“DH-Hüquq-Consulting” Şirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi
Ölkəmizdə yürüdülən plüralist demokratiya siyasəti Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindəndir. Bu siyasi xətt bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanır. Bir dövlət kimi Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi – bütün bunlar xarici siyasətimizin əsasını təşkil edən amillərdəndir. Keçmişdə dövlət quruculuğu üçün çox böyük önəm daşıyan hadisələrin altında ulu öndər Heydər Əliyevin imzası var və bu siyasət onun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Geosiyasi baxımdan Azərbaycan elə bir qaynar və narahat məkanda qərar tutur ki, siyasi iradə, çeviklik, hadisələrə zamanında adekvat reaksiya olmadan onu qorumaq, həm də güclü bir dövlətə, güclülər arasında söz sahibinə çevirmək qeyri-mümkün olardı. Keçən əsrin 90-cı illərində Azərbaycan dövlətinin ölüm-dirim dilemması qarşısında durduğu bir zaman Heydər Əliyev iradəsi və zəkası olmasaydı, onu xilas etmək, bu günə, bu günün əzəmətli gerçəkliyinə çıxarmaq çətin olardı. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də artıq dünya ictimaiyyətinin də etiraf etdiyi kimi, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.
Azərbaycanın regiondakı önəmli mövqeyi, super güclərlə münasibətdə özünə düzgün mövqe tuta bilmək bacarığı, bütün bu mürəkkəb hadisələr çevrəsində özünü qoruya bilmək səriştəsi və ən əsası, bütün bu mürəkkəb şəraitdə düzgün mövqeyini sərgiləyə bilmək bacarığı – bəlkə də necə deyərlər, ekranda hər gün görünməyən, insanların fərqinə varmadığı nəsnələrdir, ancaq heç kim dana bilməz ki, bu günün son dərəcə mürəkkəb şəraitində artıq güclü bir dövlət kimi duruş gətirə bilmək imkanın qazanılması böyük enerji sərfi, ağır zəhmət hesabına başa gəlib. Bu hərəkət və gedişlər içərisində vəziyyətdən çaşmamaq, ən mürəkkəb vəziyyətin sadə, düzgün həll yoluna aparan nöqtəsini tapmaq fəhmi bizim prezidentimizə xas olan misilsiz keyfiyyətlərdəndir. Bir ölkə resurslar baxımından zəngin ola bildiyi kimi, kasıb da ola bilər. Hər iki halda, necə deyərlər “sıfır vəziyyətində” bunların özlüyündə elə bir potensial üstünlüyü yoxdur. Kasıb bir ölkəni güclülər sırasına çıxarmaq nə qədər böyük ağıl, səriştə, bilik və bacarıq tələb edirsə, resursları zəngin olan bir ölkənin müstəqilliyinin qorunması, ona dikilən ac və həris gözləri, el arasında deyildiyi kimi, “qaytarmaq” bacarığı, ölkənin zəngin yatırlarının tez bir zamanda göyə sovrulmasına yol verilməməsi, getdikcə geniş vüsət qazanan inşaat meydançasında hər kiçik detalın da qeydinə qalınması, iqtisadi inkişaf modelinin düzgün seçilməsi idarəçidən böyük zəka, ağıl və fərasət tələb edir. Bu məqam çox maraqlı və diqqətçəkəndir: ən mürəkkəb şəraitdə belə məsələlər elə həll edilir ki, burda ulu öndər Heydər Əliyevin üslubu açıqca hiss edilir. İrs-varislik əlaqələrinin mükəmməl sintezi ölkədə həm abadlıq işlərinin sürətli inkişafına, həm də ölkəmizin siyasi kontekstdə güclü dövlət imici qazanması ilə şərtlənir. Köhnə tikililəri