525.Az

Əlimi əlindən üzmək əzabım...- Yüz Gözəl Sevgi Şeiri


 

Əlimi əlindən üzmək əzabım...- <b style="color:red">Yüz Gözəl Sevgi Şeiri</b>

YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

PƏRVİNin təqdimatında

 

Ayrılıq dəmini duyanda səni hər şeydən öncə vərdişlərin qorxudur. Axı təkcə sevmirsən, həm də öyrəşmisən... Bəlkə elə sevməyin, sevgiylə yaşamağın özünü də vərdiş eləmisən sadəcə. Ürəyin çırpınmağa, barmaqların əsməyə, başın sızlamağa öyrəncəlidi. Pəncərən də öyrəşib... Hər axşam saat onda, önündə və arxasında duranları bumbuz şüşə ilə “ayırmağa” alışıb daha... Qabaqdakı tək ağac da...hər gün eyni saatda siqaret tüstüsü udmağa vərdiş edib artıq...

...Nəmli gözlərini, soluxmuş üzünü, darıxmaqdan qurumuş dodaqlarını canına sindirməyə öyrəşib güzgün... o musiqiləri, şeirləri, sözləri canına hopdurmuş divarların vərdişlidi artıq... Kinoteatrın arxa cərgəsindəki sınıq-salxaq kreslolar da ayın sonuncu şənbəsini səbrsizliklə gözləyir həmişə! Hələ o dəniz, ayaq izlərinə öyrəncəli qumlar... min ildi buralardan əl çəkməyən sevgililərə oğrun-oğrun baxan pişiklər.

...Bir sözlə hamı, hər şey sevginlə yaşamağa, sevgi auranda olmağa öyrəşib. Ona görə ayrılığın əsəri gələndə təkcə sən yox, hamı, hər şey mənasızlaşır. Artıq dəyərə çevrilmiş vərdişlərini “tərgitmək” asan deyil. Elə buna görə, yəqin ən böyük asılılıqları sevgi yaradır. Adət etdiyin yaşam tərzini dəyişməkdən qorxursan. Axı orda xoşbəxtlik vardı, ordakı səadəti duymuşdun, hər şeyin yerini bilirdin, elə bil  gözüyumulu davranırdın o kiçik aləmində... Sağa bir addım: sevinc, aşağı bax: kədər, yuxarıda: qısqanclıqdı, çevril arxaya: ağappaq yuxu... Və bunların hamısının təməli qaçanda, kiçik ya böyük zəlzələ olanda, həyatında hər şey yerini dəyişəndə aləm qarışır bir-birinə. Sanki yenidən, sıfırdan başlamalı olursan yaşamağa. Buna isə tab gətirmək, bacarmaq hər kəsin işi deyil.  Axı o xatirələri, dilinin öyrəşdiyi sözləri, qulaqlarının alışdığı musiqiləri, kəlmələri, əllərinin hər an can atdığı hərarəti necə unudasan? Nə cür tərgidəsən bunları? Hələ də sevirsənsə, sevə-sevə ayrılmısansa heç cür! Yox əgər sevgi bitibsə, tam biganəsənsə, onda qorxusu yoxdu o alışqanlıqlarının. Çünki onlara məna verən elə sevgin idi. Yaxud da vurulduğun, aşiq olduğun, özünü xoşbəxt sandığın üçün yaranmışdı vərdişlərin.

Məncə, sevgi ilə alışqanlıq bir-birindən asılıdı. Bəzən təzə-təzə vaxtlarda öyrəşirsən, sonra birdən dərk edirsən ki vurulmusan... Bəzən də əksinə, əvvəlcə dəlicəsinə sevirsən, sonra zaman keçdikcə birdən başa düşürsən ki, eşq soyuyub, sadəcə vərdişlərin qalıb. Bu mənada bağlılıq qarşılıqlıdı.

Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirində şair lirik qəhrəmanın xarakterinin məhz bu tərəfini qabardır; tez isnişən, tez öyrəşən və ayrılandan sonra da vərdişlərini çətinliklə unudan bir insanın düşüncələrini təsvir edir. Şeirdən alınan ümumi ovqat, fikir belədi ki, aşiq eşq acısının, ayrılıq əzabının nə olduğunu bilir. Onun tərəddüdü elə ilk misralardan aydın görünür. Sanki o ağrıları yenidən yaşamaqdan qorxan aşiq, əgər sonu ayrılıq olacaqsa, özünə öyrətmə – deyir.

