İstedad, dahi və düha – bu “üçlük” dünyaya elə-belə gəlmir, ilahidəngəlmə “öz növbəsini” gözləyir. Belə seçilmişlər doğulduğu xalqını, millətini və torpağını bəşəriyyətə tanıtdırır. Və bu alim kateqoriyalarını bir-birinə qarışdırmaq lazım deyil, amma adi, yalnız elmi titulunun, yazdıqlarının bəsitliyində vurnuxanlara “görkəmli”, “istedadlı”, hətta “dahi” ayamaları yapışdırılır. Əlbəttə, belə yanaşma istedadsızlara məxsusdur. Belə bir aforizmi unutmayaq: Dahi nə etməli olduğunu edir, istedad bacardığını...
Bu mühakiməni sıralamaq mümkün məsələdir, problem isə genində ilahidənvermə istedad (talant), dahilik fenomenilə doğulan uşaqların bu təyinatla tərbiyəsidir: yetişdirilməsinə qayğıdır, şəraitin yaradılmasında, yüksək təhsilə yiyələnməsidir. Sonra elmi və sağlam mühitdə onların fəaliyyətini stimullaşdırmaqdır. Belə tipli uşaqları antik filosof Platon düzgün, obrazlı xarakterizə edib, “qızıl uşaqlar” adlandırmışdır. Belə uşaqlara və yeniyetmələrə “yaşını qabaqlayanlar” da deyilir. Məsələ ondadır, bu uşaqlara ilk təkanı ailə verməlidir və 3-5 yaşlardan bu intellektual və mənəvi hissi sezməyi bacarmalıdır. Adətən, onlar tez danışır, oxuyur, yazırlar. Lazım gəlir ki, hər şeylə maraqlanan övladlarını səbrlə, maraqla və ardıcıl dinləsinlər, verilən sualları düzgün, bir qədər də obrazlı, romantik cavablandırsınlar; nəinki onları “hiperaktiv” kimi səciyyələndirsinlər! İstedadlı (bu, ilk mərhələdir) uşaqların müsbət keyfiyyətləri ilk olaraq valideynlər tərəfindən dərin, ardıcıl müşahidələrdən sonra müəyyənləşdirilməlidir. Onların oxuma və qavrama surəti; əşya və hadisələrə çevik münasibəti; fikrinin və təəssüratının səlis ifadəsi – “üçlüyün” qənaətindən sonra bəzi istiqamətlərini dəqiqləşdirmək lazım gəlir: – verilən tapşırığı asan öyrənirlər, yaddaşlarına ötürürlər. – Mühakimə və maraqları özünü büruzə verir. – İncəlikləri və faktları söyləyirlər. Onlar zərif fantaziyası ilə insan, kainat, gələcək haqqında bəsit də olsa proqnoz irəli sürürlər. Oxuduğu, yaxud televiziyada gördüyü hadisələr, qəribəliklər, “sirlər” barədə valideynlərinin sözünə ehtiyac duyurlar: Filan iş nə ilə qurtaracaq? Filan canlı nə üçün güclüdür? Filan ulduz niyə sönmür?.. Deməli, uşaqlar yaşlılara nisbətən incə və fərqli tərzdə düşünürlər, mühakimə yürüdürlər. Məsələləri ayrı-ayrı rakurslardan “ələ” alırlar. Belə vəziyyətlərdə valideyn üç məsələyə diqqətini yönəltməlidir: a) Onlar böyüklərlə qurduqları münasibətdə özlərini yetkin adam kimi aparırlar və ən yaxşısı odur ki, bu hərəkətdən məmnunluq duyurlar. b) Çox vaxt qənaətlərini, gəldikləri nəticələri ümumiləşdirməyə səy göstərirlər, bunları yeni hadisələrə tətbiq edirlər. v) Mücərrəd məsələləri başa düşür, hadisələr arasında əlaqələri uyğunlaşdırma qabiliyyətlərini büruzə verirlər.
Uşaqlar ailədə, baxçada, yaxud valideynlərilə gəzintidə zəngin təəssürat alırlar, hadisələrin, əşyaların, insanların davranışlarının fərqinə varmaq istəyi yaranır. Lazım gəlir ki, evdə onların müşahidələrini “özbaşına” buraxmamaq. Yəni danışdırsınlar, söz xəzinələrini zənginləşdirsinlər. Kəlmələri, ifadələri yerində işlətməklə yanaşı, obrazlılığa diqqət yetirsinlər. Şeir əzbərlətmək nitqin inkişafında əvəzsiz vasitədir.
