525.Az

Payız gülləri və... qəmli pıçıltılar


 

Payız gülləri və... qəmli pıçıltılar<b style="color:red"></b>

Payızın son günləri... Bu üç kəlmə ilə başlamışdım o yazını. Dünən ertədən neçə günün içində böyük fasilələrlə sətirlərə düzdüyüm həmin yazını bütünlükdə qaralayıb, “Deleteni basdım. Dərhal da yaddaşa verdim ki, o nağılın üstümə yağan səsini rəngini birdəfəlik itirim, kimsəyə ürək-yaddaş ağrısı verməyim. Başdan-ayağa qapqara kədərə bürünmüşdü o sətirlər...

Bu gün ayrı ovqatdayam. Bir az qəmli, bir az həzin pıçıltıları sapa düzülmüş mirvarilər təki boynumdan asmışam. Kədərli düşüncələrin ağırlığı sinəmi əzir. Eh, qoy əzsin. Onsuz da illərdi kədərlə qol-boyun olduğumdan ağrısına öyrəşmişəm... Bax e, bu da qaralayıb itirdiyim yazının havasından heç fərqlənmədi. Nədən ki, kədər elə həmən kədəriydi. Amma bu kədərin rəngi bombozdu. Buna da şükür. Bozluqdan o yana nələrsə görünür. , bu gün özgə ovqatdayam boynumdan asılan kədərimi nəfəs dərmədən söz-söz pıçıldamaq istəyirəm.. Sizinlə üz-üzə, göz-gözəyəm...

Payızın son günləri... Bilgisayarda işləyə-işləyə arada geniş pəncərədən bayıra baxıram. Toz kimi səpən yağışın bozartdığı havadanda qəm yağır. Qəlbim sıxılır. Bu bozluğun qəmginliyin yaratdığı ovqat işıqlı olmaz ki. Amma mən bu ovqatımdan gileyli deyiləm. Onda içimi tərpədən məqamlara daha həssas yaxın oluram. Dərdlə, kədərlə, məni üzən ağrılarla daha mehriban oluram. Aram-aram, asta-asta ləzzətlə düşünürəm... Nələr düşür yadıma... Heç unutduğum dərdim varmı ki... Amma indi bir az əlim, bir az beynim, bir az da xəyallarım işləyən vaxtda yığnaqlı kədərimin yolunda biri peyda olub, məni haylayır. Gəl mənim oduma yan, qovrul deyir. O kədər məni beləcə çəkib aparır...

Qışın yol gələn nəfəsi qapımızın astanasına yetişməkdədir. Bayır-bacanın nəmişliyi, sopsoyuq nəfəsi dünənki qızılı payıza meydan oxuyur. Ağacların qol-budağında bəndəmindən qopmaq istəməyən sarı-qızartdaq yarpaqları amansız yağışın, küləyin zorbasıyla yolub tökür.

Qış qapını kəsdirib. Evlərdə mavi yanacaq azalıb, elektrik işıqları da sozalıb. İnsanları həm odsuz-ocaqsız qoymaqla sınağa çəkən daşürəklilər təbiətdən amansız, qəddardılar. Amma mənim dünyamda hələ payızdı. Yol üstündə kədərlərimə qoşulan o kədər göz-gözə, üz-üzə dayanıb mənlə. Bu, hələ gənclik çağlarımdan bütövlüyünə, səmimiyyyətinə, yüksək intellektinə, elmi təfəkkürünə hörmətlə yanaşdığım Kişinin mənim ağrılarıma tən gələn dərdinin kədəridi.

Sabah tezdən sənin uyuduğun o qəbristanlığa gedəcəm. Bir az doğma, bir az ögey o kəndə. Bizim doğma kəndimizdən cəmi altı kilometr aralı düşmüş o kəndə”. Bəlkə yadınıza düşdü: Bu yaxın həftələrdə Cahangir Məmmədlinin “525-ci qəzet dərc olunmuş” “Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdəyazısından aldığım cümlələrdi. Bu üçcə cümlə ovqatıma təzə bir kədər çilədi bu çiləntilərin payız havasında özünün ağrılarıya baş-başa qoydu məni...

lll

Baxışlarımı uzaqlara dikir hey baxır, baxıram. Bu bozluqda sankibir az doğma, bir az ögey o kənddəki məzarlıqda uyuyan o xanımın üstünə səpilmiş qızılgüllərigörürəm”. Yadıma çox-çox illərin arxasında qalan o qız, saçlarına gül düzmüş mavi gözlü qızcığaz düşür. Qucağına yığdığı qızılgülləri o qərib yerdə uyuyan qadının məzarı üstə səpir. Bütün məzarıstan qızılgüllərlə dolur. O güllərin ləçəkləri şeh damlalarında islanıb. Onları bəlkə bayaqdan toz kimi aramsız yağan yağışlar isladıb. Yox, “bir az doğma, bir az ögey o kənddə”, vətən torpağında uyuyan xanımın məzarına səpilən güllərin üstündəki damlalar sevgisini itirən bir Kişinin bağrından qopan hönkürtüsünün göz yaşlarıdı... Bütün məzarlıq payız güllərinə bürünüb. Hamısının da ləçəklərini sevən ürəklərin gözündən tökülən acılar yandırır...