yeniləri əvəz etdikcə, köhnə, sıradan çıxmış, bu günün həqiqətlərinə uyğun gəlməyən düşüncə tərzi də yeni və müasir təfəkkürlə əvəz edilir. Elə hadisələr baş verir ki, adi vətəndaş da özünü bu ölkənin sahibi kimi hiss edir, ürəyinin dərinliyində onun bayrağını gəzdirir. Prezidentimiz necə deyərlər, opponentlərindən fərqli olaraq “odlu-alovlu” çıxışları ilə deyil, məhz prosesin özü vasitəsi ilə insanların şüuruna təsir edir. Gələcəyin böyük vətəndaşı da elə bu prosesin içində yetişir. Opponentlər isə köhnədənqalma ideoloji “cəbbəxananın” bəzək-düzəyini gözə soxmaqla, ölkəmizə, bu ölkənin vətəndaşına dəxli olmayan şüarları dövriyyəyə qoşmağa çalışırlar. Rusiya, İran, Türkiyə, ABŞ, Fransa və sair güclü, minillik idarəçilik tarixi olan dövlətlərlə normal və ikitərəfli faydalı tərəfdaşlıq münasibətlərinin qurulması az bir zaman işində gerçəkləşdirilmişdir. Ulu öndər Heydər Əliyev digər dövlətlərlə münasibətləri elə tənzimləyirdi ki, kənardan baxanda bu hadisələrdən nümunə götürmək, onları əlifba kimi öyrənmək duyğusu yaranırdı. Bu dövlətçilik dərsləri ibrətli səhnələrlə doludur. Heydər Əliyev hərəkətləri ilə sübut edirdi ki, böyükdən kiçiyə qədər bizim hamımız dövlət üçün çalışmalı, onu göz bəbəyimiz kimi qorumalıyıq. Onun “Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!” nidası heç də patetika, yaxud ritorika deyil, bu, son yüz ildə Azərbaycan tarixində baş verən proseslərin məntiqi nəticəsidir – hər bir azərbaycanlı məhz belə düşünməlidir. Siyasi xadimin hərəkət və addımlarında bu kimi ibrətamiz fraqmentlərin bolluğu, necə deyərlər həm keçmişə, həm də gələcəyə xidmət edən önəmli komponentlərdəndir. Ona görə keçmişə ki, gənc dövlətin arxasındakı tarix də bu yolla bütövləşir, insanların gözü qarşısında əsl mənasını mükəmməl formada ifadə edir. Bu unudulmaz təcrübə və dərslər mahir siyasətçi İlham Əliyev cənablarının hərəkət və addımlarında özünün qətiyyəti, ağıla, məntiqə, ən əsası isə xalqımızın işıqlı gələcəyinin bərqərar olmasına söykənir. Ölkəmizin iqtisadi baxımdan güclənməsi, bundan da önəmlisi müstəqil iqtisadi siyasət yeridə bilməsi şübhəsiz ki, güclü dövlət mexanizmindən irəli gələn üstün cəhətlərdəndir. Ölkəmizin və onu idarə edən iqtidarın dəqiq, hər kiçik detalın yerini, mövqeyini də nəzərə alan uzaqgörən siyasəti sayəsində qısa bir zaman çərəyində nəzərəçarpan dərəcədə inkişaf etməsi bu günün reallığıdır. Elə buna görədir ki, qısa bir zamanda qüdrətli dövlətə çevrilən Azərbaycanın sözünü dinləmək, onun mövqeyini nəzərə almaq, ona təkcə coğrafi və geosiyasi mövqeyinə görə deyil, həm də potensialına, qüdrətinə görə hörmət edilməsi həmin o qısa zamanda əldə edilən uğurlarla bilavasitə bağlıdır. İdarəetmə metodu və onun söykəndiyi sistemi anlamaq, düzgün nəticələr çıxarmaq bu günün parlaq uğurlarının rəhni olub. Mövcud potensialı günün reallığı ilə əlaqələndirə bilmək səriştəsi, bu potensialı sabahın, gələcək nəsillərin rifahı üçün yatırıma çevirmək bacarığı, etiraf etmək lazımdır ki, tükənməz enerjinin, dərin ağıl və böyük zəkanın məhsuludur.
