlməyin, evə qayıdanda yolunu iki dəfə artırmağın da, hamısı, hər şey ona görədi... Hələ heç xoşlamadığın fizika dərsini canfəşanlıq edib oxumağın... Axı fizikadan dərs deyən onun anasıdı, necə hirsləndirmək olar müəlliməni?! Bir sözlə, məktəbli həyatın onun əlindədi, ürəyin onun əlindədi, ona görə... Vay o gündən bir gün dərsə gəlməyə! İllərdi oxuduğun məktəbdə yer tapa bilmirsən özünə, sinif otağı dar, qaranlıq, yoldaşlarının zarafatları şit, müəllimin danışdıqları maraqsız olur!

Zaman keçdikcə, böyüdükcə, o illərdən uzaqlaşdıqca həmin hisslərin nə  qədər uşaqsayağı görünsə də,  yenə şirin-şirin xatırlayırsan olanları, xiffət də çəkirsən! Hüseyn Arif  “Sən dərsə gəlməyəndə” şeirini elə həmin həsrət və xiffətlə yazıb... Şair bu günündən məktəbli vaxtlarına baxır və yadına salır, o zamankı saf, cilasız, cilovsuz sevgisini... Hələ dünyanın kirindən, yalanlarından xəbərsiz balaca oğlanı. Aşiq olduğu qız dərsə gəlmədiyindən duyduğu uşaq tənhalığını, çəkdiyi həsrəti! Kiçik bir şeir sanki qısa, lap qısametrajlı film təsiri bağışlayır. Oxuduqca məktəb həyətində yola boylanan, zəng vaxtı şənlənən  yoldaşlarına qoşulmayıb bir tərəfdə büzüşüb oturan oğlan göz önünə gəlir. Və bütün bu hisslərin ibtidailiyindən, sadəlövhlüyündən, paklığından riqqətlənməyə bilmirsən!

...Zamanla sevgi də  böyüyəcək səninlə birgə, dərinləşəcək fikirlərinlə  bərabər, bəlkə ömrünün ən gözəl duyğuları  da qarşıdadı, səni gözləyir, amma həmin gün dərsdən qaçmağını  yadından çıxarmayacaqsan! Hüseyn Arif də unutmamışdı, elə belə də yazmışdı: “Qaçardım mən də dərsdən, Sən dərsə gəlməyəndə...”

Nədənsə bu son misralardan sonra ağıla qısametrajlı filmin son, şeirdə  əksini tapmamış səhnəsi gəlir: Məktəbli forması geyinmiş, əlində iri çanta tutmuş oğlan həyəcanla, ora-bura boylanaraq fizika müəlliminin yaşadığı məhəllədə var-gəl edir! Uzaqdan isə məktəb zənginin səsi gəlir!

Hüseyn Arif: “Qaçardım mən də dərsdən!”

Düşür yadıma hərdən
Məktəb həyətində  mən
Yoluna göz dikərdim
Qəlbim sızlardı  birdən
Sən dərsə  gəlməyəndə...
 
Durub-durub anardım
Gizli-gizli yanardım
Neçə dostun içində
Özümü tək sanardım
Sən dərsə  gəlməyəndə...
 
Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş  masanda.
Fikrim səndə  qalardı
Sən dərsə  gəlməyəndə...

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti???
Qaçardım mən də  dərsdən
Sən dərsə  gəlməyəndə...



 





23.09.2013    çap et  çap et