Müşahidələr göstərir ki, danışıq zamanı yumor hissinə biganə qalmasın. Bəzi valideynlər ehtiyatlanır ki, yumor ciddi satiraya, tənqidə keçər, məktəbdə bu, pis qarşılanar. Belə qənaət səhvdir; uşaq ata-anasından yersiz ifadələr, incə söyüşlər, rişxənd eşitməzsə, heç vaxt uşaq “cızığından” kənara çıxmaz. Yumor hissi uşağın qəlbini ağırlıqdan təmizləyir, sözü mini mühitdə gülüş yaradırsa, ona ləzzət verir, hədəfi yaxşı “tutduğunu” kəsdirir. Yumor hissli uşaqlar gələcəkdə qaraqabaq olmur, özlərini quru aparmır və yaxşı düşünürlər, incə zarafat duyğuları onları daha da nikbinləşdirir. Təbii ki, kiçik və orta yaşlı uşaqlarda liderlik ovqatı özünü göstərir. Bu, pis deyil; hər bir insan (uşaq) mikromühitdə çalışır ki, oxumaqda, şeir deməkdə, davranışda həm ata-anasının, həm də tərbiyəçinin etimadını qazansın. Onlarda yaxşı mənada “eqo” formalaşsın. Məşhur isveç psixoloqu Piaje “eqo”nu yüksək qiymətləndirib. Lakin uşaq şəxsiyyətinə iz salan, xarakterin dönməzliyinə zəmanət verən “eqo” lazımdır. Və məktəb yaşlarında təlim-tərbiyənin gücü ilə bu anlayış öz yerini tutacaqdır. Bu gedişdə uşaqların yaş dövrünü də nəzərə almaq vacib şərtdir. Söhbət istedadlılardan gedirsə, tərbiyə pedaqogikasının prinsiplərinə laqeyd qalmamalıyıq. Uşaqda şəxsiyyətə doğru inkişaf alınmırsa, onun yaratdığı əsər də, etdiyi kəşf də, idarəetmə qabiliyyəti də özünün içindən bəhrələnib üzə çıxmır. Artıq o yaşın yetkin çağındadırsa, şəxsiyyət kimi yetişməmişsə, o fərd olaraq öz şəxsi maraqları psixologiyasından kənara çıxmağı bacarmayacaqdır; daha doğrusu, içərisi bomboşdur, havasızdır, miskindir. Con Lokk yazırdı ki, pis tərbiyə olunmuş adamda igidlik kobudluğa, alimlik nadanlığa, hazırcavablıq təlxəkliyə, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilir.
Sınaqlardan çıxan, XXI əsrdə özünü bariz şəkildə göstərən bu komplekslər təəssüf ki, mövcuddur. Və görmək istəmədiyimiz mənfi istiqamətlər özünü diqtə edir. Məsləhətləri bu cür ümumiləşdirərdik: Birincisi, uşaqlar bir gündə, hər gündə davam edən, müşahidə aparan işlərdən yorulurlar, hətta bezikirlər, daha doğrusu, həmin işləri artıq bildiklərindənmi, bacardıqlarındanmı, məcburiyyətdənmi belə mənfi əhval yaranır. Halbuki, onlar “köhnə işdə” də təzəlik, yenilik axtarırlar. Ona görə ki, bu çocuqlar öz yaşıdlarından təxəyyül, təfəkkür, şüur baxımından fərqlənirlər. Təkrarlıqda artıq lazım olanı özləri üçün kəşf etmişlər. Olur ki, müəllim dərslərində bir riyazi, fiziki, kimyəvi məsələni, teoremi, düsturu eyni “yolla” həll edir və ya başa salır. Bu hal şagirdlərdə ciddi narazılıq, yeknəsəklik, ləzzət almamaq kimi hisslər doğurur. Axı, belələri daha irəlini görür və – şahmatçılara bənzəyirlər. İkincisi, uşaqlar (şagirdlər) yoldaşlarının etina etmədikləri hansısa işi, məsələni analitik şəkildə görür, inteqrativ həlli tərzini təsəvvüründə canlandırır, amma başqasının fikrini, mübahisəsini, müdaxiləsini qəbul etmir, lazım belə bilmir. Onun üçün yox ki, hövsələsizdir, yorulmuşdur; yox, özünü fövqdə düşünür, “sənin belə şeylərdən başın çıxmaz” fikrini özündə aşılayır. Müəllim belə psixoloji durumu cari, keçici sayıb, üstündən adlamamalıdır; bir-iki dəfə bəlkə də mümkün güzəştdir. Lakin bu vəziyyət mütəmadidirsə müəllim səhvdədir. İstedadına aludəçilik onu korlayar, başqalarının ideyalarına, elmi, yaxud sosial nəticələrinə biganəlik yaranar və yalnız geridə qalar, inkişafı görməz. Üçüncüsü, uşaqlar (yeniyetmə və gənclər) xəyallara dalır, çox-çox uzaqlara “uçurlar”. Bəzən sinifdə belə hal baş verəndə diqqətləri yayınır, vaxtsa itir. İstedadına güvənən müəllim, şagird yoldaşı çaşbaq qalır, narahat