“Şəhriyar” Ədəbi-mədəni Cəmiyyətinin sədri,
Beynəlxalq Yazıçılar və Publisistlər
Assosiasiyasının üzvü
Azad bir quşdum
Yuvamdan uşdum
Torpağa düşdüm
Bu gənc yaşımda.
Hər dəfə mərhum müğənnimiz Səxavət Məmmədovun ifasında bəstəkar Əfrasiyab Bədəlbəylinin Cəfər Cabbarlının sözlərinə bəstələdiyi”Azad bir quşdum” mahnısını dinlədikcə, gənc xanəndənin acı taleyi, vaxtsız ölümü məni olduqca mütəəssir edir. Elə bil sağlığında hiss edibmiş ki, cavan yaşında dünyasını dəyişəcək, elə buna görə də bu mahnı ilə kəm taleyini beləcə də yanıqlı oxuyurdu. Səxavət ürəyinin səsilə öz sənət dünyasını öz millətinə oxudu və qiymətli səsini həmişəlik bizlərə yadigar qoyub, özünün oxuduğu kimi, gənc yaşında torpağa düşdü. Amma bu gənc yaşında Səxavət musiqi aləmində təkrarsız sənət yolunu yaratdı. Heç kəsi təkrar etmədən getdiyi bu yolda nələr yaratmadı, nələrə qadir olmadı bu zəif cüssəli insanın ürəyi. Ürəyinin istəyi ilə ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları minlərlə dinləyicilər tərəfindən sevildi, rəğbətlə qarşılandı və onların ruhunu oxşadı. Milli musiqimizə gətirdiyi yeni nəfəslər, təkrarsız zəngulələr, boğaz xırdalıqları onun sənət yolundakı qabarıq məziyyətlərindəndir. Xanəndənin nadir istedadı, onu arxasınca yüksək sənət zirvəsinə aparıb çıxara bildi. İstedadının və zəhmətinin hesabına az vaxt ərzində ölkənin adlı-sanlı müğənnilərinin sırasına yüksələrək xalqın sevimli müğənnisinə çevrildi, adı dillər əzbəri oldu. Xarici ölkələrə muğam üçlüyü ilə (tarzən Möhlət Müslümov və kaman ifaçısı Fəxrəddin Dadaşovla) etdiyi qastrol səfərləri zamanı xalqımızın qədimdən bəri süzülüb gələn, ana südü kimi saf, təmiz, olduqca zəngin musiqisini dünya xalqlarına çatdırmaqda və onun təbliğ olunmasında fədakarlıq göstərdi, minlərlə əcnəbi dinləyicinin alqışları ilə qarşılandı. Səxavət sənətini sonsuz istəklə sevirdi, o, klassik muğam ifaçılarının musiqi irsini həssaslıqla öyrənib mənimsədi və yüksək həvəslə davam etdirdi. Asəf Zeynallı adına musiqi məktəbində muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun sinfində təhsil aldı və bu çeşmədən bəhrələnərək daha da zənginləşdi. A.Zeynallı adına musiqi məktəbində təhsil alan zamanlarda, təsadüfən, Hacıbaba Hüseynovun onun haqqında söhbətinin şahidi olmuşdum. Ustad xanəndə öz tələbəsi Səxavət Məmmədova çox yüksək qiymət vermişdi.
Səxavətin sənəti ilə şəxsiyyəti üst-üstə düşürdü və bir-birini tamamlayırdı, mən deyərdim ki,onun sənətkarlığı yaşından daha qabağa getmişdi. Sadə, təvazökar, səmimi, dosta qarşı mehriban idi, etibar və dəyanətinə söz ola bilməzdi. Dostunun dərdini öz dərdi hesab edər, özünü heç zaman üstün tutmazdı. Onun xislətindəki bu keyfiyyətlər şəxsiyyətinə həmişə dəyər gətirir və onu sevdirirdi. Cavanlıq vaxtlarından ünsiyyətimiz tuturdu, onun şəxsiyyətini və sənətini hər zaman yüksək dəyərləndirdiyimi bilirdi.
“Hər dəfə muğam oxuyanda yeni bir şey kəşf edirəm, – deyirdi, – nə qədər zəngindir bizim muğamlarımız”. Səxavət xalq yaradıcılığına müraciət edərək, unudulmuş bir çox xalq mahnılarına yeni nəfəs verdi. Uzun illər S.Məmmədovu tarda müşayət etmiş Xalq artisti Möhlət Müslümov söyləyir ki, 8-12 saat toy şənliklərində olduğumuz zaman 4-5 dəfə eyni muğamın oxunmasını sifariş verərdilər, ancaq Səxavət o muğamı hər dəfə oxuduqca yeni ruh verərdi ki, dinləyici yorulmasın.
Xanəndənin yüksək ustalıqla ifa etdiyi “Külək” mahnısı minlərlə dinləyicinin ürəyinə yol tapdı, onlara sevinc bəxş etdi, könül rahatlığı gətirdi. Ancaq həssaslıqla düşündükdə bu mahnının da onun taleyi ilə yanıqlı notlarla səsləşdiyinin şahidi oluruq:
Külək, niyə belə əsirsən, külək?
Niyə ümidimi kəsirsən külək?
Doğrudan da gözlənilmədən qara külək əsdi, belə gözlənilməzliyi ilə neçə-neçə Səxavət heyranını həmişəlik intizarda qoydu.
Səxavət dahiyanə istedadı, misilsiz səsi, təkrarsız ifası ilə xalqın qəlbində özünə əbədi heykəl ucaltdı. Onun aydın siması, sadə davranışları, insanlara qarşı səmimi münasibəti və milli musiqimizə olan sönməz məhəbbəti, nadir ifaları Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Böyük sənətkarımız Səxavət Məmmədovun sənəti bu yola doğru yenicə cığır açan neçə-neçə gənc xanəndə üçün əsl örnək, layiqli məktəbdir və hər zaman da belə olacaq.
Ruhu şad olsun, Ulu Yaradan millətimizin qəlbindən Səxavət Məmmədov məhəbbətini əskik etməsin!
Moskva
çap et