Alman alimi Emil Krepelin yazır ki, qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır.
Sözün bütün mənalarında yazan qadını oxumaq isə yəqin ki ikiqat məsuliyyət, diqqət və sevgi tələb edir.
Yazdığı şeirlərlə ədəbiyyat tariximizə adını yazmağı bacaran bir xanımın – Nurəngiz Günün bu gün doğum tarixidir. Əslində mükəmməl qadının yaşını təyin etmək olmur. Çünki mükəmməl qadın zahirən gənc və gözəl, daxilən müdrik olduğundan həmişə ziddiyyətin yaratdığı əsrarəngiz bir cazibədarlığı daşıyır özündə.
Hələ üstəlik qadın həm də bütün sahələr üzrə yaradıcıdırsa, onda mükəmməllik simfoniyası alınır. Budda da əbəs yerə deməyib ki, qadın hər şeyi fitrətən bilir. Amma ulu Yaradan bu fitrətindən kiminə az, kiminə bir qədər çox pay verib.
Bəlkə də dünyaya təşrifi payızın gəlişi ilə üst-üstə düşdüyündən Nurəngiz Günün şeirlərində də bir xəzəl xışıltısı, xəzan pıçıltısı eşidilir. Zamana meydan oxuyan Nurəngiz Günün həm qadın, həm də şair olaraq orijinallığı sevilməyinin qarantı olub həmişə. Onun zamansızlığının əsas göstərgəsi poeziyasıdır. Zahiri qədər gözəl, daxili qədər orijinal poeziyası. Nurəngiz Günün mükəmməl qadın, səmimi həmsöhbət, zamansız şair olmasından danışmaq üçün yenə də şeirlərinə dalmaq lazımdır. Bu ifadə sözgəlişi seçilməyib. Çünki onun hisslər aləmi ilk başvurudan sonra adamı elə sarır ki, professor Teymur Kərimlinin də qeyd elədiyi kimi – “Nurəngiz Günün şeirləri oxucuya poetik bir başlanğıc yoluxdurmaq qabiliyyətinə malikdir. Bu mənada onun əsərlərini oxumaq bir qədər də “təhlükəlidir” – bundan sonra onun kimi düşünmək, onun kimi şeir demək, onun kimi pıçıldamaq və onun kimi hayqırmaq istəyirsən”.
Orijinallıq, azadruhluluq fərqliliyin göstəricisidir. Nurəngiz Gün təkcə qadın kimi yox, həm də şair olaraq fərqlidir. Şeirlərinin obrazlılığından çox yazılıb, çox deyilib. Məncə, onun şeiriyyəti özü bütövlükdə bir obrazdır. Sevən, iztirab çəkən, yanan, pıçıldayan, nalə edən, süst düşən, hayqıran, ən əsası da Ali Həqiqəti axtaran bir insanın poetik obrazı. Nurəngiz Gün bütün yaradıcılığı boyu bu obraza sadiq qalmağa çalışıb. Ali Həqiqət axtarışı hərdən nağıl sonluğu ilə bitib, hərdən də ümidsiz çırpıntılarla.
“Gözəllik” şeirində lirik qəhrəmanın həyata baxışı ortaya qoyulur: “uşaq ikən xor xor yatan pişiyi, cuqqulu gəlincikli ev eşiyi, cavan ikən enlikürək, ucaboy, qara telili, qatır yelli bir igidi” gözəllik hesab edən lirik obraz həyatı yaşadıqca “anlayır”: “pişiyin vəfasını, igidin cəfasını, yalançı gəlincikli yalançı evciyin müvəqqəti səfasını”. “Yep-yekə” adam olur, böyüyür sözün hər mənasında və gözəllik anlayışı dəyişir:
Yenə soruşun məndən,
Soruşun, insanlar, soruşun,
gözəl nədir?
Gözəl: sərgüzəştini göyçək
Jaləmə nəql etdiyim
damda yaşayan Karlson.
Paris Notrdam Kilsəsinin
Kvazimodası.
Gözəl: Kozettanın oduna yanan,
yaxşılığına sədəqə almayan
Jan Valjan.
