Sevgi və savaş...
Feildən düzələn iki isim.
İkisində də hərəkət var.
Amma mayasındakı həqiqət başqadır... Ona görə də yüz illərdir qaynasa da, bir-birinə qarışmır.
Hərəsi üzünü bir yana çevirən dağ çayları kimi... Hərəsi bir budaqda fəryad qoparan bülbüllər kimi... Hərəsinin öz məntiqi olan paralel dünyalar kimi... Gəl, bu aləmə bir ekran dünyası da qarışa... Göz qabağında orta əsrlərin türk dünyası canlana... Azərbaycan xanlığı, Osmanlı sultanlığı, Səfəvi hökmranlığı görünə... Və günlərin bir günü bir cüt körpə doğula, bu dünyalara qarşı çıxa...
... Hələ də inana bilmirəm ki, Xalq yazıçısı Elçin “Mahmud və Məryəm”i 18 günə yazıb. Birnəfəsə oxunur, ona görə. Təkcə motivi ilə yox, həm də canlı təhkiyəsi, geniş və çoxşaxəli süjet xətti, fikrin sadə, amma obrazlı ifadəsi ilə əski dastançılığı xatırladan bu romanı müasir dastan adlandırmaq bəlkə daha doğru olardı. Amma eyniadlı əsər əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə istehsal etdiyi filmə... birnəfəsə baxmaq olmur. Kitabla kinonun fərqi də budur. Bir var, dərdi(ləri) oxuyasan, bir də var onu görəsən... Qəhəri boğazını yandıra, acısı ağzını...
Gəncə xanı Ziyad xan övlad istəyir. Tanrı onun səsini eşidir. Ziyad xan taxtına varis istəyir... Amma bu dünya yalnız insan oğlunun istəyi, arzusu ilə nizamlanmır! Bu dünyaya hər gələn davamçı deyil – yolları yorulan bu dünyada öz cığırını açmaq üçün doğulanlar da var...
Ziyad xan körpə əlləri ilə qılıncın qəbzəsindən möhkəm yapışan Bayanduru oğulluğa götürür, öz canından, qanından olan Mahmud isə meylini kitab-dəftətə salır... İstər şifahi, istərsə də yazılı ədəbiyyatımızda belə oxşar taleli atalarla tez-tez rastlaşırıq. Bu hökmdar obrazları təsadüfən yarana bilməzdi. Müdrikliyin dili ilə deyilir ki, əslində bizim hökmdar atalarımız hərb adamından daha çox, ruh adamı olublar. Onların qılıncdan yapışması qoluzorlu uşaq kimi götürmədir – məcburən atılan addımdır, özünüxilasdır, yeganə nicat yoludur... Ömürboyu özüylə, amansız zəmanə ilə vuruşan, ona görə də canından usanan Gəncə xanı qarabağlı xanəndənin nisgilli naləsinə dözə bilmir:
– Qarabağda sənin kimin, nəyin qalıb?
– Atam, anam, evimiz...
– Yalan deyirsən... Qarabağda ürəyin qalıb!
Ürəyi mal-dövlət, mənsəb hərisliyi, kin-qəzəb hissi ilə döyünən nə qədər desən... Ürəyini eşq havası ilə doldurmaq hünər istər. Bu heç indi də göründüyü qədər asan deyil. O ki ola XVI əsrdə... Türk ruhunun pərvaz etdiyi bir zaman və çox təəssüf ki, həm də türk dünyasının çalxalandığı bir dövr: Osmanlı sultanlığı ilə Azərbaycan Səfəvi dövləti üz-üzə, qarşı-qarşıya dayanıb... Yaşlı və yorğun Ziyad xanın dərdi başından aşır – bu zalım və amansız dünyada xanlığını, camaatını, ailəsini və ən başlıcası, məsum ciyərparasını necə qorusun:
– Taxt-taca sahib çıxmaq sənin alın yazındır...
– Elə adamlar var ki, yazılanı pozmaq üçün doğulur!..
Bu ata-oğul dialoqu paralel dünyaların kəsişməsi, həqiqətlərin, məntiqlərin toqquşmasıdır.
Hakimiyyət – bir vaxt cild-cild kitablarda qəsdən mənfi bir yozumda verildiyi və guya ağıllı adamların gen qaçdığı bir həqiqət deyil. Müasir sənət feodalı, xanı, hökmdarı – bütün gününü eyş-işrət içində keçirən əyyaş kimi təsvir etməkdən də yaxşı ki, canını qurtara bildi. Ötən əsrin ortalarından başlayaraq, tədricən ədəbiyyat və dramaturgiyada, o cümlədən kinematoqrafiyada müasir insanın tarixə daha ədalətli baxışını seyr etmək olar. Bizim kinomuzda da belə hökmdarlar göründü – heç şübhəsiz ki, ən parlağı “Nəsimi” filmindəki Əmir Teymurdur. Paralel dünyaların kəsişməsi burada şair-hökmdar qarşılaşmasında görünür və söz qalib gəlir. “Mahmud və Məryəm”də isə eşq. Ziyad xan oğlunu anlayır və onun üçün əlindən gələni edir: Sofuya gizlincə ləl-cəvahirət verir, onları qorumaq üçün adam yollayır, hətta Süleyman paşaya da məktub göndərir... Və bütün bunları iki daşın arasında edir, çünki qılınclar qınından çıxmışdı artıq... Savaş dünyasının öz həqiqətləri var: Bayandurun dar macalda həm Şah İsmayıla, həm də Sultan Səlimə tərəfdaşlıq məktubu göndərməsi bu dünyanın qaydalarına görə tədbirli bir gediş idi...
