525.Az

Qarağaclar


 

Qarağaclar<b style="color:red"></b>

Qürbət axşamı... İncə-incə yağan bir yağış və adamı iliklərinə qədər üşüdən, əsdikcə əsən bir külək. Yanından uzaqlaşdıqca Dom Kilsəsinin iti qüllələri artıq görünməz olur. Qaçaraq avtomobilə minirəm. Ren çayının üzərindən sürətlə keçirəm. Həmişə dolu olan Zoo Körpüsü üzərindəki avtomobillər seyrəkləşib.

Payızın hüznü bir başqa olur. Ürəyimin başında incə bir sızıltı və dilimdə Neşet Ertaşdan bir türkü...

“Fələk bulud olub üstümə yağdı, yaşları gözümə dolan dünyada...”’

Nə türkülər yandırdıq biz bu yollarda. Nə gözyaşları əridib axıtdıq içimizə... Amma döndükmü? Xeyr!

Torpaqlarımızı üzümüzə sürtüb günəşi qucaqladımmı? Xeyr! Elə isə türküyə davam...

“Ah yalan dünyada, yalan dünyada, yalandan üzümə gülən dünyada...”

Yenə belə bir soyuq axşamda danışmışdım atamla... Yenə avtomobilin içindəydim və yenə yağış yağırdı. Aprel ayıydı. Hava qaranlıqdı. Soyuqdu və qəhr olası bir sızıltı vardı içimdə... İncə, iti bir sızıltı...  “Gəl”, – demişdi atam...  Batıq, ağrılı, yanıqlı bir səslə... “Xəstəyəm, ölürəm” – deməmişdi. Sadəcə “Gəl” demişdi. Amma mən anlamışdım. Qaranlıqları dələcəyimə, soyuğu isidəcəyimə inanaraq getmişdim. Nəyə yaramışdı hər şey ? O qədər ayrılıq, o qədər həsrət və o qədər susqunluq... Bir türkünün içində itib-getmişdi atam... Həm də nə itmək... Ərimiş, bitmiş bir halda... Altı uşaq böyüdən o əzabkeş adama heç birimiz “yar” ola bilməmişdik. Bir təsbeh dənəsi kimi dağılmış insanlardan nə xeyir gəlir ki, “yar” ola bilsinlər?

Küskün, incik, yanmış, yıxılmış bir şəkildə geri qayıtmışdım. Yenə qaranlıq, yenə soyuq, yenə acı türkülərlə başımı qatacaqdım.

“Boş yerə aldandım, boş yerə yandım, irəngi gözümdə solan dünyada”.

Guya bu gün Köln Muzeyinə gedəcəkdim. Vallraf muzeyində orta əsrlər rəssamlarından şəkillər sərgilənirdi. Şəhərin hər tərəfinə böyük afişalar asmışdılar. Sərginin adı “Rəssamların sirri”ydi. Başında nur haləsi olan Məryəm Ana, ətrafında mələk qanadlı uşaqlar, qucağında yenə başında nur haləsi olan sarışın uşaq İsa portreti şəhərin dörd bir yanını bəzəyirdi.

Ancaq avtomobillə çayın sahilinə qədər gedə bildim. Orda enib çay boyu qurulmuş bazarda gəzindim. Çay, bazar, insanlar və şəhər hər şey qapqara idi gözlərimdə. Son bahar mövsümü bir bəladır buralarda. Hələ axşamlar lap uzun bir tunel kimidir.

Ən yaxşısı evə getməkdir.

Sürətlə sürdüm maşını. Yenə dilimdə o acı türkü...
“Sən ağladın, canım, mən isə yandım”. 

Pilləkənlərlə ölü kimi çıxdım yuxarı. Aha qapı, aha ev... Bir az istilik, bir az Vətən. Otaqları gəzdim, pəncərələrdən baxdım. Kitablarımı oxşadım. Sonra telefonun düymələrini basdım. Bir azdan o isti səs bütün bədənimi bürüyəcək, qucaqlayacaqdı məni... İsinəcəyəm yenə və unudacağam acı türkülərin sözlərini...

Çox keçmədən o səs çatır qulaqlarıma... “Orxan, Orxan can, bu gün gözəl günəş vardı. Çıxıb balkonda oturdum. Uşaqlar qış üçün ağac kəsib gətirmişdilər. Ağacın budaqları budanmış, amma kökünə toxunulmamışdı. Diqqətli baxınca ağacı tanıdım. İyirmi il əvvəl atanla Dalxarabaya əkdiyimiz qarağacdı. Gözlərimin qarşısından o günlər və körpə ağacı əlimdən alıb torpağa basdıran atan keçdi, ağladım, ağladım...”

Anam daha nələr söylədi, dinləmədim, dinləyəmmədim. Telefonu sinəmə basıb ayağa qalxdım. Pəncərədən Kölnün qapqaranlıq üfüqünə baxdım. Göylər qaranlıqdı, tutqundu. O qaranlıqda axıb gedən yağış damcıları sinəmdəki səslərə qarışıb uzaq-uzaq diyarlara gedirdi. Türkülər, şeirlərsə yetim və əlacsızdı. Ahmet Arif boşunamı söyləyib:

Axşam erkən enər məhbusxanaya
Enər, yeddi qol dəmiri,
Yeddi qapıya.
Birdən, ağlamaqlı olar bağça.
Qarşıda, divar dibində,
Üç budaq gecə səfası,
Üç kök hərcayı bənövşə ...
Oxşar qorxunc sevdadan
Göydə bulud, budaqda ərik.
Başlar incitməyə məhbusluq.
Qaranlıq can sıxıntısı...

 





21.10.2013    çap et  çap et