15 il əvvəl dostum Rafiq Həşimovun evində böyük yapon kinorejissoru Akira Kurasavanın yuxuları əsasında çəkdiyi qısa filmlərə baxmışdım. Rusca səsləndirilən hər bir film bu cümləylə başlayırdı: “Ə videl takoy son...” (yuxu atmosferini kinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər gözəl göstərməyi bacaran başqalarını tanımıram)... Yuxular həyatımda çox ciddi əhəmiyyətə malikdir, bəlkə inanmayacaqsız, tez-tez olur ki, sonradan gün ərzində gördüyüm işləri, görüşləri, adamları sırasıyla, dəqiqliklə yuxuda əvvəlcədən görürəm, özü də bir qayda olaraq bunlar qabaqcadan planladığım işlər olmur. Yuxular haqqında psixoanalitiklərin, mötəbər din alimlərinin dediklərini, yazdıqlarını az-maz bilirəm deyə təfərrüata varmayacam...
Ölümləri, olumları aylar, həftələr qabaq təəssüf ki, görürəm. Mərhum anamın ölümünü il yarım əvvəlcə bir dəfə, 3 ay sonra daha aydın şəkildə daha bir dəfə gördüm. Mərhum həmkarlarımız Fərhad Metenin ölümünü də(qəribədi axıradək anlamadığım yuxunu Fərhadın özünə də danışmışdım), Pərviz Yusifin ölümünü də. Fərdin, Şəhriyarın İrandakı həbslərini də 3 gün əvvəl gördüm. Heç vaxt belə arzum olmayıb və gizlətmirəm, indi bu məni qorxudur. Olub ki, beş yaşındaykən tez-tez gördüyüm, amma yarıda qırılan, ayılandan sonra köməyə adam çağırmaq istəyəndə dilimi-ağzımı bağlayan, dilim açılanda isə unutduğum qorxulu yuxunu 27 il sonra təkrar görmüşəm. Amma onda nə yuxu yarıda qırılıb, nə mən qorxmuşam. Yuxu da yadımdan çıxmayıb. ..Yuxularla münasibətim 2002-ci ildən sonra – həmin il həyatım büsbütün dəyişdi, mütəmadi xarakter aldı. O vaxtdan bu yana indi hər gecə, hətta gündüzləri mürgülədiyim vaxtlarda belə 15-20 yuxu görürəm: kitab oxuyanda gözlərim heç bu qədər ağrımır, ürəyimdən danışmıram. Bunları yəqin ona görə yazıram ki, oxuculara danışmaq qərarını verdiyim “ədəbi yuxularımın” “bəraətini” ifadə edə bilim, şəxsi səciyyəli olmamasını deyim və keçim həmin altı yuxuya.
Üçüncü yuxu: Nazim Hikmət şeirindən vaz keçdimi?
Biz Nazim Hikməti həmişə sevmişik. Hamımız sevmişik bu poeziya devinin şeirlərini. Kimimiz çox, kimimiz az oxuyub sevib, kimimiz bir misrasını, kimimiz yalnız görüntüsünü, səsini sevib. Bu sevginin səmimiyyətini şübhə altına almaq ağlıma gəlməsə də, Nazimə sevgimizin bir səbəbinin də siyasi sistemin polemika imkanı verməməsiylə bağlı olduğunu düşünürəm. Sovet sistemində “imperialist” Türkiyədən qaçmış şairə “sadə xalq kütlələrinin” də, “ədəbi isteblişmentin” də sevgidən başqa bəsləyəcək bir duyğusu olmamalıydı; hərçənd, Stalinin ölümündən sonra belə Nazimin sovetlərdə problemi az olmadı...