Şeirin maraqlı cəhətlərindən biri fəlsəfi məna yükünün olmasıdı... Şair artıq aşiq olduğu xanıma öz nigarançılıqlarını, tərəddüdlərini deyə-deyə həyatın qəribəliyini, gözlənilməzliyini də vurğulayır: 

Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!

Doğrudan da, yəqin həyatın əcaib, qeyri-adi məqamlarından biri də məhz gözlənilməzlikləridi. Amma aşiq bu qəfil sevincindən də imtina etməyə hazırdı;  alışdığı şirinlik, öyrəşdiyi əllər, doymadan baxdığı gözlər, oxşadığı saçlar bir ömür onunla olmayacaqsa...

İlk baxışdan adamda elə təsəvvür yaranır sanki aşiq sevginin hələ ilk qığılcımlarını hiss edib və sondakı əzabı, ağrını düşünərək nə qədər ki öyrəşməyib qovmaq, uzaqlaşdırmaq istəyir özündən bu eşqi. Amma “Könlümdə yerin var, qopmaz yerindən” misrası yaxud elə şeirin ümumi aurası tamam başqa şey deyir. Şair artıq öyrəşib və dəlicəsinə sevir... Sadəcə məhz bu yolla “Ayrılma məndən”, “uzaqlaşma”, “qopma”, “getmə” ismarışlarını verir... Və heç şübhəsiz Qadına da bu üsul aydın olur. Axı sevgi atəşiylə bir anda alışdıran, yoxluğunun təsəvvürüylə belə yandırıb-yaxan Qadın bunu necə duymaya bilərdi?! Bəlkə də bu yalvarış dolu şeirdən sonra daha çox bağlayır, daha da artıq öyrədir özünə sevdiyini...       

Musa Yaqub: “Gəl məni özünə öyrətmə belə...”
 
 Taleyin qisməti rast saldı bizi.
 Yolumuz hardasa qırılacaqsa,
 İtirəcəyiksə, bir-birimizi,
 Xatirəm yadında qalmayacaqsa,
 Bu əllər mənimki olmayacaqsa,
 Bu tellər mənimki olmayacaqsa,
 Gəl məni, özünə öyrətmə məni,
 Hicran qorxusuyla göynətmə məni.
 Əlimi saçıma öyrətmə belə,
 Gözümü gözünə öyrətmə belə,
 Üzümü üzünə öyrətmə belə,
 
 Mən bir az baharlı budaq kimiyəm,
 Bir az da sadəlövh uşaq kimiyəm.
 Bala atasına qovuşan kimi,
 Leylək yuvasına yovuşan kimi,
 Arı gül-çiçəyə uyuşan kimi,
 Eh, mən də adama tez yovuşanam,
 Sevgi atəşində tez alışanam.
 Amma ki, sönməyim çox çətin olur,
 Sevgidən dönməyim çox çətin olur,
 Öyrətmə özünə, öyrətmə məni.
 
 Bəlkə gözləmirdik bu xoş görüşü,
 Yaman qəribədir dünyanın işi;
 Heç vaxt yollarında dayanmadığın,
 Heç həndəvərində dolanmadığın
 Gəlib birdən sənə nə şirin olur!
 Ömrünün içində ömür doğulur.
 Bu şirinim acı olacaq isə,
 Bir qismət çiçəyim solacaq isə,
 Öyrətmə özünə, öyrətmə məni.
 Könlümdə yerin var, qopmaz yerindən,
 Bir əkiz ləçəyi, haça budağı
 Ayırmaq olmursa biri-birindən,
 Məni də ayırmaq çətindir, axı
 Öyrətmə özünə, öyrətmə məni.
 
 Yox buna taqətim, yox buna tabım,
 Əlimi əlindən üzmək əzabım,
 Sonra bu əzaba dözmək əzabım...
 Yoxsa da, könlümün sınıqları var-
 Hicranın köz basmış yanıqları var
 Mənim dərdlərimin ayaqları var-
 Harda olsa, gəlib tapacaq məni.
 Yaxud yandıracaq bu alov səni
 Gəl məni özünə öyrətmə belə,
 Əlimi əlinə öyrətmə belə,
 Gözümü gözünə öyrətmə belə...

 





28.10.2013    çap et  çap et