Hələ nəmi, istisi çəkilməyən kədərin içində mənə məhrəm olan yaranın ağrısı var. Şəxsi kədərin içində doğmalaşan ictimai kədərin ağrısıhamımızın yanğısı, torpaq itkisinin nisgili var. Hələ düşmən tapdağı altında inildəyən Qarabağ itkisi var. Bu da torpaq itkisindən, qadın itkisindən ağrıyan qəlbin pıçıltıları: “Səni bir az doğma, bir az ögey, bizim kəndimizdən cəmi altı kilometr aralı o kənddə dəfn edəndə içimdəki sənsizlik ağrısı o kəndin ağrısına qarışdı... Beynimdəkişi ağlamazkəlməsi fırlanırdı mən doğrudan da ağlamaq istəmirdim. Ancaq iki dərdin acısı qəlbimi göynətdi mən bu dünyada heç nədən, heç kəsdən çəkinmədən hönkür-hönkür ağladım”... Böyük sevginin bitib-tükənməyən ağrıları...

Qadına məhəbbət torpağa olan məhəbbət qədər güclüdür. Torpaq da bitirib-yetirir, qadın da istəkləri, arzuları göyərdir. Qadının kürəyi torpaqdan güc alır. Odur ki, onun sevgisi , ona olan sevgi güclü olur.

Səni tanıyanlar gülləri, çiçəkləri necə sevdiyini yaxşı bilirlər. Amma bunu mənim qədər bilən varmı? Ağdamın işğaldan sonra əsarətdə qalan o doğma kəndimizdə, təzəcə tikdirdiyimiz o balaca evin şirin torpaqlı həyətində əkdiyin o güllər üçün o böyük şəhərdən o yerlərə necə tələsdiyini təkcə mən görürdüm. Bəlkə sənin o qızılgül dərdinə görəydi ki, kəndimizin işğalından sonra Qubada bir balaca yurd yeri saldıq. O balaca həyətin hasarı boyu əkdiyin o qızılgüllər sənə Ağdamın təsəllisini verirdi...”

Bu sətirlərdən axıb-tökülən nisgil, “sevgilərin bitdiyi yerlərməni sevgilərin məskən saldığı yerlərə çəkib apardı. Qocalsa da, sozalmayan sevgilər heç zaman bitmir, harasa, hansı məkanasa çəkilirlər. Bax ora, lap yüksəklərə... Başımı qaldırıb səmanın ənginliyində göy qurşağına dönmüş sevgilərin ürəkaparan rənglərinin qərar tutduğu əbədi məkanına baxdım. Hərəsi bir eldən, bir obadan qanad açmış sevgilərə üz tutdum. Öz ulduzumu aradım. İlk yeniyetməlik çağlarımdan, qızılgüllərə aşiqliyimdən puçur atmışdı mənim sevgim. Gözlərimdə böyük bir sevginin ürək dolusu sevinci alışdı... Eh, kimlərin sevgisinin dilmancı olmayıb bu şahanə güllər. Bütün sevgilərin nisgilini, həsrətini ovudurmuş qızılgüllər. Qəriblikdə vətən bağının gülünü becərmək bir təsəlliymiş insana...

lll

İllərlə görüşməsək bir telefon zəngim yetər ki, Cahangir müəllim səsimi eşidən kimi çox mülayim, mehriban bir nəfəslə cavab versin, mənlə hal-əhvallaşsın, işlərimlə, qayğılarımla, övladlarımla maraqlansın. Bu səmimiyyətdən az qala özümü itirir, nədən zəng etdiyimi unuduram. Özü məni mətləb üstə gətirir. O gün...

Müəllimimin məsləhətinə, köməyinə ehtiyacım yarandığından onu aradım, günün səhər saatlarında mobil telefonuna zəng çaldım. Calana bildik. Yenə mehriban, istiqanlı olan o səsdən ürəkləndim. Onunla görüşmək istədiyimi bildirdim. “Hardasınız, gəlim sizi görüm”, – deyə xəbər aldım. Xəttin o başındakı səs elə kədərliydi...