Ancaq bu da reallıqdır ki, bu uğurların qarşısını almaq istəyən, onlara mane olmaqla xarici siyasətdə Azərbaycanın taleyüklü prioritetlərinə ziyan vurmaq, onların gerçəkləşməsinə əngəl olmaq ehtirası sönmür ki, alovlanır. Məsəl var, deyərlər, niyyətin hara, mənzilin də ora. Kimisə niyyətindən döndərmək mümkün olmadığı kimi, bu işin ziyanı haqqında ona moizə oxumaq da faydalı deyil. İşin cövhəri sadə insanlara bu fiqurların məkrli hərəkətlərini, Vətənin mənafeyinə ziyan vuran, onun imicini ləkələyən cəhətləri anlatmaqdır. Professor Cəmil Həsənli tarixçidir, Azərbaycan tarixinə dair cildlərlə kitabların müəllifidir. Ancaq onun tarixi zərurətin və inkişafın əleyhinə yönələn çıxışlarında bir əhəmiyyətli fakt unudulur: insan var faktları sıralayır, güman və ehtimalla, lap elə elmi müddəalara söykənərək tarix kitabı yazır, insan da var TARİX YARADIR! Elə bir tarix ki, elə bir əməl ki, bilavasitə millətin taleyi ilə bağlıdır. Ulu öndərin unudulmaz nitqlərinə diqqət yetirdikdə oradakı kəlamları oxuduqca hiss edirsən ki, bu sözlərin yükü təkcə deyildiyi məqamla bağlı olmayıb, məsələn, “...Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir...”, yaxud “...ağıl olan yerdə zora ehtiyac yoxdur”. Hər dəfə seçkilər yaxınlaşdıqca bu niyyətlər konkret plan və tədbirlər şəklində ayrı-ayrı dağıdıcı müxalifət qiyafəsində peyda olur.
Düzdür, bizdə müxalifət tərkib etibarı ilə dəyişir, belə olduğu üçündür ki, onun kütləyə sirayət edəcək gücü və potensialı ölü nöqtədə qərar tutur və passiv mövqedən görünür. Ölkəmizdə müxalifətin bu kimi ziyanlı əməllərlə məşğul olması, iqtidara gəlmək üçün hər cür dona girməsi və ən əsası xalqı aldatmaq məqsədi ilə şəkilcə yeni, ancaq mahiyyətcə mənasız üsullara əl atması, şübhəsiz ki, yeni hadisə deyil. Ancaq xalq məsəlində deyildiyi kimi, yel qayadan nə aparar?
Tarixçi məşğul olduğu, tədqiq etdiyi dövrün faktlarını yaxşı bilə bilər, ancaq tarixi hadisələrin məntiqini, inkişaf meyllərini dərk etmək hər bir kəs üçün asan məsələ deyil.
Cəmil Həsənli haqqında mif yaradılmış tarixçidir. Elə bir mif ki, şəxsi reallıqdan çıxarıb göylərə qaldırır və onun xarici ölkələrin kitabxanalarına yol açan əsərlərində bu xalqın taleyi, xüsusən də keçmişi ilə bağlı ziyanlı fraqmentlər var. O, sanki bilərəkdən görməzdən gələ-gələ milyonlara dərs keçmək, insanları istiqamətləndirmək istəyir. Tarixdə bir hadisə ən çoxu bir dəfə baş verir. Xalqı təmsil etmək gücü olmayan dəstə hakimiyyətdə gəldikdə də xalqın bəxti ən çoxu bir dəfə gətirir. Xalqın içindən elə bir lider yetişir ki, o, dəstəni külək kimi sovurur və tarixin arxivinə təhvil verir. Yəni, tədqiq etdiyi predmeti yaxşı anlamayan, onu qəsdən sərf edən yönlərə əyən bir şəxs millətin lideri ola bilərmi? Əlbəttə olmaz! Onun sağında və solunda qərar tutan digər müxalifət liderlərinə gəldikdə, onların leksikonunda artıq elə bir söz yoxdur ki, millət ona inansın! Məsələnin bütün mahiyyəti, vəziyyətin tragikomik sifəti budur!
