525.Az

Adların ən şərəflisi


 

Adların ən şərəflisi<b style="color:red"></b>

Bu gün onların günüdür. Hansı ki, bizlərin yolunda gecələrini-gündüzlərinə qatan və cəmiyyətdə əziyyətlərinin bəhrəsini görmək üçün daima oxuyun, adam olun deyərək, hər cür yollarla bizləri düz yola istiqamətləndirən – müəllimlərimizin günüdür. Hər il  oktyabırın 5-də  Beynəlxalq Müəllimlər Günü  qeyd olunur.

Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində 5 oktyabr – müəllimlərin peşə bayramı kimi qeyd edilir. Bu gün bütün dünyada olduğu kimi, 1993- cü ildən ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür – pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.  

Ümummilli liderimizin dediyi kimi bizlər də həmişə müəllimlərimizin hərarətli qəlbini  xoş xatirələrlə xatırlayır, onların bizə verdiyi orta və ali təhsilin keyfiyyətinin cəmiyyətdə daima həlledici rol oynamasının əyani şahidi oluruq. Hərbçi ailəsindən olduğum üçün atamın işiylə əlaqədar bir müddət rayonda xalamgildə qalıb təhsil almalı oldum. İradə xalamın işlədiyi orta məktəbdə ibtidai sinif müəlliməsi olan Xatun müəllimənin sinfində oxumalı oldum. Xatun müəllimə olduqca təcrübəli pedaqoq və məsuliyyətli müəllimə idi. Dərs dediyi uşaqların hamısının savadlı olması üçün şagirdlər arasında tez-tez həvəsləndirici sınaq imtahanları keçirər və onlar arasında bilik rəqabəti aparardı. Bu ilin iyul ayında rayona  toya getmişdim. Orada 22 il əvvəl mənə dərs demiş, ağ vərəqlər üzərində ilk dəfə “Ana, Ata və Vətən” kəlmələrini yazmağı öyrətmiş,onların mənalarını açıqlamış əziz müəlliməm-Xatun müəlliməylə görüşməyim mənim üçün ikiqat toy- bayrama çevrildi. Həmin an hansı hisslər keçirdiyimi sözlərlə  ifadə etmək mümkün deyil. Müəllimlərimizə  olan sevgi ata və anamıza olan qədər eyni ehtiramdır. O zaman müəllim sözündən müqəddəs nə ola bilər?! Daha dərindən fikirləşsək görərik ki,  anamız bizi dünyaya gətirib ilk addım atmağı öyrədibsə, müəllimlərimiz bizi sanki, “yerdən-göyə” qaldırıblar.

Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Son illər Azərbaycanda da təhsilin inkişafı dayanmadan tərəqqi edir.Prezident İlham Əliyevin təhsilin inkişafına qayğı və diqqəti nəticəsində  son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, onların məsuliyyətini  artırır. Hər il olduğu kimi bu il də müəllimlərin əməklərinə verilən qiymətin baris nümunəsi olaraq,ölkə başçısının 30 avqust 2013-cü il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışanların əmək haqqları 10 faiz artırıldı.

Müəllim adının mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün  müəllimlərimizi təbrik edirik!

Əziz müəllimlərimiz, bayramınız mübarək!

 





07.10.2013    çap et  çap et