Əgər Türkiyə Nazimin doğulduğu yer kimi vətəniydisə, dilinin vətəniydisə, onun ilk kitabının Vətəni Azərbaycan oldu. Nazimin ilk kitabı “Günəşi içənlərin türküsü” ilk dəfə 1928-ci ildə Bakıda, sonra isə 2002-ci ildə (bu dəfə Nazimin şeirləri ilə yanaşı Azərbaycan şairlərinin ona ithaf şeirləri ilə birlikdə Xalq yazıçısı Anarın tərtibçiliyi ilə; kitabın təqdimatında Anarın Nazimə vətəndaşlığının qaytarılması ilə bağlı Türkiyənin dövlət və hökumət rəhbərlərinə ünvanlanmış məktub- müraciəti də səfirə təqdim olunmuşdu) yenə Bakıda çap olundu . Həm o həndəvərdə, ümumiyyətlə müstəqillik illərində bizlərdən Nazim ətrafında “Vətən xainimi? Böyük şairmi?”deyə polemika açmağa cəhd edənlər oldu. Polemika haqlarıyla haqsız deyildilər. Polemikadan şəxsi məqsədləri üçün istifadə edənlər də oldu. Haqsızdılar. Xatırlayıram, həmin il “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində “Yetər bu səs-küy dostlar!” başlıqlı bir yazım çap olundu. Çək-çevirlər və gənc “çəkçevirmənlər” haqqında idi. Daha doğrusu onlara bir səsləniş idi. Sonra da Türkiyə Cümhuriyyətinin ölkəmizdəki o vaxtkı səfiri Əhməd Ünal Çeviközlə bir söhbət də elədim Nazim Hikmətlə bağlı. “Şair, yazar nə deyirsə, bu onun içindən gəlir. Əsas da odur. O bəlli dövrlərdə müxtəlif siyasi görüşlərə sahib ola bilər..” demişdi səfir onda. Ölümündən 46 il sonra, 2009-cu ildə Türkiyə dövləti Nazimin vətəndaşlığını qaytardı, bərpa elədi. Səhvlərini düzəltdilər. Müasir türk tarixində Atatürk kimdisə, türk dili üçün də Nazim Hikmət də odur-bu qənaətdəyəm... İki il əvvəl dostumuz Qismətdən Can Dündarın çəkdiyi “Nazim” filmini (eyni adlı kitabı: yəni, filmin mətn variantını) birgünlük aldım. Kitabı oxudum, filmə isə o gecə baxıb üzünü köçürdüm. Filmi çəkmək, tədqiqat aparmaq üçün altı ölkədə, o cümlədən Rusiyada olan Can Dündar, əvvəl Nazim Hikmətin müalicə həkimi, sonradan yeddi illik bir müddətdə sevgilisi olmuş Qalina Kolesnikovanın, Qalyanın iziylə Urala da gedib çıxmışdı. Və Qalya ilə söhbət öz yerində, gözlənilmədən həm film üçün, həm də ədəbiyyat tarixi, nazimşünaslıq üçün bir xəzinəyə rast gəlmişdi. Sən demə Qalyanın soyuducusunda 50 il saxladığı, öz həvəskar əl kamerası ilə on altı millimetrlik kinolentə çəkilmiş Nazimin unikal görüntüləri də varmış. Filmdə o görüntülərdən istifadə olunmuşdu. Nəsə...İki-üç ay sonraydı gərək ki...
Belə bir yuxu gördüm:
O yeri təsvir eləmək çətindi. Nə küçəydi, nə parkdı, nə otaqdı, nə evdi. Dümağ dumandı. Bəlkə də buludların arası. Önümdə, mən dayandığım yerdən bir az hündürdə Nazim dayanmışdı? Bu uca boyunu bir az da uca göstərirdi. Necə əyninə olmuşdu bilmirəm, amma Türkiyədən aldığım göy idman şalvarımda idi. Həmin- on altısından səksəninə qədər qadınların aşiq olduğu olduqca yaraşıqlı, xarizmatik, gülərüzlü Nazim. Mənə baxıb gülümsəyirdi:
–Salam-dedim, – Nazim.
–Salam- dedi,- Səlim.
–Necəsən ?- soruşdum “sən” deyə, sanki köhnə tanışımla danışırdım. Cəsarətimə yalnız ayılanda heyrət edəcəkdim.
–Yaxşıyam- dedi.
–Xəbərin var, haqqında Can Dündar film çəkib?
– Yox- dedi,- bilmirəm.
– Bilirsən, – dedim,- Qalyanın soyuducusundan kinolentlər tapıblar. Hamısı sənin görüntülərindi. O lentlərdən istifadə ediblər filmdə.
