Azərbaycanın böyük dostu, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, “Dostluq” ordenli dr. Akkan Suver “Gözlem” qəzetində Azərbaycanla bağlı növbəti köşə yazısı ilə çıxış edib.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb həmin yazını Azərbaycan türkcəsinə uyğunlaşdırıb təqdim edirik.
Bu həftə qəzetin mənə ayırdığı sütunu Kazım Qarabəkir paşanın xatirələrindən bir parçaya həsr etmək istəyirəm.
Böyük sərkərdənin qardaş xalqla bağlı təsbitləri Türkiyə-Azərbaycan münasibətlərinin ən uğurlu örnəklərindən olduğundan gənclərin bunu bilməsini istədim.
1920-ci il mayın 3-də Mustafa Kamal Paşa Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya ünvanladığı məktubda yazırdı: “Dövlətdə heç pul qalmadı. Hazırda ölkədə belə bir mənbə tapa biləcəyimizə də ümid yoxdur. Yeni bir mənbə tapanadək Azərbaycan hökumətindən borc alınmasını təmin etməyinizi rica edirəm”.
Kazım Qarabəkir Paşa bu xahişi qonşu ölkənin rəhbərliyinə çatdırdı.
Bu istək Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasında ilk rəsmi təmas idi.
Azərbaycandan Türkiyəyə uzanan qardaş əlinin nədən Azərbaycanın “can” olduğunu bizə isbat etməsi baxımından indi bəhs edəcəyim məqamlar da böyük əhəmiyyət kəsb edir.
1921-ci ildə N.Nərimanovun göstərişi ilə Azərbaycanın xarici işlər naziri Mirzə Davud Hüseynov İnönü savaşında qazandığı zəfər münasibətilə türk xalqını sovet Azərbaycanı adından teleqramla təbrik edərək qələbə münasibətilə 30 sistern neft, 2 sistern benzin və 8 sistem kerosin göndərildiyini bildirirdi.
Yenə də həmin ilin may ayında Azərbaycan dövləti TBMM hökumətinə 62 sistern neft göndərdi və bundan sonra müharibə bitənədək eyni miqdarda neft və üstəlik 3 sistern də kerosin göndərəcəyini vəd etdi.
Qardaşcasına üzərinə götürdüyü öhdəliyin təsbiti kimi Azərbaycan 1922-ci ildə Batum yolu ilə Türkiyəyə 9 min tondan artıq kerosin və 350 ton benzin göndərmişdi.
Hələ 1921-ci ildə Mustafa Kamal Paşa Nəriman Nərimanova məktub yazaraq ölkəsinin borc pula ehtiyacının olduğunu bildirmişdi. Martın 17-də Türkiyənin səfiri məktubu N.Nərimanova çatdırdı. N.Nərimanov dərhal 500 kq qızıl göndərdi. Həmin məbləğ büdcə və silah-sursat xərclərinə sərf edildi. Daha sonra N.Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya göndərdi. Bu yardımlar savaş içində olan Türkiyəyə “qəddini düzəltməyə” və müharibənin gedişini öz xeyrinə dəyişməyə kömək etdi.
Yenə də həmin il martın 23-də Azərbaycan qardaşlıq ənənəsinə sadiq qalaraq hədiyyə qismində Türkiyəyə 30 sistern neft, 2 sistern benzin, 8 sistem sürtkü yağı göndərdi. N.Nərimanov Mustafa Kamal paşanın göndərdiyi məktuba cavabında yazırdı ki, qazanılan hər qələbə türk xalqının imperializmin əsarətindən qurtuluşunu yaxınlaşdırır. Bu münasibətlə qəhrəman türk xalqını təbrik edən Nəriman Nərimanov əlavə edirdi: “ Paşam, biz türklərdə qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşın əlindən tutar. Biz qardaşıq, həmişə bir-birimizə kömək etmişik və bu təmənnasız yardımı sonunadək davam etdirəcəyik”.
Bizlər iki qardaş xalq olaraq haradan haraya gəldik.
Can Azərbaycanın qədir-qiymətini bilək.
çap et