Uzağa getməyək, müxalifətin əvvəlcə qabağa verdiyi kinorejissor Rüstəm İbrahimbəyov özü də etiraf elədi ki, artıq siyasətlə məşğul olmur və heç vaxt müxalifətə yaxın olmayıb. Sən demə, o, heç vahid namizəd olmaq da istəməyibmiş, onu məcbur ediblər. Çarəsiz müxalifət. Müxalifət dünənə kimi xalqın ümidi, pənahı, xilaskarı, xalq qəhrəmanı adlandırdığı insanı bu gün Vətən xaini, satqın, riyakar adlandırır, belə müxalifətə inanmaqmı olar?
R.İbrahimovla C.Həsənli əslində bir-birinə oxşayırlar. Əgər birincisi Bakıdakı qanunsuz tikililəri əlindən alındı deyə müxalifətçi olmuşdusa, ikincisi də növbəti dəfə millət vəkili ola bilmədiyinə görə ölkəyə başçılıq etmək iddiasına düşdü. Siyasətdə emosiya ilə hərəkət edən hər kəs sonda fiaskoya uğrayır. R.İbrahimbəyov bu reallığı dərk elədi. İndi növbə C.Həsənlinindir. R.İbrahimbəyov anladı ki, səhv etdi, yanlış yoldadır və siyasətdən getdi özünün sevimli işi ilə məşğul olmağa, kino çəkməyə. Yaxşı olardı, C.Həsənli də dərk edəydi ki, o, Azərbaycana siyasətçi kimi yox, tarixçi alim kimi lazımdır. Siyasətlə isə siyasəti dərindən bilən insanlar – peşəkarlar məşğul olmalıdır.
Sübuta ehtiyac yoxdur ki, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, o, xarici siyasət kursunu düzgün seçməlidir, burada təxmini oriyentirlərə yol vermək olmaz. Regionda 2000-ci illərdən bəri baş verən hadisələrin kontekstual təhlili də göstərir ki, ölkəmiz dəfələrlə bu ağır sınaqlardan çıxmış, öz müstəqilliyini ağıllı siyasət kursu sayəsində qoruyub-saxlaya bilmişdir. Etiraf etmək lazımdır ki, son dərəcə mürəkkəb şəraitlərdə, özü də məhz bu coğrafi və geosiyasi məkanda manevr etmək şansı çox cüzidir. Ancaq adi şahmatçı da oyunda bütün gücünü sərf edərək, bütün ağıl və bacarığını səfərbər edərək təkcə öz taleyini deyil, həm də arxasındakı keçmişi hiss etməyə çalışır. Belə olduqda insanı böyük qələbələrin astanasına gətirib çıxaran məsuliyyət hissi yaranır. Məsuliyyət hissi olmazsa, bir anın içərisində sən situasiyaya məğlub olar, meydanın ortasında tək qala bilərsən. Bizim dağıdıcı müxalifət və onun başında duran insanlar da bu gün bu gündədir. Tarixçinin bu məsuliyyəti hiss etməməsi çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətlərdə insanın düşüncəsi, özünü cəmləməsi, tarixini bilməsi, keçmişdən gələcəyə gedə bilmək bacarığı önəmli rol oynayır. 2008-ci ilin avqustunda Cənubi Qafqaz regionunda yaranan böhranlı vəziyyət, 5 günlük avqust müharibəsi ölkəmizin xarici siyasəti üçün ciddi bir imtahan oldu. Ümumiyyətlə, Cənubi Qafqaz məkanında baş verən hər bir hadisənin birbaşa, yaxud dolayısı ilə bizim dövlətimizə aidiyyəti var, bu kimi məsələlərin daim diqqətdə saxlanılması, ağıl və məntiqlə təhlil edilməsi bu gün inamla deyə bilərik ki, İlham Əliyev cənablarının uzaqgörənliyi nəticəsində hasil olub. O hadisələri detallarına qədər nəql etmədən belə bir qənaəti nəzərə çarpdırmaq vacibdir ki, bu 5 günlük sınaq müddətində Azərbaycan prezidentinin uzaqgörən mövqe tutması, vəziyyəti dövlətimizin xeyrinə ölçüb-biçmə səriştəsi dövlətimizin gücünü, siyasətimizin məqsədyönlüyünü bir daha ortaya qoymuş oldu. Bu inamlı və ağıllı hərəkətlərdən sonra partnyorları qarşısında Azərbaycanın mənəvi gücü birə on artdı.