– Hə?!- gülümsədi.- Bilmirdim.
– Bilirsən, o film şeir sənin hansı şeirinlə qurtarır? “Vətən xaini” şeirinlə...(filmdə həmin şeir səslənsə də o şeirlə qurtarmağı məsələsində əmin deyiləm, bəlkə də filmin əvvəlində səslənmişdi)
Susdu.
–Yadındadı, necə demişdin... “Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz, ben yurt hainiyim, ben vatan hainiyim. Vatan çiftliklerinizse, kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan, (...) Yazın üç sütun üstüne kapkara haykıran puntolarla: Nazım Hikmet vatan hainliğine devam ediyor hala...”
–Bir xeyli sükut edəndən sonra hüznlü səslə dilləndi Nazim:
– O şeiri mən yazmışam?!
Bu mənim heç gözləmədiyim və unutmayacağım bir cavab idi...
10 aprel, 2012-ci ildə yazıya alındı
Dördüncü yuxu: Şimborska ilə şəkil çəkdirə bilmədik...
“Jiçeliteraçke” ədəbi həftəliyinin “Poçt” rubrikasının aparıcısı olduğu müddətdə- bu isə nə az, nə çox, 1953-cü ildən 1981-ci ilə qədər, düz, 28 il davam eləmişdi, Şimborska çoxlu absurd məktublar almışdı, cavabları isə əlaydı. Məhz həmin cavabların hesabına bu məktublar indiyə qədər təkcə ədəbiyyatçı hazırcavablığının yox, həm də “epistolyar resenziya “ janrının unikal nümunəsi kimi sevə-sevə oxunur.
Şeirlərini dərgiyə göndərən müəllif mətnlərilə yanaşı belə bir qısa məktub ünvanlamışdı redaksiyaya : “Nəyi istəyirsiz, dəyişin, amma hökmən çap edin”. Şimborska isə belə cavablandırmışdı həmin məktubu: “ Biz ciddi şəkildə dəyişdirdik mətni. Nəticədə “Lirik Lozanna miniatürləri” alındı (söhbət polyak klassiki A.Miskeviçin əsərindən gedir-S.B.), onlar isə, təəssüf , çap olunub... ”
Yaxud başqa bir müəllifə cavabında Şimborska yazırdı: “Siz şeirlə sual edirsiz ki, görəsən həyatın mənası varmı? Orfoqrafik lüğət mənfi cavab verir...”
Və ya: “ Hörmətli xanım, hörmətli cənab! Siz bizdən çox şey tələb edirsiz. Hər ikiniz şeir yazırsız və ciddi-cəhdlə kimin yaxşı yazdığını bilmək istəyirsiz. Biz sizin ailə münasibətlərinizə qarışmaq istəməzdik, üstəgəl, sizin “hökmən deyin, bundan çox şey asılıdır” kimi frazanız bizi qorxudur. Ailə rəqabətləri ancaq kinokomediyalarda yaxşı qurtara bilər. Üslublarınız yaxındır, oxşardır, bəzən anlaşılmazdır deyə qərar vermək çətindir, odur ki, ailə bütövlüyünün tərəfdarı kimi, icazə verin, biz də Süleyman peyğəmbər kimi müdrik qərarla bitirək yazışmamızı...”
