525.Az

Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir


 

BU GÜN VI ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ FORUMU ÖZ İŞİNƏ BAŞLAYIR

Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir<b style="color:red"></b>

Bu gün Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Onların arasında yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər vardır. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək.

Forum iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri də gözlənilir. Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub.

"Bakı Prosesi" mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş bu platforma artıq qlobal hərəkata çevrilib. "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir.

Ötən müddət ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Ölkəmiz son 30 il ərzində dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. 2015-ci il mayın 18-də "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdi: "Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik".

Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı 2019-cu il mayın 2-də Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib: "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur".

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan davamlı olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu gün ölkəmiz artıq bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, Azərbaycanda keçirilən bu tədbirlər qlobal miqyasda mühüm əhəmiyyətə malikdir. Azərbaycan etnik-mədəni və dini müxtəlifliyin qorunması, tənzimlənməsi baxımından dünyada nümunə ölkələrdən biridir. Bu gün Azərbaycanda müxtəlif dinlərin, təriqətlərin, etnik qrupların nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan bu baxımdan bir çox dünya ölkələri üçün əsl nümunədir. Ölkəmiz bu sahədə öz liderliyini qoruyur, prosesə töhfələrini birmənalı olaraq verir. Bu baxımdan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu Forum dünyadakı proseslərə öz töhfəsini verəcək. Hazırda dünyamız çox ağır bir mərhələyə, dövrə daxil olub. Müxtəlif qitələrdə müharibələr gedir, qarşıdurmalar mövcuddur, getdikcə azalmaq əvəzinə münaqişələrin sayının daha da artdığını görürük. Bu fakt çox narahatedici bir məsələdir və Azərbaycanı da ciddi bir şəkildə düşündürür, narahat edir. Azərbaycan hər zaman dünyamızı narahat edən mövzuların müzakirə edildiyi bir məkan olub. Bu baxımdan qeyd edilən tədbir çox önəmlidir. Yəni Azərbaycan bu məsələdə də öz liderliyini və uğurlarını qoruyacaq, ölkəmiz prosesə ən çox töhfə verən dövlətlərdən biri olacaq".

 

 





01.05.2024    çap et  çap et