İsrail-Azərbaycan münasibətlərinə siyasi coğrafiyanın şərtləri müstəvisində yanaşmaq vacibdir və etiraf edilməlidir ki, regional siyasətdə münasibətlər rəsmi Bakının geosiyasi xarakterinə müəyyən elementlər əlavə edib. Regionun geosiyasi mənzərəsi lokal dəyişikliklərə hazır olmasa da, nisbi dəyişikliklərə tamamilə uyğundur. Ümumi planda isə İsrail-Azərbaycan münasibətlərinə sırf regional müstəvidə yanaşmaq doğru olmazdı. Yaxın Şərqin texnoloji dövləti statusunda olan İsraillə münasibətlərin inkişafı daha böyük halqada, məsələn, beynəlxalq siyasi münasibətlər sistemində müəyyən strateji elementlərə birbaşa təsir etmək imkanı yaradır. Bakı ilə Təl-Əvivin münasibətlərinin inkişafı geniş planda regional proseslərə təsir edir. Belə bir şəraitdə Azərbaycan-İsrail münasibətləri avtomatik olaraq İranı qıcıqlandırır və o, intensiv olaraq rəsmi Bakıya təzyiq edir.
Digər tərəfdən müvafiq olaraq qlobal sistemdəki iqtisadi və siyasi dayaqlarının unikallığını nəzərə almaqla İsrail oxuna stavka etmək praqmatik gediş olardı. İsrail-Azərbaycan münasibətlərinin inkişafı və proseslərin gələcək dövr üçün strateji aspekti ona gətirib çıxarmalıdır ki, daha güclü strateji halqada təmsilçilik hüququnu konsepsiyalaşdırmaq mümkün olsun.
Təl-Əviv-Bakı yaxınlaşması regional müstəvidə müəyyən prosesləri formalaşdıra bilib. Əgər bu vaxta qədər rəsmi Bakı Rusiya-Ermənistan-İran üçbucağının regionda dərin kök salmış kölgə müttəfiqliyinə qarşı yalnız Ankaranı sabit dayaq nöqtəsi kimi özünün regional maraqlarına əlavə edə bilirdisə, indi o həm də Amerikanın regional müttəfiqi, Yaxın Şərqin prinsipial dövləti İsraili də bu kontekstdə fərdi strateji maraqlarının müdafiəsinə cəlb etməyə çox yaxındır. Bu, fövqəladə önəmli taktikadır və strateji həmrəyliyin arxasında böyük ehtimalla enerji resursları ilə bərabər İran faktoru dayanır. Belə demək mümkündürsə, münasibətlərin əsas dayaq nöqtəsi hələlik enerji resursları ilə bərabər təhdidlərə qarşı birgə mübarizə konseptidir.
Biz gələcəkdə də hansısa şəraitdə strateji müttəfiq anlayışına müraciət etməli olsaq, onda belə bir müttəfiq, bizim siyasi coğrafiyanın şərtlərinə tamamilə aydın şəkildə cavab verməlidir. Bu zaman müəyyən olunmalıdır ki, bizim milli niyyətimizə qarşı hansısa tarixi şəraitdə filan-filan ölkələr qrupu və ya konkret ölkə nə qədər cavab verəcək və biz nəyi necə etməliyik ki, tarixi missiyamızı dəqiq və ölçülüb-biçilmiş qaydada həyata keçirə bilək. Yəni bütün hallarda haqqında söz açdığımız müttəfiqliyi ilahiləşdirmək fikrində deyilik və bizim təyinatımız daha böyük tarixi yanlışı düzəltməkdən ibarət olmalıdır. Böyük ehtimalla İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı Cənubi Azərbaycanın müstəqillik cəhdlərinə Rusiya, ABŞ və Avropa Birliyi qədər İsrail də qarşı çıxacaq. Ancaq hətta bu təhlillərin doğruluğunu şübhə altına almaq mümkün olmasa da, yenə də ikitərəfli münasibətlərin indiki mərhələdə inkişafında rəsmi Bakı maraqlı olmalıdır. Cənubi Qafqazın geosiyasi mənzərəsinə ötəri nəzər salmaq kifayətdir ki, İsrail-Azərbaycan münasibətləri inkişafının əhəmiyyəti dərk olunsun. Bizə görə proses çoxtərəfli əməkdaşlıq formatından ciddi strateji müttəfiqlik kontekstinə transformasiya olunmalıdır və bu istiqamətlər maksimum çox funksiyalı elementlərlə bərkidilib möhkəmləndirilməlidir.