Niyə məhz bu obrazlar sonda gözəlliyin simgəsi kimi seçilir? Anlayana təxmin etmək çox da çətin olmasın gərək. Əslində hər kəs öz düşüncəsi boyunda qavrayır hər şeyi. Niyə damda yaşayan Karlson? Bəlkə saf ürəkli sadəlövh bir uşağın uydurması olduğu üçün? Bəlkə elə bizim bütün xoşbəxtliklərimiz və sevgilərimiz də beləcə bir uydurmadır? Bəs elədirsə, niyə məntiqi həll kimi ardınca məhz Paris Notrdam kilsəsinin Kvazimodası oxucuya təqdim olunur növbəti mənəvi gözəllik kimi? Niyə məhz ürəyi, hissləri, mənəviyyatı, o böyüklükdə eşqi yox, qozbeli nəzərə çarpan Kvazimoda? Deməli, müəllif əmindir sevginin və humanizmin uydurma olmadığına. Və bu əminlik oxucuya da elə ustalıqla aşılanır ki, ülviyyətin uydurma olduğuna inandığın üçün özünü qınamalı olursan. Ona görə qınamalı olursan ki, həyatını təmənnasız bir sevgiyə həsr eləyən, cismi qədər nəhəng ürəyə malik bir Jan Valjan da var axı... Qızmış dəmiri qoluna basacaq qədər şirürəkli və kövrək bir çocuğun halına ağlayacaq qədər uşaqqəlbli qutsallıq mücəssəməsi. Amma bunlar həyatda olduğu kimi şeirində də ironiya ilə silahlanan bir şairin poetik istehzası olmasın? Axı bu obrazlar da özlüyündə hansısa yazarın fantaziyasının məhsuludur. Kim onların həqiqiliyinə zəmanət verə bilər? Bu nə dolambac poeziyadır belə – uydurmalara inandırır və eyni zamanda həqiqətə aparır...
Nurəngiz Günün şeirləri sadəcə ovqat məhsulu deyil. Geniş mütaliənin, aydın düşüncənin və real yaşantıların bəhrəsidir. Onun hər şeirinə dönə-dönə qayıdırsan və hər dəfə də yeni nüanslar tapırsan- sirayətedici, təsirli, bəzən də zəlzələ effekti yaradan nüanslar; obrazlı deyimlər, təptəzə, dipdiri mükalimələr... Özlüyündə elə təkcə adı bütöv bir şeir olan “Ayrılıqlar boyum biçimi” şeirində olduğu kimi:
Gecə yalqızlıq laylası deyir,
uyuyur qollarımda meh əsimi,
xatirə yelləyirəm beşik kimi,
kimsə yoxmuş, beşik bomboş,
kimsəsizlik yeyir içimi,
ayrıılıqlar boyum biçimi...
Bundan da artıq təklik, kimsəsizlik, tənhalıq olarmı?
Bu tənhalıq BÖYÜKLƏRin boyuna biçilib ... Yaşının hansı dönəminə gəlib çatmasından asılı olmayaraq hələ də daxilindəki uşağı qoruyub saxlayan BÖYÜKLƏRin... Onların təəssüfü də çox ağrıdıcıdır:
Qucub acı həsrətləri saralmazdım,
saralmazdım,
Əgər başdan qəm dağıdan
dəli bir külək olsaydı...
Sanıb ilğımları səfa ağlamazdım,
çağlamazdım,
Əgər bu uşaq könlümü anladan olsaydı...
Bu nə ağrı, bu nə işgəncə poeziyasıdı belə?
Nurəngiz Günün poeziyası ümumilikdə
Haqqında çoxlarının fikir bildirdiyi “Yol gedirəm” şeiri bu baxımdan ovsunu xatırladır. Oxucunu çəkir aparır və bir də baxırsan ki, bu şeirdəki kimi hərəkətdəsən, yoldasan artıq-Nurəngiz Günün bələdçilik etdiyi yolda. Bu şeir təkcə yazılma texnikasına görə deyil, həm də poetik və tematik baxımdan da elə mükəmməldi ki, haqqında nə qədər yazsan da şeirin özü qədər kamil olmaz, ola bilməz. Amma oxuduqca insanın içində bir istək baş qaldırır özündən asılı olmayaraq: istəyirsən şeiri bir də öz oxucu qəlbindən keçirib müəllifin fikriylə öz duyğularının necə doğmalaşmasına, çulğaşmasına bir daha şahid olasan. “Yol gedirəm” Nurəngiz Günün həyat və yaradıcılıq kimliyidir, poetik pasportudur –desəm, yanılmaram yəqin. Hər şair ədəbiyyatda dillər əzbəri olan ən azı bir şeirə iddialıdır hər halda. Məncə, “Yol gedirəm” bu iddianın tam təminatçısı ola bilər:
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı,
Yol gedirəm yorulanadək...