Bəzən dövlətimizin güclü olmasını əngəlləmək, onu çətin vəziyyətə salmaq sitəyən qüvvələr müəyyən yollarla öz istəklərinə çata bilmədikdə dağıdıcı daxili qüvvələrin xidmətindən istifadə edirlər. Hər bir ölkədə, xüsusən bizim kimi gənc dövlətlərdə bu kimi hadisələrin olması, baş vermə ehtimalı bəlkə də normaldır, ancaq onların eyni tezliklə, eyni koordinatlar daxilində həyata keçirilməsi “karusel” effektini doğurur. Bu qüvvələr heç zaman dayanmayacaq, özü də əyləci əvvəlcədən zarab edildiyi üçün dayanmayacaq karuseldə olduqlarını unudublar. Müxalifət yaşlaşır və aqressivləşir, yuxarıda təsvir etdiyimiz karusel vaqeəsini onlar daxilən şübhəsiz ki, anlayırlar, ancaq başqa çarə olmadığı üçün irreal nəsnələrdən nəsə fayda götürmək kimi xəyallardan da əl çəkmək istəmirlər.
Bu qüvvələrə “dağıdıcı” epitetinin qoşulmasının şübhəsiz ki, məntiqi var. Dağıdıcılıq onların hansı niyyəti güdməsindən, hərəkətlərinin ümumi şəkildə, bir niyyət olaraq hansı məqamlara yönəlməsindən irəli gəlir. Nəecə deyərlər hər şey göz qabağındadır. Müxalifətin son günlər keçirilən mitinqinin “görüntüləri” bir daha sübut etdi ki, bü qüvvələr vahid məcrada deyil. Hər ağızdan bir söz eşidilir və xalq da bunu anladığı üçün sadəcə gülümsəməklə bu olaylara reaksiyasını göstərir. Bəli, daxilən vahid məcrada deyil. Açıq cəmiyyət partiyasının lideri Rəsul Quliyevin “heç o stadionun yarısını da doldura bilməmisiniz” nidası çox şeylərdən xəbər verir. Partiya liderini mitinqin gücü, orada deyilən sözlər və sair deyil, sadəcə kimin kimin yanında durması maraqlandırır. Bu adam Amerikada, Avropada deyil, günlərin bir günü kosmosda da yaşaya bilər, məkan dəyişməsi düşüncənin dəyişməsinə səbəb olmadığı kimi, ağır və çətinliyindən asılı olmayaraq istənilən vəziyyət də feodal əxlaqını, “kimin kimin yanında olması” prinsipini adekvat şəkildə sərgəyir. Bu gün prezidentimizin ətrafına nəzər salsaq burada əvvəla son dərəcə ağıllı siyasətçilərin, ölkənin taleyini düşünən fiqurların toplaşdığının şahidi olarıq. Onun qurub-yaratmaq əzmi, müasir düşüncəli mütəxəssislər olması mövcud vəziyyətin hansı parametrlərə malik olduğunu əyani şəkildə göstərir.