Nənə, (Bu, Cahangir müəllimin yaxından tanıyıb, hörmət bəslədiyi qızlara-qadınlara mehribancasına müraciəti idi) qırx gündən çoxdu yoldaşım komaya düşüb, hər gün saat 11-dən axşama kimi burdayam, onnan gələn bir şad xəbərin ümidiylə gözləyirəm... Məni ancaq burda, xəstəxananın həyətində görə bilərsən. Günün hansı vaxtı istəyirsən gəl...

Eşitdiyim xəbərdən çox narahat oldum. Həmin anlarda təskinlik üçün bircə söz yadıma düşmədi. Bir anlıq susdum ürəyimdəo gündə, mən haydafikirləşdim. Cahangir müəllim elə bil bu ani sükutdan fikrimi oxudu. Hələ üstəlik qeydimə qaldı:

Bir az ertədən gəl ki, günün yandıran vaxtına düşməyəsən. Gəl görüm sənə necə kömək edə bilərəm...

Bilmirəm, necə sağollaşdıq. Amma o yadımdadı , gün boyu onun dərdini özümlə gəzdirdim. Əlim işdən-gücdən soyudu. Ertəsi gün bizim nəslin gözündə hələ şux olan, böyük əqidə sahibi, jurnalistikanın, müasir medianın nəzəri təcrübəsinin mükəmməl kompleks şəkildə araşdırılmasında qazandığı biliyini, təcrübəsini bu sahədə kövrək addımlarını atan gənclərə öyrədən, yüzlərlə tələbənin yetişməsi yolunda qətrə-qətrə ömür əridən professor Cahangir Məmmədlinin şəxsi kədərinin içində olmağa, isti, təskinedici sözlərimlə onu ovutmağa tələsdim. Günün orta çağı, qaynar avqust günəşinin adamı yandırıb-yaxan vaxtında 1 saylı Kliniki Tibbi Mərkəz adlanan xəstəxananın həyətinə çatdım. Ətrafıma boylandım. Cahangir müəllim ara səkidə ağır süst addımlarla var-gəl eliyirdi. Bax, onda mənə elə gəldi ki, onun illər uzunu solmayan şuxluğu, cavanlığı bir-birindən ağır üzüntülü keçən həmin günlərin gözləmə saatları içində əriyib. Qırx günün içində. Bəs, dərdi bilmişdin... Yaxınlaşdım, görüşdük. O, əliylə üzbəüz binanın birinci mərtəbəsindəki bir pəncərəyə tərəf işarəylə:

Nənə, orda bizə bir otaq ayırıblar. Uşaqlarla yığışıb günümüzün ağır, həyəcanlı dəqiqələrini burda yaşayırıq, – dedi.

azarın xanımını qəfildən daş kimi arxası üstə atdığı xəstəliyin acı hekayətini danışdı. Dərdləşdik. Dərdlilər bir-birini yaxşı anlar.

 O danışdıqca içimdəki dərdlərim canımı sıxır, sanki çiyinlərimdən basıb ağrıların cəngində sürükləyirdi məni. Heç özümdən asılı olmadan mən onları dilə gətirirdim. O, dərdimi qəhərin içində boğula-boğula dediyim qırıq-kəsik sözlərimin acısından duydu: “Demə, sən başdan-ayağa dərd ağacısanmış ki...”- deməkdən özünü saxlaya bilmədi. Mənə möhkəm olmağı, dərdə əyilməməyi tapşırdı. Sonra da içindən daş kimi asılmış dərdinin üstünə qayıtdı:

 Nənə, yazıq adamıydı, dilsiz-ağızsız. Özünü oda-közə vurdu, o qızların yükünü, cer-cehizini bunu ona, onu buna çitəyə-çitəyə düzəltdi. Gecə-gündüz çalışdığımı, sıx olan rejimimin, yazı-pozularımın yükünü bildiyindən çox qayğılardan uzaq tuturdu məni. Mənə çox əziz insandı, bilirsən, çoox... Onu itirməkdən yaman qorxuram...

Ürəyimə gələn, dilimə axan bütün təskinedici sözlərimi uc-uca calayıb söylədim. O zaman məndə belə bir inam yaranmışdı ki, bir aydan çox xəstəliyə dözüş gətirib, möhkəm dayanan bir can, uzun illərin ömür karvanında yarı-yoldaşıyla ahəstə yaşadıqları həyatının bütün cəfalarına tablaşan qadın, böyük ömründə müdrikcəsinə sevməyi bacaran, bu sevginin körpə fidanlarını becərməyə, barından-bəhərindən zövq almağa müştaq olan o incə ruhlu Səkinə xanım bu gərdişdən sıyrılıb çıxacaq, ayılacaqdı. Amma fələk belə demədi...