Bu nə yoldu ki, yolçusunu bu qədər yüklə getməyə vadar edir? Cavab birdi: həyat yolu. Bu şeir Nurəngiz Günün kəlmələrdən məharətlə çəkdiyi, ifadələrlə rənglədiyi, Salvador Dali sayaq rəmzlərlə işarələyib bəzədiyi mükəmməl söz tablosu... Dodaqdakı təbəssüm bağlı qapıları açacaq. Gözdə yox, məhz bəbəkdə ümid və qürur. Nə qədər dərində və gizlində. Bu ümidi və qüruru hər kəs görə bilməz ki bəbəyin içində- o dərinlikdə...O dərinliklərdən gələn bir ağlamaq ehtiyacı da var hələ üstəlik... Bu nə yorucu yol oldu belə? Ancaq bu da hələ yükün heç yarısı deyil ki...
Saçlarımda rüzgarım,
Ruhumda ana laylası.
Başımda məğlub eşqim
Yol gedirəm sinəm qaralanadək.
Başdakı məğlub eşqdən daha ağır bir yük varmı görəsən? Ya eşqin qalibi oldumu heç, eşq həmişə hansısa məğlubiyyətə, hansısa itkiyə aparmırmı sonucda? Uduzduğumuz sevgi oyununda ruhumuzun ana laylasından başqa nə tutalğacı ola bilər ki, təngnəfəslikdən sinəmiz qaralmasın, bu qaçaqaç, qovaqov dünyasında?
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdi varım yoxum...
Yol gedirəm saplağından qırılanadək...
Ovucda sirr gizlənibsə, əllər yumruqlanıb demək, həm də ağır həyatın simgəsi olan qabarlı barmaqların sıxılmasından yumruqlanıb. Amma bu yumruqlardan heç kimə ziyan gəlməz, heç kimin başı üstünə qalxmaz bu yumruqlar. Çünki varı yoxu ürəkdən ibarət olanın kiminsə başı üstündə yumruq düyməyə ürəyi gəlməz...Beləsinin gücü yalnız öz saplağına çatar, vəssalam.
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz,
Qərib canla bu tək cana qürub çağı
Yol gedirəm öləziyib saralanadək.
Hələ bu yolun önündə aşılası silsilə dağları, dizləri qanadası sərt qayaları, keçiləsi soyuq dənizləri varsa və həm də bu yolda elə kimsəsiz, elə qəribsənsə, bu yol öləzimiş, saralmış bir qüruba aparırsa... bu qədər də olmaz axı...Bunu daşımaq nə qədər ağır olmalı- fərqindəyik. Oxuyan fərqindədirsə, yazan də fərqindədir hər halda. Amma geriyə dönüş də yoxdu. “Uzun, incə bir yol” qət edilməlidir sonucda:
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim,
Yol gedirəm yol olanadək.
Geriyə dönsən, kəskin enişlərə yuvarlana bilərsən, ümid irəliyədir. Ümid çiynindəki Günəşədir, işığadır. Bircə bu ümidin ətəyindən tutub laübalı bir titrəyişlə ağuşunda həyat verdiyin və həyatının mənasına çevrilən ən dəyərli varlığınla gedəcəksən, gedəcəksən... Bütün bu əziyyətlər, əzablar, iztirablar, enmələr, qalxmalar, sapmalar, titrəmələr, məğlubiyyətlər, qalibiyyətlər izsiz ötüşməyəcək, bunları yaşayacaqsan və bütün bunların məntiqi nəticəsi var – YOL OLMAQ. Bunu da müəllif elə zamanda və elə yerdə işlədib ki, iki anlamda qavranılır istər-istəməz- ya səni keçib gedəcəklər yol kimi, ya da sən bir yol olacaqsan, öz cığırını açacaqsan. Zatən bu deyilmi yaşanılanların mənası?
Mətndə müəllifi axtarmağın əleyhinəyəm həmişə, amma əgər müəllif israrla bunu istəyirsə, öz dili ilə, maraqlı ifadələrlə həyat hekayətini danışırsa və üstəlik bu, oxucunun da düşüncələrinə tən gəlirsə, niyə də olmasın?
O şair xoşbəxtdir ki zamandan və məkandan asılı olmayaraq özünü-sözünü bilir, ÖZÜ SÖZÜndə yaşayır. İndiyədək Nurəngiz Günü nə belə yazılar, nə oxucu rəyləri, nə publisist düşüncələri tanıtmadı ki, anlatmadı ki...Onun SÖZÜ ÖZÜnü anlatdı, tanıtdı, əvvəl də, indi də, sonra da... SÖZÜnün onun ÖZÜnə ehtiyacı olmadı heç vaxt.
Dünyaya gələn GÜNünüz mübarək Nurəngiz xanım!
çap et