Beynəlxalq münasibətlər sistemində də birgə əməkdaşlıq üçün ciddi əsaslar mövcuddur. Yaxın Şərq regionunda İsrail, demək olar ki, izolyasiya şəraitində mövcuddur və o, nisbi təcrid şəraitində ən yaxşı halda ABŞ-ın forpost subyektləri ilə əməkdaşlıq edir. Xüsusilə İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində, müəyyən sabitləşdirici aksiyalarda məhz yenə də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanla əməkdaşlıq, onun potensial dəstəyinə ehtiyac, fövqəladə önəmli olmalıdır.
Bəs rəsmi Bakı üçün bu münasibətlərdən hansı formada qazanclı çıxarmaq məqsədə uyğundur? Öncə onu qeyd etmək lazımdır ki, milli hökumətlər bu prosesdə risk faktorunu nəzərdə saxlamalıdır. Həm mümkün daxili təlatümlərdən qaçılmalı, həm də ekstremist elementlərin mövcudluğu faktı nəzərə alınmalıdır.
Konkretləşdirsək, rəsmi Bakı üçün də bu münasibətlərin bir neçə istiqamətdə spesifik əhəmiyyəti var. Xüsusilə nəzərə almaq lazımdır ki, onun Dağlıq Qarabağ münaqişəsi kimi beynəlxalq sistemdə artıq siyasiləşmiş və öz prinsipial həllini gözləyən problemi mövcuddur. Məgər bu problemin həlli üçün güclü və mütəşəkkil beynəlxalq dəstəyə ehtiyac yoxdur?
Bakı üçün yəhudi lobbi təşkilatları ilə əməkdaşlıq da son dərəcə əhəmiyyətli olmalıdır. Bir müddət öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. Bu prosesdə yəhudi lobbi və diaspor təşkilatları yaxından iştirak edib.
Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan bütün enerji dəhlizlərini müstəqil şəkildə formalaşdırır və Moskvanın təzyiqlərinə qətiyyən boyun əymir. Hər halda burada Amerika-Avropa birgə koalisiyasının əhəmiyyəti önəmli olub. Ancaq reallıq ondan ibarətdir ki, bu prosesdə İsrailin lobbi təşkilatları dünya mediasında zaman-zaman ciddi təsirlərə imza atıb. Bu, Bakının mövqelərini gücləndirən amillərdəndir.
Regional müstəvidə bu faktlar Ermənistan-İran-Rusiya üçbucağı üçün geosiyasi məğlubiyyətdir. Digər tərəfdən qeyd edilməlidir ki, İsrailin Avropa və Amerikada çox böyük strateji dayaqları mövcuddur. Azərbaycanın bu strateji bloklarla əməkdaşlığı daha sıx kontekstdə düşünülməlidir.
Mülahizələrdən belə bir ümumi nəticəyə gəlmək mümkündür ki, əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğu Azərbaycanla İsrail arasında daha çox nisbi təcrid şəraitində strateji müttəfiqlik tendensiyası Təl-Əviv üçün beynəlxalq sistemdə islam fundamentalizminə münasibətdə realizə olunmaq məsələsidir. Yəni bu, doqmaların mübarizə apardığı dünyada diplomatik xarakterin klassik təzahürüdür. Digər tərəfdən İsrailin Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya çoxmənalı dəstəyi islam fundamentalistlərinin uzun illərdir formalaşdırdığı “Yəhudilər müsəlmanlarla düşmənçilik edir” tezisini sual altında saxlayır.
Azərbaycanı dilemma qarşısında qoyan region dövlətlərinin hər birinin bölgədə xüsusi niyyətləri gizlənib. Rusiyanın Cənubi Qafqaz strategiyası, İranın aran fəlsəfəsi, Türkiyənin regionun işlərinə müdaxilə etmək həvəsi, Ermənistanın forpost statusu bu qəbildən olan tendensiyalar kateqoriyasına daxildir. İsrail-Azərbaycan münasibətlərinə təsir edən amil və ya amillərin bir çoxu regiondan qaynaqlanır. Elə məhz bu amilləri neytrallaşdırmaq naminə ölkənin milli müdafiəsini təşkil edərkən prinsipial xarici siyasət strategiyasını bütün tərəflərə tətbiq etmək fövqəladə önəmlidir.
çap et