Ortaya normal bir ideya ata bilməyən, zahirən bir olsalar da, ayrı-ayrı havalara oynayan qüvvələrin hakimiyyətə sahib olduqda belə ağır vəziyyətdə ölkəmizi hansı çıxmaza dirəyəcəkləri, bizi nələrin gözlədiyini təsəvvür etmək o qədər də çətin deyildir. Bu qüvvələr adı çəkilən tədbirlərdə, müxtəlif iclas və forumlarda özlərini necə deyərlər düzünəqulu ifadə edə bilmirlər, ən əsası isə verdikləri vədlərin, analiz və izahların arxasında önəmli bir tarixçənin durmadığı üçün başıpozuq , xaotik hərəkətlər edir və belə olduğu üçün bütün gücləri ilə tələffüz etdikləri sözlər də divara dəyib geri qayıdır. Geri qayıdan söz əslində onun sahibində xəcalət hissini doğurmalıdır. Ancaq bu dağıdıcı qüvvələr öz sözlərinə də sahib durmurlar, bir an əvvəl durduqları yeri tərk edib oynamaq üçün təzə hava, yeni melodiya axtarırlar. İş işdən keçdiyini anladıqları zaman ortaya ölü bir sükut çökür, lap elə Mirzə Cəlilin “Ölülər” pyesində olduğu kimi. Səssizcə yerlərinə çəkilən qüvvələr bu təsadüfdə özləri dağıntıya məruz qalır, səhər açılan kimi gizlənməyə bucaq axtarırlar. Ancaq bir şey də həqiqətdir ki, onlar nəyin bahasına olursa-olsun tapşırılan rolları sona qədər oynamaq zorundadırlar. Bu hadisələrin anatomiyasını izləməli olsaq, belə bir düzgün qənaət hasil olar ki, bu kədərli mənzərəni doğuran o qüvvələrin radikallığıdır. Mövqe radikallaşdıqca normal müstəvidən sürüşür, niyyət, əməl təbii aurasını itirir, bununla bərabər isə sosial baza dağılır. Son mitinqə cəmi-cümlətanı 1200 nəfərin yığışması radikal və dağıdıcı qüvvələrin əslində sosial bazasız qalmasının sübutudur. Ancaq onlar məhz bu biabırçı faktı pərdələmək üçün əllərindən gələni edirlər. Bu isə, etiraf edək ki, siyasi qüvvə iddiasında olan güclər üçün son dərəcə önəmlidir. Sosial baza effektini müxtəlif hərəkətlərlə yaratmaq sadəcə mümkünsüzdür. Fakt o qədər “uzundur ki”, üstünü birtəhər örtsən də, ayaqları yorğanın altından çıxır. Yuxarıda xatırlatdıq ki, dağıdıcı müxalifətin siyasi-ictimai hadisələr fonunda davranışı son dərəcə anormal təsir bağışlayır. Burada nəzərdə tutulan, icra olunmalı iş o qədər kobud və yöndəmsiz şəkildə həyata keçirilir ki, partiya liderinin “multfilm” adlandırdığı səhnə detallarına qədər açılır. “Mən güclüyəm” deyən adam açıq dənizdə fırtına qopduqda necə hazırlıqsız yaxlanırsa, dağıdıcı müxalifət də bu gün eyni durumdadır. Ola bilsin, şeyx Nəsrullah da insanları aldadıb qaçarkən belə bir fırtına ilə üzləşməli olur və indiyə qədər də onun getdiyi yoldan xəbər gəlmir. Hərəkət, əməl... o zaman multfilm səciyyəsi qazanır ki, sən üzərinə qoyulan missiyanı icra prosesində pozursan, oynaya bilmirsən və belə olduğu üçün oyundankənar vəziyyət yaranır. Oyundankənar vəziyyətdə onların davranışı ən uzaq məsafədən belə görünür. Artıq onu təhlil etmək, ağır şərhlərə məruz qoymaq necə deyərlər, bir az da insafdan deyil. Dağıdıcı müxalifətin acınacaqlı vəziyyəti heç də bu günün hadisəsi deyil. Onlar vaxtında qarşılarından olan dərslərdən nəticə çıxara bilsəydilər bu gün şübhəsiz ki, başqa vəziyyətdə olardılar.