Vislava Şimborska təkcə hazırcavab deyildi. Daha doğrusu, bu sözün vərdiş elədiyimiz yalnız bir mənasıyla yox, bütün mənalarıyla da hazırcavabdı. Güclü fəhmi vardı ki, bu hazırcavablığın, cavabın hazır olmasının göstəricisiydi. Əslən bakılı olan, Nobel mükafatı laureatı, fizik Landau ağır yol qəzasından sonra demək olar bütün fiziki və intellektual bacarıqlarını itirir, hətta iş o yerə çatır ki, həkimlərin “2+2 neçə edər?” sualına “2” deyə cavab verir. Uzun müalicə və terapiya kömək etmir. Gərək ki, 6 il sonra Landau dünyasını dəyişir. Amma rəsmi sovet mətbuatı həmin müalicə dövründə Landaunun vəziyyətinin gün-gündən yaxşılaşması , sovet təbabətinin gücü haqqında yalanlar yazırdı. O illərdə, bütün bu informasiyalardan kənarda, uzaqda olan Şimborska “Ölünün gəzintisi” adlı şeir yazır. 60-cı illərin sonunda bu şeiri ilk dəfə oxuyan və rus dilinə tərcümə edən professor B.S. Qorobets (bu adam şairənin ilk və ardıcıl tərcüməçilərindən biriydi), illər sonra xanım Şimborskaya şeirin Landau ilə bağlı olub-olmaması haqqında sual edir, məktub yazır. Şimborska onu təsdiq edir: “Bəli, bu şeirdəki qəhrəman professor Landaudur. Amma mən problemi daha geniş qoymaq istəmişəm, bu həyatda artıq özü olmayan adamların həyatda saxlanılmasının mənasızlığını göstərmək istəmişəm...”
Şimborska bədii tale baxımından uğurlu adam idi. Anna Axmatova, Slutski, Miloş, Brodski, Şeymas Xini kimi böyük şairlər onun yaradıcılığını yüksək qiymətləndirmiş, şeirlərini rus və ingilis dilinə çevirmişdilər. Üslubca, mahiyyətcə o heç kimə bənzəmirdi. 1996-cı ildə Nobel mükafatını da olduqca fərqli formula ilə almışdı: “Tarixi və bioloji hadisələri insan reallığı kontekstində dəqiqliklə verə bilən poeziyaya görə”.
1997-ci ilə təsadüf edirdi Şimborskanın yaradıcılığı ilə tanışlığım. Rusca bir neçə şeirini və müsahibələrini oxudum o illər. Sonra Siyavuş Məmmədzadənin, Cavanşir Yusiflinin tərcüməsində bir neçə şeirini. Daha sonra, ötən il, Polşanın Bakıdakı səfirliyi ilə birgə buraxdığımız “Polyak şeiri antologiyasında” Rafael Tağızadənin tərcüməsindəki 10 şeiri. Başqa yazılar da çox oldu bu arada. Nəhayət, Asar Eppelin tərcüməsində “Tekst” nəşriyyatının unikal bir seriyasında Şimborskanın “Seçilmiş şeirləri”ni əldə elədim ki, indi çox sevdiyim şeir kitablarından biridir. Bu illər ərzində artan marağım Vislava Şimborska ilə görüşə meylləndirirdi məni. Xeyli qeydlərim vardı, “Ədəbi söhbətlər” üçün söhbətləşmək istəyirdim. Polşaya olan səfərlərim zamanı tərcüməçi və naşir dostlarım – İlahə Kərimova, Vislav Paradzinski, Vitold Podedvornı ilə bunu mümkünlüyünü götür- qoy eləmişdim. Şimborskanın katibi Mixail Rusineklə də yazışmışdım. Bir dəfə araya Polşadakı prezident seçkiləri girdi, payızda mümkündü dedilər. Bir dəfə isə xanım Vislavanın səhhəti, müalicəsi.
Bu ilin 2 fevralı idi, belə bir yuxu gördüm:
Boş otaqdı. Şimborska ilə yerdə, xalçanın üstündə diz-dizə oturmuşduq. Başqa adamlar da vardı. Səs-küy çoxdu. Uzun uzadı danışırdıq. O gülümsünür, cavab verir və arada günəbaxan dənəsi də çırtlayırdı. Mən həmin anda onun dişlərinə, dişlərinin arasındakı qaralara baxır və fikirləşirdim ki, deyəsən yaman çox siqaret çəkir... Birdən ətrafdakı adamlardan birini tanıdım, Qismətdi, şair Qismət. Xahiş elədim ki, şəklimizi çəksin. İki dəfə çəkdi. Və hər ikisində də şəkil düşmədi. Ayıldım. Gec idi. Bir siqaret yandırıb xeyli fikirləşdim. Sonra da internetə girdim. Həmin gün Şimborska dünyasını dəyişmişdi...demək qismət deyilmiş...
19 aprel, 2012-ci ildə yazıya alınıb
(ardı var)
çap et