olurlar. Səbəbini bilmirlər ki, onu xəyal əlçatmaz yerlərə, nöqtələrə aparmışdır. Vaxtında bunun qarşısı sərt şəkildə yox, tədricən alınmalıdır. Boş xəyalpərvərlik isə mücərrəd, faydasız və zərərli situasiyalara rəvac verir. Bir məsələni qarışdırmayaq ki, o istedadda bədii qabiliyyətilə fantaziyası (təxəyyülü) birləşmişsə, məhdudlaşdırmağa ehtiyac görünmür. Belələri elmi-fantastikaya güclü həvəsli olurlar. Dördüncüsü, uşaqlar dəqiq elmlərə olan istedadlarına güvənib, şair və yazıçıların bütün cəmiyyətlərdə alimlərdən, pedaqoqlardan, iqtisadçılardan ifrat dərəcədə məşhurluğuna qibtə edirlər. Təxəyyüllərində cücərtiləri göyərən şeirə, hekayəyə daha çox üstünlük verirlər, hey yazırlar, pozurlar. Bir sözlə, hisslərini zorlayırlar. Bu, ciddi problemdir. Gələcəyin bir istedadlı riyaziyyat, kimya, fizika... alimini itiririk. O mənada – istedadını, gələcək dahiliyini bir nöqtədə birləşdirmək istəmir, beynində çıxmağa aman axtaran kəşflər, orijinal səmərələşdirmələr, elmi proqnozlar öləziyir, gəncin enerjili, potensial imkanları adiləşir. Yazır, oxuyur – qoy olsun, amma. Nümunə gətirmək istəyirəm: A.Eynşteyn, Ç.Darvin, Q.Openqeyemer, Yusif Məmmədəliyev kimi dahilər şeirlər də yazmışlar, musiqiylə də məşğul olmuşlar. Amma qeyri-peşəkarlıqla, ruhlarını sakitləşdirmək məqsədilə. Gəlin görək, hansı dahi şair, nasir, dramaturq riyazi-təbii elmlərdə istedad (dahilik yox!) nümayiş etdirmişlər! Beşincisi, uşaqlarda (bütün yaş dövrlərində) uğurdan ya başgicəllənmə, ya da müvəffəqiyyətsizlikdən ruhdandüşmə adi hala çevrilir. Diqqətlilik ailədən və baxçadan başlamalıdır. Şagird yaşlarında istedad özünü erkən göstərirsə – lap əla! Müəllimin nəzarətində, qayğısında məktəb bunu yoluna qoyur, lakin bu yanaşmanın da dozası olmalıdır. Yersiz tərif yağışında islatmaq, sinfin, məktəbin fövqünə qoymaq və sair istedadda pis vərdişlərin formalaşmasına zəmin yaradır. Bəllidir ki, o şagird gələcəkdə böyük istedad sahibi olanda, şöhrətinin zirvəsində ucalanda gözü ayağının altını görmür, həmkarlarını saya salmır, yüksək elmi nailiyyətlərə də dırnaqarası baxır. Və geniş mühitdə nüfuzunu itirir, hətta təklənir. Elmi məclislərə çağrılmır, məclisdədirsə, ona söz verilmir. Və o dahidə pessimizm əlamətləri meydana gəlir. Hətta intiharlar belələrindən uzaq gəzmir, qarabaqara izləyir...
İstedadlı uşaqlara, hər cəhətdən həmyaşıdlarından seçilənlərə qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Psixoloji durumlarında “çərçivəlik”, tənhalıq, hövsələsizlik, daha çox “iri, nəhəng” görünənə meyillik, iddialılıq... özünü büruzə verir. Onların hissləri “küsəyən” olur, tez təsirlənirlər, daha çox tələblər qoyurlar davranışlarına. Yaşlılar bu uşaqların çatışmayan cəhətlərini vaxtında görüb optimal yanaşma üsullarına üstünlük verməlidirlər. Üstün qabiliyyət istedaddan qidalanır, qabiliyyətdə ilahilik yoxdur, çalışqanlıq bacarığı vardır.
İstedadlı uşaqlar daha çox xoşlayırlar ki, onlara yaşlılar, mühit hörmətlə yanaşsın, fərqləndirsinlər; tərifi istisna etmirlər. Uşaq hər hansı bir ideyanı valideyninə, müəlliminə bildirirsə və həqiqətən, işıq ucu görünürsə, dərhal reaksiya vermək lazımdır. Bir misal: Televiziyada mühəndislər, geoloqlar, fiziklər və s. ixtisasçılar öz kəşflərini, ixtiralarını, səmərəli işlərini əyani nümayiş etdirir və istehsalatda tətbiqi üçün professional əl gəzdirməyə, maddi yardım etməyə ehtiyac olduğunu bəyan edirlər, əyani göstərirlər, lakin sükutla qarşılanır. Bu həmvətəndaşlarımız dünənin şagirdləri deyilmi? Neçə yaşları var ki? Onlar üstün istedada malik zəka sahibləridir! Belə “qızıl uşaqlar”ın taleyini Vətənə bağlamaq vacibdir.
çap et