Ortaq dərdlər, hərəmizə bir yandan dəyən daşlar yaman ağrıtdı, yaman göynətdi bizi. Bir-birimizə sarılıb hönkürdük. Dərdlərimizi gözümüzdən axıda-axıda yazıq olmuş səsimizlə ağladıq. Elə o məqamda yadıma böyük TolstoyunAnna Kareninasının ilk cümləsi düşdü. Gərək ki, beləydi: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Hər bədbəxt ailə isə, özlüyündə bir cür bədbəxtdir. Mən onu qətiyyən bədbəxt saymıram. Birgə yaşanılan böyük həyat xöşbəxtliklərlə doluydu, dopdolu. Şirin, dadlı yaşantılarının xatirələri innən beləki ömrə boluna yetəcəkdi. O günün qorxusu istəklisiylə qoşa qanad kimi yaşamış bir Kişinin böyük sevgisindən yana keçirdiyi nigarançılığıydı ki, ona da əbədilik libası biçildi...

Amma o tənha deyildi. Burdan o yana döyünən ürəyə təpər verən sevgilərinin barı olan övladları vardı. etməli, sevgisini itirən hər kəs bir ocağa, bir işığa söykənib yaşayır. Vay o günə ki, adam ömrünün işıqlarından kəsik qala. O, Tanrıdan işığı gur yanan insanlardandır.

lll

Qoy, Tanrı taleyimdən yarımçıqlığı dilə gətirməyimi naşükür bəndənin gileyi kimi qəbul etməsin. Ömrüm uzunu içimdə payızın üşəntisi, qışın sazağı qövr eləyir. Bahara tamarzıyam. Amma yazın bir udum havası, bir əlçim yaşıllığı, bir qom bənövşəsi, bir zərif çiçəyinin ətri, bir qurtum şirinliyi yetər ki, o bir azacıq olanlardan güc tapım, könlüm açılsın. Həyatımı bu az-azacıq bahar nəfəsi, yaz ovqatıyla yaşayım. Gücüm artsın, işığım çoxalsın ki, içimdəki soyuğu, qaranlığı qova bilim. O zaman çoxdan itirib, amma unuda bilmədiyim, qalan ömrümə bahar ovqatı axıdan istəyimə köksümü söykəyib gözlərimi yaddaşımda qalan o işığa dikim, ona sarı yol alım. Ömrümün bu təzadından xəbərin varmı, ay dost?! 

Hərdən özümün kədərli ovqatıma qarşı üsyanım da olur. Amma kədərin öz dərsləri var. Ondan öyrənmək, bədliyindən, qarasından özünü qaçırtmaq, toxdamaq, başqasının yüz dəvənin çəkib apara bilmədiyi qapqara dərdlərinə baxıb şükranlıq etməyi bacarmaq da var kədərin içində...

Bu gün səninlə sənsiz keçdiyim o yollarda heç bir təsəllim yoxdur. Ümidim həyətimizdəki güllərin payız düymələrində qalıb... ”

O yazını bütünlükdə kəlmə-kəlmə, sətir-sətir oxuyub başa çıxanacan elə kəlmə-kəlmə, sətir-sətir ovxalanıb tökülürdüm. Taleyin bir sərt silləsindən sarsılan Allahın bəndəsi kimi ürəyimin dopdolu kədərini, nəmini gözlərimin yoluna axıb- dolan yanğısıyla bir sevginin qəmlə dolu hekayətinin arxasınca boylana-boylana qaldım...

Bu da məni hələ öz təsirindən qopmağa qoymayan o yazının son cümlələri: “Yollar, döngələr, ağaclar... Hər şey dəyişib, dünya bomboz olub. Sağ tərəfimdə, qabaq oturacaqdakı o qızılgüllər bir az doğma, bir az ögey o kənddəki qərib qəbrin üstünə tələsir”.

Həyat davam edir... Burdan o yana yaddaşınızdan payız güllərinin hüsnü, həzinliyi kimi munis bir sevginin füsunkar mənzərəsi asılıb. Qızılgülün ilk yazla gəlişində bu sevginin şirin xatirələrini yenidən yaşamaq, onu duymaq, ondan təsirlənmək şirinliyi var. Bunları Qubadakı o evin balaca həyətində bir xanım sahibənin öz əlləriylə becərdiyi, olsun ki, hələ təbiətin sizə yazığı gəldiyindənbu payızın xəzan vurmayan qızılgüllərinin qönçələri bağışladı Sizə.

Dekabr, 2012

 





10.01.2013    çap et  çap et