Vaxtilə ilə azadlıq duyğularını ifadə etmək naminə böyük meydan və məkan axtaran müxalifət qüvvələri indi kiçik məkanlarda çox acınacaqlı vəziyyətdə görünür. Bu amil keçmişdən üzü bəri, özü də yaxın keçmişdən üzü bəri gördüyümüz ən ciddi dərslərdən biridir. Ağır və taleyüklü məsələlər həll edilərkən kim xalqın önündədirsə, liderlik də ona tapşırılır. Artıq burda boş danışıqlara yer qalmır. Qatar ötüb keçdi. Özü də tam sürətlə!
Müxalifətdə olanlar indiyə qədər verdikləri yalançı vədlərlə nəinki ictimaiyyət, eləcə də özləri qarşısında da bütün etimadlarını itiriblər. İstər prezident, istərsə də Milli Məclisə seçkilər zamanı ardıcıl məğlubiyyət və uğursuzluqlar, hər seçkidə verdikləri “qələbə” vədlərinin yalan çıxması müxalifət başçılarının uğursuz imicini daha da möhkəmlədib. Bundan başqa, müxalifət başçılarının həmişə şəxsi maraqlarını önə çəkmələri, öz maraqlarını müxalifətin ümumi maraqlarından öndə tutmaları, buna görə bir-birilə ziddiyyət və ədavətə getmələri də onların siyasi karyerasını sona çatdıran və xalqı onlardan usandıran məqamlardandır. Neçə illərdir ki, onlar mitinqlərdə eyni yeknəsəq şüarlar və çıxışlar səsləndirir, ifrat tənqidə, şişirtmələrə və dedi-qodulara üstünlük verirlər.
Müxalifət hər addımda öz arqumentsizliyini, gücsüzlüyünü, zəifliyini nümayiş etdirir. Prezidentliyə namizədlərin, eləcə də onların səlahiyyətli nümayəndələrinin İctimai Televiziya və radioda baş tutan debatlarında onların nəyə qadir olduqları ortaya çıxır – danışanda faktlarla, sübutlarla əsaslanmır, sadəcə hay-küy qaldırır, populist çıxışlar edir və bununla da başqa yol tapa bilmədiklərini bir daha təsdiqləyirlər. Onlar faktlarla, arqumentlərlə çıxış etmək, reallığa uyğun olan və ən əsası, vətəndaşların qəlbinə girə, onun seçiminə təsir edən fikirlər, ideyalar ortaya qoymaq əvəzinə, əksinə, reallığa uyğun olmayan, həqiqəti əks etdirməyən, çox zaman isə yalan üzərində qurulan iddialar səsləndirirlər. Bu, bir növ müxalifətin, xüsusilə də radikalların hər zamankı adətidir. Yalan vədlər verməklə həqiqətdən uzaq fikirlərlə hakimiyyətin bütün uğurlarını, Azərbaycan dövləti və xalqı naminə etdiklərini görməməzliyə vurub onları əks rakursda təqdim etməklə müxalifət heç zaman heç nəyə nail ola bilməyib və heç bir şübhə yoxdur ki, bundan sonra da nail ola bilməyəcək. Azərbaycan xalqını aldatmaq limiti artıq çoxdan tükənib. Xalq ağı qaradan seçməyi bacarır, bu səbəbdən artıq öz seçimini edib və öz seçimindən də bir addım olsun belə geri çəkilən deyil. Bu seçim cənab İlham Əliyevdir. Biz bütün seçiciləri seçkilər günü cənab Prezidentimiz İlham Əliyevə səs verməyə dəvət edirik.
çap et