Sevgi isə tam əksinə, düzlük, sədaqət istəyir və bu dünyanın qəhrəmanı ürəyinin ardınca yola çıxır. Məryəm xristian qızıdır. Onun dini mənsubiyyəti dastanda da belədir, romanda da. Filmdə qızın atası alban kilsəsinin keşişidir. Dastanın bir çox tədqiqatçıları da Məryəmin (Əslinin) məhz alban qızı olması fikrinin tərəfdarı kimi çıxış edirlər. Əslində bu, ən ağlabatan və inandırıcı bir qənaətdir. Gəncə yaxınlığında tarixən mövcud olan alban kilsələri indiyədək qorunub saxlanır. Albanlar adət-ənənələrinə, inanclarına, mədəniyyətlərinə sədaqətləri ilə hər zaman seçiliblər və bu baxımdan filmdə Məryəmin alban qızı kimi təqdimatını tarixi həqiqətə daha yaxın hesab etmək olar. Məryəmin xristian olması sevgi dünyasındakı dramatik situasiyanı gərginləşdirir. Ülvi dünya da çarpazlaşır: biz həqiqətlərin yenə üz-üzə dayandığını görürük. Qara keşiş – qızını anasız böyüdüb, mehrini-məhəbbətini yeganə balasına salıb. Məryəmin öz inanclarına uyğun biriylə evlənməsini, oğul-uşaq sahibi olmasını istəyir. O, bu təsəvvüründən kənarda qızının xoşbəxtliyinə inanmır. Onun (bəşəriyyətin) halına acıyırıq da... Yer üzündəki sərhədlər azmış kimi, ruhumuza da çəpər çəkilib. Yer üzünü bölüb-parçalayan sərhədlər insanın cismini, dinlərin yasaqları da ruhunu məhv edir. Bu sərhədləri əliqılınclı, canı-qanı bahasına qoruyanlarla yanaşı, ruhun azadlığının qarşısını minbir cadu-tilsimlə almağa çalışanlar da var... Qara keşiş kimi... İnandığı həqiqətlərin bir-birinə dolaşdığını görən Məryəm “ey İsa!”, “ey Məhəmməd!” deyə göyə üz tutur... Və təəssüf ki, müsəlman-xristian dünyası arasında yüzlərin, minlərin həvəslə, ümidlə saldığı körpüləri həmin bu Qara keşiş kimisi bir andaca dağıdır və bu, filmdə ən təsirli səhnələrdən biridir.
Hadisələrin dramatik inkişafı boyu öz həqiqətləri uğrunda çarpışan dünyaların heç biri qələbə sevinci yaşamır. Filmin qəhrəmanlarını nə qollarının gücü xilas edir, nə inancları, nə də... sevgiləri. Baş məbədin rahibi 64 illik ibadətdən sonra ilahi gözəlliyin bu dünyada olduğunu anlayır: dağların əzəmətində, meşələrin həmişəyaşıllığında! Amma yox... Göz qamaşdıran bu gözəllik də pak deyil. Xarüqələr yaradan qara torpaq insan qanıyla suvarılır, əzəməti ilə adamı heyran edən ağaclar ah-nalə səsiylə boy atır, rəngbərəng gül-çüçəklər qılınc-qalxan, top-güllə səsiylə açılır... Amansız Çaldıran döyüşünün acı mənzərəsi bu həqiqətləri pıçıldayır. Daha doğrusu, haray salır, nalə çəkir! Mahmud – insan oğlu haqqa və həqiqətə, yerə-göyə, həyata-ölümə üsyan edir. Ona görə də Qısır Qarı quş olub uçmaq istəyir...
Filmə baxandan sonra qeyri-ixtiyari dilinə “çox kədərli filmdir” kəlmələri gəlir. Tarixin bir başqa adı – babalarımızın babasının babası, nənələrimizin nənəsinin nənəsi yaşadığı vaxt deməkdir. “Sehrli güzgü”nün vasitəsilə doğmalarını görən tamaşaçıların üzü qayğılı idi: öz aləmində hər kəs cavab axtarır, aydın görünən bu paralel dünyaların hansında olduğunu dəqiqləşdirməyə çalışırdı...
Bu məqamda hansı aktyorun hansı rolu necə oynaması heç yada da düşmür: çarpaz həqiqətlərin arasında hərə öz dünyasını axtarır...
O dünyaların adı sevgi və savaşdı.
Biri feildən, o biri fitnə-feldən düzəlib...
çap et